“Human Rights Watch” bədbəxtliyi – Cahillərin hazırladığı şərşəbədə


  • 16:36 / 16 01 2022 |
  • Bölmə: Gündəm / Siyasət


Ceyhun Musaoğlu
Jurnalist Ekspert Mərkəzinin sədri
 

“Human Rights Watch” (HRW) 2021-ci il üzrə hesabat yayıb. Adına növbəti savadsız, məlumatsız, qərəzli sənəd parçası desək məntiqli olar. Təşkilatın hesabatında iddia edilir ki, ikinci Qarabağ müharibəsi zamanı Ermənistanda 71, Azərbaycanda isə 54 məktəb dağıdılıb.

Bu səviyyədə absurd yalnız anti-rekord kateqoriyası üzrə Ginnesə düşə bilər. HRW-nin hesabat hazrlayanları sanki marsda yaşayırlar. Onlar Ermənistanın Azərbaycan torpaqlarını 28 ildir işğalda saxladığını, ölkəmizə qarşı yeni ərazi iddialarını gerçəkləşdirmək əməli törətdiyini və bu səbəbdən Ordumuzun əks-həmləsi ilə 44 gün ərzində məhz ölkəmizin ərazisində darmadağın edildiyini bilməyəcək qədər şüursuzluq, görməyəcək qədər korluq, eşitməyəcək qədər karlıq xəstəliyindən əziyyət çəkirmişlər. Viktor Hüqonun fikridir: “Karlar korları məlumatlandırırdılar”. 
Ermənistanın hansı məktəbinə bir dənə güllə atmışıq? Bu hadisəni göstərən nöqtə boyda da fakt varmı? Məgər hesabatlar dəqiq məlumatlar, araşdırma nəticəsində əldə edilən faktlar əsasında hazırlanmırmı? Artıq neçənci dəfədir məhz “Human Rights Watch” havadan götürdüyü köklü dezinformasiyaları ciddi hesabat kimi təqdim edir. Qeyri-ciddiliyin lideri statusuna layiq görülənlər 102 ölkə üzrə hansı resursların köməyi ilə hesabat hazırlayırlar ki, belə biabır vəziyyətə düşürlər?!

Kim hər hansı səviyyədə Azərbaycanla Ermənistanı bərabər tutursa, o cahillər cahilidir. Xüsusən də münaqişə prizmasından baxanda Ermənistan bütün sferalarda haqsızdır. Belə olan təqdirdə hər iki ölkəyə eyni həcmdə (7 səhifəlik) yer ayrılması kökündən yanlışdır və məqsəd təcavüzkarı normal siyasi düşüncəyə malik obyekt kimi təqdim etməkdir. 

“Human Rights Watch” həqiqətən özünü Azərbaycandan üzr istəməyə layiq vəziyyətə salıb. Hesabatında vurğulayır ki, Azərbaycan Silahlı Qüvvələri “erməni əsirlərini fiziki zorakılığa və alçaldıcı hərəkətlərə məruz qoyub”. Xocalı soyqırımı, Qaradağlı dəhşəti, Kəlbəcər əsirləri, 28 illik erməni təcüvüzü nəticəsində yoxa çıxan, öldüsü və qaldısı bilniməyən 4 mindən çox azərbaycanlı, uşaqların bətndən çıxarılıb can verən ananın gözləri qarşısında süngüyə taxılması, borulara salınan insanların diri-diri yandırılması, əsirlərin zorlanması, damarlarına benzin vurulması, saydıqca insanı dəliyə çevrirəcək gücdə olan erməni vəhşilikləri internet dünyasında bir düymənin altından qan fışqırır. 

Azərbaycan əsgərinin hümanistliyini, ordumuzun müharibə qaydalarını pozmadığını göstərən minlərlə faktın biri. 1995-ci il. Qazax rayonu N saylı hərbi hissənin cəbhə bölgəsində, işğalda olan yurdlarımızdan birinin 2 kilometrliyində terror hücumlarından ərazimizi qoruyuruq. Həqiqi hərbi xidmətdəyik. Günortalardan birində erməni səngərindən  bir qız qışqıra-qışqıra Azərbaycan səngərinə doğru qaçır. Düşmən əsgərləri qıza doğru arxadan güllələr yağdırırlar. Əsir qız biz tərəfə keçə bilir. Hadisə barədə hərbi-hissəyə məlumat veririk, əsiri gəlib götürürlər və ac olduğunu bilib, qarşısına əsgərlərin ən çox sevdiyi təamları düzürlər – tuşonka, kolbasa, paştet, pendir və bu kimi dadlı nemətlər. Məlum olur ki, erməni əsgərləri erməni qızını zorlayıblar, o da çıxış yolunu Azərbaycana qaçmaqda görüb. O xanım əsir bizim bir neçə əsrimizlə dəyişdirldi, sonradan xarici mediaya açıqlamasında demişdi ki, mənə heç vaxt bu qədər hörmət qoymayıblar. 

Belə faktları minlərlə sadalaya bilərik. Azərbaycan elə Ermənistanı da hümanist xarakterə malik olması ilə xilas etdi. Erməni cəmiyyəti “Böyük Ermənistan” mifində hər an düşüncə təcavüzünə uğrayırdı. Biz onlara yalanın içində yaşamağın dəhşətini 44 günlük müharibə və əbədi qalibiyyətimizlə göstərdik. İndi Ermənistan rəhbərliyi Azərbaycanın uzatdığı sülh əlini tutmağa hazırlaşır. Belə bir versiya da mövcud ola bilər. Bəlkə  “Human Rights Watch”un açarını əlində saxlayanlar Qafqazda sabitliyin yaranmasını istəmədikləri üçün belə cahil düçüncəylə səviyyəsiz hesabat hazırlayıblar. 

Bu təşkilatın ekspertlərinin savadsızlğı ilə qərəzi birləşəndə fiasko yaşamaq alın yazıları olur. Fakta diqqət kəsilin: Vətən müharibəsindən sonra “Human Rights Watch” və “Amnesty International” təşklilatlarının nümayəndələri Azərbaycanda olublar. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev 2020-ci ilin oktyabrında BBC-də yazdığı məqaləsində onları ölkəmizə dəvət etmişdi. 

Gəldilər, 44 günlük müharibə, Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquqa zidd davranışları barədə araşdırma apardılar. Araşdırmanın nəticəsi olaraq “Ermənistanın Azərbaycana qarşı qanunsuz raket zərbələri” adlı məruzə hazırlandı. Məruzədə yazılıb ki,  2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş müharibə zamanı Ermənistan hərbi qüvvələri qeyri-qanuni olaraq kasetli silahlardan istifadə ediblər. Hərbçilər və mülki əhali arasında fərq qoymadan insanları öldürüblər. Bununla yanaşı, HRW ekspertləri Ermənistan silahlı qüvvələrinin ballistik raket və iri kalibrli artilleriya silahlarından istifadə etdiyini göstərən 11 insidenti sənədləşdiriblər. Obyektiv olmaq hər təşkilata xas olan xoşbəxtlik deyil, xüsusən beynəlxalq təşkilata. HRW həmin məruzəni sonuncu hesabatına daxil etməyib. 

Utanmırsız? Əlbəttə utanmırlar. Belə təşkilatların fövqündə dayanmaq daha doğru siyasətdir. Azərbaycan geriyə baxmadan irəliyə gedir. “Human Rights Watch” kimi təşkilatların isə baxmağa istiqmətləri, tutmağa istinad nöqtələri yoxdur. 

Və sonda. Qaliblər mühakimə olunmurlar! Nəyi necə yazmaqlarından asılı olmayaraq, Azərbaycan ədalətə qalibiyyət yaşadan dövlətdir. 
 



Oxşar xəbərlər