Şahin Mustafayevdən su probleminin həllinə dair 5 əsas təklif


  • 22:23 / 23 07 2020 |
  • Bölmə: Gündəm


İyulun 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda Baş Nazirin müavini, xüsusi komissiyanın rəhbəri Şahin Mustafayev çıxış edərək problemlərdən danışıb, çıxış yolları ilə bağlı təkliflər verib.  

"Rupor" Baş Nazirin müavininin çıxışını təqdim edir: 

"Möhtərəm cənab Prezident, cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə məruzə olunduğu kimi, su ehtiyatlarının az olması, iqlim dəyişməsi, orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması son illərdə ölkədə su çatışmazlığını şərtləndirmişdir. 

Müşavirədə Sizin xüsusi vurğuladığınız kimi, bütün bunlar son nəticədə su təhlükəsizliyi məsələsini ən aktual mövzulardan birinə çevirmişdir. Bu baxımdan, xüsusilə cari ildə ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyət yaranmışdır. Hazırda əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə - cəmi 11,1 milyard kubmetr su mövcuddur ki, bunun da 8,6 milyard kubmetri ölü həcmdir. Müqayisə üçün qeyd edim ki, əsas su anbarlarında suyun həcmi 2019-cu ildə 12,9 milyard, 2018-ci ildə 14,1 milyard, 2017-ci ildə 14,2 milyard, 2016-cı ildə isə 16,5 milyard kubmetr olmuşdur. Eyni zamanda, strateji əhəmiyyət kəsb edən Mingəçevir Su Anbarında 15,7 milyard kubmetr tutuma qarşı 8,8 milyard kubmetr su mövcuddur ki, bunun da 7 milyard kubmetri ölü həcmdir. Halbuki həmin anbarda suyun həcmi 2019-cu ildə 9,7, 2018-ci ildə 10,9, 2017-ci ildə 11,6, 2016-cı ildə isə 13,6 milyard kubmetr təşkil etmişdir. Sizin rəhbərliyinizlə əvvəlki illərdə böyük həcmdə işlərin həyata keçirilməsinə, ehtiyat tədbirlərinin görülməsinə, məsələn, Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə, Naxçıvanda Heydər Əliyev (Vayxır) su anbarlarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin və digər layihələrin reallaşdırılmasına baxmayaraq, hazırda kəskin su çatışmazlığı müşahidə edilir.

Möhtərəm cənab Prezident, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq Sərəncamınızla komissiya yaradılmışdır. Su təsərrüfatı üzrə idarəetmədə sahələrarası koordinasiyanın zəif olması, sudan istifadədə itkilərin yüksək olması, sudan optimal bölgü əsasında və qənaətlə istifadə edilməməsi, suvarmada suya qənaət edən müasir texnologiyalardan istifadənin aşağı səviyyədə olması, nəzarətdənkənar qoşulmalar, uçot və nəzarət sisteminin zəifliyi kimi problemlərin həlli istiqamətində tədbirlərin görülməsi komissiyaya tapşırılmışdır. Komissiya ölkə ərazisində su anbarlarında yaranmış vəziyyəti, suvarma mövsümünün başlanmasını nəzərə alaraq operativ tədbirlərin görülməsi məqsədilə fəaliyyətini intensiv formada təşkil etmiş və bütün aidiyyəti qurumların koordinasiyası təmin olunmuşdur. Ötən müddət ərzində müxtəlif formatlarda müzakirələr aparılmış, kritik əhəmiyyət kəsb edən obyektlərə baxış keçirilmiş, onlayn müşavirə formasında komissiyanın tam tərkibdə üç iclası keçirilmiş, zəruri hallarda komissiyada təmsil olunmayan bir sıra digər dövlət qurumları cəlb edilmiş və təxirəsalınmaz tədbirlərin görülməsi təşkil edilmişdir.

Əhəmiyyəti baxımından aşağıdakı tədbirləri xüsusilə qeyd etmək istərdim: Su ehtiyatları barədə operativ məlumat sistemi qurulmuş, aidiyyəti qurumlardan alınan məlumatlar təhlil edilmiş, sudan səmərəli istifadə ilə bağlı verilmiş tapşırıqların icrasına gündəlik nəzarət təmin olunmuşdur. Operativ məlumat mexanizmi hazırda “Elektron su təsərrüfatı” informasiya sisteminə inteqrasiya olunur. Xüsusi əhəmiyyətə malik Mingəçevir və Ceyranbatan su anbarları üzrə suvarma, içməli su təchizatı və energetika məqsədləri üçün sudan istifadə rejimi təsdiq olunmuş, hətta Mingəçevir su anbarında sudan istifadə üzrə hər on gündən bir yenilənən iş rejiminin tətbiqi qərara alınmışdır.

Məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında 580 mindən çox əkin sahəsi üzrə suvarma qrafikləri tərtib olunmuşdur. Suvarma qrafikləri bütün maraqlı tərəflər imzaladıqdan və rəsmi saytda dərc edildikdən sonra tətbiq edilir. Yaradılmış proqram təminatı sayəsində “Elektron kənd təsərrüfatı” informasiya sisteminə su modulu kimi inteqrasiya olunan sudan istifadə qrafikləri növbəti mərhələdə əkin sahələrini və subsidiyalaşmanı optimal şəkildə planlaşdırmaq imkanı verir.

Tərtib olunmuş qrafiklər suvarma dövrü başlamamışdan əvvəl kənd təsərrüfatı bitkilərinin suvarılması üçün tələb olunan suyun sifarişini formalaşdırmağa, beləliklə əkin siyasətinə uyğun daha təkmil suvarma təchizatının qurulmasına, digər tərəfdən isə məhdud su ehtiyatları və əkin növünün suya tələbatı nəzərə alınmaqla əkin sahələrinin optimal şəkildə planlaşdırılmasına şərait yaradır.
Suvarmaya dair problemlərin operativ həlli məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin 60 rayon üzrə Dövlət Aqrar İnkişaf mərkəzlərinə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri cəlb edilməklə birgə fəaliyyəti əlaqələndirilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Bakı Metropoliteni ərazisindəki qrunt sularından yaşıllıqların suvarılmasında istifadə istiqamətində layihə təklifləri hazırlanmışdır. Aparılan analizlər sərfi saatda 127 (sutkada 2500-3000) kubmetr olan suyun suvarmaya yararlı olduğunu göstərmişdir və artıq bu sudan istifadəyə başlanılmışdır.

Zəruri istiqamətlərdən biri də hidrotexniki qurğuların mühafizəsinin gücləndirilməsi və həmin qurğulara mümkün mənfi təsirlərin qarşısının alınması üçün qum-çınqıl karxanalarının fəaliyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir və bu istiqamətdə müvafiq iş aparılır.

Möhtərəm cənab Prezident,
bu gün su təsərrüfatı sahəsində uçot və nəzarət işinin təkmilləşdirilməsi həlli vacib məsələ kimi qarşımızda durur. Suyun mənbədən götürülməsindən son istehlakçıyadək bütün mərhələlər üzrə uçotun və dəqiq qiymətləndirmənin aparılması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Bu məqsədlə operativ tədbirlərlə yanaşı, ölkə üzrə ilk dəfə su təsərrüfatı balansı tərtib edilmişdir. Su təsərrüfatı balansının formalaşdırılması üçün su təsərrüfatı subyektlərinin məlumatlarının elektronlaşdırılması və hesabatın alınması ilə bağlı elektron su təsərrüfatı informasiya sistemi yaradılmışdır. Birinci mərhələdə su təsərrüfatı balansı sistemə ayrıca modul şəklində daxil edilmişdir. İkinci mərhələdə aidiyyəti dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyası, üçüncü mərhələdə isə su obyektlərinə daxil olan, çıxan və obyektlərdə olan suyun həcmi ilə bağlı ölçmə cihazlarının və digər avadanlıqların məlumatlarının real vaxt rejimində ötürülməsi və dövri hesabatların əldə edilməsi təmin olunacaqdır. Eyni zamanda, əsas su və su təsərrüfatı obyektlərində müasir ölçmə cihazlarının quraşdırılması həyata keçirilir. Bu vaxta qədər xüsusi əhəmiyyətli obyektlərin su ehtiyatlarından müasir ölçmə cihazları tətbiq edilmədən və ya ümumiyyətlə ölçmə aparılmadan istifadə edilmişdir. Hazırda prioritet hesab edilən məntəqələr üzrə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi tərəfindən 12, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 25 müasir ölçmə cihazının quraşdırılaraq yaxın günlərdə tam funksional vəziyyətə gətirilməsi üzərində intensiv iş gedir. Artıq Mingəçevir su anbarında və çıxışlarında quraşdırılan müasir ölçmə cihazları tam işlək vəziyyətdədir.

Cənab Prezident, məruzə edim ki, artıq üç gündür biz real müasir ölçmə cihazları vasitəsilə əsas su anbarımızın həm çıxışlarını, həm su həcmini nəzarətə götürmüşük.

Möhtərəm cənab Prezident, cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə vurğuladığınız kimi, su təsərrüfatı sahəsində vahid idarəetmə və nəzarət sisteminin, effektiv koordinasiyanın olmaması su ehtiyatlarından səmərəsiz istifadəyə gətirib çıxarmışdır. Su və su təsərrüfatı obyektlərindən dəqiq uçot və optimal bölgü aparılmadan istifadə ilə yanaşı, aparılan monitorinqlər kütləvi şəkildə nəzarətdənkənar qoşulma hallarının da mövcud olduğunu ortaya çıxarmışdır. Su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması, əhalinin və iqtisadiyyatın artan tələbatına uyğun dayanıqlı su təchizatının təmin edilməsi, su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi məqsədlərinə nail olmaq üçün görülməli tədbirləri ehtiva edən Milli Strategiyanın hazırlanması da məqsədəuyğundur.

Ölkə üzrə ilk dəfə tərtib olunan su təsərrüfatı balansına əsasən, cari ildə ölkənin su ehtiyatları ötən illə müqayisədə 2,8 milyard kubmetr az - 34,1 milyard kubmetr həcmində proqnozlaşdırılır. O cümlədən ilin əvvəlinə su anbarlarında qalıq 10,6 milyard kubmetr təşkil edib, il ərzində ölkə üzrə formalaşan su ehtiyatlarının 23,5 milyard kubmetr olacağı gözlənilir. Proqnoza əsasən, cari ildə ölkə üzrə formalaşan yerüstü su ehtiyatlarının 70 faizini qonşu ölkələrdən daxilolmalar, onun da təqribən yarısını təkcə Kür çayı təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Kür çayı hövzəsinin su ehtiyatlarının mühafizəsi və davamlı istifadəsi sahəsində ölkələrarası əməkdaşlığın gücləndirilməsi məqsədilə müvafiq saziş layihəsi hazırlanaraq aidiyyəti üzrə artıq təqdim olunmuşdur.

Möhtərəm cənab Prezident, qeyd edilənlərlə yanaşı, sudan istifadə zamanı itkilərin azaldılması da həlli vacib istiqamətlərdəndir. Həm suvarma, həm də içməli su təchizatı şəbəkələrinə nəzarətdənkənar qoşulmaların aradan qaldırılması, içməli su təchizatı sahəsində sayğaclaşmanın başa çatdırılması itkilərin azaldılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Suvarma sahəsində itkilərin əsas səbəblərindən biri də suvarma kanallarının əksəriyyətinin torpaq məcralardan olmasıdır. İtkilərin azaldılması və su ehtiyatlarının səmərəli istifadəsi məqsədilə suvarma kanallarının əsaslı təmiri və yenidən qurulması üzrə prioritet layihələrlə bağlı təkliflər hazırlanır. Eyni zamanda, ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan sututarlar üzrə də prioritet layihələrə, habelə içməli su təchizatı üçün yeni mənbələrin müəyyən edilməsinə dair təkliflər hazırlanır.

Prioritet məsələlərdən biri də energetika sahəsində su ehtiyatlarından səmərəli istifadə ilə bağlıdır. Məlum olduğu kimi, suvarma dövrü əsasən beş aydır: may-sentyabr ayları. Xüsusi əhəmiyyətli su anbarlarında qeyri-suvarma dövründə, o cümlədən qış aylarında su ehtiyatlarının artırılması məqsədilə istilik elektrik stansiyalarının soyutma sistemlərinin müasirləşdirilməsi, bu stansiyalarda soyutma məqsədilə sudan qənaətli istifadənin təmin edilməsi, ölkə üzrə elektrik enerjisi tezliyinin daha optimal formada tənzimlənməsi imkanları araşdırılmalıdır.
Bunlarla yanaşı, aşağıdakı tədbirlərin həyata keçirilməsini zəruri hesab edirik:

Kür-Araz ovalığında yerləşən və içməli su tələbatı Kür çayından təmin edilən yaşayış məntəqələrinin su təchizatının alternativ mənbələr hesabına təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması;

Qrunt sularından, təmizlənmiş tullantı sularından və Xəzər dənizinin suyundan istifadə imkanının araşdırılması;

Subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı qaydalarının hazırlanaraq təsdiq edilməsi;

Kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən suvarmada müasir texnologiyaların tətbiqinin təşviq olunması;

Suvarma suyundan güzəştli istifadə ilə bağlı yeni mexanizmin hazırlanması.

Möhtərəm cənab Prezident, bugünkü müşavirədə verəcəyiniz tapşırıqlar da daxil olmaqla, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı qarşımıza qoyduğumuz bütün vəzifələr yerinə yetiriləcək".






Oxşar xəbərlər