"Siz də oturmusunuz ki, onlar ayırmayıb, mən də otururam, heç nə etmirəm"


  • 12:10 / 24 07 2020 |
  • Bölmə: Gündəm / İqtisadiyyat



Prezident İlham Əliyev: İndi Xəzər dənizinin suyunun səviyyəsinin dəyişməsi təbii səbəblərə bağlıdır. Bunu, bildiyimə görə, heç alimlər də bu günə qədər müəyyən edə bilmirlər, nə üçün bir müddət su gedir, ondan sonra suyun səviyyəsi qalxır. Bu, dövri xarakter daşıyır, ona görə biz istənilən vəziyyətə hazır olmalıyıq. Son illər ərzində hər il Xəzərin səviyyəsi aşağı gedir, ona görə bütün lazımi tədbirlər görülür, estakada yaxın aylarda istifadəyə veriləcəkdir. O ki qaldı, “Şimal-1”, “Şimal-2”, bu günə qədər hələ ki, suyun səviyyəsinin düşməsi o qədər də təsir etməyib. Amma əgər gələcəkdə bu proses davam edərsə, biz buna hazır olmalıyıq. Bütövlükdə bütün su təsərrüfatı məsələlərinin həllində, əlbəttə ki, energetika sektoru da fəal olmalıdır və koordinasiya tam olmalıdır və bu, mövsümi xarakter əsasında biz öz generasiya güclərimizi işə salmalıyıq. Bizim indi tələbatdan təxminən 1000 meqavat artıq generasiya gücümüz var, ona görə biz istənilən stansiyanı ya söndürə bilərik, ya da onun fəaliyyət əmsalını aşağı sala bilərik ki, bu işlər tam uzlaşma şəklində həll olunsun. İçməli su layihələri ilə bağlı Qorxmaz Hüseynov məlumat versin.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov:  Möhtərəm cənab Prezident, təşəkkür edirəm. Siz bu gün içməli su təsərrüfatında olan həm uğurlardan, həm də nöqsanlardan geniş danışdınız. İcazə versəniz, mən də bununla bağlı bir neçə məsələyə toxunmaq istəyirəm. Son zamanlar iqlim dəyişikliyi ilə bağlı regionlarda, bir neçə rayonda suyun verilişində fasilələr yaranmışdır. Bu, əsasən Xızı, Altıağac rayonlarında su mənbələrində suyun azalması ilə bağlı olmuşdur. Eyni zamanda, Zaqatala şəhərində dağ çaylarında baş verən daşqınlar zamanı mənbədə bulanıqlıq artdığına görə şəhərə suyun verilişində fasilələr yaranır. Siz çox doğru qeyd etdiniz ki, alternativ su mənbələrinin tapılması mühüm məsələlərdir. Zamanında bu layihələr hazırlanarkən ehtiyatlar qiymətləndirilib, amma iqlim şəraitinin bu cür dəyişməsi ola bilsin ki, nəzərə alınmayıb. Lakin biz qabaqcadan bu dinamikaları nəzərə alaraq, həm suyun keyfiyyət parametrlərində, həm həcmində bir neçə rayonla bağlı məsələ qaldırdıq və Sizin Sərəncamınızla Lerik, Qobustan, Ağstafa, Gədəbəy, Şamaxı və Tovuz rayonlarında bu işlər həyata keçirildi. Şamaxı və Tovuz şəhərlərində hələ bu layihələr tam başa çatmasa da, birinci mərhələdən sonra şəhərə suyun verilişində problemlər nisbətən aradan qaldırıldı. Lakin digər rayonlarda isə həmin alternativ mənbələr hesabına suyun verilişində heç bir problem yaranmamışdır.
Uçqun bulağı Xaçmaz şəhərinin qədim su mənbəyidir. Həmin mənbədə suyun həcmi çox olduğundan onu Bakı xəttinə qoşmuşduq, hazırda yaranan vəziyyətdə iki məhəllədə suyun verilişində fasilə, yəni, suyun həcmində azalma müşahidə ediləndə biz həmin suyu Xaçmaz şəhərinə birləşdirdik. Lakin cənab Prezident, təkcə Xaçmaz şəhəri deyil, bir çox şəhərlərdə - Şamaxı, Qax, Qəbələ və sair şəhərlərdə, xüsusilə beynəlxalq maliyyə qurumlarının vəsaiti ilə layihələndirilən rayonlarda layihələr 2009-2012-ci illərə əsasən hazırlanıb. Bu layihələr hazırlanarkən şəhərin mövcud ərazisi nəzərə alınmışdır. Amma sonradan bildiyiniz kimi, ölkəmizdə Abşeron yarımadasında, regionlarda şəhərlər sürətlə böyüyür və bu böyümə nəticəsində təkcə Şamaxıda min ev bu gün layihədən kənarda qalıb. Yəni, layihə zamanı bu evlər yox idi. Xaçmazda 1450, Qaxda 682, Qəbələdə 500 ev və sair. Belə hallar bir çox rayonlarda var və biz bununla bağlı yeni layihələr hazırlayırıq ki, gələcəkdə investisiya proqramı çərçivəsində bu kəndlərin problemi həll olunsun.

Prezident İlham Əliyev: Axı, hər dəfə mən açılışlarda olanda siz mənə məlumat verirdiniz ki, bu layihələr elə hazırlanıb ki, 2030-cu ilə qədər artan əhalini nəzərə alsın. İndi isə deyirsən ki, əhali artıb 1000 ev orada tikilib, ona görə su çatmır. Bəs necə ola bilər ki, 30-cu ilə qədər siz bunu planlaşdırırdınız ki, indi 600 ev tikilib və su çatmır?

Qorxmaz Hüseynov: Cənab Prezident, üzr istəyirəm, bizim suyun hesabatı 2030-cu il nəzərə alınmaqla, əhali artımı nəzərə alınmaqladır. Amma infrastruktura ayrılan vəsait mövcud ərazi üçün nəzərdə tutulduğundan yenidən maliyyələşib, yenidən qurulmalıdır, xüsusilə beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşən rayonlarda. Çünki beynəlxalq maliyyə qurumları bu layihələrə əlavə vəsait ayırmayıb.

Prezident İlham Əliyev: Onlar ayırmayıb, onda müraciət edəydiniz hökumətə, biz dövlət investisiya proqramından vəsait ayırardıq. Onlar ayırmayıb, siz də oturmusunuz ki, onlar ayırmayıb, mən də otururam heç nə etmirəm. Bəs yaxşı heç kim bilmir ki, yeni evlər tikilir, Azərbaycanın əhalisi artır və artacaq? Hər dəfə mənə deyirdiniz ki, 2030-cu ilə qədər hər şey nəzərdə tutulub - mənbə də, infrastruktur da. İndi də deyirsən ki, yox 600 ev orada tikilib, 1000 ev burada tikilib, ona görə su çatmır.
Şahin Mustafayev, bu məsələ ilə bağlı nə kimi arayış verə bilərsən? Bu məsələ araşdırılıb, yoxsa yox?

Şahin Mustafayev: Cənab Prezident, biz hələlik bunu detallarla araşdırmamışıq, amma tapşırığınızla biz hər rayon üzrə xüsusilə yarımçıq qalan - Siz çıxışınızda qeyd etdiyiniz rayonlar üzrə, indidən araşdırmalıyıq ki, dediyiniz kimi 10 il, 15 il müddətində tam təmin olunsun.

Prezident İlham Əliyev: Həm yarımçıq qalan, həm də bitmiş hesab olunan layihələr. İndi sən demə belə çıxır ki, digər evlər nəzərə alınmayıb. Ya su mənbəyi düzgün seçilməyib, ya yoxdur, ya da ki, yeni evlər tikilib. Əlbəttə, yeni evlər tikiləcək. Azərbaycanın hər bir yerində yeni evlər tikilir, o demək deyil ki, o evlər tikiləndə onlar susuz qalmalıdır. Deməli, bu, bəri başdan nəzərə alınmalı idi, ona görə siz bu məsələləri təhlil edin. Xarici maliyyə qurumları tərəfindən maliyyələşən layihələrə əlavə vəsaitin ayrılmasına da baxın, yerlərdə də dəqiq hesablamalar aparılsın. Prezident Administrasiyasına da tapşırıram, bu rəqəmləri təhlil edin, hansı şəhərdə, o şəhərlərdə ki, içməli su layihələri başa çatıb, hansı şəhərlərdə və hansı evlərə su verilmir. Çünki mən açılışlarda olanda mənə məruzə edilir, cənab Prezident, bu şəhər 100 faiz su ilə tam təmin edilib, 24 saat fasiləsiz su verilir. Bu məlumatı mənə verirlər. İndi sən demə, mən açılışlarda iştirak etdiyim şəhərlərdə bəzi evlərdə su yoxdur. Belə şey olmaz, bu, nəzərə alınmalıdır. Mənə məlumat verilirdi, təqdimatlarda göstərilirdi ki, 2030-cu ilə qədər, hətta 2035-ci ilə qədər əhalinin artımı nəzərə alınıb. Sən demə, nəzərə alınmayıb. Bunu çox ciddi araşdırmaq lazımdır və mənə bir neçə mənbədən məlumat verilməlidir - həm komissiya tərəfindən, həm də yerli icra orqanları tərəfindən və “Azərsu”dan.

Prezident İlham Əliyev: Qorxmaz Hüseynov, davam et.

Qorxmaz Hüseynov: Cənab Prezident, Abşeron yarımadasına gəldikdə isə Siz də qeyd etdiyiniz kimi, biz 2011-ci ildə Sizin xüsusi tapşırığınızla yarımadada əhalinin artımını, inkişafı nəzərə alıb, baş plan hazırladıq. Hazırlanmış baş plana əsasən, işlərin icrasına 2012-ci ildən etibarən başlanıldı. Mən bir neçə rəqəmi demək istəyirəm, 2011-ci ildə Abşeron yarımadasına 598 milyon kubmetr su verilirdi. 2019-cu ildə isə 526 milyon, yəni 12 faiz az su verilmişdi. Lakin həmin vaxtda yarımadada abonent sayı 50 faiz artmışdır, yəni 684 min abonentə qarşı 1 milyon 17 min abonent olmuşdur.
Görünən odur ki, itirilən suyun həcmi 20 faiz azalmışdır. Yeni infrastruktur qurulmuş, yəni 2600 kilometrdən çox su şəbəkəsi çəkilmişdir. Bu, ümumi baş planın birinci mərhələsi üzrə görüləcək işin 34 faizi idi. 252 kilometr magistral xətdən cəmi 54 faiz icra olunmuşdur, 16 su anbarı tikilmişdir. Bu da tikiləcək ümumi anbarların 33 faizini təşkil edirdi.
Cənab Prezident, aparılan təhlillər göstərirdi ki, şəhərdə olan böyük su itkilərinin qarşısını almaq üçün bu infrastruktur layihələrinin tamamlanması vacib şərtdir. Şəhərin xüsusilə Binəqədi, Sabunçu, Suraxanı, Xəzər rayonlarının ərazisində çox böyük genişlənmə, tikinti işləri aparılmışdır və daha çox fərdi həyət evləri tikilmişdir. Burada həm əhalinin artımı, həm genişlənən ərazi, həm də ki, yaşıllıqların artırılması suya olan tələbatı artırmışdır. Amma mən bir daha qeyd etmək istəyirəm ki, Abşeron yarımadasına verilən su şəhərin su təminatına tam bəs edə bilər. Biz bu il keçən illə müqayisədə bir kubmetr/saniyə, yəni, təxminən gündə 85 min kubmetr az su qəbul edirik, şəhərə az su ötürürük. Bu da məlum səbəblərdən Ceyranbatan gölündə Taxtakörpünün su ehtiyatlarının balanslaşdırılması, bir də Kür çayında suyun verilişində çətinliklə bağlıdır. Lakin əgər biz infrastrukturu tamamlayarıqsa, artıq qalan itirilən suyu bərpa edib, əhaliyə verə bilərik. Çox böyük ərazilərdə magistral xətlər şəbəkə kimi istismar olunur. Həddən çox qanunsuz birləşmələr var, xüsusilə bağ massivlərində. Magistral xətlər üzərində vətəndaşlar tərəfindən xüsusi nasosxanalar quraşdırılır. Bu, bu günün, dünənin məsələsi deyil, bu, illərin məsələsidir. Ona görə də magistral xətlər, əslində, anbarları qidalandırmaq üçündür. Anbarlar isə qəza vaxtı suyun verilişini və pik saatlarda suyun təchizatını qarşılamaq üçündür. Bizim anbar, magistral xətt layihələrimiz başa çatdıqdan sonra bu tikinti normalarına cavab verməyənlər - hansı ki, bu 26 faizdir, amma görülən işlərdən əvvəl bu 56 faiz idi, biz bunu 26 faizə salmışıq. Yay ayları istisna olmaqla, əslində, digər mövsümdə su çatışmazlığı yoxdur. Bu, qapalı sistem deyil, bu gün özbaşına tikililər hamısı açıq sistem olduğu üçün suyun germetikliyi itir və sistemdə boşalma yaranır. Nəticə etibarilə həmin ərazilərdə suyun verilişində çətinliklər yaranır, eyni zamanda, daimi su alan ərazilərdə təzyiqlərin düşməsi ilə biz fasiləli rejimlərə keçmək məcburiyyətində qalırıq. Cənab Prezident, ona görə də fürsətdən istifadə edib, demək istəyirəm ki, bu layihələrin başa çatdırılması üçün xüsusi tapşırıqlar verməyiniz məqsədəuyğundur. Söz yox ki, dediyiniz məsələlərdə “Azərsu” ASC-nin, şəxsən mənim günahım var. Qanunsuz istifadələrə qarşı mübarizə yəqin ki, lazımi səviyyədə aparılmır. Qanunsuz qoşulmalara qarşı mübarizələri lazımi səviyyədə apara bilməmişik və bu səbəbdən də infrastrukturun yenilənməsi üçün tədbirlər görülməlidir.
Cənab Prezident, bir neçə kəlmə də suyun keyfiyyəti ilə bağlı demək istərdim. Mən Sizə məruzə etdim, Siz xüsusi tapşırıq verdiniz ki, Ceyranbatanda ən müasir qurğu tikilsin. Çünki həmin vaxt Ceyranbatanda 3 nöqtədən su birbaşa göldən götürülüb şəhərə verilirdi. Biz o qurğunu tikməklə, əslində, suyun həcmini artırmamışdıq, sadəcə, şəhərə verilən suyun keyfiyyətini ən yüksək standarta gətirmişdik. Su həmin göldən birbaşa götürülür, bütün şəbəkəyə qarışırdı. Ona görə də demək olar ki, bütün sularımızın keyfiyyət parametrləri aşağı idi. Bu gün Abşeron yarımadasına verilən bütün suyun keyfiyyət parametrləri həm bulanıqlıq baxımından, həm bakterioloji çirklənmə baxımından tam standartlara uyğundur. Təbii ki, lokal çirklənmələr mövcuddur. Buna görə də biz həm mərkəzi laboratoriyalar yaratmışıq, həm də 9 regional laboratoriyamız fəaliyyət göstərir.
Cənab Prezident, itkilərlə bağlı bircə kəlmə deyim, hansı rayonlarda ki, layihələr tam başa çatıb, itkilər 14-22 faiz civarında dəyişir. Təbii ki, burada idarəetmədən də çox şey asılıdır. Amma harada ki, layihələr başa çatmayıb, itkilər bəzi yerlərdə 50 faizdən də çoxdur. Ona görə də bir daha demək istəyirəm ki, infrastrukturun yenilənməsi ilə biz buna nail ola bilərik.

Prezident İlham Əliyev: Sayğaclaşdırma ilə bağlı işi siz nə vaxt başa çatdıracaqsınız?

Qorxmaz Hüseynov: Cənab Prezident, sayğaclaşdırma 89 faiz icra olunub, 227 min sayğacsız abonentimiz var, 128 min isə istismar müddətini bitirmiş sayğac.

Prezident İlham Əliyev: Amma bu, ölkə üzrədir, rayonlarda aşağı səviyyədədir.

Qorxmaz Hüseynov: Abşeron yarımadasında 89,5 faizdir, regionlarda bir az aşağıdır, təxminən 114 min. Amma regionda aşağı olmasının bir səbəbi də var, cənab Prezident. Balakəndə, Qazaxda, Yevlaxda, Neftçalada hələ layihələr icra olunmadığına görə həmin yerlərdə sayğaclaşma aparmağımızın elə də bir mənası yoxdur. Ona görə biz o layihələri kompleks icra edirik.

Prezident İlham Əliyev: Aydındır. Neftçala rayonunda vəziyyətlə bağlı nə deyə bilərsiniz?

Qorxmaz Hüseynov: Hazırda Neftçalada vəziyyət gərgindir, cənab Prezident. Orada baş verən məlum hadisə ilə bağlı Neftçala şəhəri və rayonun 38 kəndi içməli sudan məhrum olub. Fövqəladə Hallar Nazirliyi, rayon icra hakimiyyəti və bizim dəstəyimizlə orada həm maşınlarla və modul tipli qurğularla su daşınır. Çənlər quraşdırılıb, rayonda həyətlərə və həmin çənlərə suyu verməklə biz vətəndaşlara...

Prezident İlham Əliyev: İndi məsələ əsaslı şəkildə nə vaxt həll olunacaq?

Qorxmaz Hüseynov: Cənab Prezident, məsələnin həlli üçün Siz keçən il 5 milyon vəsait ayırmışdınız, bu il investisiya proqramında 5 milyon vəsait ayrılıb. Biz layihənin tikintisinə başlamışıq və daha etibarlı mənbə olaraq Sizin iştirakınızla təməlqoyması və bir neçə rayonda açılışı olan Şirvan-Muğan magistral xəttindən Salyan ərazisinə 44 kilometr magistral xəttin tikintisinə artıq başlanılıb. Bu ilin noyabrında başa çatması planlaşdırılır və eyni zamanda, bu xəttboyu bütün kəndlərə də biz gələcəkdə investisiya proqramı...

Prezident İlham Əliyev: Yəni, nə vaxt Neftçala şəhəri və o kəndlər, nə vaxt o məsələ həll olunacaq? Vətəndaşlar bunu eşitmək istəyir.

Qorxmaz Hüseynov: Cənab Prezident, noyabr ayında biz içməli suyu şəhərin özündə və şəhər şəbəkəsindən qidalanan qəsəbələrdə mövcud şəbəkəyə bağlayacağıq. Amma həmin kəndlərə xətlərin çəkilməsi üçün əlavə vəsait ayrılması üçün biz təklif hazırlayacağıq.

Prezident İlham Əliyev: Bəs, noyabr ayına qədər məsələ necə həll olunacaq?

Qorxmaz Hüseynov: Yalnız maşınlarla, indiki vəziyyətdə suyu biz qismən veririk ki, texniki məqsədlərə istifadə edilsin.

Prezident İlham Əliyev: Zeynal Nağdəliyev, məlumat verin, bu maşınlarla ki, deyir, suyu çatdırırıq, bu, kifayət edir şəhərə? Bu haqda məlumatınız var?

Zeynal Nağdəliyev: Cənab Prezident, ümumiyyətlə, məlumat belədir ki, su qıtlığı var.

Prezident İlham Əliyev: Mən bilirəm su qıtlığı var. Deyirəm, Qorxmaz Hüseynov deyir ki, maşınlarla çatdırırıq, su ilə təmin edirik. Mən soruşuram, doğrudan belədir, yoxsa yox?

Zeynal Nağdəliyev: Su verilir, amma icazə verin, cənab Prezident, araşdırım Sizə məruzə edim.

Prezident İlham Əliyev: Araşdır. Şahin Mustafayev, siz bu məsələyə komissiyada baxmısınız?

Şahin Mustafayev: Bəli, cənab Prezident, biz bu məsələyə baxmışıq. Neftçala şəhərində vəziyyət çox ağırdır, gərgindir, maşınlarla su daşınır. Məruzə olunduğu kimi, noyabr ayında bunu başa çatdıracaqlar. Qorxmaz Hüseynov məruzə etməlidir, orada investisiya problemləri də var. Biz sonuncu komissiyada İqtisadiyyat Nazirliyinə də məlumat verdik, tapşırıldı ki, onlar da baxsınlar, çatışmayan vəsait haqqında araşdırmalar aparsınlar ki, Sizə məruzə olunan müddətdə bu məsələ öz həllini tapsın.

Eyni zamanda, cənab Prezident, biz məsələyə bir qədər qlobal yanaşmaq istərdik. Çünki bir sıra bizim yaşayış məntəqələrimiz birbaşa Kür çayından su götürürlər, necə ki, Neftçala götürürdü. Bu, gələcəkdə, qeyd etdiyiniz kimi, bilmək olmaz suyun həcmi necə olacaq. Biz qış aylarında məcbur olacağıq ki, Mingəçevir su anbarında ehtiyatlarımızı yığaq. Belə olan halda, ola bilsin ki, gələcəkdə bizim məntəqələrdə - Kür çayından birbaşa su götürən məntəqələrdə su çatışmazlığı olsun. Ona görə də biz düşünürük ki, bu məsələnin üzərində də çalışmaq lazımdır. Alternativ imkanlar araşdırılmalıdır ki, Kür çayından birbaşa içməli su götürən yaşayış məntəqələrinin təchizatını davamlı və dayanıqlı edək.

Prezident İlham Əliyev: Mütləq çalışın, tezliklə bu məsələ öz həllini tapsın. O vaxta qədər indi maşınlarla su daşınır, mənə dəqiq məlumat verərsiniz, bu, vətəndaşları təmin edir, yoxsa yox? Əgər təmin etmirsə, onda əlavə imkanlar tapmaq lazımdır ki, maşınlarla vətəndaşları təmin edə biləcək səviyyədə su daşınıb, onlara çatdırılsın.

Bizim bir məsələmiz də narahatlıq doğurur. Bu da çaylarboyu yerləşən kəndlərdə modul tipli təmizləyici qurğuların vəziyyətidir. Çünki mənə yerlərdən məlumat gəlir ki, bəzi hallarda bu qurğular işləmir. Bu qurğular vaxtilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi xətti ilə quraşdırılmışdı. Səhv etmirəmsə haradasa 400-ə yaxındır, yaxud da 400-dən çox belə qurğu quraşdırılmışdır. Amma sonra bəzi məlumatlara görə, bunların istismar müddətində buraxılmış səhvlər, eyni zamanda, burada nəzarətsizlik nəticəsində bu qurğular ya sıradan çıxmışdır, ya da, onlar öz keyfiyyətini itirmişdir. Bir sözlə, bu məsələ ilə bağlı çox ciddi təhlil aparılmalıdır və mənə məruzə edilməlidir. Ekologiya və Təbii Sərvətlər naziri, bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

Nazir Muxtar Babayev: Hörmətli cənab Prezident. Sizin tapşırığınızla 2009-cu ildən başlayaraq 465 modul tipli təmizləyici qurğu quraşdırılmışdır. Bu qurğular uzun müddətdir ki, içməli suyu Kürboyu kəndlərinin istifadəsinə verirdi. 2018-ci ilə qədər bu qurğular Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən istismar edilirdi və onlara nəzarət olunurdu. 2018-ci ildən sonra artıq “Azərsu” tərəfindən istismar olunub. Sizin tapşırığınızla, xüsusən də Neftçalada olan su problemləri ilə bağlı birgə monitorinq aparıldı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və “Azərsu” tərəfindən aparılan monitorinqlərə Prezident Administrasiyanın Dövlət nəzarəti şöbəsinin mütəxəssisləri cəlb olunmuşdu. Monitorinq aparıldı. Cənab Prezident, demək olar ki, əksər modul tipli qurğular işlək vəziyyətdədir və çalışır. Amma onların bəziləri 2009, 2010, 2011, 2012-ci illərə qədər tikilmişdir, onlar daha çox köhnəlib. Onların ya yenisi ilə əvəzlənməsi və ya o yerlərdə su ilə mərkəzləşdirilmiş qaydada təminat daha məqsədəuyğun olar.

Sizin verdiyiniz tapşırığınıza əsasən bu gün monitorinq işləri mütəmadi olaraq aparılır. Bütün Kürboyu bu modul stansiyalarla suyun həm keyfiyyəti, həm də tədarükü yoxlanılır. Buradakı əksər rayonlarda bu işlər hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılır. Bir neçə yerdə, xüsusən də Neftçala rayonunda bu problemlər mövcuddur. Amma Sizin tapşırığınızla orada içməli suyun daşınması mərkəzləşdirilmiş qaydada təmin ediləcəkdir və bu problemlər qismən həll olunacaqdır. Birbaşa Kürdən qidalanan kəndlərdə içməli su ilə bağlı daha bir neçə problem də var. Kür çayında və ondan çıxan kanallarda suyun səviyyəsinin aşağı düşməsi, istər-istəməz modul tipli qurğuların normal davamlı fəaliyyətinə də təsir göstərmişdir. Bir neqativ təsir bundan ibarətdir. Amma inanıram ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti də sırf bu qurğuların və Kürboyu kəndlərin su təminatı üzrə uzunmüddətli proqram hazırlayıb. Həmin qurğuların istismar müddətləri bitdikcə, onlar ya yenisi ilə əvəz olunacaq, ya da orada mərkəzləşdirilmiş formada su verilməsi nəzərdə tutulur. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Bu məsələ də mütləq komissiya tərəfindən araşdırılsın. Yəni, mənim bu məsələ ilə bağlı imzalayacağım Sərəncama da daxil edilsin. Bunun təşviqi və bundan sonrakı addımlar nədən ibarət olacaq? Çünki bu, çox önəmli bir infrastruktur layihəsi olub və biz mütləq bu modul qurğuları işlək vəziyyətdə saxlamalıyıq. Əlbəttə, dediyinizdə də həqiqət var. Kür çayının səviyyəsinin aşağı düşməsi ilə əlaqədar burada da bəzi problemlər yaranıb. Ona görə geniş təhlil aparılmalıdır və Prezident Administrasiyası bu məsələ ilə bağlı yerlərdən məlumat alıb mənə təqdim etməlidir.

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri, artezian quyularının qazılması ilə əlaqədar məlumat verin, neçəsi qazılıbdır və ilin sonuna qədər hansı işlər görüləcək?

Əhməd Əhmədzadə: Möhtərəm cənab Prezident, bu il Siz artezian quyularının qazılması limitini bir qədər artırıb əlavə vəsait ayırmısınız. Hər il 300 quyu qazılırdısa, bu il artıq 400 quyu qazılacaq. Goranboy rayonu üçün də 43 quyu ayrıca nəzərdə tutulub – birlikdə 443 quyu. Onların qazılması üçün bayaq ortaya çıxan suallar var idi ki, bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi rəqəmlərlə, ölçülərlə quyuların yeri yerli icra hakimiyyətləri ilə birlikdə müəyyənləşdirilib. Tender sənədləri hazırlanaraq bu işlərə başlanılıb. Artıq 200-ə yaxın quyuda işlər tamamlanıb, elektrik enerjisinə qoşulması məsələsi qalıb. Biz “Azərişıq”dan xahiş etmişik ki, bunları qoşsunlar, istifadəyə verək. Biz ilin axırınadək 443 quyunun hamısını qazıb istismara təhvil verəcəyik. Yəni, bu quyular çox vacibdir. Cənab Prezident, amma respublikada yeraltı suların səviyyəsinin aşağı düşməsi prosesi də gedir. Əvvəllər quyu saniyədə 40 litr su verirdi, indi 25 litr su verir. Köhnə quyuların suyu azalıb və eyni zamanda, enerji sərfiyyatı artıb. Bu il biz quraqlığa görə harada ki, su mənbəyi məlumdur, artezianlar və nasos stansiyaları var, orada tam sutka ərzində əhalini su ilə təmin edirik. Bizim artezian quyular içməli suyu, suvarma suyunu seçmir. Harada nə imkan var, eyni zamanda, mal-qara baxılması üçün su verilib. Sizin su təsərrüfatı ilə bağlı gördüyünüz işlərdən kəndlərdəki camaat da çox razıdır.

Cənab Prezident, indi içməli su ilə bağlı çox söhbətlər getdi. Mən bir mütəxəssis, uzun müddətdir bu sahədə çalışan şəxs kimi demək istəyirəm ki, Bakı şəhərinin su təchizatı məsələsində planlaşmada, ümumiyyətlə, işin aparılmasında müəyyən məsələlər nəzərə alınmayıb. Bakı şəhərinə su daxil olur, hamı deyir ki, içməli sudur. Biz içməli su da veririk. Amma bunun 50 faizdən azı içməli su kimi gedir. Yerdə qalanı texniki su kimi, sənaye müəssislərinə, başqa sahələrə, eyni zamanda, yaşıllıqların suvarılmasına sərf olunur. Sovet dönəmində Bakıya iki cür su girirdi - biri texniki su, biri içməli su. Şollar içməli su, Ceyranbatandan götürülən su isə texniki su idi. Bu məsələyə - Bakının texniki su məsələsinə baxılmalıdır, həm suvarma üçün, həm də sənaye müəssisələri üçün. İndi Sumqayıtın yaxınlığında böyük sənaye kompleksi yaradılıb. Bunların hamısı su ilə işləyir, susuz işləyən sənaye yoxdur. Bu məsələyə baxılmalıdır.

Prezident İlham Əliyev: Komissiya baxacaq, bu məsələyə də baxacaq. Elə komissiya ona görə yaradılıb ki, bu məsələyə və bütün başqa məsələlərə baxsın.
Müşavirənin yekunu olaraq, Prezidentin Sərəncamı hazırlanmalıdır. Bütün tapşırıqlar orada yer almalıdır, eyni zamanda, proqram artıq imzalamağa hazır olmalıdır. Hesab edirəm ki, bütün bu işlərdə aidiyyəti qurumlarla yanaşı, ictimaiyyət nümayəndələri də iştirak etməlidir. Komissiya öz işinə ictimaiyyət nümayəndələrini də cəlb etsin. İlk növbədə, alımlər bu işlərdə fəal rol oynamalıdırlar. Su ehtiyatlarımızın qiymətləndirilməsində və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə alimlər mütləq iştirak etməlidirlər. Bu işlərə Ekologiya üzrə mütəxəssisləri mütləq cəlb edin. Biz sudan elə istifadə etməliyik ki, bunun ekoloji tarazlığa mənfi təsiri olmasın. Çünki biz tarixdən bilirik ki, bəzi ölkələrdə böyük su layihələri icra edilirdi. Amma mənbələr və su ehtiyatları düzgün təhlil edilmirdi. Ona görə indi suvarma üçün bunun yaxşı təsiri olubdur, amma ekoloji vəziyyəti gərginləşdiribdir. Ona görə mütləq ekologiya üzrə mütəxəssislər cəlb edilməlidir. Qeyri-hökumət təşkilatlarını cəlb edin. Vətəndaş cəmiyyəti nümayəndələri də bu işlərdə fəal olsunlar. Sizin bəlkə də görə bilmədiyiniz məsələləri onlar diqqətə çatdıracaqlar. Media nümayəndələrini cəlb edin. Hesab edirəm ki, geniş mətbuat konfransı keçirilməlidir. Ümumiyyətlə, bütün dövlət qurumları mətbuatla çox sıx əlaqədə olmalıdır. Görülmüş işlər haqqında müntəzəm olaraq məlumat verməlidirlər.

Bizim bu müşavirəmiz də bir növ vətəndaşlara verilən hesabatdır. Eyni zamanda, vətəndaşlar bilsinlər ki, biz hansı işləri görməyi planlaşdırırıq, onlardan da təkliflər gözləyirik. Çünki əgər bu müşavirələri biz qapalı şəkildə keçirsək, heç kim bilməyəcək, onda yerlərdən təkliflər gəlməyəcək. Ona görə bu müşavirə də ictimaiyyət üçün açıq olacaq. Yerlərdən təkliflər, əlbəttə, hesab edirəm ki, işimizə kömək göstərəcək.

Təbii ki, bütün bu işlər böyük vəsait tələb edir. Ona görə hökumət və aidiyyəti qurumlar, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, digər qurumlar xərclər smetasına çox dəqiqliklə baxmalıdırlar. Qətiyyən imkan vermək olmaz ki, xərclər süni şəkildə şişirdilsin. Bütün icra ediləcək layihələr açıq tender əsasında görülməlidir. Çünki bəzi hallarda bizdə korporativ maraqlar üstünlük təşkil edir. Elə hallar var ki, bir və ya bir neçə şirkət bütün tenderlərdə qalib gəlir. Əlbəttə, elə layihələr var ki, bunu ancaq təcrübəsi olan və böyük layihələrdə iştirak edən şirkətlər icra edə bilər. Bu, təbiidir. Ancaq bu layihələrlə bağlı bir çox sahələrdə kiçik, orta həcmli, o qədər də böyük peşəkarlıq, kvalifikasiya tələb etməyən layihələr də olacaqdır, kontraktlar da olacaqdır. Ona görə yerli sahibkarlar da hazır olsunlar. Çünki biz doğrudan da böyük infrastruktur layihələrinin icrasını davam etdirəcəyik. Ona görə ictimai nəzarət təmin edilməlidir, smetalara, xərc smetalarına çox ciddi dövlət nəzarəti də olmalıdır.

Əlbəttə ki, bütün bu işləri səmərəli şəkildə davam etdirmək üçün vahid idarəetmə mexanizmi işlənməlidir. Bu tapşırığı da mən verirəm. Bunu da hazırlayın ki, bundan sonra bu işlər ancaq koordinasiyalı şəkildə görülsün - komissiya, aidiyyəti qurumlar. Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurumumuz var - “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Ona görə bu qurumlar bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər, nəzarət etməlidirlər ki, bütün bu işlər planlı şəkildə həll olunsun, biz yaxın gələcəkdə su təhlükəsizliyimizlə olan problemləri də həll edək. Necə ki, enerji təhlükəsizliyi məsələləri həll olundu, nəqliyyat təhlükəsizliyi məsələləri həll olundu. İndi biz ərzaq təhlükəsizliyi məsələlərinin həllinə yaxınlaşırıq. Su təhlükəsizliyi məsələləri də öz həllini tapmalıdır. Sağ olun.




Oxşar xəbərlər