"Təəssüf ki, buna Azərbaycanda tam nəzarət edilmir" - Razi Nurullayev


  • 14:20 / 05 01 2022 |
  • Bölmə: Gündəm / Siyasət


“Unun və çörəyin bahalaşması nəticəsində insanların sosial vəziyyətlə bağlı narazılıqları artır”.

"Rupor" xəbər verir ki, bu sözləri Bakupost.az-a millət vəkili Razi Nurullayev unun və çörəyin bahalaşması ilə haqqında danışarkən deyib.

Onun sözlərinə görə, unun qiymətinin artması Azərbaycanın daxili bazarı ilə bağlı məsələ deyil:

“Təbii ki, ölkədə bahalaşma var və bu insanların büdcəsinə kəskin şəkildə mənfi təsir göstərməkdədir. Nəticədə bir sıra insanların sosial vəziyyətlə bağlı narazılıqları artır. Eyni zamanda, Azərbaycanda enerji daşıyıcılarının qiymətində də bahalşmaya gətirib çıxardıb. Lakin bahalaşmanın digər obyektiv səbəbi odur ki, bütün dünyada bu bahalaşma var. Artıq bir neçə gündür Qazaxıstanda baş verənləri də müşahidə edirik. Bildiyiniz kimi, qazın, çörəyin, ərzağın qiymətinin artması insanların ciddi narazılığına səbəb olub. Demək olar ki, bütün dünyada bu proseslər gedir. Azərbaycanda da dünən buğda və çörək istehsalçılarının müraciəti oldu. Çünki Azərbaycan buğdanın çox hissəsini Rusiyadan idxal edir və orada da qiymət artıb.

Azərbaycanda əvvəl unun bir kisəsini 26 manata alırdılar, indi məlum olur ki, bu 36 manatadək qalxıb. Ona görə də Azərbaycanda unun qiyməti məcburi qaldırılıb”.

Millət vəkili qeyd edib ki, əgər Azərbaycan indiki qiymətə Rusiyadan buğda idxal etməsə, o zaman çörək qıtlığı yaranacaq:

“Bütün dünyada bu bahalaşma baş verir. İndi bunun günahını Çində görürlər ki, dünyanın ərzaq məhsullarının yarısını alıb anbarlarına yığıb. Mənə elə gəlir ki, bu nə qədər gerçək olsa da, bir o qədər real deyil. Lakin hər bir ölkə özünün ərzaq təhlükəsizliyini təmin etməli, qiymətləri tənzimləməlidir. Amma təəssüf ki, buna Azərbaycanda tam nəzarət edilmir. Bunun digər bir səbəbi də ondan ibarətdir ki, bizdə qeyri-neft sektorunun inkişafı istiqamətində istədiyimiz səviyyədə deyil. Biz hər zaman neft gəlirlərindən asılı olmuşuq. Neftdən gələn gəlirlər şükür ki, artır.

Əsas odur bu gəlirlər azalmasın. Əgər neft gəlirləri azalarsa, bu, vəziyyətə daha ağır zərbələr endirə bilər. Amma ümumilikdə isə çörək strateji məhsuldur. Çörək olmasa insanlar yaşaya bilməz. O baxımdan hansı yolla olursa-olsun çörək istehsalçıları və idxalçılarının xərclərində yaranan fərqi ödəmək şərtilə onların qiymətlərinin tənzimlənməsi vacibdir. Təbii ki, bu dövlətin üzərində müəyyən yükdür. Çünki büdcə vəsaitləri buna sərf olunacaq. Amma istənilən halda büdcə vəsaitləri də sərf olunsa, digər mənbələrdən götürüb həmin fərqi ödəməli olsaq da bunu etməliyik. Çünki elə insanlar var ki, doğurdan da onların aylıq qazancı dolanmağa yetmir. O baxımdan hesab edirəm ki, hökumət təcilli tədbirlər görəcək. Həm Maliyə Nazirliyi, həm hökumət üzvləri bununla bağlı təcilli şəkildə toplanacaqlar, qərarlar veriləcək və bahalaşmanın törətdiyi çətinliyin qarşısını müəyyən qədər alınması üçün addımlar atılacaq.

Eldar





Oxşar xəbərlər