“İqtidardakı bəzi dairələr prosesə mane olmağa çalışır” - MÜSAHİBƏ


  • 14:13 / 04 05 2020 |
  • Bölmə: Gündəm



Tural Abbaslı: “Korrupsiya ilə mübarizə lap dərinlərə qədər işləməli, bu ünsürlərin kökünü təmizləməlidir”


Müsahibimiz AĞ Partiyanın sədri Tural Abbaslıdır

- Tural bəy, ölkədəki siyasi mənzərəni qısa şəkildə necə təsvir edərdiniz?

- Hazırda bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Ölkələrin diqqəti və enerjisi bu prosesə yönəlib. Demək olar ki, daxili siyasi prosesslər dayanmış vəziyyətdədir. Azərbaycanda  da eyni vəziyyətdir. Bütün siyasi sferanın diqqəti pandemiya və onun nəticələrinin aradan qaldırılmasına yönəlib. Bəzi istisnaları çıxmaq şərti ilə Azərbaycandakı siyasi vəziyyət pandemiyadan öncəki kimi qalıb. Proseeslər yarıda dayanıb. Bu, müsbət ya mənfi haldır? Düşünürəm bu artıq başqa bir sualın mövzusudur. Ancaq hər halda siyasi  prosesesləri pandemiya ilə əlaqələndirib, daim donmuş vəziyyətdə saxlamaq faydalı deyil və hətta bəzi hallarda ziyanlıdır.

- Xeyli müdətdir korrupsiyaya qarşı ciddi mübarizəyə strat verilib. İcra başçılarndan həbs olunanlar var, ölkə başçısı prosesin daha dönməz xarakter aldığını bəyan edib. Belə olan təqdirdə adları korrupsiyada hallanan məmurların hələ də çirkin əməllərindən çəkinməmələri, özbaşınalıqlarını davam etdirmələri hansı məntiqin göstəricisidir?


- Son zamanlar xüsusi xidmət orqanlarının birbaşa iştirakı ilə bəzi məmurlar cinayət başında həbs ediliblər. Hər dəfə də bu həbslər və həbs edilənlərin video görüntüləri TV-lər vasitəsilə genişi ctimaiyyətə çatdırılır. Hər dəfə də düşünürük ki, artıq bundan sonra belə məmurlar ağıllanar, fəaliyyətlərindəki cinayət tərkibli əməllərdən çəkinərlər. Yəni rüşvət almazlar, insanların haqqlarına girməzlər, dövlət vəsaitlərini talamazlar və sairə. Ancaq nəyin şahidi oluruq? Hər belə səsli-küylü həbsdən sonra daha bir məmur eyni əməl üstündə və eyni formada tutulur. Belə çıxır kimlərəsə güvənirlər. Belə hal əsasən ondan xəbər verir ki, korrupsiya ilə mübarizə lap dərinlərə qədər işləməli, bu ünsürlərin kökünü təmizləməlidir. Sistem mükəmməl işləməsə, birini həbs edəcəklər digəri gəlib eyni korrupsiya ilə məşğul olacaq. Odur ki, biz AĞ Partiya olaraq və ümumən müxalifət belə halların aradan qalxması üçün sistem dəyişikliyinin labüd olduğunu vurğulayırıq. Yəni ağacın xəstə budaqlarını kəsməklə onu müalicə etmək olmaz. Bu xəstə budaqları bəsləyən kökü, sistemi müalicə etmək lazımdır. 
 
-Hazırda müxalifət düşərgəsində vəziyyət necədir? 

- Müxalifətin vəziyyəti iqtidarın illərdir yanlış olaraq yürütdüyü sərt və repressiv siyasət nəticəsində heç də ürəkaçan deyil. Demək olar ki, dövlətçilik və təhlükəsizlik baxımından kifafət qədər ziyanlı olan bu siyasət nəticəsində müxalifət partiyaları yox olma həddinə gətirilib. Belə anormal vəziyyət dövlətə və idarəçiliyə neqativ təsirini göstərməkdədir. Müxalifəti zəif olan və ya bizim misalımzda yox olma həddində olan heç bir ölkə inkişaf edə bilməz. İqtidarın yanlışlarını onun üzünə deyən, obyektiv tənqid edən, çıxış yolları göstərən qüvvələrin yoxluğu sağlam rəqbətin formalaşmasını mümkünsüz edir. Müxalifətlə iqtidar bir-birlərinin əksi kimidirlər, əgər müxalifət zəifdirsə, iqtidar da zəif duruma düşür. Kimsə deməsin ki, müxalifət öz arasında birlik yarada bilmir və ya bir-birləri ilə vuruşurlar deyə, zəifdirlər. Belə deyil. Müxalifət iqtidarın ardıcıl və sistemli şəkildə təzyiqlərinin nəticəsində hazırkı vəziyyətdədir.

- İqtidar yetkililəri, xüsusən YAP funksionerləri müxalifətlə dialoqun genişlənməsinin labüdlüyündən danışırlar. Sizin partiya bu formatı necə görürür?

- Nəhayət uzun illərdən sonra iqtidar müxalifətlə səmimi dialoq  qurmaq niyyətinə düşüb. Başlanan dialoq hazırda hansı mərhələdədir və bu temp qaneedicidirmi? Qətiyyən yox. Son aylarda  bununla bağlı real heç bir addım atılmayıb. Hətta prosesdə iştirak edən bir çox  partiyalar bu narahatlıqlarını və narazılıqlarını açıq şəkildə səsləndirirlər. Təbii ki, prosesin gedişatı və forması AĞ Partiya olaraq bizi də qane etmir. Çünki dialoqun  özü təbliğ olunandan çox-çox geridədir. Məhz belə yanaşmanın nəticəsidir ki, bu prosesdə iştirak edən bizim kimi müxalifət partiyalarına digər partiyalardan və cəmiyyətdən də mənfi reaksiyalar var. Adi bir nümunə ilə nə demək istədiyimi bildirim. Bilirsiniz ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilən karantin şərtlərinə görə insanların  sərbəst hərəkəti məhdudlaşdırılıb. Ancaq bəzi fəaliyyət sahələrinə bu məhdudiyyətlər tətbiq edilməyib. Bu gün MKİS işçiləri, market satıcıları, taksi sürüçüləri belə  sərbəst hərəkət edə bildiyi halda, iqtidar  siyasi partiyaların rəhbər orqanlarının üzvlərinin sərbəst hərəkətinə imkan yaratmır. Belə olanda iqtidarın bəyan etdiyi yumuşalma və dialoq məsələsinə səmimiyyət prizmasından yanaşıldığına şübhələr yaranır. Belə bir yanaşma təbiidir ki, bütün proses iştirakçılarını pis və qeyri ciddi vəziyyətdə qoyur. Bu həm də ona dəlalət edir ki, iqtidar köhnə idarə metodundan, fəlsəfəsindən ayrıla bilməyib və hələ də ona müxalifətdə olan siyasi partiyalarla sistemin bərabərhüquqlu subyekti kimi münasibətlər qurmaq istəmir. Əslindəisə dialoq iqtidarın bir lütfi kimi deyil, ölkənin düşdüyü ağır siyasi vəziyyətdən ən səmərəli və effektiv çıxış yolu kimi dəyərləndirilməlidir. Mənə belə gəlir ki, iqtidardakı  bəzi   dairələr bu sadə həqiqəti hələ anlamaq istəmir və prosesə mümkün qədər mane olmağa çalışırlar. Ümidvaram ki, qtidar bu məsələdə səmimi olduğunu sübut edəcək təxirəsalınmaz addımlar atacaq. Dialoq açıq, şəffav və konkret predmetlər üzrə aparılmalıdır. Ən azından ilkin variantda olsa belə, bir yol xəritəsi ortaya qoyulmalıdır. Bu yaxınlarda  bir neçə müxalifət partiyası bu məsələləri öz aramızda  müzakirə etmək niyyətindəyik. Yəqin ki, ondan sonra daha konkret fikirlər səsləndirmək mümkün olacaq.

-Siyasi kluarlarda proporsional seçki sisteminin bərpa olunması təklifi ilə çıxış edənlərin sayı artır. Siz bu sistemin bərpasının tərəfdarlarındansınız?

- Biz AĞ Partiya olaraq ilk gündən mojaritar sistemdən tamam imtina edərək, proporsional seçki sisteminin tətbiq edilməsinin tərəfdarı olmuşuq. Əgər biz siyasi səhnənin peşəkarlaşmasını, təsadüfi və kənar güclərə xidmət edənlərin səhnədən getməsini, daha demokratik sistemin qurulmasını və ən əsası artıq iqtidar tərəfindən də səsləndirilən çoxpartiyalı sistemin həqiqi mənada inkişafını  istəyiriksə, mütləq proporsional seçki  sisteminə keçməliyik. Çünki mojaritar sistem özünü qətiyyən doğrultmadı. Mojaritar seçki nəticəsində təsadüfi və savadsız insanlar parlamentdə təmsil olundu və ən əsası partiyalar sürətlə zəiflədi. Bu prosesə start verilməmişdən öncə ölkədə tam ədalətli seçkilərin keçirilməsinin təməli qoyulmalıdır. 

- Müxalifət düşərgəsində radikal düşüncə sərgiləyənlər hələ də var. Sizcə belə düşüncəylə uğura çatmaq mümkündür?

- Bilirsiniz mən bu məsələnin hər partiyanın daxili işi olduğunu düşünürəm. O radikal düçüncə dediyimiz yanaşma tərzi qanunları pozmursa, kimsə kiməsə deyə bilməz ki, bu cür siyasət aparma. Partiyalararsı rəqabət mövcuddur, hər partiya  öz kursunu ortaya qoyur və xalqdan dəstək istəyir. Əgər kimsə düşünürsə ki, radikal yanaşma ona xalqın dəstəyini qazandıracaq, buyursun. Kimisi də düşünür ki, loyal mövqe uğurludur o da buyursun. Bütün  bunlara isə xalq seçkilərdə öz siyasi qiymətini verməlidir. Yəni siyasi mübarizədə hakim rolunda iqtidar və ya mətbuat çıxış etməməlidir. Bu hakimliyi sadə vətəndaş öz səsi ilə etməlidir. Və bizim əsas işimiz kimlərinsə siyasi fəaliyyətinə qiymət vermək deyil, xalqın qiymətinin ortaya çıxması üçün sistemin qurulmasıdır. Təbii ki, partiyalar bir-birlərini tənqid etməkdə, fəaliyyətlərinə qiymət verməkdə azad haqqa sahibdirlər. Ancaq bütün bunlar hakimlik niyyəti ilə deyil, seçicini özünün haqlı olduğuna inandırmaq, onun  dəstəyini almaq məqsədi daşımalıdır. Həmçinin bir çox hallarda müxalifət partiyalarının davranışlarını və xalqın reaksiyasını iqtidar öz fəaliyyəti və ya fəaliyyətsizliyi ilə sitimullaşdırır. Odur ki, bu gün kimlərsə dəstək qazanmağı radikal mövqe sərgiləməkdə görürsə, bu, iqtidarın yaratdığı vəziyyətin göstəricisi kimi dəyərləndirilməlidir.

Ceyhun Musaoğlu



Oxşar xəbərlər