“Məncə, hamı futbolu Rövnəq müəllimdən daha yaxşı bilir” – MÜSAHİBƏ


  • 18:05 / 01 04 2022 |
  • Bölmə: Gündəm / İdman


Futbolla bağlı hər zaman bu sahənin mütəxəssislərinə, idman jurnalistlərinə üz tutmuşuq. Biz soruşmuşuq, onlar da cavab veriblər.
Bu dəfə isə idmandan, futboldan uzaq sahəndə çalışan bir yazarla danışmaq qərarına gəldik. Tanınmış jurnalist, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu ilə söhbətləşdik. İdman sahəsindən nə qədər uzaq olsa da, Musaoğlu verdiyi cavablarla topu “doqquzluğ”a göndərdi:


– Ceyhun bəy, Azərbaycan futbolu ölüb, ölüm ayağındadır, yoxsa sapsağlamdır?

– Yalnız canlılar ölürlər, futbol isə sistematik mexanizmdir. Mexanizmlər funksiyalarını itirəndə ya yenisi ilə əvəzlənir, ya da müasir standartlara uyğunlaşdırılır. Ölkə futbolu xəstəhal görkəmdə olsa da, yaşamaqdadır. Belə yaşamağa isə nəfəs alır, nəfəs verir deyirlər.

– Azərbaycanın milli komandalarının, klublarının oyunlarına baxanda hansısa futbolçu haqda “mən ondan daha yaxşı oynayaram” demisiz? Demisizsə, hansı futbolçu olub?

– Daha milli futbol çempionatının tamaşaçısı deyiləm. Olduğum dövrdə xaricdən alınan futbolçuların əksəriyyəti haqqında “mən ondan yaxşı oynayardım” dediyim vaxtlar olub.

– Siz futbolu daha yaxşı bilərsiz, yoxsa Rövnəq Abdullayev (AFFA prezidenti)?

– Məncə, hamı futbolu Rövnəq müəllimdən daha yaxşı bilir.

– Ümumiyyətlə, bəlkə, konkret bir yol seçək? Baş (şahmat), qol (güləş), yoxsa ayaq (futbol)?

– Baş, ayaq, əl, bir sözlə, bütün əzaların yerində olması bütövlükdür. İdman mühitimizdə bütövlüyə nail olmaq üçün gərək ayağımızı da müalicə edək. Qolumuzun gücü yerindədir, başımız da əla işləyir, ayağımıza badalaq atıb bizi axsamağa məcbur edənləri oyundan uzaqlaşdırmaq vacibdir.
– Nazir olsaydız, hansı idman federasiyasını “saxlamaq” istərdiz?

– Futbol Federasiyasını. Təəssüf ki, onda da naziri olduğum sahə axsamağa başlayacaqdı. Bir-biri ilə uzlaşmayan iki nəhəng işi eyni anda görmək həmişə əks effekt verəcək.

– 90-cı illərdə dəbdə olan bir ifadə var idi: “Peraşki” yeyib meydana çıxan futbolçudan uğur gözləmək olmaz”. Zaman göstərdi ki, kabab yeyəndə də futboldakı uğursuz nəticələr dəyişmir. “Menyu”ya nə əlavə etsək, nəticələr də dəyişər?

– Ümumiyyətlə, menyunu yığışdırmaq lazımdır. Peraşki və kabab yeyəndən sonra oynamağa çıxmısansa, deməli, ora stadion deyil, toyxanadır. Futbolçu stadionda topla rəqs etməyi bacarmalıdır. Top qidaya sağlamlıq deyil, damaq dadı və doymaq prizmasından yanaşan adamın, xüsusən, futbolçunun ayağında qalmaz.

– Bizim futbolçulara olan iradlardan biri də kitab oxumamalarıdır. Sizə bir futbolçu müraciət edir, kitab seçimində məsləhət istəyir. Hansı kitabı məsləhət görərdiz?

– İdmançıların, yaxud futbolçuların həyat və fəaliyyətindən bəhs edən kitabları oxumağı qəti məsləhət görməzdim. Çünki özlərini onlara oxşatmaq istəyirlər, amma hər mənada imkanları çatmaz, mənəvi əziyyət çəkərlər. Futbolçunun intellektual səviyyəsi yüksək olarsa, o, meydanı daha aydın görər. Azərbaycan futbolçularında meydanı aydın görmək bacarığı çox aşağıdır, başları yuxarıda, top ayaqlarında oynamağı bacarmırlar, gözlərini aşağı tuşlayırlar, daha çox topa baxırlar, kimin hansı mövqedə dayandığına yox. Meydanı hər nöqtəsinə qədər görmək və oyunu hiss etmək daha çox intellektual davranış tələb edir. Bu mənada, futbolçularımız klassikləri oxusalar yaxşıdır. Mən Knut Hamsunun “Torpağın bərəkəti” əsərini məsləhət görərdim. Qəhrəman insan ayağı dəyməyən ənginliklərdə həyat salır və insanların ayaqları oralara dəyəndən sonra təbiətin hökmünü belə, dəyişdirməyə can atırlar. Yazıçı insan xislətinin dağıdıcı və qurucu olmaq xüsusiyyətini qeyri-adi tərzdə göstərib.

– İqtidarla müxalifət futbol oyununda üz-üzə gəlsə, baş hakim kim olmalıdır?

– Onlar hakimsiz oynasalar yaxşıdır, onsuz da hər iki komanda hakimin qərarları ilə razılaşmayacaq, hər biri özünün qalib gəldiyini deyəcək.

– Həmişə belə deyirlər: İdman siyasətə qarışmamalıdır. Amma Ukraynaya hücüm edən Rusiyanin müxtəlif idman növləri üzrə komandaları beynəlxalq yarışlardan kənarlaşdırıldı, turnirlərə ev sahibliyi etmək hüququ əlindən alındı. Bir sözlə, siyasət idmana qarışdı. Yerində addım idi, yoxsa yersiz addım?

– Bəli, idmanı siyasətə qarışdırmaq olmaz. Ona görə ki, idman özü elə siyasətdir. Siyasəti siyasətə niyə qarışdırasan ki? Dünyanın Rusiyanın idmançılarına qarşı sərgilədiyi münasibəti isə alqışlayıram. Rusiya bu müharibədə konkret işğalçı tərəfdir. Mən Zəngilanda doğulmuşam və azərbaycanlıyam. İşğalın nə qədər əclaf hadisə olduğunu daha yaxşı bilirəm. İşğalçı daim lənətlənməlidir.

– Futbol üzrə milli komandalarımız uduzanda sosial şəbəkədə ən çox tənqid olunanların başında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov gəlir. Həqiqətən, çox tənqid olunur, bəlkə, ona bir məsləhət verəsiz?

– Mən uzun illərin jurnalisti olduğuma görə əksər tanınmış ictimai-siyasi xadimlərlə ünsiyyətim olub, barələrində yazmışam, onlardan müsahibələr, açıqlamalar almışam. AFFA-nın baş katibi Elxan Məmmədovla heç bir ünsiyyətim olmayıb, bu mənada onun barəsində hər hansı tənqidi, yaxud yaxşı fikir söyləyə bilməyəcəm. Belə olan təqdirdə, ona məsləhət verməyim də məntiqli görünməz. Şəklinə baxanda mədəni adama oxşayır. Bəzən mədəni adamlar mədəniyyətini qorusunlar deyə, istefa mədəniyyətinə müraciət edirlər. İstefa vermədən də mədəni qalmaq mümkündür, əlbəttə. Elxan Məmmədov ağıllı adama oxşayır, deyirlər ingilis dilini də bilir. Deməli, ingilissayağı davranış tərzindən də xəbəri var. Baxsın da, ağıllı qərar verməyi bacarar yəqin. Hər halda, xeyli müddətdir, ən strateji postlardan birinə rəhbərlik edir.

– Gəlin, futbol dünyasının mübahisəsinə səbəb olan o məşhur sualı sizə də verək: Kriştiano Ronaldo, yoxsa Lionel Messi?

– Elnur Musayev. O mənim doğma qardaşımdır. Çox səliqəli futbol oynamaq bacarığı var. Futbolumuzun başı üzərini qara buludlar almasaydı, Elnur əlaçı futbolçu ola bilərdi. Bəlkə də, onda “Kriştiano Ronaldo, yoxsa Lionel Messi” sualını bu iki dahi futbolçudan birinə ünvanlasaydız, onlardan biri mütləq Elnur Musayev deyərdi. Mən də hər şeydə qardaşıma (biz iki qardaşıq) güvəndiyim üçün elə Elnurun zövqü ilə deyirəm: Əlbəttə ki, Messi!

Mehri Qurban (Komanda.az)



Oxşar xəbərlər