Azərbaycanın 2021-ci ildə keçdiyi inkişaf yolu - İcmal


  • 14:14 / 30 12 2021 |
  • Bölmə: Gündəm


Bu gün ölkəmiz dünyada nümunəvi inkişaf modelinə və milli tərəqqi yoluna malik müstəqil respublika kimi tanınır. Azərbaycanın tarixi nailiyyətlər qazanaraq dünyada söz və nüfuz sahibinə çevrilməsi milli maraqlara, dövrün tələblərinə və çağırışlarına əsaslanan daxili və xarici siyasətin həyata keçirilməsi sayəsində mümkün olub.

AZERTAC yekunlaşmaq üzrə olan 2021-ci ildə Azərbaycanın əldə etdiyi çoxsaylı nailiyyətlərə nəzər salır.

Siyasət və diplomatiya
Son bir ildə hərbi-siyasi və diplomatik mövqelərini daha da gücləndirən Azərbaycan milli maraq və mənafelərinin qorunmasına nail olub. Rəsmi Bakı Ermənistanın 30 ilə yaxın müddətdə, eləcə də İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərində törətdiyi genişmiqyaslı müharibə cinayətlərinin, vandalizm və dağıntıların əhatəli, real faktlar əsasında dünya ictimaiyyətinə çatdırılması, təcavüzkarın beynəlxalq miqyasda ifşası baxımından mühüm üstünlük əldə edib.

Azərbaycanda səfərdə olan xarici ölkə rəsmilərinin, parlamentarilərinin, tanınmış media və qeyri-hökumət təşkilatlarının, dini icmaların nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkili dünya birliyinə azad edilmiş ərazilərdəki real vəziyyət barədə əhatəli və obyektiv informasiya çatdırıb, Ermənistanın hibrid müharibədə mövqelərini sarsıdıb.

Qeyd edək ki, rəsmi Bakı il ərzində Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsinin acı nəticələri ilə bağlı beynəlxalq miqyasda fəal iş aparıb. Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı BMT-də xüsusi qətnamə layihəsi yayması təcavüzkar ölkənin ifşası istiqamətində mühüm addımlardan biri olub. Ciddi təzyiqlərlə üzləşən rəsmi İrəvan isə ABŞ, Rusiya və Avropa Birliyinin vasitəçiliyi ilə işğaldan azad edilmiş ərazilər üzrə mina xəritələrinin bir qismini Azərbaycana verməyə məcbur edilib.

Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonrakı mərhələdə təxribatçı davranışlarına görə tutulmuş diversant-terrorçuları “hərbi əsir” kimi qələmə vermək cəhdlərinin əsassızlığı sübuta yetirilib. Yüksək humanizm prinsiplərindən çıxış edən Azərbaycan saxlanılmış erməni hərbçilərin böyük bir qismini Ermənistana təhvil verərək rəsmi İrəvanın əsassız iddia və bəhanələrinin qarşısını alıb.

Azərbaycan təkcə diplomatik və təbliğati-siyasi müstəvilərdə deyil, hüquqi çərçivədə də fəal iş apararaq, Ermənistanın beynəlxalq məhkəmələrə verilməsi istiqamətində praktik addımlar atıb. İl ərzində Ermənistana qarşı Avropa İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsində hüquqi iddiaların qaldırılması İrəvanın ifşası baxımından səmərəli olub. Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistandan azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tələb etməsi Azərbaycanın növbəti diplomatik uğuru sayıla bilər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondunun reallaşdırdığı "Karabakh.Center" layihəsi, bu əsasda Vətən müharibəsində həlak olmuş mülki şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan “Karabakh Memorial” internet resursu, eləcə də "WhereisKarabakh.com" ("Qarabağ harada yerləşir?") veb-saytı təbliğati-siyasi baxımdan mühüm layihələr kimi diqqəti cəlb edib.

Ermənistan müharibədən sonra sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə süni problemlər yaratmağa, zəbt etdiyi bəzi əraziləri tərk etməməyə çalışsa da, hüquqi-siyasi reallıqlar, eləcə də Ordumuzun adekvat müdaxiləsi qarşısında geri çəkilməyə məcbur olub.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın siyasi, diplomatik və hərbi müstəvilərdə apardığı fəal iş regiondakı yeni siyasi reallığın legitimləşdirilməsinə yönəlib. Rəsmi Bakı son bir ildə haqlı və ədalətli yanaşmasını dünyanın fövqəlgüc dövlətlərinə və aparıcı təşkilatlarına qəbul etdirməyə nail olub.

Aparıcı dövlət və təşkilatlar Prezident İlham Əliyevin konstruktiv, ədalətli və prinsipial yanaşmasını əsas tutaraq, hazırda Ermənistanla Azərbaycanın məhz sərhədlərin delimitasiya və demarkasiyası, humanitar problemlərin həlli, kommunikasiyaların bərpası məsələləri ətrafında danışıqlar aparmasını dəstəkləyirlər.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə yanvarın 11-də Moskva, noyabrın 26-da Soçi şəhərlərində, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə dekabrın 15-də Brüssel şəhərlərində keçirilən üçtərəfli görüşlərdən sonra rəsmi İrəvan kommunikasiyaların bərpası istiqamətində praktik addımlar atılmasının qaçılmaz proses olduğunu qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə təşəbbüsü olan “3+3” Regional Platformasının yaradılması məqsədilə dekabrın 10-da Moskva şəhərində Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində ilk iclasın keçirilməsi Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin yaradılması, kommunikasiyaların bərpası istiqamətində növbəti mühüm addım olub.

İrəvanın gözləntilərinin əksinə olaraq, bu gün həm Rusiya, həm Fransa, həm də Avropa İttifaqı ölkələri 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın formalaşdırdığı yeni geosiyasi reallıqlardan çıxış edirlər. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan regionun taleyi ilə bağlı danışıqların gündəliyini müəyyən edir.

Prezident İlham Əliyevin il ərzində Azərbaycana səfər etmiş bir sıra dövlət və hökumət başçıları – Belarus Prezidenti Aleksandr Lukaşenko (aprel), Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan (iyun və oktyabr), Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel (iyul, dekabr), Gürcüstanın Baş naziri İrakli Qaribaşvili (sentyabr) və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç (noyabr) ilə görüşləri qarşılıqlı faydalı münasibətlərin inkişafı baxımından əhəmiyyətli olub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfəri çərçivəsində iyunun 15-də “Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması yola saldığımız ilin ən mühüm siyasi hadisələrindən biri olaraq ikitərəfli münasibətlərdə yeni səhifə açıb.

Prezident İlham Əliyevin Rusiya Federasiyasına (yanvar, iyul və noyabr), habelə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə iştirak etmək üçün Türkiyəyə (noyabr), İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana (noyabr), Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüsselə (dekabr) səfərləri il ərzində ölkəmizin xarici siyasət sahəsində mövqelərini daha da gücləndirib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi dövlətimizin Vətən müharibəsindən sonra beynəlxalq arenadakı yüksək nüfuzunun əyani göstəricisidir.

Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə videokonfrans formatında görüşü (aprel), eləcə də Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasının bağlanış mərasimində (may), BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində (sentyabr) videoformatda təqdim edilmiş çıxışları Azərbaycanın pandemiya ilə mübarizə sahəsindəki fəaliyyətinin dünyada təbliği baxımından mühüm əhəmiyyət kəsb edib. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşkilat adından BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində irəli sürdüyü “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin 2021-ci il dekabrın 16-da BMT Baş Assambleyası tərəfindən qəbulu ölkəmizin beynəlxalq səviyyəli növbəti uğuru kimi tarixiləşib və ölkəmizin dünyadakı mövqelərini daha da gücləndirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda (noyabr) çıxışı zamanı səsləndirdiyi fikirlər ölkəmizin yeni növ koronavirusla mübarizədə, vaksinlərin ədalətli bölgüsü məsələsində fəal və təşəbbüskar mövqeyini nümayiş etdirib.

İşğaldan azad edilmiş ərazilərin bərpası – abadlıq və quruculuq

Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2021-ci il 19 yanvar tarixli Fərmanı işğaldan azad edilmiş ərazilərimizin dövrün tələbləri səviyyəsində bərpası və yenidənqurulması prosesinin ölkəmiz üçün prioritet məsələlərdən olduğunu bir daha təsdiqləyir.

Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə fevralın 2-də təsdiq olunmuş “Azərbaycan 2030: Milli Prioritetlər” sənədinə əsasən, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi, reinteqrasiyası və inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən biri elan edilib.

Prezident İlham Əliyevin 2021-ci il iyulun 7-də imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı ilə Qarabağın “dağlıq” və “aşağı” hissələrə bölünməsi kimi haqsızlığa son qoyub. Tərkibinə Xankəndi şəhərinin, habelə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarının daxil olduğu Qarabağ iqtisadi rayonunun yaradılması, eləcə də Cəbrayıl, Kəlbəcər, Laçın və Zəngilan rayonlarını birləşdirən tarixi Şərqi Zəngəzur iqtisadi rayonunun formalaşdırılması Azərbaycanın birliyinin və bölünməzliyinin bir daha təsdiqi olub.

Prezident İlham Əliyevin yanvarın 15-də Füzuli və Şuşaya, fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıla, martın 15-də Füzuli və Xocavəndə, martın 16-da Şuşaya, aprelin 26-da Cəbrayıl və Zəngilana, mayın 13-də Şuşaya, mayın 28-də Ağdama, iyunun 15-də Füzuli və Şuşaya, avqustun 16-da Kəlbəcər və Laçına, avqustun 30-da Füzuli və Şuşaya, oktyabrın 4-də Cəbrayıla, oktyabrın 17-də Füzuliyə, oktyabrın 21-də Zəngilana, oktyabrın 25-də Qubadlıya, oktyabrın 26-da Füzuli və Zəngilana və nəhayət, dekabrın 24-də Hadrut və Şuşaya gerçəkləşən səfərləri işğaldan azad edilmiş ərazilərin bərpasına böyük diqqətin, həssas münasibətin göstəricisidir. Həmin səfərlər zamanı dövlətimizin başçısı bir sıra şəhər və rayonların baş planlarını ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirə edib, bəzi mühüm təməlqoyma və açılış mərasimlərində iştirak edib, bərpa işlərinə dair tapşırıq və göstərişlərini verib. Prezident İlham Əliyevin iştirakı ilə Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ərazilərində yaşayış binalarının təməlinin qoyulması “Böyük qayıdış”ın yaxın illərdə reallaşacağına ciddi əminlik yaradıb.

Dövlətimizin başçısının “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” 2021-ci il 12 avqust tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması bərpa və yenidənqurma işlərinin sistemli və ardıcıl şəkildə həyata keçirilməsini təmin edib.

2021-ci ilin oktyabrın 26-da istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanı, hazırda inşası sürətlə davam etdirilən Zəngilan və Laçın beynəlxalq hava limanları regionda təkcə investisiya qoyuluşlarına deyil, həm də turizmin inkişafına əlverişli şərait yaratmaq məqsədi daşıyır. Cari il noyabrın 7-də isə “Zəfər Yolu”nun açılışı olub. Hazırda işğaldan azad edilmiş ərazilərdə 15 fərqli layihə üzrə 1400 kilometrdən artıq uzunluqda yolların, habelə telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər sürətlə davam etdirilir.

Son bir ildə Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlıda yarımstansiyaların, “Güləbird” və “Kəlbəcər-1” Su Elektrik Stansiyasının istifadəyə verilməsi, habelə “Yaşıl enerji” konsepsiyasının tətbiqinə hazırlıq istiqamətində atılan addımlar bölgənin dayanıqlı enerji təminatına zəmin yaradır.
Cənubi Qafqaz regionunda ilk olaraq işğaldan azad edilmiş ərazilərdə, Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin icrasına start verilməsi yeni konseptual yanaşma kimi regionun iqtisadi inkişafını və müasir idarəetmə modellərinin reallaşmasını, son nəticədə vətəndaş məmnunluğunu təmin edəcək.

Sosial-iqtisadi sahədə görülən işlər
Koronavirus pandemiyası ilə bağlı dünya iqtisadiyyatında yaranan çətinlikləri hələ tam aradan qaldırmaq mümkün olmayıb. Lakin Azərbaycan sosial-iqtisadi müstəvidə 2021-ci il ərzində nəinki qarşıya çıxan çətinlikləri həll edib, eyni zamanda, yenidən dinamik sosial-iqtisadi inkişaf mərhələsinə daxil olub. Bununla bağlı bəzi əsas məqamlara diqqət yetirək:
1. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi regionda yeni geosiyasi, geoiqtisadi vəziyyət yaradıb. Həmin ərazilərin ümumi iqtisadiyyata reinteqrasiyası Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirəcək;
2. Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Videoformatda baş tutan müşavirədə 2021-ci il üçün sosial-iqtisadi müstəvidə dövlətimizin başçısı tərəfindən əsas prioritetlər müəyyən edilib;
3. Azərbaycan Prezidenti yanvarın 25-də ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2021-2025-ci illərdə həmin kateqoriyadan olan şəxslər, onların ailələri mərhələli şəkildə mənzillə təmin olunacaq;
4. Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib;
5. Dövlətimizin başçısı tərəfindən imzalanan bir çox digər fərman və sərəncamlar iqtisadi inkişafda keyfiyyətcə yeni mərhələ açıb, xüsusən qeyri-neft-qaz sektorunun inkişafı daha dinamik hala gəlib;
6. Vergi güzəştləri, investisiya təşviqi sənədi, ölkənin müxtəlif bölgələrində sənaye parklarının yaradılması, biznes mühiti, lisenziyalaşdırılmanın sadələşdirilməsi və digər addımlar sosial-iqtisadi inkişafı daha sürətləndirib;
7. “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Prezident İlham Əliyev tərəfindən oktyabrın 16-da Sərəncam imzalanıb.
2021-ci il Azərbaycan iqtisadiyyatında mühüm nailiyyətlərlə yadda qalıb. İqtisadiyyat Nazirliyi 2021-ci ilin yekunları üzrə ÜDM-in artımını 5.1 faiz proqnozlaşdırıb. Eyni zamanda, Dünya Bankı da Azərbaycanda 2021-ci ildə iqtisadiyyatın artımını 2.9 faizdən 5 faizədək proqnozlaşdırıb. Proqnozlara əsasən, 2021-ci ildə qeyri-neft sektorunun artımı xidmət, kənd təsərrüfatı sahələrinin və sənayenin artımı nəticəsində 7.1 faiz təşkil edəcək.

Bu il qeyri-neft sənayesində 20 faizdən çox artım qeydə alınıb. Qeyri-neft ixracı 44 faiz artıb və ilin sonuna qədər qeyri-neft ixracı 2,6 milyard ABŞ dolları təşkil edəcək. Azərbaycanın yeni müstəqillik tarixində qeyri-neft ixracı heç vaxt 1,9 milyard ABŞ dollarından yuxarı olmayıb. Amma artıq vəziyyət dəyişir.

Azərbaycanda əhalinin rifah halının davamlı şəkildə yüksəldilməsi dövlətin sosial siyasətində xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin dekabr ayı ərzində əməkhaqları, təqaüdlər, sosial müavinətlərin artımı ilə bağlı imzaladığı çoxsaylı yeni fərman və sərəncamlar bunun növbəti real təsdiqidir.

Əməkhaqları, təqaüd və müavinətlərin artırılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan rəsmi sənədlərin icrasına 1.5 milyard manat ayrılacaq, 2.1 milyon insanı əhatə edəcək, onların maddi rifah halının daha da yüksəlməsinə gətirib çıxaracaq. Bu müstəvidə islahatların yeni mərhələsi Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Sərəncamdan irəli gələn məsələlərlə bağlı atılan addımlar, ilk növbədə, həssas əhali qruplarının sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir.

Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləğinin gələn il yanvarın 1-dən 250 manatdan 300 manata çatdırılması vahid tarif cədvəlinin bütün pillələri üzrə artımlara imkan verəcək. Əməkhaqları ilə bağlı son artımlar ölkədə qeydə alınan inflyasiyanın əhalinin maddi rifah halına təsirinin minimallaşdırılması, xüsusilə həssas əhali qruplarına qiymət artımının mənfi fəsadlarının yumşaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün dünya valyuta bazarında qeyri-sabit vəziyyət müşahidə edilir. Lakin Azərbaycanda fərqli vəziyyət hökm sürür. Azərbaycan iqtisadiyyatında real durum, xarici valyutalara tələb səviyyəsi, eləcə də xarici ticarətlə bağlı vəziyyət və digər amillər manatın məzənnəsinin sabit və dayanıqlı olmasını şərtləndirir. Xarici ticarətdə müsbət saldo, dünya enerji bazarında mövcud qiymətlər, ölkəmizin malik olduğu valyuta ehtiyatları manatın bundan sonra da uzun müddət sabitliyini təmin edəcək. Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi də artaraq 53 milyard ABŞ dollarını keçib.

Enerji və qeyri-neft sektorunda ixrac vəziyyəti, ölkəyə daxil olan valyutanın həcmi manatın məzənnəsinin kifayət qədər dayanıqlı olmasına əsas yaradır. Bundan başqa, ölkəmizdə dövlət borcunun səviyyəsi məqbul həddədir, tədiyyə balansı profisitlidir, iqtisadi artımın sürətli bərpası qeydə alınır. Bu kimi amillər də manatın məzənnəsinə müsbət təsir göstərir.

Ermənistanın işğalına son qoyduqdan, ərazi bütövlüyünü bərpa etdikdən sonra Azərbaycan azad edilmiş ərazilərdə postkonflikt dövründə başladığı abadlıq-quruculuq işlərinin miqyasını daha da genişləndirməkdədir. Hazırda azad edilmiş ərazilərin vahid konsepsiya əsasında bərpası həyata keçirilir. Həmin ərazilərdə müharibə başa çatdıqdan indiyə qədər olan müddət ərzində kommunal, iqtisadi və sosial infrastrukturun qurulması istiqamətində mühüm addımlar atılıb.

Azad olunan ərazilərin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası, burada əhalinin məşğulluğunun təmin edilməsi, istehsal, xidmət, ticarət, nəqliyyat, logistika və digər sahələrin yaradılması da diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Bütün bunlar ümumilikdə Azərbaycanın iqtisadi potensialının daha da güclənməsinə, ümumi daxili məhsul istehsalında ciddi artıma səbəb olacaq.

İşğaldan azad olunan ərazilərdə dağ-mədən, yeyinti, emal sənayeləri, metallurgiya, turizm-rekreasiya, əczaçılıq, taxılçılıq, tərəvəzçilik, üzümçülük, pambıqçılıq, meyvəçilik, heyvandarlıq, quşçuluq, arıçılıq, tikini materialları kimi sahələr böyük inkişaf potensialına malikdir. Bu sahələrə yatırılan sərmayələr həm qeyri-neft ixracının artması və idxalın əvəzlənməsi, həm də dəyər zəncirlərinə qoşulmaq baxımından mühüm əhəmiyyət kəsb edəcək. Həmçinin buraya yeni texnologiyaların cəlbi də iqtisadi inkişafda innovasiyalarla müşayiət ediləcək.

Azad edilmiş ərazilərdə hasil olunan faydalı qazıntılar, mineral sular və digər qeyri-neft məhsullarına da xarici bazarlarda böyük tələbat yaranması proqnozlaşdırılır. Bununla da həmin ərazilər hesabına Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac etdiyi məhsulun həcmində əhəmiyyətli artım gözlənilir ki, bu da iqtisadi inkişafa, ölkəyə valyuta axınına əlavə təkan olacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri də şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsidir. Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlət tərəfindən şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının maddi rifahına xidmət edən çoxsaylı sosial layihələr və proqramlar həyata keçirilir.

Qeyd edilənlərin növbəti real təzahürü Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə, Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimi fonunda bir daha özünü qabarıq şəkildə büruzə verib.

Dövlət tərəfindən görülən real tədbirlər nəticəsində həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin Bakı, Sumqayıt və Abşeron rayonunda yaşayan ailələrinin demək olar ki, hamısı mənzillərlə təmin olunublar. Digər şəhər və rayonlarda yaşayan şəhid ailələri, müharibə əlilləri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir və hazır olduqca bu kateqoriyadan olan insanlara təqdim edilib. Abşeron rayonunda istifadəyə verilən kompleks də nəzərə alınmaqla indiyə qədər 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Müharibə əlillərinin sosial şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən biri də onların avtomobillə təmin olunmasıdır. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Eyni zamanda, şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına verilən təqaüdlərin məbləği davamlı şəkildə artırılır.

Əhalinin bütün digər təbəqələrinə də dövlət tərəfindən hərtərəfli dəstək və qayğı göstərilir. Yaradılan etibarlı zəmin fonunda Azərbaycan
iqtisadiyyatının dayanıqlı inkişafı, bu müstəvidə əhalinin yüksək sosial rifahın təmin edilməsi qarşıdakı dövr ərzində də uğurla həyata keçiriləcək.

Bu fonda Azərbaycan dayanıqlı iqtisadi və sosial inkişaf modeli ilə dünyanın lider ölkələri sırasında mövqeyini daha da gücləndirəcək.

İdman sahəsində qazanılan nailiyyətlər
İl ərzində idman sahəsində Azərbaycan bir çox mühüm beynəlxalq yarışlara ev sahibliyi edib, həmçinin idmançılarımız bir sıra beynəlxalq idman yarışlarında çoxsaylı uğurlara imza atıb. Bununla bağlı aşağıdakı bəzi uğurlu məqamlara diqqət yetirək:
1. Bakıdakı Milli Gimnastika Arenasında mayın 7-9-da bədii gimnastika üzrə Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan Dünya Kuboku keçirilib;
2. İyunun 4-6-da Bakıda Formula 1 üzrə dünya çempionatının altıncı – Azərbaycan Qran-Pri yarışları təşkil olunub;
3. 2021-ci ildə Bakıdakı Olimpiya Stadionunda futbol üzrə Avropa çempionatının 4 oyunu (üç qrup və bir 1/4 final oyunu) keçirilib. Paytaxtımız iyunun 12-də Uels-İsveçrə, 16-da Türkiyə-Uels, 20-də İsveçrə-Türkiyə qarşılaşmalarına, iyulun 3-də dörddəbir final mərhələsi çərçivəsində Çexiya və Danimarka yığmalarının oyunlarına ev sahibliyi edib.

4. Bu ilin iyulunda start verilən Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan yığması üçü gümüş və dördü bürünc olmaqla ümumilikdə 7 medal qazanıb;
5. Tokio-2020 Yay Paralimpiya Oyunlarında milli Paralimpiya komandamızın üzvləri daha uğurla çıxış ediblər. Paralimpiadada 19 medal - 14 qızıl, 1 gümüş və 4 bürünc qazanan Azərbaycan komandası ümumi sıralamada onuncu pillədə qərarlaşıb;
6. Sentyabrın 4-11-də Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycan yığması 15 qızıl, 16 gümüş və 29 bürünc medala yiyələnib;
7. Prezident İlham Əliyevin sentyabrın 7-də imzaladığı Sərəncamla Fərid Fazil oğlu Qayıbov gənclər və idman naziri təyin edilib;
8. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva oktyabrın 22-də Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar;
9. Bakıda noyabrın 5-7-də cüdo üzrə “Böyük dəbilqə” turniri baş tutub. Üç gün davam edən yarışda 29 ölkədən 200-ə yaxın cüdoçu iştirak edib;
10. Bakıda Milli Gimnastika Arenasında noyabrın 18-21-də batut gimnastikası üzrə dünya çempionatı start götürüb. Yarışda 33 ölkədən 266 gimnast 51 medal uğrunda mübarizə aparıb:
11. Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib.

12. Milli Olimpiya Komitəsinin (MOK) VIII hesabat-seçki Baş Məclisinin dekabrın 16-da keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.

Azərbaycan beynəlxalq idman yarışlarında mükəmməl ev sahibliyi nümunəsini ortaya qoyub və ölkəmizin belə yarışların keçirilməsi üçün bütün imkanlara malik olduğu dünya miqyasında qəbul edilir.

Beynəlxalq miqyaslı idman yarışları hər bir ölkənin dünyada daha geniş rakursdan tanınmasında, təbliğ edilməsində mühüm əhəmiyyət daşıyır.

Azərbaycanda keçirilən belə beynəlxalq miqyaslı tədbirlər nəticəsində ölkəmizə dünyada maraq və diqqət daha da artır. Bu, Azərbaycana beynəlxalq miqyasda yüksək etimadın növbəti real təsdiqi olmaqla yanaşı, həm də ölkəmizdə ictimai-siyasi sabitliyin, yüksək səviyyəli infrastrukturun olmasının nəticəsidir.

Beynəlxalq idman yarışlarına dünyanın nüfuzlu media kanalları daim xüsusi diqqət yetirir, onun keçirildiyi ölkə haqqında müvafiq məlumatları beynəlxalq auditoriyaya çatdırır. Bu, Azərbaycana dünya miqyasında diqqəti davamlı olaraq artırır.

Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə də bu gün nümunəvi nəticəyə sahib olan ölkələrdən biri kimi qəbul edilir. Məhz elə bu səbəbdən, Azərbaycan artıq postpandemiya mərhələsinə qədəm qoyur. Bütün bunlar dünya miqyasında da nəzərə alınır və beynəlxalq yarışların Azərbaycan paytaxtında təşkili haqda tərəddüdsüz olaraq qərarlar qəbul edilir.

Nəzərə alınmalıdır ki, beynəlxalq idman yarışları konkret tədbirlər olmaqla yanaşı, həm də siyasi, iqtisadi layihələrdir. Məhz belə yarışlar idman turizminin inkişafı üçün mükəmməl imkanlar yaradır. Bu da istənilən ölkədə dinamik inkişaf üçün vacib şərtlərdəndir.

Azərbaycanda idmanın, Olimpiya hərəkatının inkişafı ilə bağlı məqsədyönlü siyasət öz nəticələrini verir. İdman ölkəsi kimi Azərbaycanın nüfuzu yüksəlir, uşaq və yeniyetmələrlə yanaşı, cəmiyyətin bütün təbəqəsi arasında idmana maraq artır. Bu da bütünlükdə cəmiyyətin fiziki, mənəvi inkişafında mühüm rol oynayır.

Mədəniyyət sahəsində davamlı inkişaf təmin olunur
Hər bir ölkənin dünyada tanınmasında, uğurlu inkişafında mədəniyyət və incəsənət amili mühüm rol oynayır. Bu baxımdan aşağıdakı məqamlara diqqət yetirsək görərik ki, cari il Azərbaycan mədəniyyəti və incəsənəti üçün mühüm hadisələrlə zəngin olub:
1. Yanvarın 5-də Azərbaycan Respublikası Prezidenti ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Həmin gün dövlətimizin başçısının imzaladığı digər Sərəncamla Anar Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib;
2. Fevralın 18-də “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalanıb;
3. Dövlətimizin başçısının mayın 7-də imzaladığı Sərəncamla Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib;
4. Otuz ildən sonra mayın 12-də “Xarıbülbül” musiqi festivalı yenidən Vətəninə qayıdıb;
5. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Şuşada Vaqifin məqbərəsinin və büstünün, Bülbülün ev muzeyinin, Üzeyir Hacıbəylinin heykəlinin açılışı olub, Heydər Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri yenidən təşkil edilib;
5. Ölkədə yeni mədəniyyət strategiyası hazırlanaraq icraya yönəldilib:
6. Mədəniyyət Nazirliyində və ümumiyyətlə, bu sahədə müşahidə olunmuş neqativ halların aradan qaldırılması istiqamətində Prezident İlham Əliyevin tapşırıqları əsasında əməli addımlar atılıb;
7. Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində əvvəlki illərdə olduğu kimi genişmiqyaslı fəaliyyət həyata keçirilib;
8. Yola salmaqda olduğumuz il ərzində müxtəlif mədəni sərgilər, konsertlər, müsabiqələr, təqdimatlar keçirilib, dövlətimizin başçısı tərəfindən bir neçə dəfə mədəniyyət, incəsənət xadimləri ilə bağlı sərəncamlar verilib, təltiflər olub;
9. İşğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası istiqamətində mühüm addımlar atılıb.

Ümumiyyətlə, mədəniyyət sahəsinə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bu da ölkə mədəniyyətinin dinamik inkişafına, onun daha da zənginləşməsinə əsaslı şəkildə təsir göstərir. Mədəniyyətin tərəqqisinə göstərilən dövlət himayəsi konkret tədbirlər, genişmiqyaslı layihələr və proqramlarla öz əksini tapır. Bunlara paralel olaraq mədəniyyət sahəsində və idarəetmə sistemində islahatlar neqativ halları aradan qaldırır.

Milli-mədəni irs nümunələrinin tanıdılması, eləcə də mədəni yaradıcılığın inkişafı və məzmununun zənginləşdirilməsi istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirilir.

Multikultural müstəvidə mədəni dəyərlərin qorunması, yeni mədəni dəyərlərin yaradılması dövlətin diqqət mərkəzindədir və bu, müsbət nəticələrini verir.

Mədəni irsin qorunması, bərpası və inkişafına Azərbaycanda daim xüsusi diqqət yetirilir. İşğaldan azad edilən ərazilərdə bu istiqamətdə genişmiqyaslı işlər görülür, eyni zamanda, erməni vandalizmi nəticəsində dağıdılan mədəni abidələr və digər mədəni irs nümunələri barəsində beynəlxalq ictimaiyyət məlumatlandırılır.

Mədəni sferada beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan mədəniyyətinin dünyada təbliğinin gücləndirilməsi, koronavirus pandemiyası ilə əlaqədar mədəniyyət sahəsində yaranan çağırışların həll edilməsi istiqamətində də il ərzində genişmiqyaslı işlər görülüb.

Mədəniyyət obyektlərinin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması mədəni tərəqqini daha dinamik hala gətirir. Bu prosesdə “Azərbaycanfilm” kinostudiyasında, Bakı Media Mərkəzində milli tarixi yaddaşın bərpasına, görkəmli şəxsiyyətlərə həsr olunan bədii və sənədli ekran əsərləri də mühüm rol oynayır.

Dünyanın nüfuzlu təşkilatları, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, UNESCO, ICESCO, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələrinin mühüm bir hissəsini mədəniyyət məsələləri təşkil edir. Bu da Azərbaycan mədəniyyətinin dünyada təbliğində böyük önəm daşıyır.




Oxşar xəbərlər