Məktəb direktoru və "şəbəkə"sinin çirkin əməlləri - Yoxlamanın nəticəsi


  • 13:40 / 16 12 2021 |
  • Bölmə: Gündəm / Şikayət


Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi tərəfindən yoxlamalar aparılıb.

"Rupor" "Bakupost"a istinadən xəbər verir ki, yoxlamalar nəticəsində məktəbdə ciddi nöqsanlar aşkarlanıb, direktor Çinarə Atayeva və onun qurduğu “şəbəkənin” qanunsuz fəaliyyətləri üzə çıxıb.



Təhsil Nazirliyində yaradılmış Komissiya tərəfindən həyata keçirilən yoxlama zamanı məlum olub ki, direktor müavini Pərvanə Qarayevanın bacısı İlhamə Vəliyevaya qanunsuz dərslər verilib, onun fəaliyyəti isə başqa müəllimlərin adına rəsmiləşdirilib. Buna səbəb isə İlhamə Vəliyevanın təhsilinin olmamasıdır. Müəllimlər qeyd edirlər ki, illərlə İlhamə Vəliyevanın dərs dediyi şagirdlər və onun valideynləri bu formada aldadılıb və proses ən azı 4 ildir belə davam edib.



İlhamə Vəliyeva 8 "Ç" sinfinə dərs keçərkən

Bu yolla hər ay müəllimlərin adlarına dərslər rəsmiləşdirilərək, qanunsuz pullar mənimsənilib.

Bundan əlavə, məktəbin ana dili və ədəbiyyat müəllimi Mədinə Hətəmli direktor Çinarə Atayeva ilə əlbir olaraq saxtakarlığa yol verib (onun adına rəsmiləşdirilən dərsləri İlhamə Vəliyeva keçib) və izahatında yalan məlumatlar bildirib.

Həmçinin, yoxlamalar zamanı bir çox siniflərdə şagirdlərin ümumiyyətlə, məktəbə gəlmədikləri müəyyən olunub.

Məktəbdə çalışan müəllimlər qeyd ediblər ki, hazırda araşdırmaya 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi cəlb edilib. Müəllimlər və direktor müavinləri mərkəzə dəvət olunaraq, izahatları alınır.

Məsələ ilə bağlı adları qeyd olunan şəxslərin fikirlərini öyrənmək mümkün olmadı.

Məktəbdən bildirildi ki, Abşeron Təhsil İdarəsinin icazəsi olmadan açıqlama vermək ixtiyarları yoxdur.

Abşeron Təhsil İdarəsinin yeni rəhbərini isə nə kabinetində tapmaq mümkün oldu, nə də mobil telefona cavab verdi.

Təhsil Nazirliyi də susqunluq nümayiş etdirməyi seçdi.

Yoxlamanı aparan Regional Komissiyanın aparıcı məsləhətçisi Aqil Ağayev məlumatların doğru olduğunu təsdiqləyib:

“Çoxsaylı şikayətlər əsasında monitorinq qrupu yaradılaraq, məktəbdə yoxlamalar aparılıb. Nəticədə müəyyən nöqsanlar aşkarlanıb.
Hazırda araşdırma bitməyib, davam etdirilir. Ona görə də bununla bağlı nəsə deyə bilmərik. Araşdırmanın nəticələri bir neçə günə rəsmi olaraq açıqlanacaq”.




Oxşar xəbərlər