"Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin"- İlham Əliyev


  • 18:13 / 06 08 2020 |
  • Bölmə: Gündəm


Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.

"Rupor" xəbər verir ki, dövlət başçısı müşavirəni giriş nitqi ilə açıb.

Prezident İlham Əliyevin giriş nitqi:

-Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq. Artıq üç həftədir ki, bu müsbət dinamika, əlbəttə, bizi çox sevindirir. Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.

Əlbəttə, bütün təşkilati məsələlər lazımi səviyyədə görülməli idi və biz buna nail olduq. Xəstəxana fondumuzu qısa müddət ərzində xəstəliklə əlaqədar vəziyyətə uyğunlaşdıra bildik. Həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bildiyiniz kimi, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik.

Hesab edirəm ki, biz, eyni zamanda, testlərin keçirilməsi ilə əlaqədar uğurlu addımlar atırıq. Adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, gərək testlərin keçirilməsi üçün imkan olsun. Biz qısa müddət ərzində laboratoriyalarımızın sayını 5 dəfə artırdıq. Yaxın gələcəkdə alınacaq yeni laboratoriyalar imkan verəcək ki, daha da böyük sayda testlər keçirilsin. Biz bütövlükdə laboratoriyaların sayını 45-ə çatdırmalıyıq. Bu yaxınlarda ölkəmizə yeni təcili tibbi yardım maşınları gətirilmişdir. Yüz maşının gətirilməsi nəzərdə tutulur, onlardan 40-ı artıq Bakıdadır. Bu maşınlar bütün bölgələrə göndərilir və göndəriləcək. Əlbəttə ki, xəstə vətəndaşlarımıza lazımi tibbi xidmətin, təcili tibbi yardımın göstərilməsi üçün bu maşınların da çox böyük əhəmiyyəti vardır.

Eyni zamanda, nəzərə alsaq ki, xəstələrin sayı artmaqda idi və baxmayaraq, mövcud xəstəxanalar kifayət qədər imkanlarımızı genişləndirib, amma yeni xəstəxanaların tikilməsinə ehtiyac var idi. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir. Onlardan 4-ü bir gün ərzində - iyulun 29-da fəaliyyətə başlayıb. Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində mənim iştirakımla bu xəstəxanaların açılışı olmuşdur. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək. Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir. Biz iki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi, yəni, uyğunlaşdırma məsələlərini həll etmək üçün qısa müddət ərzində hazır vəziyyətə gətirdik. Artıq bu komplekslərin hər birində lazım olarsa 300-ə yaxın xəstə müalicə ala bilər. Hələ ki, buna ehtiyac yoxdur, ancaq əgər ehtiyac yaransa, biz, əlbəttə, bu imkanlardan da istifadə edə bilərik.

Qabaqlayıcı tədbirlər deyəndə, əlbəttə ki, bütün bu amillər nəzərə alınır. Çünki biz ən kritik ssenariyə hazır olmalıyıq. Məhz belə operativ, çevik və məqsədə hesablanmış addımlar nəticəsində bu gün xəstəlik nəzarət altındadır. Bir daha demək istəyirəm ki, son üç həftə ərzində xəstələnənlərin sayı azalmaqdadır. Bütün bu addımlar, əlbəttə, imkan verir ki, biz bu vəziyyətdən şərəflə çıxaq, insanlarımızı qoruyaq.

Həkimlərin sayının artırılması ilə əlaqədar təbii çətinliklərimiz var. Ona görə xaricdən həkimlərin dəvət edilməsi məsələsinə baxıldı. Hazırda bir neçə ölkədən həkimlər dəvət edildi və onlar Azərbaycanda xəstələrin müalicəsi ilə məşğuldurlar. Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən həkim briqadaları Azərbaycana gəlmiş və artıq fəaliyyətə başlamışlar. Bu da, əlbəttə ki, bizə əlavə imkanlar yaradır. Çünki həm bu ölkələrdə səhiyyə sahəsi inkişaf etmiş sahədir, orada təcrübə yüksək səviyyədədir və əlbəttə, həm xəstələrin müalicəsi, həm də təcrübə mübadiləsi məsələləri burada kompleks şəkildə həll olunur.

Bundan sonra da insanların sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görüləcək. Mən bir daha qeyd etmək istəyirəm, - bunu dəfələrlə demişəm və Azərbaycan xalqı mövqeyimizi bilir, - bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır.

O ki qaldı, iqtisadi və sosial məsələlərə, bu məsələlər də öz həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülübdür. Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır. 760 min insana lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Əks təqdirdə, 760 min insan işsiz qala bilərdi. Çünki onların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır. Təbii ki, sahibkarlar, işəgötürənlər indi gəlir əldə etmirlər və beləliklə, yüz minlərlə insan işsiz qala bilərdi. Yenə də dövlət operativ tədbirlər nəticəsində dərhal bu məsələyə müdaxilə etdi. Əlbəttə ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənibdir.

Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin.

Bu, sadəcə olaraq, görülmüş işlərin bir hissəsidir. Əgər biz nəzərə alsaq ki, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması bizim gəlirlərimizə çox mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib. Qeyd etməliyəm ki, bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Yəni, bütövlükdə ən azı 9 minə yaxın ailə bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Bütün bu mənzillər keyfiyyətli mənzillərdir, demək olar ki, onların hamısı yeni tikilmiş binalarda yerləşir. Beləliklə, əgər biz bir ailənin üzvlərini orta hesabla beş nəfər götürsək, deməli, bir il ərzində ölkəmizdə 45 min insan dövlət tərəfindən pulsuz, keyfiyyətli mənzillərlə təmin edilir. Mən tam əminliklə deyə bilərəm ki, adambaşına düşən saya görə bu, dünyada ən yüksək nailiyyətdir.

Bu, bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bunlar reallıqdır və bu reallığı biz özümüz yaradırıq, heç kimdən yardım almadan, maliyyə dəstəyi almaq üçün heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədən. Baxmayaraq ki, bu gün dünya ölkələrinin mütləq əksəriyyəti maliyyə yardımı üçün müraciət edib. Biz öz gücümüzə arxalanırıq. Biz bu imkanları xalqımızın istedadı və düşünülmüş siyasət nəticəsində əldə etmişik.

Onu da bildirməliyəm ki, iqtisadi sahədə biznesə dəstək məsələlərində də çox böyük addımlar atılıb. Bu gün bu barədə də məlumat veriləcək və bundan sonra da biznesə dəstək proqramları icra edilməlidir. Həm ilin əvvəlində nəzərdə tutulmuş layihələr, sahibkarlara güzəştli şərtlərlə kreditlərin, subsidiyaların verilməsi, kənd təsərrüfatının stimullaşdırılması, eyni zamanda, pandemiya ilə əlaqədar görülmüş işlər hesab edirəm ki, bizim siyasətimizi tam şəkildə əks etdirir.

Biz büdcəyə düzəlişlər edirik və artıq bu məsələ müzakirə olunur. Milli Məclis artıq bu məsələ ilə bağlı müzakirələr aparır. Bu, bir daha onu göstərir ki, biz bu çətin dövrdə hər bir Azərbaycan vətəndaşına dəstək vermək istəyirik. Çünki bizim büdcəmiz təsdiq olunanda, əlbəttə ki, pandemiya hələ başlamamışdı. Bizim azalan gəlirlərimiz və artan xərclərimiz diktə edirdi ki, büdcəyə yenidən baxaq, dürüstləşmə aparaq, vətəndaşlara maksimum dərəcədə kömək göstərə bilək. Ümid edirəm ki, yaxın günlərdə Milli Məclis dürüstləşmə ilə bağlı öz sözünü deyəcəkdir. Hökumətin təklifi ondan ibarətdir ki, neftin qiyməti 55 dollar yox, 35 dollar səviyyəsində götürülsün və ilin sonuna qədər biz öz xərclərimizi bu rəqəm əsasında planlaşdıraq.

Bu da Azərbaycan dövlətinin istənilən böhrana hazır olduğunu göstərir. Çünki biz elə bir möhkəm təməl yaratmışıq ki, istənilən böhranla əlaqədar öz düzgün addımlarımızı atırıq və neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirəcək, ölkəmiz üçün lazım olan infrastruktur layihələrini icra edəcək, ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi üçün əlavə vəsaitin təşkil edilməsinə də çatacaqdır. Dürüstləşmə ilə əlaqədar, əlbəttə ki, ilk növbədə, sosial və digər layihələr nəzərdə tutulur.

Bu məsələ ilə və koronavirusla bağlı son vəziyyət barədə bu gün siz məlumat verəcəksiniz. Sözü Baş Nazir Əli Əsədova verirəm.

X X X

Baş Nazir Əli Əsədov:

- Çox sağ olun, təşəkkür edirəm, möhtərəm cənab Prezident,

Siz koronavirusla mübarizə ilə əlaqədar görülmüş bütün işləri dediniz. İcazənizlə mən də öz münasibətimi bildirim. Cənab Prezident, fevral ayının 27-dən başlayaraq Sizin Sərəncamınızla bu xəstəliyin qarşısını almaq və əhalimizin sağlamlığı üçün mübarizəni gücləndirmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. İlk gündən bugünkü günə qədər Sizin tapşırığınızla, cənab Prezident, Operativ Qərargahda iştirak edən bütün şəxslər, o cümlədən qərargahın üzvü olmayan digər bütün hökumət üzvləri və dövlət qurumları bunu əsas vəzifə kimi görür və bu istiqamətdə gecə-gündüz çalışırlar.

Möhtərəm cənab Prezident, bütün dünyada cərəyan edən xəstəliyi və digər ölkələrdə onunla mübarizəni hamı, o cümlədən Azərbaycan xalqı görür. Siz rəqəmləri dediniz, icazənizlə bəzi rəqəmləri də mən demək istəyirəm. Ən qısa müddət ərzində Azərbaycanda koronavirusla birbaşa mübarizə üçün 10 mindən artıq çarpayı yeri hazırlanmışdır. Respublikanın 35 rayon və şəhərində, qeyd etdiyiniz kimi, 46 xəstəxana bu istiqamətdə fəaliyyət göstərir.

Cənab Prezident, bu dövr ərzində Azərbaycan həkimlərinin səyi nəticəsində 28 min 890 nəfər xəstəlikdən sağalaraq evlərinə sağ-salamat getmişdir. Bu göstəricilər digər ölkələrlə müqayisədə həddindən artıq yaxşıdır. Bunları deməkdə məqsədim ondan ibarət deyil ki, bu faktlardır və statistikadır. Rəsmi statistika həm bizim ölkə, həm də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılır. Cənab Prezident, Siz də qeyd etdiniz, son dövrdə, əsasən, iyunun 21-dən etibarən xəstəlik Azərbaycanın bəzi bölgələrində, Bakı şəhərində çoxalmağa başlamışdı. Bunu nəzərə alaraq, respublikanın 15 rayon və şəhərində sərtləşdirilmiş karantin rejimi tətbiq olundu. Bu zonalarda xüsusi sərtləşdirilmiş rejim tətbiq etməkdə məqsəd xəstəliyi cilovlamaq və bunun digər bölgələrə yayılmasının qarşısını almaq idi. Görülmüş tədbirlərin nəticəsi iki həftədən sonra özünü göstərdi. Bir rəqəmi də icazənizlə səsləndirmək istəyirəm ki, ən pik vəziyyət bizdə 11 iyul tarixində qeydə alınmışdır. Respublikada aktiv xəstələrin sayı 8 min 651 nəfər idi və görülmüş tədbirlər nəticəsində dünənə olan statistikaya əsasən aktiv xəstələr bütün respublika üzrə, o cümlədən Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 3 min 787 nəfər, yəni 2,3 dəfə azalmışdır.

Xəstəlik 476 nəfərin ölümünə səbəb olmuşdur. Bununla əlaqədar, cənab Prezident, Siz də qeyd etdiniz, 6 laboratoriyanın əvəzinə bu gün fəaliyyət göstərən 31 laboratoriya var. Sizin tapşırığınızla qısa müddətdə onu 40-a çatdıracağıq. Bu günə qədər 760 minə yaxın test aparılmışdır. Bu da bizim əhalimiz üçün çox yüksək nəticələrdir. Cənab Prezident, yüngül formada xəstələnən vətəndaşlarımız xəstəxanada yox, öz arzularına uyğun olaraq, ev şəraitində, poliklinikaların sahə həkimlərinin gündəlik nəzarəti altında müalicə alırlar. Beləliklə, respublikadakı 87 poliklinikada bu nəzarət funksiyası yaradılıb, onun da 40-ı Bakı şəhərindədir.

Cənab Prezident, Sizin tapşırığınız ondan ibarət idi ki, bu xəstəliklə əlaqədar bütün resurslar - maliyyə, inzibati və digər resursların hamısı buna yönəlməlidir. Mən xüsusən də xəstəxanaların təchizatı ilə yanaşı, həkimlərimizə və tibbi personala xüsusi qayğı göstərildiyini qeyd etmək istərdim. Sizin 18 mart tarixli Sərəncamınıza uyğun olaraq, koronavirusla mübarizədə iştirak edən tibbi personala əməkhaqqının 3-5 misli qədər müddətli əlavələr verilməsi tapşırılmışdır. Məruzə edirəm ki, mart-iyun ayları ərzində 64 min 38 nəfər tibbi personala bu günə qədər 58 milyon 300 min manatlıq məvacib vaxtında çatdırılmışdır. Bu işlər davam etdirilir.

Bununla yanaşı, Siz də qeyd etdiniz ki, digər ölkələrdən böyük təcrübəyə malik olan həkim personalı Azərbaycana gətirilmişdir. Bu həkimlər Türkiyə, Rusiya, Çin, İtaliya və Kubadandır. Bu gün ümumilikdə 215 nəfərdən ibarət tibbi heyət bizim həkimlərlə bərabər fəaliyyət göstərir. Cənab Prezident, onu da qeyd etməliyəm ki, görülmüş preventiv tədbirlər nəticəsində və xüsusi karantin rejimi tətbiq olunandan sonra bu riskli zonalarda əhalimiz bu məsələlərdə daha diqqətli olmağa başlamışdır. Bu, özünü həm izolyasiyada, həm də maskalardan istifadə və digər epidemioloji tədbirlərə əməl edilməsində göstərir. Bunun nəticəsi olaraq, Operativ Qərargah görülmüş işlər, xəstəliyin cilovlanması və azalması sayəsində avqustun 5-dən bəzi yumşalma proseslərinə başlamışdır. O cümlədən məruzə etməliyəm ki, əvvəlki 16 şəhər və rayonun 3-ü – Lənkəran, Samux və Siyəzən rayonları bu zonadan kənarlaşdırılmışdır. Həmin bölgələrdə vəziyyət normaldır.

Cənab Prezident, qalan 13 şəhər və rayonda yumşalma prosesləri başlanılıb. Yay fəsli nəzərə alınaraq qərara alınıb ki, insanlar çimərliklərdən istifadə edə bilərlər. Əsas məqamlardan biri də ondan ibarətdir ki, SMS icazə, icaze.e-gov.az portalı vasitəsilə tərk etmək sistemi ləğv olunduqdan sonra şəxslər sərbəst hərəkət edə bilirlər.

Onu da məruzə etmək istəyirəm ki, vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alaraq, Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür. Bununla əlaqədar, bildirmək istəyirəm ki, insanlarımız maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməlidir. O cümlədən həkimlərin və sanitar-epidemioloji qurumların tövsiyəsinə əsasən, açılmaqda olan obyektlərin fəaliyyəti üzrə bizim tərəfimizdən lazım olan bütün təlimatlar hazırlanıb. Buna nəzarət üçün xüsusi qruplar və qurumlar ayrılıb. Əhali və sahibkarlar da bilməlidir ki, həmin qaydalara çox ciddi şəkildə riayət olunmalıdır və buna xüsusi nəzarət ediləcək.

Cənab Prezident, məruzə ediləsi rəqəmlər də çoxdur, görülmüş işlər də. Bir məsələni bildirmək istəyirəm ki, Operativ Qərargah qarşımıza qoyduğunuz vəzifələri və məsuliyyəti dərk edir və bundan sonra da xalqımızın sağlamlığı üçün əlindən gələni edəcək.

Diqqətinizə görə çox sağ olun.

X X X

Prezident İlham Əliyev: Sosial sahədə nəzərdə tutulmuş işlərlə bağlı müvafiq tapşırıqlar vermişdim. Tapşırıqlar necə icra olunur, hansı işlər görülüb və hansı işlərin görülməsi nəzərdə tutulur? Sahil Babayev, buyurun.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dedi:

- Möhtərəm cənab Prezident, məruzə edirəm ki, Sizin tapşırığınıza müvafiq olaraq, Azərbaycanda pandemiyaya qarşı mübarizə, onun mənfi fəsadlarının aradan qaldırılması üçün geniş tədbirlər planı təsdiq olunmuşdu və bu tədbirlər planının ən əhatəli bölmələrindən biri də məhz məşğulluğa və sosial rifaha dəstək tədbirləri idi. Bu, dörd istiqamət olmaqla 12 tədbiri əhatə edirdi. Burada həm məşğulluq, həm sosial müdafiə, həm də sosial təminat məsələləri öz əksini tapmışdır. Siz vurğuladınız ki, demək olar, əhalinin yarısını, beş milyon insanı əhatə edən tədbirlər planı icra olunmaqdadır. Tədbirlər planının birinci istiqaməti əmək müqaviləsi ilə işləyən insanların məşğulluğunun qorunması və onun təmin edilməsi idi. Sizin dediyiniz kimi, həm dövlət, həm də özəl sektorda 1 milyon 660 min insanın məşğulluğu davam etdi. Onların əməkhaqları, iş yerləri qorundu. Burada dövlətin təqdim etdiyi müxtəlif dəstək proqramları, eyni zamanda, inzibati tədbirlər və leqallaşma məsələləri də öz rolunu oynadı. Həm əməkhaqqı fondumuzda azalma olmadı, əksinə, artım oldu, həm də əmək müqaviləsi ilə işləyən insanların sayında azalma olmadı, artımlar oldu.

İkinci bir istiqamət isə, işsiz və gəlirini itirən aztəminatlı qeyri-formal işləyən şəxslər idi. Bu istiqamətdə bir sıra silsilə tədbirlər həyata keçirildi. 190 manatla bağlı ödəniş aprel, may, iyun aylarında tam şəkildə icra olunub. Sizin bugünkü tapşırığınıza uyğun olaraq, avqust ayı üzrə də 13 şəhər və rayonumuz üzrə bu ödənişlər çox sürətlə həyata keçiriləcək. Bu istiqamətlər üzrə indiyədək 280 milyon manat vəsait xərclənmişdir. Əhalimizin rifahına sosial dəstək baxımından, əlbəttə ki, çox önəmli bir rəqəmdir.

Digər bir istiqamət olaraq, işsiz və qeyri-formal işləyən şəxslər üçün xüsusi olaraq yaradılan haqqıödənilən ictimai işlər proqramı idi. Bu iş yerlərinin sayı da 90 minə qədər artırıldı. Onlardan 38 mini davamlı iş yerləridir, 52 mini isə ikiaylıq iş yerləri idi. Bu proqram da uğurla icra olunur. Davamlı iş yerlərinin 95 faizi, ikiaylıq iş yerlərinin isə 50 faizi tam şəkildə komplektləşdirilmişdir. Sizin tapşırığınızla, əlavə olaraq, özünüməşğulluq proqramının genişləndirilməsinə başlanıldı. Bu proqrama Dünya Bankı, BMT-nin İnkişaf Proqramı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, yerli banklarımız qoşuldu. Dövlət qurumlarımızdan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “ASAN xidmət”in yanında ABAD, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, yəni çox geniş bir əhatə dairəsi yaradaraq kiçik və mikrosahibkarlığın, əhalinin məşğulluğunun təşkil edilməsi baxımından bu proqramın icrasına başlanmışdır.

Sizin tapşırığınızla, həmçinin işsizlikdən sığorta mexanizminin sadələşdirilməsi və genişləndirilməsi üçün təkliflər hazırlandı. Hazırda Sizin tərəfinizdən büdcə dürüstləşməsi zərfi çərçivəsində Milli Məclisə təqdim olunub. Bu qanun layihələrinin qəbul edilməsi imkan verəcək ki, işsizlikdən sığorta ödənişinin həcmini 20 min insana biz artıq bu il ərzində çatdıraq. Əlavə olaraq məlumat verim ki, sosial müdafiə tədbirləri də genişlənərək bu il davam etdi. Pensiya, müavinət, təqaüdlər üzrə iki milyon şəxsi əhatə edən sosial ödənişlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz, yəni 590 milyon manat artdı və vaxtında, hətta bir çox hallarda vaxtından əvvəl vətəndaşlarımıza ödənildi. Bunu bir daha xüsusi olaraq vurğulamaq istərdim ki, bu ödənişlərin pandemiya dövründə belə vaxtından əvvəl və artaraq ödənilməsi Azərbaycanın minimum pensiya üzrə MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci yerdə, orta pensiya üzrə isə MDB məkanında alıcılıq qabiliyyəti üzrə ikinci yerdə qərarlaşmasını təmin etdi.

Cənab Prezident, sosial təminat proqramlarımız da genişləndi. Ünvanlı sosial yardım proqramının artırılması, əlavə 14 min ailənin, 58 min şəxsin bu proqrama cəlb olunması, digər tərəfdən mənzil və avtomobil təminatı proqramımızın genişləndirilməsi çox önəmli rol oynadı. Sizin altı aylıq sosial-iqtisadi inkişafa dair keçirdiyiniz müşavirədə verdiyiniz tapşırığa uyğun olaraq, artıq 554 mənzil vətəndaşlarımıza təqdim edilib. Yəni, təkcə son 20 gün ərzində 250 mənzil vətəndaşlara, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Siz Bakı şəhərində yerləşən binanın açılış mərasimində iştirak etdiniz və şəhid ailələrinə bu mənzilləri təqdim etdiniz. Digər tərəfdən, Sizin çağırışınıza səs verən sosial tərəfdaşlarımızın köməyi ilə 100 min ailəyə iki dəfə, yəni faktiki 200 min ərzaq payı təqdim olundu. Burada əsas əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqları olan ailələr, çoxuşaqlı ailələr, aztəminatlı digər kateqoriyadan olan insanlara dəstək tədbirləri göstərildi.

Əlbəttə, sosial təminat sahəsində çox önəmli bir yeri də məhz tənha yaşayan ahıl şəxslər tutur. Burada da verilmiş tapşırığa uyğun olaraq, ölkə üzrə 65 yaşdan yuxarı 15 min tənha şəxs nazirliyin sosial xidmətçiləri tərəfindən gündəlik xidmətə götürüldü. Eyni zamanda, mindən artıq əlilliyi olan, sağlamlıq imkanı məhdud uşaqlar bizim sosial xidmət müəssisələrimizdə 24 saatlıq tam xidmətə götürüldü. Əlavə olaraq bildirim ki, bu dövr ərzində - aprel ayından bu günədək 10 mindən çox şəxsə də reabilitasiya vasitələri təqdim edildi. Bu da əlilliyi olan şəxslər üçün daha bir dəstək tədbiri idi.

Sosial layihələrimizin davamlılığının qorunması, sosial infrastrukturun genişlənməsi baxımından da artıq dörd reabilitasiya mərkəzinin təmir-tikintisi yekunlaşıb. Yaxın günlərdə Sumqayıt, Lənkəran, Xaçmaz və Şəkidə yeni reabilitasiya mərkəzləri vətəndaşlarımızın istifadəsinə veriləcək.

Çox sağ olun, cənab Prezident.

X X X

Prezident İlham Əliyev: Biznes sahəsində, biznesə dəstək sahəsində hansı işlər görülüb? Hansı işlərin görülməsi nəzərdə tutulur? Buyurun, Mikayıl Cabbarov məlumat verin.

İqtisadiyyat naziri Mikayıl Cabbarov:

- Təşəkkür edirəm, möhtərəm cənab Prezident.

Cari il martın əvvəlində koronavirusun dünya enerji bazarlarında törətdiyi şoklar yeni iqtisadi mənzərəni şərtləndirdi. Sizin müvafiq Sərəncamınızla ölkə iqtisadiyyatının qısamüddətli və ortamüddətli Tədbirlər Planının hazırlanmasına dair göstəriş verildi. Martın 31-də Sizin qəbulunuzda olarkən iqtisadiyyat üzrə işçi qrupun proqramı təqdim edildi. Sizin göstərişinizlə aprelin 4-də Baş Nazir tərəfindən müvafiq Tədbirlər Planı təsdiqləndi. Bu gün məruzə edə bilərəm ki, görülən işlərin nəticəsində ölkədə makroiqtisadi sabitlik qorunub, büdcə gəlirləri yanvar-iyul dövründə tam icra edilib. Valyuta məzənnəsi tam sabitdir. Qiymətlərin sabitliyi, ölkənin valyuta ehtiyatları qorunub, hətta bir az da artırılıb. Əmək müqavilələrinin sayı azalmayıb, sabit qalıb. Biz müəyyən artım müşahidə edirik. On minlərlə sahibkarlıq subyektinə və sahibkarlıq subyektində çalışan yüz minlərlə muzdlu işçiyə dövlətin əməli maliyyə yardımı çatdırılıb. Yüzlərlə sahibkara yeni proqramlar üzərində güzəştli kreditlər təqdim edilib. Dövlətin investisiyaları, o cümlədən Siz vurğuladığınız kimi, sosial infrastruktura qoyulan sərmayələrin həcmi qorunub və icra olunub. Səhiyyə sektorunun həm infrastrukturunun, həm də tibb personalın maddi rifahına əlavə vəsait ayrılmaqla qarşımızda duran bütün vəzifələr icra edilib. Eyni dövrdə dövlət borcu - nə xarici, nə daxili borc artmayıb. Bunlar hamısı, möhtərəm cənab Prezident, Sizin verdiyiniz göstərişlərin, təqdim etdiyiniz çərçivənin hesabına mümkün olub.

Məruzə etdiyim kimi, əməkhaqlarının əhəmiyyətli hissəsinin ödənilməsinə dəstək proqramı iki mərhələdən ibarət olub. Mart-aprel aylarında və bu yaxınlarda Sizin göstərişinizlə Baş Nazirə müraciət etmişik, bu proqramın daha iki aylıq uzadılmasını nəzərdə tuturuq. Buna görə mən bir daha Sizə dərin təşəkkürümü bildirmək istəyirəm.

Həmçinin eyni dövrdə fərdi (mikro) sahibkarlara dəstəyin davam etdirilməsi, yeni güzəştli kreditlərin tətbiq edilməsi üzrə həm onlayn platforma fəaliyyət göstərir, həm də bu günədək bu yeni proqram çərçivəsində banklar tərəfindən 12,5 milyon manatdan çox kreditlər ayrılıb. Mövcud kreditlərin faizlərinin ödənişlərinə dəstək proqramı icra olunmaqdadır. Vergi güzəştlərinə aid olan bütün tədbirlər qanunvericilikdə öz əksini tapıb, o cümlədən ipoteka proqramının genişlənməsinə dair tədbirlər də həyata keçirilib. Dövlət sektorunda fəaliyyət göstərən müəssisələrə də, bir sıra digər müəssisələrə də iqtisadiyyata dəstək proqramı çərçivəsində dəstək göstərilib. Lakin sözsüz ki, ciddi karantin rejiminin müəyyən müddət uzadılması iqtisadi fəallığa da təbii olaraq mənfi təsir göstərir. Bu, özünü həm də makroproqnozların, yəni 2020-ci ilin ümumdaxili məhsulun proqnozunda göstərir. Hazırda mövsümdən asılı olan ticarət və iaşə obyektlərinin fəaliyyətində, məlum quraqlıq nəticəsində kənd təsərrüfatı sahəsində gözləntilərimizdən daha mənfi nəticələr proqnozlaşdırırıq. Obyektiv səbəblərə görə ölkədaxili və xaricdən gələn turizm axınının dayanması müvafiq sektora təsir edir. Enerji bazarlarının da hələ tam bərpa olunmaması bizim üçün obyektiv çətinliklər yaradır. Bütün bunları nəzərə alaraq, biz qərargahın tərkib hissəsi olaraq sanitar-epidemioloji vəziyyətin imkan verdiyi şəraitdə və vaxtda iqtisadiyyatın ayrı-ayrı sahələrinin qismən bərpa edilməsi üçün çərçivəni hazırlamışıq və müzakirə edirik.

Sizin müvafiq Sərəncamınızla İqtisadiyyat Nazirliyi tərəfindən fəaliyyət göstərən ticarət obyektlərində sanitar-epidemioloji şəraitin qorunması ilə bağlı monitorinq tədbirləri keçirilir. Məruzə edirəm ki, nöqsan aşkarlanmış obyektlərin sayı təxminən 15 faiz civarındadır. Bu pozuntular arasında ən çox qeydə aldığımız və müvafiq cərimələr tətbiq etdiyimiz aşağıdakı dörd kateqoriyadır:

- İşçi heyətin maska və əlcəklərdən istifadə etməsində pozuntular;

- Vətəndaşların növbə zamanı sosial məsafəni qorumaması və növbəlilik stikerləri ilə təmin olunmaması;

- Obyektlərin girişində əl dezinfektoru olan spirtdən istifadə edilməməsi;

- Vətəndaşların obyektə maskasız daxil olması.

Bunu xüsusi olaraq ona görə vurğulayıram ki, möhtərəm cənab Prezident, biz istənilən iqtisadi fəallığı bütün sanitar-epidemioloji tələblərə ciddi riayət etmək şərti ilə bərpa edə bilərik. Bunlar həm sahibkarların, həm də vətəndaşların üzərinə düşən məsuliyyətdir. Burada dövlət orqanları monitorinq funksiyasını həyata keçirir və keçirməlidir, amma hər bir vətəndaşın davranışından da çox şey asılıdır. Biz tam anlayırıq ki, təhlükə sovuşmayıb. Bütün yaxşılaşmalara rəğmən öz fəaliyyətimizdə və iqtisadi fəaliyyətdə də bu prinsiplərdən çıxış etməliyik.

Diqqətinizə görə təşəkkür edirəm.










Oxşar xəbərlər