Azərbaycan beynəlxalq hüquq meydanında da Ermənistana qalib gəldi


  • 11:23 / 08 12 2021 |
  • Bölmə: Gündəm



Məğlub ölkənin növbəti fiaskosu

İşğalda olan torpaqların azadlığına yönələn hesablanmış siyasət, dəqiq diplomatik həmlələr, uzun illərin erməni terrorizminə qarşı effektli əks-əməliyyatlar haqqın qələbəsiylə nəticələndi. 28 illik işğalın baiskarı Ermənistan 44 gün içində həm də hərb meydanında məğlub oldu. 

Növbə haqqın qələbəsinin beynəlxalq hüqüq müstəvisində təsdiqlənməsinə çatdı. Məğlubiyyətindən dərs çıxarmaq əvəzinə terrorçu xislətli qisas hissini hər an əməlləri ilə büruzə verən Ermənistan bu dəfə hüquq çərçivəsində acı aqibət yaşamaqdadır. 

Haqqa və ədalətə məğlub ölkə sentyabrda Azərbaycan əleyhinə qaldırdığı iddialar əsasında BMT-nin Haaqa Beynəlxalq Məhkəməsinin iclasında fiaskoya uğrayıb. 

Qərarlara nəzər salaq:

1. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını təmin etməyib;
2. Hərbi Qənimətlər Parkının bağlanması arzusu da Ermənistanın gözündə qalıb; 
3. Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiaları məhkəmə çəkicinin altında xıncım-xıncım olub; 
4. Ermənistandan tələb olunub ki, ölkəsində etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı təcili tədbirlər görsün.

Dəmir faktlara əsaslanan beynəlxaq qərarlar

Siyasət, diplomatiya, hərb, beynəlxalq hüquq. Azərbaycanın 4 mərhələli taktikası onu vahid strategiyaya uğurla çatdırdı. Əsaslandırılmış sübut-dəlillər vaxtında beynəlxaq məhkəməyə təqdim edilməklə rəqibi seytnot duruma saldı. Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarları rəsmi Bakının dəmir faktları əsasında verilib.  
 


Məhbus ermənilər yox, məhbus terrorçular:

Azərbaycanda məhbus olan ermənilər məhz cinayətlər törədən terrorçulardır. Onların bir qismi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla atəşkəsin elan edilməsindən sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsindəki meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza, mülki şəxslərə qarşı terror-təxribat və başqa cinayət əməlləri törədiblər. Digərləri ayrı-ayrı dövrlərdə əsir götürdükləri azərbaycanlılara işgəncələr yaşadıblar. Dinc əhaliyə qarşı hücumlar həyata keçirən, qətliamlar gerçəkləşdirən vəhşi xislətli, naqis xarakterli, terrorçu əmələ sahib erməninin qaytarılmasını istəyən tərəfin əlbəttə ağzına hüququn silləsi çırpılmalıydı. O zərbənin əzələsinisə Azərabaycanın formalaşdırdığı hüquqi baza gücləndirib. 
 


Hərbi Qənimətlər Parkı – erməni xalqına işıq yolu:
 
Vətən müharibəsinin səbəblərini, nəticələrini gələcəyə tam obyektiv göstərən Bakıdakı Hərbi Qənimətlər Parkı Ermənistan hakimiyyətinin miskin olduğunu onlara bir daha xatırlatdığından Beynəlxalq Ədalət Məhkəməsinə minnətçi düşüblər. Əslində Hərbi Qənimətlər Parkının qurulması Ermənistan ictimaiyyətinin xeyrinədir. Baxsınlar, görsünlər, anlasınlar ki, qonşu torpağına göz dikənlərin aqibəti acınacaqlı olur. Bir daha belə aqibət yaşamaq istəmirlərsə, regionda davamlı sülhün bərqərar olmasına çalışsınlar. Aqressiyanı, qisası, xəstə təfəkkürə dayanan iddianı, faşizm düşüncəsini tarixin zibilliyinə tullasınlar və bir daha o murdar xarakterə, naqis hərəkətə pənah aparmasınlar. 



Etnik zorakılıq qadağası:

Beynəlxalq Məhkəmənin Ermənistandan ölkəsində etnik zəmində zorakı çağırışlar səsləndirən qruplaşmalar və fərdi şəxslərə qarşı təcili tədbirlər görməyi tələb etməsi, bu barədə qərar çıxarması da regionda sülhə, əminamanlığa, müharibəsizliyə dəstək mənasında başa düşülməlidir. Azərbaycanın arzusu ilə Haaqanın qərarı üst-üstə düşür. 



Qalibiyyət təntənəsinin nidası: 

Məhkəmə mina xəritələrinin qaytarılması iddiası ilə bağlı qərar verməyib. Əlbəttə başadüşüləndir və doğru yanaşmadır. Bir neçə gün öncə Ermənistan qalan ərazilərin də xəritələrini Azərbaycana verib. Xəritələrin məhkəmənin keçirilməsindən əvvəl qaytarılması bir daha onu deməyə əsas verir ki, Azərbaycan bütün mərhələlərdə qalibiyyət təntənəsinin nidasını məntiqi mübarizəsinin sonunda şəstlə qoya bilir. 

Ceyhun Musaoğlu  



Oxşar xəbərlər