Prezident yüksək vəzifəli məmurlara səsləndi: "Bu qüsurları görən yox idimi?"


  • 11:48 / 24 07 2020 |
  • Bölmə: Gündəm / Siyasət


İyulun 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirənin növbəti hissəini diqqətinizə çatdırırıq: 

Prezident İlham Əliyev: İndi söz verilir Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənova. Mənə geniş arayış hazırlayıb. Çox böyük təhlil işi aparılıb. Bu təhlil işini, bu arayışı mən komissiyaya göndərmişəm, komissiya da buna baxır. Siz, indi görülmüş işlərlə bağlı qısa məlumat verin və mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

Kərəm Həsənov: Təşəkkür edirəm, möhtərəm cənab Prezident. Sizin tapşırığınızla, əhalinin içməli su təminatı, suyun keyfiyyəti və bu sahədə olan vəziyyətlə, eyni zamanda, kənd təsərrüfatının suvarma sistemi ilə bağlı yaxın günlərdə tərəfimizdən monitorinq aparılmışdır. Həmçinin ölkənin mövcud su ehtiyatları, onlardan istifadə vəziyyəti ilə bağlı araşdırmalar aparılmış və hazırlanmış arayış ali diqqətinizə təqdim edilmişdir.

İcazənizlə, mövcud vəziyyətlə bağlı onu demək istərdim ki, tamamilə çox düzgün buyurursunuz, ölkəmizin su mənbələri üzrə ehtiyatları təxminən 35,6 milyard kubmetr qiymətləndirilir. Axırıncı dəfə ölkə üzrə yerüstü su ehtiyatlarımız 1970-ci ildə, yeraltı su ehtiyatlarımız isə 1980-ci illərdə qiymətləndirilmişdi. Biz hazırda su sistemi ilə bağlı məlumatları bu qiymətləndirmələrdən əldə edirik. Təxminən 40-50 il keçməsinə baxmayaraq, su ehtiyatlarımız yenidən qiymətləndirilməmişdir. Bayaq Fövqəladə Hallar naziri bu məsələ ilə bağlı qeyd etdi. Eyni zamanda, 35,6 milyard kubmetr su ehtiyatından il ərzində içməli su üçün təxminən orta hesabla 653 milyon kubmetr su götürülür. Bu da əvvəllər su ehtiyatlarımızın 1,8 faizini təşkil etmişdir. Hazırda isə 15 faiz su ehtiyatlarının azalması bu rəqəmlərə təsir etmişdir . Mövcud su ehtiyatlarına içməli su 2,2 faiz nisbətindədir. Amma buna baxmayaraq, bu rəqəmlər suyun təminatının azalmasına çox cüzi təsir edir.

Cənab Prezident, bir rəqəmi demək istərdim ki, sistem üzrə götürülən 653 milyon kubmetr suyun təxminən orta hesabla 57 milyon kubmetri, yəni 9 faizi sistemin texnoloji proseslərinə sərf edilir, 286 milyon kubmetr su isə müxtəlif sərflərə silinir. Yalnız təxminən 283 milyon kubmetr su – bu, şəbəkəyə daxil olan suyun 45 faizi, götürülmüş suyun isə 50 faizi deməkdir, istehlakçılara çatdırılmışdır. Çox düzgün qeyd etdiniz ki, su itkiyə məruz qalır və bu da təxminən istehlakçılara verilən su təchizatının 50 faizi həcmindədir. Yəni, istehlakçılara verilən su itkiyə gedən sudan azlıq təşkil edir. Bəli, bu rəqəmlər var. Eyni zamanda, çox düzgün qeyd etdiniz ki, su anbarlarımızda mövcud vəziyyətlə, yəni hidrotexniki qurğuların və avadanlıqların istismar müddəti ilə bağlı bəzi yerlərdə vaxtı keçmiş məsələlər var. Ona görə də çox doğru tapşırıq oldu ki, bu təhlükə mənbələrinin aradan götürülməsi üçün hidrotexniki qurğuların yenilənməsi ilə bağlı müvafiq iş aparılsın.

Digər məsələ isə, çox düzgün buyurdunuz ki, suya qoyulan investisiyaların sosial-iqtisadi səmərəliliyi düzgün hesablanmır. Yəni, həm əhalinin sayına görə, eyni zamanda, təchizat sistemində, yəni investisiyaların geri dönməsi, iqtisadi cəhətdən onların səmərəli olması heç də düzgün hesablanmır və sosial səmərəliliyinə baxılmır. Belə ki, bəzi ərazilərdə, məsələn Xaçmaz rayonunda biz bu məsələlərə baxmışıq. Xaçmaz rayonunda su təchizatı həll edilməmişdən öncə bir su mənbəyi müəyyən olunmuşdur. Sonradan isə bu mənbəyə də quraqlıq təsir etmişdir və bulaq qurumuşdur. Nəticədə bu gün 2 min fərdi ev, təxminən 10 minə yaxın əhali su təchizatından narazıdır. Bu narazılığı biz ali diqqətinizə çatdırmışıq və Siz göstəriş vermisiniz. Biz əməkdaşlarımızı Xaçmaz rayonuna dərhal ezam etdik və Zeynal Nağdəliyevin şöbəsinin əməkdaşları ilə birlikdə orada bu məsələlərlə məşğul olduq.

Eyni zamanda, şikayətlərlə bağlı isə onu demək istərdim ki, 12 rayondan su təchizatı ilə bağlı şikayətlər var idi. Bunu, əsasən, aran rayonları - Sabirabad, Saatlı, Kürdəmir, Ucar, İmişli, Biləsuvar rayonları təşkil edirdi. Sizin tapşırığınız əsasında onların su ilə təminatı məsələlərinə ciddi fikir verilmişdir və məsələlər araşdırılmışdır.

Suvarma sistemi ilə bağlı isə onu demək istərdim ki, orta hesabla ölkə üzrə illik 6,3 milyarddan 6,7 milyard kubmetrə qədər su təminatı mövcuddur. Ölkə üzrə orta hesabla 2017-2019-cu illərdə, əslində, il ərzində 3,2 dəfə suvarma olmalıdır. Bu, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin verdiyi məlumatlardır. Əslində, faktiki vəziyyətdə isə bir qədər fərqli rəqəmlər görünür. Kənd Təsərrüfatı naziri də bu məsələni qeyd etdi. Yəni, 28 rayonda 671 min 264 hektar kənd təsərrüfatı torpaqlarının 50 faizində suvarma ortalama həddən aşağı olmuşdur. Məsələn, daha kritik vəziyyət Qobustan rayonunda 1,2 dəfə, Ağsuda 1,4 dəfə, Şamaxıda 1,6 dəfə və Füzuli rayonunda 1,8 dəfə suvarma işləri həyata keçirilmişdir. Bu da kənd təsərrüfatının, xüsusilə aqrar sektorun inkişafına çox ciddi mənfi təsir edən amillərdən biridir. Beləliklə, Sizin tapşırığınızla biz həm kənd təsərrüfatının suvarma sistemində, həm də əhalinin içməli su ilə təminatı sistemində bu məsələlərə fikir veririk və Sizin tapşırığınızla nəzarətə götürmüşük, baxırıq. Amma suda sanitar məsələləri də xüsusilə qeyd etmək istərdim. Cənab Prezident, ali diqqətinizə çatdırıram ki, suyun keyfiyyətinə, epidemioloji vəziyyətə aidiyyəti qurumlar tərəfindən fikir verilsə, daha yaxşı olar. Bu qədər. Təşəkkür edirəm.

Prezident İlham Əliyev:  Bilirsiniz bu, nəyi göstərir? Onu göstərir ki, uzun illər ərzində bu sahəyə dövlət nəzarəti olmamışdır, o cümlədən Prezident Administrasiyasından da olmamışdır. Mən Dövlət nəzarəti şöbəsinə göstəriş verəndən sonra onlar işə başladılar, geniş arayış hazırladılar. Kərəm Həsənov bütün məsələləri indi demədi, çünki vaxt baxımından imkan yoxdur. Amma bu arayışda hər şey göstərilib. Komissiya formalaşdı, işə başladı, üç ay ərzində təhlil apardı, demək olar ki, bütün qüsurlar üzə çıxdı. Yaxşı, bu qüsurları görən yox idimi? Aidiyyəti qurumlar bu məsələ ilə nə üçün məşğul olmurdular? Hesab edirdilər ki, orada boru çəkdim, burada kanalı betonladım. Bununla da iş bitir? Bununla iş bitmir. Gərək işi elə qurasan ki, fermerlər, vətəndaşlar razı olsunlar. Su qıtlığı ola bilər, təbii səbəblər var. Aydın məsələdir ki, keçən il, bu il heç tarixdə bəlkə də görünmədiyi səviyyədə quraqlıq var idi. Amma əgər düzgün işlər görülsəydi, vaxtında bu məsələlər üzə çıxsaydı, əlbəttə ki, biz bu vəziyyətdən daha az itkilərlə çıxardıq. Ona görə bugünkü müşavirədən sonra, əlbəttə, geniş tədbirlər planı hazırlanacaq. Bu gün səslənən təkliflər və eyni zamanda, aidiyyəti qurumlar tərəfindən aparılmış təhlil nəticəsində təkliflər, yerlərdən gələn təkliflər mütləq nəzərə alınmalıdır. Çünki regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramını və ondan sonrakı proqramları qəbul edərkən biz yerlərdən məlumat əsasında bir çox məsələləri o proqramlara daxil etdik. İnsanları nə narahat edir? Hansı rayonda hansı problem var? Bu ərizələr və təkliflər əsasında biz bu proqramları tərtib etdik. Eyni qaydada bu dəfə də bu, olmalıdır. Çünki bütün mövcud problemlər gərək bu proqramda öz əksini tapsın.

Su təsərrüfatı balansına gəldikdə, yaxşı ki, bu məsələ qısa müddət ərzində həll olundu. Təbii ki, bundan sonra müntəzəm olaraq su balansı hazırlanmalıdır. Bu, bizim üçün əsas “yol xəritəsi” olacaqdır. Su balansı tərtib olunmadan biz öz işimizi planlaşdıra bilmərik.

Bizim əsas su obyektlərində müasir ölçü cihazları quraşdırılmalıdır və bir neçə obyektdə artıq quraşdırılıb. Amma bu, çoxdan olmalı idi. Necə ola bilər ki, bizim əsas su anbarlarında ölçü cihazları yoxdur. Nə qədər su gəldi, nə qədər su çıxdı, dədə-baba üsulu ilə baxırlar, səviyyəyə baxırlar, orada xətlərə baxırlar, ondan da nəticə çıxarırlar. Ona görə indi mən Şahin Mustafayevdən soruşmaq istəyirəm ki, hansı obyektlərdə bu quraşdırıldı və bu məsələ nə vaxt tam təmin ediləcək?

Şahin Mustafayev: Cənab Prezident, 12 ədəd müasir ölçü cihazı Fövqəladə Hallar Nazirliyi tərəfindən əldə olunub və ondan 4-ü artıq quraşdırılıb. Biz, ilk növbədə, məsləhətləşdik, baxdıq ki, əsas suyumuz haradadır. Ona nəzarəti təmin etmək üçün Mingəçevir Su Anbarını götürdük. Mingəçevir Su Anbarına üç çıxış var - Yuxarı Qarabağ, Yuxarı Şirvan kanalları, bir də Mingəçevir SES-ə gedən Varvara Su Anbarına tökülən yerdə.

Biz, ilk növbədə, bu üç yerdə və bir də Mingəçevirin özünün su həcminin ölçülməsi üçün cihaz quraşdırdıq. Bu 4 cihaz artıq quraşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də 25 cihaz əldə olunub. Mən düşünürəm ki, təxminən bir ay ərzində daha 33 cihaz quraşdıracağıq. Komissiyada baxmışıq ki, ilk növbədə, hansı nöqtələrdə bu cihazlar quraşdırılmalıdır. Bir neçə gün öncə biz komissiyada məsləhətləşdik, razılaşdırdıq ki, şimal istiqamətində bir neçə ən önəmli su anbarında və kəmərlərdə, kanallarda da bu cihazları quraşdıraq. Düşünürəm ki, biz bu sahədə bütün işləri bu ilin sonunadək zəruri yolla, amma kritik olanları bir ay ərzində başa çatdıracağıq.

Prezident İlham Əliyev: Fövqəladə Hallar naziri əlavən var?

Kəmaləddin Heydərov: Möhtərəm cənab Prezident, əslində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində suölçmə cihazları artıq var idi. Amma onlar mənəvi və fiziki olaraq köhnəlmişdi. Sizin tapşırığınızdan sonra bu yeni cihazların əldə olunması və quraşdırılması prosesi gedir. Baş Nazirin müavininin dediyi kimi, qısa bir müddətdə ən vacib yerlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə bunları quraşdıracağıq. İkinci və üçüncü əhəmiyyətli yerlərdə də ilin axırına qədər bu proses qurtaracaq.

Qeyd etdiyiniz kimi, bizim su itkilərimizin 40, bəzi yerlərdə də 50 faizi beton və torpaq kanallarda baş verir. Biz Almaniya şirkətləri ilə danışıqlar aparmışıq. Suyu dayandırmadan, yeni üsullarla onu beton kanallarla deyil, digər materiallar var, onlarla üzlənmiş kanallarla nəql edib, su itkisini çox minimuma endirmək olar. Əgər icazə versəniz, biz bu barədə müvafiq qurumlarla danışaq, nəticələrini Nazirlər Kabinetinə təqdim edək. Yeni materiallar həm tez başa gəlir, həm ucuzdur, həm də quraşdırılan vaxt suyun qabağını dayandırmır. İcazə versəniz, bu işə başlayardıq.

Prezident İlham Əliyev: Bəli, mütləq məşğul olun. Mən bir dəfə bu haqda fikrimi demişəm. Demişəm ki, indi dünyada texnologiyalar inkişaf edir. Biz də gərək ən qabaqcıl texnologiyaları ölkəmizə gətirək. Biz həmişə hesab edirdik ki, əgər torpaq kanalı beton üzlüklə örtülərsə, itkilər azalacaq. Amma bu, həm böyük xərc, həm də vaxt tələb edir. Ona görə tezliklə dediyiniz o şirkətlə əlaqə saxlayın, onları dəvət edin. Qoy, bizə göstərsinlər və bir pilot layihə də icra etsinlər. İqtisadiyyat Nazirliyi aidiyyəti qurumlarla birlikdə vəsaitlə bağlı məsələləri həll etsinlər ki, biz vaxt itirmədən bu işə başlayaq. Bizim kanallarımızın 73 faizi torpaq kanallardır. Bu da, əlbəttə ki, itkilərin əsas səbəbidir.

Mingəçevir Su Anbarının Yuxarı Qarabağ kanalına çıxış hissəsi yenidən qurulmalıdır. Bu məsələ ilə bağlı qərar qəbul edildi, yoxsa yox?

Şahin Mustafayev: Cənab Prezident, komissiyanın bəzi üzvləri orada oldular, baxdılar. Yuxarı Qarabağ kanalının giriş hissəsində qapı var. O qapı faktiki işləmir və o qapının işləməməsi prinsip etibarilə çox ciddi təhlükə yarada bilər. Çünki bu qapı həm Yuxarı Qarabağ kanalına tunelin girişini qoruyur, həm də suyun həcmini tənzimləyir. Ona görə orada olduq, vəziyyət çox pisdir, ağırdır. Bu məsələyə təcili olaraq baxılmalıdır. Artıq Fövqəladə Hallar Nazirliyi Yaponiya şirkəti ilə müqavilə bağlayıb, araşdırmalar aparılıb, layihə-smeta sənədləri hazırdır.

Fövqəladə Hallar Nazirliyi komissiyaya müraciət edib, komissiyadan materiallar artıq İqtisadiyyat Nazirliyinə göndərilib. İqtisadiyyat Nazirliyi qısa müddətdə layihəyə baxıb, öz qiymətləndirməsini verəcək. Hesab edirəm ki, bu layihənin qısa müddətdə başa çatdırılması mümkündür və zəruridir.

Prezident İlham Əliyev: İcra müddəti təxminən nə qədər ola bilər?

Şahin Mustafayev: Yəqin söhbət aylardan gedəcək, cənab Prezident.

Prezident İlham Əliyev: Onda uzatmayın. Tezliklə baxın məsələyə. Əlbəttə ki, bu, müşavirənin yekunu olaraq imzalanacaq Sərəncamda da öz əksini tapmalıdır.

Şahin Mustafayev: Baş üstə.

Prezident İlham Əliyev: Elektron su təsərrüfatı informasiya sistemi haqqında artıq burada deyildi. Bildiyimə görə, indi əsasnamə hazırlanır. Bunu da tezləşdirin, tezliklə təqdim edilsin, imzalansın. Bu, elektron kənd təsərrüfatı informasiya sistemi ilə inteqrasiya şəklində artıq vahid bir informasiya sistemi kimi olacaq. Eləmi?

Şahin Mustafayev: Bəli, cənab Prezident. Elektron su təsərrüfatı informasiya sistemi bütün aidiyyəti dövlət qurumlarının informasiya sistemlərinə inteqrasiya olunacaq, o cümlədən kənd təsərrüfatı informasiya sisteminə.

Prezident İlham Əliyev: Eyni zamanda, biz peyk imkanlarımızdan da istifadə etməliyik. Mən bilirəm ki, “Azərkosmos” da bu işlərə cəlb edilib. Mütləq müntəzəm olaraq həm müşahidə aparılmalıdır, eyni zamanda, mövcud problemlər artıq peyk vasitəsilə müəyyən edilməlidir. Bu işlər də müntəzəm olaraq aparılmalıdır.

Əkin sahələrinin müasir texnologiyalar əsasında suvarılmasına böyük ehtiyac var. Xüsusilə nəzərə alsaq ki, indi biz suya qənaət etməliyik. Ona görə biz bu işlərə xarici mütəxəssisləri cəlb etməliyik. İndi komissiya bu məsələ ilə məşğul olsun və eyni zamanda, biz gərək sahibkarları da həvəsləndirək. Yəni, sahibkarlar üçün həvəsləndirici addımlar atılmalıdır ki, onlar bu müasir texnologiyalara daha da yaxından cəlb olunsunlar. Ola bilər güzəştli kreditlər, yaxud da ki, hansısa imtiyazlar xətti ilə ki, təkcə dövlət öz üzərinə götürməsin. Onsuz da biz lazımi infrastruktur məsələlərini həll edəcəyik. Amma bu, sahibkarların özləri üçün də bir motivasiya yaratsın ki, müasir texnologiyalardan istifadə etsinlər. Burada, əlbəttə, maarifləndirmə işi aparılmalı, təqdimatlar keçirilməlidir, sahibkarlar görsünlər ki, əgər bu texnologiyadan istifadə edəcəklərsə, onda dövlətin güzəştləri nə olacaq və deməli, məhsuldarlıq nə qədər artacaq.

Yeraltı və yerüstü su resurslarının qiymətləndirilməsi məsələsi, hesab edirəm ki, həll olunub. Çatışmayan vəsait tezliklə ayrılmalıdır və həmçinin hidrotexniki qurğuların təftişinə də mütləq xarici mütəxəssislər cəlb edilməlidir.

Əkin sahələrinin suvarılması üçün qrafiklərin tətbiq edilməsi prosesi başlamışdır. Hesab edirəm ki, bu, çox əhatəli bir proses olmalıdır. Ölkə üzrə hər yerdə qrafiklər tətbiq edilməlidir və çox ciddi nəzarət olmalıdır. Bu məsələ həll olunarkən, əlbəttə ki, “Elektron kənd təsərrüfatı” informasiya sistemi ilə də uzlaşdırılmalıdır və fermerlər də buna cəlb edilməlidir. Çünki suların bölüşdürülməsi ədalətli olmalıdır. Yerlərdən gələn bəzi məktublar da göstərir ki, müəyyən hallarda bu ədalət prinsipi pozulur. Kimin imkanı var, kimin təsiri var, kimin haradasa yüksək vəzifədə qohumu var, onun əkin sahəsinə su verilir, amma başqa fermer susuz qalır. Ona görə qrafiklər ədalətli olmalıdır və geniş ictimaiyyət bu işlərə cəlb edilməlidir. Əlbəttə ki, nəzarət mexanizmi olmalıdır. Mərkəzi və yerli icra orqanları birlikdə bu işlərlə məşğul olsunlar.

Mənə verilən məlumata görə, bir çox yerlərdə su xətlərinə qanunsuz qoşulmalar var və bu məsələyə heç kim cavabdehlik daşımır. Birincisi, bu qoşulmalar qanunsuzdur və buna yol vermək olmaz. İkincisi, mənə gələn məlumata görə, bəzi təsərrüfatlarda lazım olmayan qədər sudan istifadə edilir, ancaq digər təsərrüfatlara su çatmır. Ona görə burada da çox işlək nəzarət mexanizmi olmalıdır, həm viziual, həm elektron nəzarət mexanizmi. İndi xüsusi cihazlar var ki, onlar, misal üçün, borularda təzyiqin aşağı düşməsi nəticəsində dərhal siqnal verir. Ona görə burada da ən müasir sistemlər tətbiq edilməlidir ki, bu məsələ elektronlaşdırılsın və vahid informasiya portalında, informasiya sistemində öz əksini tapsın. Onda siz görəcəksiniz, əgər hansısa hissədə təzyiq aşağı düşübsə, deməli, orada qanunsuz qoşulmalar var. Buna qətiyyən yol vermək olmaz.

Bütün bu qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalıdır. Yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquq-mühafizə orqanları bu işlərə cəlb edilməlidir ki, burada bu xaosa son qoyulsun. Ən dəhşətlisi odur ki, heç kim buna məsuliyyət daşımır. Qanunsuz qoşulmalara qarşı heç bir cəza mexanizmi, yaxud da ki, nəzarət mexanizmi yoxdur. Çünki bütün qurumlar hesab edir ki, bu, onun işi deyil. İndi əgər komissiya işləməsəydi, bu komissiyanı mən yaratmasaydım və bunu üzə çıxarmasaydım, belə də davam edəcəkdi. Ona görə mütləq bu məsələ tezliklə öz həllini tapmalıdır.

İtkilərlə bağlı. İtkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməlidir. Əlbəttə, itkilərin əsas mənbəyi torpaq kanallardır, amma təkcə torpaq kanallar deyil. Digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. Ona görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir.

İçməli su layihələrinə, meliorasiya layihələrinə böyük vəsait qoyulur. İndi müasir texnologiyalar var. Həmçinin boruların istismar müddətinin uzadılması üçün yeni texnologiyalar var, onlardan istifadə etmək lazımdır. Amma elə bil ki, bu itkilər kiməsə sərf edir. Çünki itkilər olan yerdə uçot olmur. Nəyi istəyirsənsə, itkilərə silmək olar. Ona görə ayrıca bir proqramın içində xüsusi bir istiqamət olmalıdır və qrafik tutulmalıdır ki, itkilərin azaldılması hansı templə gedəcək, hansı ildə hansı səviyyəyə düşəcək və əgər düşməyəcəksə, buna məsuliyyət daşıyan qurumların rəhbərləri cəzalandırılmalıdır. Yoxsa ildən-ilə mən bunu eşidirəm - itkilər, itkilər. Yaxşı, itkilər var, amma bunun qarşısını almağın yolu da var. Bu illər ərzində məgər bu yolu tapmaq mümkün deyildi?! Deməli, kimsə maraqlıdır ki, bu itkilər olsun. Hər kəs nəticə çıxarsın.

Dağ çaylarının sularının yığılması ilə bağlı təkliflər səsləndi. Mən bunu dəstəkləyirəm. Artıq bizim dağ çaylarımızda mövcud olan resursların geniş təhlili aparılıb. Ona görə sututarların, kiçik su anbarlarının tikilməsi və dağ çaylarının bizim əsas su xətlərinə birləşdirilməsi məsələlərinə də mütləq baxılmalıdır. Hesab edirəm ki, biz bu işi qısa müddət ərzində görə bilərik. Yenə də çox işlək bir nəzarət mexanizmi olmalıdır.

Bir məsələ də su ehtiyatlarının qiymətləndirilməsi ilə bağlıdır. Bu qiymətləndirmə aparılarkən, eyni zamanda, müəyyənləşdirilməlidir ki, bizim su ehtiyatlarımızın artırılması ehtimalı nə dərəcədə realdır, bu, mümkündür, yoxsa yox. Bəlkə də bizim bilmədiyimiz elə sahələr var ki, orada mənbələr var, sadəcə olaraq, işlər görülməyib, kəşfiyyat aparılmayıb. İndi burada mənə məlumat verilir ki, yeraltı və yerüstü su mənbələri sovet dövründə qiymətləndirilib. Görün, bunun üstündən nə qədər vaxt keçib. Üstəgəl yeni texnologiyalar. Bizim bəlkə də haradasa geniş su mənbələrimiz var, biz, sadəcə, onu bilmirik.

Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisini də sovet vaxtında əldə olunmuş bilgilər əsasında icra etmişik. O vaxt bu məsələ ortaya çıxmışdı, təkliflər səsləndirilmişdi. Ancaq o vaxt biz mərkəzi ümumittifaq fondlardan asılı olduğumuz üçün bu sahəyə vəsait ayrılmamışdı, ona görə icra edilmədi. Ancaq layihə olmasa da, hər halda bütün bilgilər var idi ki, bu bölgədə geniş və çox gözəl, təmiz su mənbələri var. Ona görə bu qiymətləndirilmə aparılarkən su ehtiyatlarımızın artırılma ehtimalı da mütləq təhlil edilməlidir.

Torpaq kanalların yenidən qurulması ilə bağlı artıq təklif verildi. İndi qısamüddətli və uzunmüddətli proqram tutulmalıdır. Dediyim kimi, xarici mütəxəssislər, yeni texnologiyalar cəlb olunmalı, pilot layihələr icra edilməlidir. Siz o pilot layihələrin icrası üçün bir neçə yer seçin ki, biz bu işi bir neçə kanalda başlayaq və sonra bunu təqribən bir neçə ay, bəlkə bir il ərzində sınayaq. Əgər səmərəli olarsa, bu yeni texnologiyalardan istifadə edə bilərik.

Verilən təkliflər arasında ilkin mərhələdə 22 kanalın yenidən qurulması nəzərdə tutulur. Ona görə bu kanallar yenidən necə qurulacaq, bax, əsas məsələ bundadır. Əgər buna nail ola bilsək, biz təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatını tam həll edəcəyik.

Mil-Qarabağ kollektorunun yenidən qurulması məsələsi də gündəlikdədir. Bu sahədə hansı işlər görülüb və hansı təkliflər var? Şahin Mustafayev, siz məlumat verin.

Şahin Mustafayev: Cənab Prezident, qeyd etdiyiniz kimi, təkliflərin içərisində 22 kanalın yenidən qurulması və əsaslı təmiri təklifi verilmişdi. Artıq Siz qeyd etdiniz ki, bu kanallar təxminən 300 min hektara yaxın əkin sahəsinə xidmət edəcək. Bu kanallarda hazırda təxminən 30-40 faiz ətrafında su itkisinə yol veririk. Biz bu kanalları təmir etsək, onda qarşısı alınan su itkiləri hesabına əkin sahələrinin suvarılmasını daha yaxşı təmin edə bilərik. Eyni zamanda, əkin sahələrini genişləndirmək də mümkün ola bilər. O ki qaldı, kollektorun əsaslı təmirinə, bu da çox vacib layihədir. Biz burada da ciddi problemlər görürük və ilk növbədə, bu kollektorun təmir olunması məqsədəuyğun hesab edilmişdir. Biz komissiyada buna baxmışıq. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin təklifini əsas götürərək, ilk növbədə, bu kollektorun əsaslı təmiri məsələsini gündəmə gətirmişik.

Cənab Prezident, yanaşma belə oldu ki, biz, ilk növbədə, magistral kanalların, onlardan çıxan birinci dərəcəli və ikinci dərəcəli su kanallarının təmirini prioritet hesab etdik. Yəni, kompleks olaraq bir blok qurtarandan sonra, digər blokda işlərin başlanması nəzərdə tutulur. Beləliklə, kompleks şəkildə bir blok magistral kəmər, ondan çıxan birinci dərəcəli, ikinci dərəcəli kanallar və onlardan çıxan paylayıcı şəbəkələr birdəfəlik təmir olunsun. Yəni, biz işləri yarımçıq qoymayaq və blok-blok qurtaraq. Verilən təkliflər əsasən Araz çayından, bəzi hissəsi isə Kür çayından qidalanan və aran regionunu əhatə edən su kəmərləri ilə bağlıdır. Komissiyanın təklifi ondan ibarətdir ki, ilk növbədə, texniki-iqtisadi əsaslandırmalar, layihə-smeta sənədləri hazırlanmalıdır, ondan sonra prioritetlər üzrə yekun qərar qəbul olunmalıdır ki, maksimum səmərə təmin edilsin. 



Oxşar xəbərlər