"Ramiz Mehdiyevin məşğul olmadığı bircə sahə elmdir" - Deputat


  • 13:20 / 22 01 2022 |
  • Bölmə: Gündəm / Siyasət


AMEA ətrafında gərginlik getdikcə artmağa başlayıb. Xatırladaq ki, iki gün öncə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Tarix İnstitutunda “bir sıra xoşagəlməz hallar”ın baş verdiyini deyərək, institut rəhbərliyini tənqid edib. Belə ki, R.Mehdiyev AMEA Rəyasət Heyətinin iclasında bildirib ki, Tarix İnstitutunda hökm sürən qeyri-sağlam iş mühiti institutun əvvəlki rəhbərindən miras qalmış mənasız intriqaların nəticəsidir.

“Müəssisədə dedi-qoduların daha da dərinləşməsi, bəzi əməkdaşların öz həmkarları haqqında yazdıqları şər və böhtan xarakteri daşıyan anonim məktublar, elmi mühitin sıradan çıxması və institut rəhbərliyinin bütün bu hallar qarşısında qətiyyətsizliyi məni narahat edir. İnstitut rəhbərliyini bu məsələlərə dair ortaya qətiyyət və iradə qoymağa çağırır, məsələləri həll etməsi ilə bağlı ciddi xəbərdarlıq edirəm”.

Tənqidlərə cavab gecikməyib. Tarix İnstitutunun Baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov  Ramiz Mehdiyevin “ştat cədvəli üzrə 250-dən çox elmi və texniki personalı olan Tarix İnstitutu, o cümlədən baş direktor kimi mənim haqqımda söylədiyi hüquqi baxımdan ziddiyyətli və həqiqəti əks etdirməyən fikirlərindən” çox böyük təəssüf hissi keçirdiyini deyib:
“Ramiz Mehdiyev instituta rəhbərlik etdiyi bir ildən az müddət ərzində bir dəfə də olsun məni dəvət edib institut haqqında müzakirə aparmayıb. Fəsadlarını indi də yaşadığım COVID-i ağır formada keçirib, hospitalda yatmışam, səlahiyyətlərim vitse-prezidentə verilib. Bir dəfə mənim səhhətimlə maraqlanmayıb. Onun belə bir qeyri-professional və qeyri-humanist idarəçiliyini bir tərəfə qoyuram. O, vəzifəsinə uyğun olaraq heç olmasa, Tarix İnstitutunun 2021-ci il üzrə illik elmi hesabatını belə oxumayıb. Onda aydın olardı ki, Tarix İnstitutunda elmi tədqiqat işlərinin və idarəetmənin təkmilləşdirilməsi sahəsində hansı müasir islahatlar həyata keçirilib”, - direktor deyib.

Kərim Şükürovun fikrincəb AMEA-nın prezidenti “milli akademiyaların rəhbərləri üçün səciyyəvi olan intellektual səviyyəli dialoq ilə deyil, məişət səviyyəli intriqalar ilə məşğul olur” və onu akademiyanın gündəliyinə çevirir. Ardınca isə K. Şükürov istefa ərizəsi yazacağını açıqlayıb və yazıb. Yanvarın 21-də istefa verməsi ilə bağlı AMEA rəhbərliyinə rəsmi ərizə ilə müraciət edib. Bununla bağlı AMEA prezidenti Ramiz Mehdiyevin sədrliyi və vitse-prezidentlərin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə məsələ müzakirə edilib və Kərim Şükürovun istefa ərizəsi qəbul olunmayıb.

Beləliklə, onun fəaliyyətini davam etdirməsi məqsədəuyğun hesab edilib və nöqsanları aradan qaldırmaq üçün Kərim Şükürova vaxt verilib. Amma buna baxmayaraq, Kərim Şükürov işə çıxmayıb və AMEA rəhbərliyi tərəfindən onunla əlaqə saxlamaq mümkün olmayıb.

Baş verənlərə deputatlar, tanınmış ictimaiyyət nümayəndələri də səssiz qalmayıb. 

Deputat Etibar Əliyev sosial şəbəkədə yazıb ki, Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasını bataqlığa sürükləyib: “Onun məşğul olmadığı bircə sahə var, o da elmdir. İnstitut direktorları ilə İcra başçıları kimi davranır. Ramiz Ənvəroviç ixtisasca filosofdur.

Prezident Administrasiyasında işləyəndə özünə kitablar yazdırtdırardı. Özünün fəlsəfi bilgiləri çox aşağı səviyyədədir. AMEA-nın fəlsəfə İnstitutunun kiçik elmi işçiləri ilə fəlsəfədən söhbət edə bilməz. İnstitut direktorlarını təhdid edir. Az keçməmiş isə barışır. Məsələ aydındır. Akademik göstəricisində adamın bir nəfər yetişdirməsi yoxdur”.

E.Əliyev R.Mehdiyevin öz ailə üzvlərinə akademiyada yaratdığı şəraitdən də yazıb: “Bu gün mənə BDU-dan məlumat verdilər ki, adamın qızı Kamilə Əliyeva bu universitetdə ”Psixologiya" üzrə müdafiə şurasının sədridir və müdafiələrin rus dilində aparılmasını təkid edir. Və bunu şərt kimi qoyur. Dilimizi bilmir axı. Ramiz Ənvəroviçin 80 yaşlı arvadı Qalina Yuryevna isə “Riyaziyyat” fakültəsində kafedra müdiri, müdafiə şurasının sədridir. Universitet rəhbərliyi onun arvadı və qızına kafedra əvəzinə rezidensiya yaradıb. Bir sözlə, elm bunların insiharına verilib. AMEA-nın Rəyasət Heyətinin üzvləri Ramiz Mehdiyevin idarəetmə qabiliyyətini itirməsinə hələlik dözürlər. Ancaq ürəyi dolu olan akademiklər də var və artıq pıçıldaşırlar. Elm isə heç zaman pıçıltını sevməyib".

Bildirək ki, Kərim Şükürov 1956-cı ildə Tərtər rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirib, elmi dərəcəsi tarix üzrə elmlər doktorudur.

O, həm də AzTV-də tarix proqramının aparıcısı kimi də tanınır. Pedaqoq kimi isə Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin professorudur. Göstərdiyi fəaliyyətlərinə görə Dövlət Mükafatına layiq görülüb. Bir sıra elm adamları da sosial şəbəkə, mətbuat vasitəsi ilə Kərim Şükürovu müdafiə edərək, onun savadlı olduğu qədər də  həm də milli biri olduğunu qeyd edirlər. (Musavat)





Oxşar xəbərlər