Sadiqlik, iradə, resurslar, səfərbərlik, cəmiyyətimizin birliyi və stabillik - İlham Əliyevin əsəri


  • 15:30 / 01 05 2022 |
  • Bölmə: Gündəm

 
Təşkilatçılığın zaman ahəngdarlığını ADA nümunəsi

Aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranan ideya apelin 28-də yüksək səviyyədə gerçəkləşdi.      https://president.az/az/articles/view/51088
Cəmi 15 ərzində 23 ölkədən 40 nümayəndə Azərbaycanda cəm oldular. Beləliklə aprelin 28-də Şuşada işinə başlayan “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans bir gün sonra Bakıda Azərbaycan Pezidentinin iştirakı ilə davam etdi. 
Təşkilatçılığın zaman ahəngdarlığını burada xüsusi ilə qeyd etmək yerinə düşər ki, o yerin də sahibi Azərbaycan Doplomatik Akademiyasıdır. 
Qarabağda beynəlxalq konfransın keçirilməsi Şuşanın bölgənin diplomatik paytaxtına çevrilməsindən xəbər verir və qədim Azərbaycan şəhərinin saxta məlumatlar əsasında uzun illər erməni şəhəri kimi tanıtdırılması məqsədilə aparılan çirkin kampaniyaların da iflası deməkdir.



Həqiqətən şərhə ehtiyac yoxdur

Beynəlxalq konfransda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, qonaqlarla dialoq səviyyəsində apardığı söhbətlər konseptual xarakterli bir kitabın nöqtəbənoqtə sətirləri olmağa birmənalı layiqdir. 
Pezident çıxışına Şuşaya səfər edən xarici qonaqlara gördükləri şəhəri hiss etdirməklə başladı. Qonaqlara əmin olduğunu bildirdi ki, onlar yolboyu Qarabağın gözəlliklərini seyr etməklə yanaşı, dəhşətli mənzərələri görərkən  30 il ərzində azərbaycanlıların çəkdiyi əziyyətin ilkin şahidi olublar.  Prezident məlumat da verd: “Həmin kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bir sözlə, bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır”. 
İlham Əliyevin Vətən müharibəsindən sonrakı hər çıxışında işğaldan azad edilən ərazilərdə tikinti-quruculuq işləri barədə müfəssəl danışması dövlət başçısının o diyarı cənnətə çevirmək arzusunun daim alovlandğını göstərir. Ölkə başçısı bu dəfə də quruculuq məzmunlu çıxışın ardından regionda qurduğumuz yeni reallıqları möhkəmləndirməkdən söz açdı, baxışlarımızı təqdim etmək üçün aparıcı beynəlxalq təşkilatlarla aparılan danışıqlara diqqət çəkdi. Nəticəsini də söylədi: beynəlxalq ictimaiyyət və aparıcı beynəlxalq təşkilatlar formalaşmış yeni reallıqları qəbul ediblər. 
Həqiqətən asan deyil: 30 illik işğala bütün beynəlxalq qaydalar çərçivəsində son qoyasan, yeni reallıq yaradasan, azad olunan əraziləri tikib-qurasan və bir çox hallarda qərəzli davranışları ilə seçilən beynəlxalq təşkilatları belə, indiki düzənə əhsən deməyə vadar edəsən. Xalqın bu gerçəyə nail olması heç şübhəsiz birinci şəxsin dəqiq hesablanmış siyasəti ilə bağlıdır. “Mən nəyi nə vaxt etmək alzım olduğunu yaxşı bilirəm”, “17 ilin hər anını bü gün üçün çalışmışam” – Azərbaycan Prezidentinin Vətən müharibəsi dövründə və qələbəmiz münasibəti ilə söylədiyi fikirlərdir. Həqiqətən şərhə ehtiyac yoxdur. 
 
Hər bir azərbaycanlı qürurla deyə bilər ki, “Qafqazda sülhü biz yaratmışıq” 

Prezident ADA Universitetindəki çıxşında Azərbaycanın Qafqazda sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq etdiyini və nəhayət Ermənistanın reallığı anladığını da vurğulayıb. Məğlub tərəf Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipini qəbul edib. 
Bu mərhələyə il yarım ərzndə çatmaq tarix üçün fenomen zaman müddətidir. Bu qədər tez və effektli. Vəziyyəti alındırmaq üçün Azərbaycan Prezidentinin Moskva, Brüssel, Praqa görüşlərindəki qəti mövqeyini mütləq vurğulamaq vacibdir. Hər görüşdən sonra səslənən ümumi bəyanatda cümlələrin əsasını məhz Azərbaycanın mövqeyi bəzəyirdi. Prezident onu da bildirb ki, əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Hər bir azərbaycanlı şəstlə və qürurla deyə bilər ki, “Qafqazda sülhü biz yaratmışıq”. 
Prezident salamlama çıxışında çox gərəkli təklif səsləndirərək qeyd edib ki, görüşlərin və konfransların davamı Ağdamda, Zəngilanda və azad etdiyimiz digər şəhərlərdə keçirilə bilər: “Hesab edirəm ki, beləliklə, biz qarşılıqlı fəaliyyətimizi daha səmərəli edə bilərik. Çünki bizim üçün beynəlxalq ictimaiyyət tərəfindən nəyin baş verdiyinin, işğal illəri barədə tam həqiqətin, sülhün qurulmasında planlarımızın və niyyətlərimizin bilinməsi vacibdir. Bu səbəbdən, fikrimcə, iştirakçılarımız və bu gün bizimlə ola bilməyən ekspert dairələrinin üzvləri arasında daimi əlaqə xətti olmalıdır. Bu, işçi proqramın növbəti mərhələsi üçün mənim təklifimdir. Lakin, əlbəttə ki, sizin tərəfinizdən veriləcək bütün təkliflər lazımınca nəzərdən keçiriləcək”. 
Konfransa Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev moderatorluq edib. Həqiqətən də moderatorluq dəqiqliyi sevir, kimə harda, necə söz vermək, kimin fikirinin əsas leytomativini qabartmaq moderotirdan çox aslıdır. Bu mənada konfrans iştirakçılarını təbrik etmək olar.   
İlk təəssüratı Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru (İsveç) Svante Kornel bölüşüb və yeni reallqılar barədə fikirlərini söyləyəndən sonra Prezidentə “Cənubi Qafqazda regional təsisatların yaradılmasına ölkəniz rəhbərlik edə bilərmi?” sualını ünvanlayıb. 
Prezident cavab olaraq rəsmi Bakının bu istiqamətdə atdğı addımlara diqqət çəkib və hər dəfə Ermənistanın qonşularla əlaqələr qurmaqdan imtina etdiyini söyləyib. Öncə isə hazırkı dövrdə əsas hədəfimizin Qarabağın yenidən qurulmasına və keçmiş məcburi köçkünlərin tezliklə qayıtmasına yönəldiyini deyib. Bu istqamətin əsas götürüldüyünü birinci şəxsin beynəlxalq konfransda xatırlatması xüsusən köçkünlər üçün müjdə xəbərdir. Əlbəttə regional əməkdaşlıq da vacibdir. Azərbaycan Gürcüstan, Türlkiyə, İran və digər qonşu ölkələrlə bu əməkdaşlığı yüksək səviyyədə aparır. Prezident suala cavab olaraq vəziyyəti bir daha açıqlayıb. Lakin Ermənistanın özünü təcrid siyasətinə sadiqliyi əməkdaşlığın formatına genişlənməyə əngəl törədir. Çxış yolu isə yoxdur. Ermənistan hansı duruma düşdüyünü və gələcəyə yönələn addımlarını nə qədər gec atdığı təqdirdə daha ağır situasiya ilə üzləşəcəyini anlasa, Qafqaz daha tez çiçəklənmə dövrünə başlayacaq.

İlham Əliyevin qələbəsi – açıq, səmimi, gizlini olmayan siyasət

“Hazırda biz hərəkət görürük” – Böyük bir prosesi bir cümldə tam birləşdirmək məharətini növbəti dəfə nümayiş etdirən İlham Əliyev bu cavabı Haider Global BVBA şirkətinin icraçı direktoru (Birləşmiş Krallıq) Sacat Karimın “Azərbaycan və onun dostları, müttəfiqləri baş nazir Nikol Paşinyana müəyyən bir siyasi imkan yarada bilərmi ki, o, Ermənistan daxilində, ABŞ və Avropada olan erməni diasporunun iştirakı ilə öz xalqı tərəfindən sülhü dəstəkləmək ideyasına təkan verə bilsin” sualına cavabında bildirib və davamında Minsk qrupunun fəaliyyətsizliyinə diqqət çəkib. Ölkə başçısı  Ermənistana yenə xəbərdarlıq ünvanlayıb:  “Hökuməti və ölkənin siyasi spektrinin bunu tam olaraq dərk etməsi və qisas almaq cəhdlərindən birdəfəlik əl çəkməsi vacibdir. Birincisi, bu qeyri-məhsuldardır, çünki bunun baş verməsi Ermənistan üçün əvvəlkindən daha ağrılı olacaq. İkincisi isə bu, regionun və beynəlxalq ictimaiyyətin tələblərinə zidd olacaqdır. Həmin tələblər isə regionda nəhayət ki, davamlı sülhə nail olunmasından ibarətdir”.
Həqiqətən müşahidəçini riqqətə gətirən məqamdır: haqq müharibəsində qalib olursan, məğluba sülh əlini üzadırsan, ona xəbərdarlıq da edirsən ki, vəhşi xislətini qabartsa, cavabını sərt alacaq və belə bir cavab nümunəsi də var. Bütün bu yanaşmanı 40 xarici nümayəndənin qatıldığı beynəlxalq konfransda bir daha ortaya qoyursan. Belə davranış tərzinə sahiblənmək siyasətdə açıq, səmimi, dürüst olanların əməyinin nəticəsidir. İlham Əliyev Qarabağ və işğalda olan ətraf ərazilərin azadlığı yolunda heç vaxt qapalı siyasət yürütmədi. Bütün beynəlxalq tribunalardan həqiqəti dedi, Ermənistanın fəlakətə düçar olduğunu faktlarla bəyan etdi. Bu da Azərbaycanın xeyirinə, Ermənistanın ziyanına olan nəticə. Yenə də erməni qonşularımızı uçrumdan biz qurtara bilərik. Prezident deyib və deyir: Biz öz tərəfimizdən müsbət meyillərin dəstəklənməsi üçün əlimizdən gələni edirik. Uzun sürən müharibələrin, işğalların və dağıdıcılığın tarixinə nəzər salsanız görərsiniz ki, bizim halda düşmənçilik mərhələsindən sülhə doğru keçid çox sürətlidir. Bu isə bir daha qeyd etmək istəyirəm ki, bizim təkliflərimiz əsasında baş verir”. 
Prezident onu da vurğulayıb ki, Ermənistan vaxt itirir və onların davranışı daxilllərindəki siyasi proseslərlə bağlı olaca: “Çünki onların ideoloji təməlləri sarsılıb. Çünki onların bütün ideologiyası işğal və onun legitimləşdirilməsi üzərində qurulmuşdu. Azərbaycanın mədəni irsinin silinməsindən tutmuş Ağdam və Şuşa da daxil olmaqla bütün şəhərlərimizin adlarının dəyişdirilməsinə qədər – bütün səylər de-fakto işğalı de-yure ilhaqın qanuniləşdirilməsinə yönəldilmişdi. İndi isə bu ideoloji təməl artıq mövcud deyil”. 
Tarixi saxtalaşdıranlara tarix dərsi. Bu dərsin adı “MİF-lərin dağılmasıdır”. Bu dərsin ən yaxşı tədrisçisi isə İlham Əliyevdir.
Əlbəttə, beynəlxalq konfrans ola, orda Rusiya haqqında danışılmaya. Türkiyənin Maltəpə Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin müəllimi Həsən Unal maraqlı analiz formasında belə bir sual səsləndirib:  “Bu gün Qərbdə Rusiya tənqid edilir. Siz Rusiya ilə münasibətləri peşəkarcasına həyata keçirirsiniz. Ötən il Siz Türkiyə ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzaladınız və onu Azərbaycan-Türkiyə-NATO müqaviləsi adlandırdınız. Türkiyədə bu, bizi məmnun etdi. Bu il isə Siz Moskva ilə bəyannamə imzaladınız ki, orada müxtəlif mövzular sırasında müdafiə sahəsində əməkdaşlıq və Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həlli kimi məsələlər də yer alıb. Beləliklə, demək olar ki, burada bir növ Ankara-Bakı-Moskva üçbucağı yaranıb və işlər nizamla gedir. Qərbdə Rusiya ilə bağlı tənqidlərin hökm sürdüyü vaxtda bununla əlaqədar fikrinizi bilmək istərdim. Daha bir sualım - Sizin Rusiya ilə münasibətlərinizin Ermənistana hər hansı bir təsiri varmı? Çox sağ olun”.
Prezidentin elə birinci cümləsi bütün qaranlıq məqamlara tam işıq salmış olur. Ölkə başçısı deyib ki, mövqeyimiz Azərbaycanın xarici siyasətinin müstəqil xarakterini nümayiş etdirir. Həmin siyasət bizim milli maraqlarımıza əsaslanır və maksimal nailiyyətlərin əldə olunmasına yönəlib: “Biz regionumuzda təhlükəsizlik və əməkdaşlığa bu günümüz və sabahımız prizmasından baxmalıyıq. Təhlükəsizlik olmadan əməkdaşlıq və iqtisadi faydadan söhbət gedə bilməz. Azərbaycanın iqtisadi fəaliyyəti də, hansı ki, öz resurslarımız hesabına həyata keçirilir, sabitlikdən qaynaqlanır. Davamlı sabitlik isə təhlükəsizliyin tərkib hissəsidir”.

Sarsılmaz milli maraqlar əbədi maraqları təmin edə bilir 

Azərbaycanın qonşuluq siyasətinin əsasını da məhz milli maraqlar təşkil edir. Türkiyə əbədi, əzəli qardaşımızdır, bu dövlətlə bağlılığımız bir qədər də taleh işidir. Rusiya isə Azərbaycanı mühüm məsələlərdə dəstəkləyən böyük ölkədir. Prezident bu məqamlara toxunaraq bildirib ki, Prezident Ərdoğanla Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi bizim Türkiyə ilə əməkdaşlığımız və qardaşlığımızın mahiyyətini əks etdirir. Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması da strateji maraqlarımıza əsaslanır, çünki Rusiya bizim qonşumuzdur: “Bu ölkə İkinci Qarabağ müharibəsinin sona çatdırılmasında fəal iştirak edib və onların sülhməramlı qüvvələri müvəqqəti olaraq Azərbaycanda, Qarabağdadır. Bundan əlavə, bizim Rusiya ilə üzərində uzun illər ərzində çalışdığımız çoxsaylı məsələlər var – iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə. Əlbəttə, biz Rusiyadan böyük həcmdə silah və avadanlıq alırıq. Bəli, biz həmin silahları Ermənistandan fərqli olaraq bazar qiymətinə alırdıq. Ermənistan isə onları havayı əldə edirdi. Onlar bunun üçün guya kredit alırdı, lakin həmin kreditlər heç vaxt qaytarılmırdı. Yəni, fərq bundan ibarət idi”.
Cavabın ən strateji məqamına gələk. Prezidentin yanaşmasına görə əməkdaşlıq çərçivəsi regional oyunçulara bir növ mesaj idi – regionda sülh olmalıdır: “Həm Türkiyə, həm də Rusiya müharibədən sonra regionda yeni konfiqurasiyanın iştirakçılarıdır. Bildiyiniz kimi, vəziyyətə nəzarət edən Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşir. Hesab edirəm ki, belə bir format tarixdə ilk dəfə mümkün olmuşdur. Bundan əlavə Türkiyə-Rusiya münasibətləri də nəzərə alınmalıdır. Bu gün biz görürük ki, Prezident Ərdoğan Ukraynada atəşkəsin əldə olunmasında vasitəçilik edir. Bütün bunlar regional təhlükəsizlik və sabitliyə xidmət edir və dediyim kimi, bizim əməkdaşlığımızın müstəqil xarakterini ortaya qoyur. Bizim bütün etdiklərimiz Azərbaycan xalqının maraqları naminədir ki, bu xalq uzun illər sürən işğaldan sonra sülh arzusundadır”.
Konfransda səmimiyyət həqiqətin kölgədə qalmasına imkan verməyəcək səviyyədə olub. Azərbaycan Prezidenti yerdən verilən “Rusiyanın Ermənistanın davranışına təsir edə biləcəyini düşünürsünüzmü?” replikalı sual da böyük həvəslə cavab verərək bildirib ki, haqq müharibəsində Ermənistanın Rusiyadan gözləntisi nəticəsiz qaldı, KTMT prosesə qoşulmadı, çünki Azərbaycan öz əarzisində vuruşurdu, öz ərazisini azadlığa çıxarırdı. 



Minatəmizləmə işinə dəstək vermirsənsə, sülhə qarşısan

Prezident 44 günlük müharibə zamanı Rusiyadan təyyarələr vasitəsilə Ermənistana silah daşındığını da xatırladıb və bu barədə hələ o vaxt dəfələrlə bəyanat verdiyini deyib: “Biz gürcüstanlı dostlarımızdan hava məkanını bağlamağı xahiş etdik və onlar bunu etdilər. Bundan əlavə, biz gürcüstanlı dostlarımızdan xahiş etdik ki, quru yolu vasitəsilə Rusiyadan Gürcüstan ərazisindən silahların daşınmasının qarşısını alsınlar və onlar belə də etdilər. Biz buna görə minnətdarıq. Biz bütün Xəzəryanı ölkələrə məktublar göndərdik ki, Rusiyadan Ermənistana silah daşıyan yük təyyarələrinə uçuş icazəsi verilməsin. Belə məktublar Qazaxıstan, Türkmənistan və İrana göndərildi. Təəssüf ki, bu təyyarələr həmin ölkələrin hava məkanından istifadə edərək Ermənistana daxil olurdu”.
Tam açıq yanaşma. Bu gün Azərbaycanla İran arasında normal münasibətlər var və Şərqi Zəngəzur-Naxçıvan ticarət dəhlizinin açılması barədə saziş imzalanıb. Dünənsə dost və qonşu əleyhinə ziyanlı dəhliz açmışdılar. Azərbaycan sərt cavab reaksiyası göstərdi. Güclü və haqlı dövlət ədalətsizliyin ayaq açıb yeriməsinə imkan veməz. Elə də oldu, İran yanlışını düzəltdi. 
Prezident söhbətində ermənilərin ideoloji problemlərini gələcəyə baxmaq əvəzinə şübhəli və qondarma tarixi faktlara əsaslanmaları ilə izah edib. 
Amerika Birləşmiş Ştatları Ali Hərbi Dəniz Donanma Məktəbinin müəllimi, professor Brenda Şaferin sualı isə işğaldan azad olunan ərazilərin minalardan təmizləməsinə beynəlxalq aləmin vəsait ayrması vacibliyi ilə əlaqədar olub:  
Prezident İlham Əliyev haqlı suala görə Brenda Şaferə minnətdarlığını bildirdkdən sonra Kəlbəcəri boşaltmaq üçün düşmənə verilən 10 gün ərzində o ərazilərdə basdırdıqları  minalara iki jurnalistin düşərək həlak olduğunu xatırladıb. Dövlət başçısı qeyd edib ki, minatəmizləmə prosesinə beynəlxalq dəstək verilmir, bütün işləri öz hesabımıza görürük: “Biz bir neçə beynəlxalq şirkətlə müqavilə bağlamaq istədik ki, bizə prosesi sürətləndirməyə kömək etsin. Lakin onların təklif etdiyi xidmət haqqı bizim minatəmizləmə agentliyimizə başa gələn qiymətdən bir neçə dəfə artıq oldu. Onlar bu işə kommersiya nöqteyi-nəzərdən yanaşdılar və biz bunu anlaya bilərik, çünki bunlar özəl şirkətlərdir. Ancaq onlar bir kvadratmetr əraziyə astronomik qiymət tələb edirlər, bu isə bizim işimizə yaramır”.
Pezident Avropa İttifaqının Ermənistana 2.6 milyard, Azərbaycana isə 140-160 milyon avro yardım paketini elan etmsi məsələsinə də toxunub. Rəsmi Bakı Ermənistanda bir dənə də olsun ev dağıdılmadığı halda onlara bu qədər vəsait verilməsinin ədalətsiz və insafsızlıq olduğunu bəyan etdikdən sonra, Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel ilə İlham Əliyevin sonuncu söhbətinin nəicəsi kimi, minatəmizləmə işlərinə 5 milyon avro ayrılıb: “Biz buna görə təşəkkür edirik. Lakin bu rəqəmin böyük təsiri olmayacaqdır. Bizim ciddi dəstəyə ehtiyacımız var. Bundan əlavə, mina problemi ilə məşğul olan beynəlxalq QHT-lərin dəstəyinə ehtiyac duyuruq. Onların hələ ki, heç biri Azərbaycana nəzər salmayıb. Biz bilirik ki, minaların təmizlənməsinə yardım edən bir sıra QHT və fondlar var. Bizə gəldikdə, heç kəs yardım etmir. Azad olunmuş ərazilərdə görülən bütün işlər Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilir. Heç bir ölkədən və ya beynəlxalq təşkilatdan bir dollar belə almamışıq”.
Azərbaycan bu əngəli də aşacaq, sadəcə böyük vaxt itkisi yaşayacağıq. Regionda sülhün hərəkətinə məhz köçkünlərin yurdlarına qayıtmaları böyük təkan olar. Əgər beynəlxalq aləm Qafqazda əbədi sülh istəyirsə, minatəmizləmə işlərinə dəstək verməlidir. Əks təqdirdə onların sülhə qarşı olduqları məntiqi hər yerdən görünən səviyyəyə “ucalacaq”. 
Enerji təhlükəsizliyi üzrə ekspert (Birləşmiş Krallıq) Con Roberts Azərbaycan Prezidentinə sülhün bərqərar olması mexanizmi kimi Ermənistana və Qarabağa neft və qazın nəqli, Türkiyə və Türkmənistanla üçtərəfli Zirvə Görüşü ilə bağlı planlar barədə suallar ünvanlayıb. 
Prezident azad olunan ərazilərdə hələ elektrik xəttlərinin inşa olunduğunu xatırladaraq, bildirib ki, bizim enerji ehtiyatımızdan istifadəyə ehtiyac yaranarsa, bu, daha rahat ola bilər. Çünki Ağdamdan Xankəndiyə qazın nəqli daha ucuz başa gələr, nəinki həmin qazın Rusiyadan Gürcüstana, oradan Ermənistana və daha sonra isə Azərbaycana, Xankəndiyə nəqli: “Yəni, belə bir müraciət olsa, biz onu nəzərdən keçirərik”.

Dəqiqəsinin qədrini bilən siyasətçi olmaqsa böyük üstünlükdür

Ölkə başçısı Ermənistandan Xankəndiyə gedən qaz xəttinin bizim nəzarətimizdəki hissəsində qəzanın baş verməsini humanitar fəlakət hesab edənlərə də Birinci Qarabağ müharibəsi başlayanda ermənilərin Azərbaycanın əsas ərazisindən Naxçıvana gedən qaz xəttini kəsdiklərini, 15 il ərzində o zaman 400 min əhalisi olan Naxçıvan təbii qazsız yaşamalı olduğunu unutmamağı tövsiyə edib. Qışın sərt olduğu, temperaturun mənfi 30 dərəcədən aşağı düşdüyü Naxçıvanda belə vəziyyəti humanitar fəlakət səviyyəsində dəyərləndirməyənləri ikili standartlı mövqe sərgiləməkdə qınayıb. Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli Zirvə Görüşü barədəsə tarixin müəyyənləşmədiyini söyləyən  Prezident Azərbaycanın görüşə hazır olduğunu deyib. 
Bir daha aydın olur ki Azərbaycan bütün tarixi situasiyalardan həmişə haqlı çıxır. Siyasət milli olanda onun uğur qazanmaq şansı böyükdür. Həm də atılan addımlar sabaha hesablanırsa, Günəş həmin ölkənin üzünə gülür. 
Konfransda Avropa Siyasət Mərkəzinin Baş Analitiki (Belçika) Amanda Pol  Prezidetdən Avropa İttifaqının fəaliyyəti ilə bağlı soruşub. 
Avropa İttifaqının və xüsusilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rolunu yüksək qiymətləndirən İlham Əliyev görülən işlər barədə məlumat verib və Avropa İttifaqı ilə yeni saziş üzərində bəzi məsələlərin razılaşdırılmasının son mərhələdə olduğunu qeyd edib. Onu da bildirib ki, bu məsələni kifayət qədər tezliklə yekunlaşdıra bilərik: “Bizim aramızda razılaşma var idi, lakin o uzun illər bundan öncə imzalanmışdır. Yeni razılaşma çox hərtərəflidir. İkinci Qarabağ müharibəsindən sonra reallıqları əks etdirir və əlbəttə ki, dünyada cərəyan edən yeni vəziyyətə də toxunulacaqdır”.
Ölkə baçısı xüsusən Vətən müharibəsindəki qələbəmizdə sonra sülhyaratma prosesində, tikinti-quruculuq işlərində bir dəqiqə də vaxt itirməyin tərəfdarı olmadığını dəfələrlə göstərib. Hər dəqiqə belə, Azərbaycan üçün çox önəmlidir. Dəqiqəsinin qədrini bilən siyasətçi olmaqsa böyük üstünlükdür. Azərbaycanın bu sarıdan da bəxt gətirib: belə siyasətçi ölkəyə rəhbərlik edir.  
Avrasiya Araşdırmaları Mərkəzinin fransalı tədqiqatçısı Maksim Qoən: UNESCO-nun “Qarabağda erməni irsinin dağıdılamsı” kimi cəfəng  yanaşması və Azərbaycana sadiq qalan, Bakıda və Gəncədə yaşayan etnik ermənilərin gələcəkdə roluna aid bilgilər almaq istəyib. 
Məlumat çatışmazlığı və faktlarla bilərəkdən manipulyasiya edilməsi məyusedici məqamdır. Prezident bu məqamın yaranmasında ermənilərin rolundan danışarkən həqiqətin aşkara çıxmasında UNESCO-nun biganəlik etdiyini də diqqətə çatdırıb. Bidirib ki, bu qurum dəfələrlə azad olunan əarzilərə dəvət olunsa da gəlməyib. Mənası isə aydındır: onlar gəlib erməni vəhşiliklərinin şahidi olacqlar və hesabat hazırlayacaqlar. Hesabatsa həqiqətin üzə çıxmasına səbəb olacaq. Belə anlaşılır ki, həqiqətin görünməsini istəmirlər. Həqiqət hər yerdə görünəcək. Ermənilərin Azərbaycan əarzilərində biganəlik yaratdıqları artıq bu yerlərə səfər edənlərin şahidliyi ilə təsdiqlənir. Azərbaycan heç bir dinin daşıyıcısına məxsus dini abidələrin bir daşına da toxunmayıb. 
Prezidentin cavabını ümumi şəkildə belə təqdim edək: Azərbaycan informasiyanın yayılması işində həmişə şəffaf siyasət yürüdüb. Nəyi bilmək istəyirsinizsə deyək. Bizim gizlinimiz və gözükölgəliyimiz yozdur. Yetər ki, olanı inkar etməyəsiz. 



Tarixin elə bir abzası yoxdur ki, ermənilərin məkrli iddialarını təsdiqləsin

Sualın növbəti hissəsinin cavabını erməni dilind tərcümə edib, onlara oxutdurmaq cox vacibdir. Ölkə başçısı deyib: “Bizə artıq Qarabağdakı ermənilərdən mesajlar daxil olur. Bunlar çox müsbət mesajlardır. Biz artıq müxtəlif səviyyələrdə ilkin təmaslara başlamışıq. Bunun təfərrüatlarına varmaq istəmirəm, lakin proses artıq başlayıb və bu, bir daha bizim niyyətimizi göstərir. Onlar sürətli iqtisadi inkişafın bir hissəsi ola bilərlər, onlar vahid Azərbaycan dövlətində özlərini daha çox təhlükəsiz, rahat hiss edə bilərlər, lakin onlar separatçı tendensiyalardan və separatçı istəklərindən vaz keçməlidirlər. Onlar həm də reallığı başa düşməlidirlər. Onlar xəritəyə baxmalı, coğrafiyaya nəzər salmalı və başa düşməlidilər ki, yüz minlərlə azərbaycanlı yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaqdır. Onlar bu mühitdə yaşamalı olacaqlar. Qonşu kimi yaşamalı, düşmənçiliyi bir kənara qoymalı, separatçıları təcrid etməli, separatçıları məsuliyyətə cəlb etməli və bundan sonra düşünürəm ki, onlar da faydaları görəcəklər”.
Cenevrə Universiteti İdarəçilik və Etiqad Mərkəzinin direktoru (İsveçrə) Ventzeslav Sabev: saxta tarixlə mübarizə aparmaq və icmaların inteqrasiyasına yönələn tarazlığın idarə edilməsi barədə öyrənmək istədiyini söyləyib.  
Prezident erməni saxtakarlıqlarından tarixi Azərbaycan yurdlarının adlarının dəyişdirilməsindən Kürəkçay, Türkmənçay və Gülüstan müqavilələrindən söz açıb. Tarixin elə bir abzası yoxdur ki, ermənilərin məkrli iddialarını təsdiqləsin. Buna baxmayaraq, Azərbaycan keçmişlə yaşamır, vətəndaş cəmiyyəti üzvləri arasında təmaslara başlamağın tərəfdarıyıq. Bu barədə Avropa İttifaqı, ABŞ hökumətinin nümayəndələri ilə müzakirələr aparılıb, Moskvada Azərbaycan və Ermənistandan olan ziyalılar qrupu görüşüblər. Prezident deyib ki, belə görüşləri Bakıda və İrəvanda da keçirə bilərik. 
Azərbaycan hər sahədə qalib dövlətdir. Hər hansı görüş, hər hansı təmas bizim qalibiyyətimizin dayaqlarını daha da möhkəmləndirir. Prezidentin məntiqi də ondan ibarətdir ki, müharibə heç zaman baş verməyəcək, ermənilərin revanş etmək imkanarı sıfıra bərabərdir. Belədə bir yol qalır: təmaslar qurmaq, dinc şəraitdə yaşamaq. 
Müqəddəs Endryus Universitetinin müəllimi (Birləşmiş Krallıq) Rik Fon Azərbaycanın Cənubi Qafqaza verəcəyi töhfə ilə maraqlanıb. 
Uzaqgörən lider cavabı: “Mənim tərəfimdən belə bir proqnozun verilməsi məsuliyyətsiz bir addım olardı. Çünki bilirsiniz ki, regiondakı vəziyyət dünyadakı vəziyyətlə sıx bağlıdır. 
Buna baxmayaraq, ölkə başçısı real vəziyyəti də təqdim edib. Azərbaycanın iqtisadi sıçrayışa nail olması, nəhəng kommunikasiya layihələri, ixrac sektorunda böyük artım, ölkənin yaratdığı yeni reallıqların təsdiqlənməsi məhz Cənubi Qafqaza verdiyimiz və verəcəyimiz töhfənin təməlləridir. Sadəcə dünyada gedən proseslər, Rusiya-Ukrayna müharibəsinin hələ də davam etməsi dəqiq proqnoz söyləməyə imkan vermir. 
Böyük Britaniyanın Kembric Universitetinin tədqiqatçısı Zinq Fenq Azərbaycan – Çin münasibətləri və Qarabağda yaşıl enerjinin inkişafı prosesinin vəziyyəti ilə bağlı sual ünvanlayıb. 
İlham Əliyev Azərbaycan Çin münasibətlərindən söz açarkən cənab Si Cinpinin onu “Çinin böyük dostu” adlandırması faktına diqqət çəkib. Prezident əməkdaşlıq şərçivəsində görülən işləri sadalayıb və bir daha bəyan edib ki, Azərbaycan Çin şirkətlərini burada investorlar kimi görmək istəyir. 

Köçkünlər o illərin zülmünü öz yurdlarında rahat və müasir yaşamaqla kompensasiya edəcəklər  
 
Bərpa oluna bilən enerjiyə gəldikdə isə Prezident bu işlərin maksimum genişlənəcəyini söyləyib, görülən işlərdən danışıb, bu işləri həyata keçirən şirkətlərin adlarnı çəkib. Qarabağ “yaşıl enerji” “ağıllı şəhər”lər diyarına çevriləcək: “Avropa İttifaqı ilə biz bir neçə ay əvvəl “enerji dialoqu” adlanan formata başladıq, hansı ki, çox hərtərəfli proqramdır. O, neft, qaz, neft məhsulları, bərpa oluna bilən enerji və hidrogeni nəzərdə tutur. Hidrogendə biz çox fəalıq. Bütün təlimatlar verilmişdir. Hidrogen gələcəkdir. Biz onu başa düşürük. Bizim bu potensialımız vardır. Biz həmişə proseslərdən, innovasiyalardan qabaqdayıq. Bəlkə qabaqda deyil, düzgün desək, bəlkə digər bir sıra ölkələrdən qabaqda, lakin bir addım geridə, texnoloji inkişafdan bir addım geridə. Mən qəti əminəm ki, bərpa oluna bilən enerji sahələri enerji bazarını tamamilə dəyişəcəkdir və bizə təbiəti qorumaq və xalqımıza daha çox fayda vermək üçün əlavə imkanlar verəcəkdir”.
Qarabağı cənnətə döndərmək amalı o qədər sıx atomlarla formalaşıb ki, onu parçalamaq mümkün olmayacaq. Prezidetin söylədikləri xalqın əminliyini artırır. Köçkünlər o illərin zülmünü öz yurdlarında rahat və müasir yaşamaqla kompensasiya edəcəklər.  
İsveçrənin Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzinin diplomatik dialoq üzrə baş müşavir və direktor müavini Aleksandra Matas  “Qonşunuzla barışmaq və dayanıqlı sülhü qurmaq yolları nədən ibarətdir” sualına konfrans boyu cavab verilmişdi. Prezidentsə “bu suala artıq cavab verdim” demədi, qonağın hisslərinə böyük hörmət nümayiş etdirdi. Söylədi ki, biz Şuşada, Xankəndində və digər yerlərdə ermənilərlə yanaşı yaşamışıq və heç vaxt düşmənçilik etməmişik. Prezidentin cavabından bir daha aydın oldu ki, onların bizə qarşı törətdiyi dəhşətləri unutmayacağıq, buna baxmayaraq, sülh gündəliyimiz ictimai dəstək olmadan həyata keçirilə bilməz: “Biz, həmçinin anlayırıq ki, İkinci Qarabağ müharibəsindən sonra erməni cəmiyyətinin də yaraları var. Bunu başa düşmək olar. Əgər yaralarımız otuz ilə sağalmadısa, bilirik ki, onların da yaraları qanlı qalacaq. Bu, reallıqdır. Lakin nə etmək olar?! Biz məsuliyyəti öz üzərimizə götürməliyik və ölkələrə rəhbərlik edən liderlər məsuliyyəti eyni olaraq qəbul etməlidirlər. İnsanları inandırmağa çalışmalıdırlar ki, maraqlarımız, strateji gələcəyimiz naminə bizə sülh gərəklidir. Sülh bizim üçün zəruridir”. 
Dəqiq izahdır. Ermənilərin də sağalmaz yaralar aldığını söyləmək qalib Prezidentə başucalığı gətirən məqamdır. Burada sadəcə fərq var: ermənilər öz günahlarının bədəlini ödəyirlər, azərbaycanlılarınsa günahları olmayıb. 



Prezident Azərbaycan əleyhinə ünvanlanan bir sözü belə, cavabsız qoymur 

 “Sərhədlərin müəyyən edilməsi üçün SSRİ-nin hansı rəsmi xəritəsindən istifadə etmək Sizinlə Paşinyan və Putin arasında razılaşdırılıb?”. Bu sual Tehrandakı Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin baş elmi işçisi doktor Vəli Kaleci tərəfindən ünvanlanb. O, öncə Azərbaycan tərəfdən İranın ərazi bütövlüyünün şübhə altına alındığını da söyləyib. 
Ölkə başısı tarixi faktları sadalayaraq bildirib ki, biz bütün xəritələrdən istifadə edəcəyik – 1918-ci ildən və hətta ondan əvvəlki dövrün xəritələrindən başlayaraq Sovet İttifaqının dağıldığı dövrə qədərki xəritələrə qədər. Əlbəttə, bu, bizim birgə işçi qruplarımızın danışıqlarının tərkib hissəsi olacaq.
Prezident qonağın səsləndirdiyi ittiham xarakterli məqama da aydnılıq gətirib. Məlum olub ki, İranın ərazi bütövlüyünü şübhə altına alan şəxs Azərbaycan hökumətinin nümayəndəsi deyil və Şuşa konfransında iştirakına baxmayaraq, bizim ölkənin vətəndaşı da deyil.  
Prezident İlham Əliyev: “Baxın, bu gün burada konfransda neçə ölkədən iştirakçı var. Onların hər biri öz ölkəsini təmsil edir. Məsələn, siz başqa dövlətin vətəndaşı olaraq nə isə demiş olsanız, İran hökuməti buna görə məsuliyyət daşımamalıdır. Bu səbəbdən, hesab edirəm ki, sizin söylədiklərinizin Azərbaycan-İran əlaqələrinə heç bir aidiyyəti yoxdur. Hər iki ölkənin ərazi bütövlüyü ilə bağlı bizim hökumətimizin və İran hökumətinin mövqeyi yaxşı məlumdur və sual doğurmur. Dəfələrlə biz və bizim iranlı həmkarlarımız bunu ictimai şəkildə bəyan etmişik”.
Prezident Aktau şəhərində Xəzəryanı dövlətlərin Zirvə toplantısı çərçivəsində ovaxtkı Prezident Həsən Ruhani ilə görüşündə ona 20-yə yaxın azərbaycanlıdan ibarət siyahı təqdim etdiyini xatırladıb: “Bildirdm ki, həmin şəxslər İranda yaşayır, mütəmadi şəkildə media və sosial şəbəkələr vasitəsilə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alırlar, işlətdikləri ifadələr normal cəmiyyətdə ədəbsizlik sayılır, onların Azərbaycana təhvil verilməsini tələb edirəm, çünki həmin şəxslər Gəncə şəhərində polisə hücumda iştirak etmişlər və bizdə sübutlar var. Təəssüflər olsun ki, onların heç biri təhvil verilmədi. Beləliklə, heç Azərbaycan vətəndaşı olmayan bir şəxs Şuşada nə isə deyibsə də - Şuşa açıq şəhərdir, oraya minlərlə insan gəlir və iradəsini ifadə edir. Azərbaycan tərəfindən təşkil edilmiş tədbirdə hər hansı şəxsin iştirakı belə bir reaksiyaya səbəb olmamalıdır”.
Bəli, ölkə başçısı Azərbaycanın ünvanına deyilən bir nahaq sözü belə cavabsız qoymayacaq qədər qürur sahibidir. Heç vaxt ola bilməz ki, özü ərazi bütövlüyü problemi yaşamış ölkənin rəsmi şəxsi başqa ölkənin ərazi bütövlüyünə şübhə ilə yanaşsın. İranın rəsmləri isə dəfələrlə Azərbaycana yönələn bu kimi addım atıblar. Vəli Kaleciyə bu faktı unutmamağı tövsiyə edirik. 
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm  “Şuşanın dostları” adlı internet səhifəsinin yaradılmasını təklif edib və Zəngəzur dəhliziin taleyi barədə sual verib.

Qardaşlıq, dostluq, qonşuluq, kommersiya – İlahm Əliyev bu münasibətləriin arasındakı sərhədi yaxşı bilir

Prezident təklifi müsbət dəyərləndirib və bu məsələnin həll olunacağını bildirib. Zəngəzur dəhlizinin mütləq gerçəkləşəcəyini söyləyən İlham Əliyev üzərində iş aparılan kommunikasıya işlərindn danışıb və əsas problemin Ermənistan sərhədinə kimi çəkilən 40 kilometrlik məsafə baxımdan olduğunu bildirib: “Ondan sonra bizim ərazimizdə hər şey hazır olacaq. Qonşularımızın da öz üzərinə düşən işləri görməsinə ehtiyac var. Bundan sonra bu bağlantı tamamilə işlək olacaq”.
Azərbaycanın bir üstün cəhəti də ondan ibarətdir ki, təkliflərə həmişə açıqdır. Pakistanlı alimin təklifinə müsbət reaksiya bunun növbəti bariz nümunəsidir. Zəngəzur dəhlizi ilə bağlı nikbin cavabsa bu dəhlizin geçəkləşməyəcəyini iddia edənlərə adekvatdır. Zəngəzur dəhlizi mütləq çəkiləcək və bu əminliyi beynəlxalq konfransda bir daha səsləndirmək üstünlükdür. 
Roma Sapienza Universitetinin tədqiqatçısı Daniel Pommier Vinçellinin İtaliyanın Rusiya qazından canını qurtarmaq istədiyi ərafədə Azərbaycanın qaz tədarükündə Rusiyanı əvəz edə bilərmi mövzusunda sualını  geniş şəkildə cavablandıran Prezident qaz ixracındakı hədəflərdən detaalları ilə danışaraq ən yaxşı qiymətin Avropaya aid olduğunu vurğulayıb: “Bu, kommersiyadır. Biz heç vaxt Rusiya ilə yarışmaq niyyətində olmamışıq. Bizim enerji siyasətimiz heç bir zaman Rusiya tərəfindən sual doğurmayıb. Bizim heç vaxt heç bir formada sualımız, müzakirəmiz olmayıb. Əminəm ki, bu, bizim Rusiya ilə münasibətlərimizə mənfi təsir göstərməyəcək”.
Qardaşlıq, dostluq, qonşuluq, kommersiya – bütün bunlar tamam fərqli münasibətlərin təzahürlərini yaradır. Azərbaycan hər bir ünsiyyət növünün  fəlsəfəsini yaxşı bilir və onun tətbiqində də yalnışa yol vermir. Rusiya-Ukrayna müharibəsində tutduğumuz mövqe hər iki tərəfdən təbii qarşlanır. Azərbaycan heç bir ölkəyə problem yaradacaq addım atmır, atmayacaq da. 
Böyük Britaniyanın Henri Cekson Cəmiyyətinin strateji münasibətlər üzrə meneceri Alyona Hlivko Azərbaycanın bu sahədə təcrübə yaşadığına diqqət çəkərək, Prezidentdən Ukrayna üçün şəxsi məsləhətinin necə ola biləcəyini soruşub. 
Cavab: Bizim təcrübəmizə əsaslanaraq, ən önəmlisi heç bir zaman işğalla razılaşmamaqdır. Bilirsiniz, danışıqlar zamanı müxtəlif anlar olub və mən Qərbdən olan həmkarlarımdan müxtəlif mesajlar almışam. Onlardan biri o idi ki, siz reallığı nəzərə almalısınız. Azərbaycan Birinci Qarabağ müharibəsini uduzub və sizin davranışınız reallığa əsaslanmalıdır. Ərazi bütövlüyümüzlə əlaqədar məsələlərdə bizə məsləhət verməyə cəhdlər olub və mən hər zaman yox demişəm. Şəxsən mən, Azərbaycan xalqı öz torpaqlarımızda digər saxta erməni dövlətinin yaradılmasına heç vaxt razı olmayacağıq, lazım olarsa, biz ölənə kimi döyüşəcəyik”.
 


Prezidentin simasında isə bu kübarlıq ən pik dövrünü yaşayır

İşğal dövründə yaşanan siyasi hadisələrdən dəqiqliklə söz açan İlham Əliyev Ukraynanın və digər ölkələrin ərazi bütövlüyünü açıq şəkildə dəstəklədiyimizi bildirib. 
Əlbəttə, mütləq diplomatik cavab vermək burada ən düzgün yanaşmadır. Ukraynaya məsləhət vermək, Yaxud Rusiyanın müharibə siyasətini şərh etmək doğru sayılmır. Azərbaycanın hər iki ölkə ilə normal münasibətləri var, Ukrayna Prezidenti də hümanitar yardımlara görə, rəsmi Bakya həmişə təşəkkür edib. Təcrübəmiz həm də onu söyləyir ki, gücünə, haqlı olduğuna, dövlətnin ləyaqətinə inanacaqsan, güvənəcəksən. 
Almaniyanın Münaqişə və Zorakılıq üzrə Sahələrarası Tədqiqat İnstitutunun tədqiqatçısı Nina Lutteryohan  Rusiya və Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığın perspektivlərinə diqqət çəkən məqama toxunub. Azərbaycan Prezidenti isə Rusiya ilə aramızda olan ixrac-idxal mübadiləsinə diqqət çəkərək hələ ki, Rusiyaya tətbiq edilən sanksiyaların neqativ təsirlərini yaşamadığımızı deyib: “Lakin bilmirik ki, bunun cədvəli necə dəyişəcək. Əgər sanksiyalar qalarsa, növbəti altı ayda və ya bir ildə nə olacaq, proqnozlaşdırmaq çətindir”.
“Musulmans en France” və “La Gazette” jurnallarının baş icraçı direktoru Jan-Mişel Brönün Fransa və Azərbaycan arasında güclü mədəni münasibətləri inkişaf etdirməyi planlaşdırırsınızmı” sualı əslində zaman-zaman çox verilib və ətraflı cavablar da alınıb. Bu dəfə də Prezident iki ölkə arasında güclü mədəni münasibətlərə sahib olduğumuzu, əməkdaşlığımızın tarixinin bunu göstərdiyini bildirib və  ardından münasibətlərin strateji xəttinə nəzər salıb: “Bu münasibətlər son proseslərin təsirinə məruz qalmadı. Ümumilikdə siyasi münasibətlərdən danışdıqda isə deyə bilərəm ki, onlar normaldı, deyərdim ki, münasibətlər normala qayıdır. Əlavə edərdim ki, nəsə yanlış addım atan biz deyildik. Təəssüf, lakin biz başa düşürük ki, orada nəinki qərarvermə proseslərinə təsir göstərən, eyni zamanda, insanların beyninə təsir edən erməni icması var, güclü qruplar var. Fransa ilə münasibətlər bizim üçün həmişə önəmli olub, çünki Fransa dünyanın aparıcı ölkələrindən biridir. Həmçinin bizim üçün önəmli idi ki, öz vəziyyətimizi düzgün təqdim edək. Fransa ictimaiyyətinə göstərək ki, Azərbaycan ermənilərin bizi təqdim etdiyi kimi deyil. Biz onların Fransanın aparıcı media qurumlarındakı əlaqələrindən xəbərdarıq, bizə qarşı qərəzli məqalələr çap etdiklərini bilirik. Bu məqalələrin 95 faizi ermənilər və ya ermənipərəstlər tərəfindən yazılıb. Biz bunu başa düşürük, bu, böyük bir yenilik deyil. Fransa Minsk qrupunun həmsədri kimi Azərbaycan üçün həmişə məqbul olub. Lakin təəssüf ki, torpaqlarımızın azad olunduğu müharibə zamanı, Fransa parlamentinin hər iki palatasının qondarma “Dağlıq Qarabağın” tanınması ilə bağlı qərarları da daxil olmaqla, lazım olmayan addımlar atılmışdır. Belə bir deyim var – “Roma Papasından daha çox katolik olmaq”. Hətta Ermənistan da “Dağlıq Qarabağı” tanımamışdı. Beləliklə, Senat və Nümayəndələr Palatası bu qərarı qəbul etdilər. Bu, çox kədərlidir. Mən bunun lehinə səs verənlərin kim olduğunu da yaxşı bilirəm. Bu, tamamilə qeyri-məhsuldar olub. Praktiki baxımdan bunun heç bir mənası yox idi, bu, Ermənistana dəstək baxımından da, bizi torpaqlarımızı azad etməkdən çəkindirmək baxımından da işləmədi. Sadəcə, lazımsız atmosfer yaratdı, hansı ki, hər iki hökumət dəyişməyə çalışırlar və mən düşünürəm ki, bunu uğurla edirlər. Mənim dekabrda, Brüsseldə Prezident Makronla yaxşı və uzun sürən görüşüm olmuşdu. Daha sonra biz telefonla ünsiyyətdə idik. Mən düşünürəm ki, biz bu səhifəni çevirməliyik və unutmalıyıq. Sizin də üzr istəməyinizə ehtiyac yoxdur, fransızlar bizim dostlarımızdır və dostlarımız kimi də qalacaqlar”.
Kübar davranış tərzi Azərbaycanın dövləti geninə hopub. Prezidentin simasında isə bu kübarlıq ən pik dövrünü yaşayır. Fransanın yanlışını belə elə tərzdə qabartmaq olar ki, nəinki yanlışını anlasın, həm də Azərbaycan kimi tolerant bir ölkə ilə münasibətlərin korlanmasının təhlükə olduğunu dərk etsin. Azərbaycan bütün ölkələrə dərk etdirə bilən dövlətdir. 
Türkiyənin Kadir Has Universitetinin professoru Dimitrios Triantafillonun “Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin hansı istiqamətdə getməsini istəyərdiniz” sualı da tanışdır. Təbii ki, mənasına görə strateji əhəmiyyət daşıyan sualların cavabı dəyişmir. “Biz münasibətlərimizi praqmatizm üzərində, qarşılıqlı fayda və maraqlar üzərində qurmalıyıq” – Prezidentin münasibətidir. Həmişə belə olub. 


İlham Əliyev əlavə olaarq bildirib ki, məqsəd qoyub ona çata bilməyən şəxs kimisə günahlandırmağa başlayır,  axırıncı günahlandırdığı şəxs isə özü olur. Bunun qarşısını almaq üçün çox realistik hədəflər qoymalıyıq: “Biz nə istəyirik və Avropa İttifaqı nə istəyir. Bu, az-çox aydındır. Avropa İttifaqı öz qonşuluğunda, sərhədlərində sabitlik istəyir. Onlar bizdən indi də enerji resursları alırlar, lakin daha çox enerji resursları almaq istəyirlər. Bu, hətta Rusiya-Ukrayna müharibəsindən əvvəl də belə idi və bizim əməkdaşlığımızın strateji hissəsi idi. Onlar bizim nəqliyyat infrastrukturumuzda çox maraqlıdırlar və düşünürlər ki, bu, daha geniş Avropa nəqliyyat şəbəkəsi ilə necə bağlana bilər. Bu səbəbdən, məsələn, keçmiş Avropa İttifaqı Şurasının prezidenti cənab Donald Tusk 2019-cu ildə Bakıda olarkən buradakı infrastrukturu görmək üçün bizim dəniz ticarət limanına getdi. Keçən il Avropa İttifaqı Şurasının hazırkı Prezidenti Şarl Mişel Bakıda olanda Şamaxıya regional tura getdi və orada ona Bakı Dəniz Limanının imkanları haqqında təqdimat edildi. Bu, nə deməkdir? Bu, o deməkdir ki, bizim nəqliyyat infrastrukturuna böyük maraq var. Əlbəttə, Avropa İttifaqı təhlükəsizlik və sabitlik istəyir, Dağlıq Qarabağ münaqişəsinin həllini istəyirdi. Bəli, onlar münaqişənin sülh yolu ilə həllini istəyirdi. Bu, baş tutmadı. İndi onlar yeni reallıqları tam olaraq qəbul edirlər və bu səbəbdən bizim Brüsseldə mütəmadi görüşlərimiz olur. Biz nə istəyirik? Biz, ilk növbədə, yaxın münasibətlərin qurulmasını istəyirik. Biz qarşımıza üzvlük kimi qeyri-real hədəflər qoymaq və bu münasibətlərə ziyan vurmaq istəmirik. Biz müasir texnologiyalara çıxış istəyirik və bizim belə çıxışımız var. Əlbəttə, biz Avropanın enerji bazarına daha geniş çıxış istəyirik və bu, Avropanın enerji strategiyası ilə tamamilə uzlaşır. Biz regiondakı vəziyyətə təkstandartlı yanaşma istəyirik. Yalnız Ermənistan və Azərbaycana yox, Gürcüstan, Ermənistan və Azərbaycanın - Cənubi Qafqazın hər üç dövlətinə eyni bucaq altından baxılmasını istəyirik.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına gəldikdə isə hər iki tərəf üçün balanslı və adekvat maliyyə paketi çox önəmli olacaq. Bu balans qorunmasa, aydındır ki, çox böyük məyusluq ola bilər. Lakin dediyim kimi, biz bu istiqamətdə - Avropa İttifaqı ilə sazişin qalan hissəsinin yekunlaşdırılması və imzalanması istiqamətində irəliləyirik. 2018-ci ildə biz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dair çox önəmli paraqrafın olduğu Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri sənədini parafladıq. Bu, ilk dəfə idi. Bundan əvvəl isə Avropa İttifaqı belə qəti və birbaşa ifadələrin işlənməsini istəmirdi. Onlar həmişə sülh danışıqları, Minsk qrupu və s. məsələlərə istinadlar edirdilər. Lakin Tərəfdaşlıq Prioritetləri sənədi çox önəmli siqnal idi və bizi ruhlandırdı. Mən Brüsseldə imzalanma mərasimində iştirak etdim və daha sonra biz həqiqətən inanmağa başladıq ki, Avropa İttifaqı ədalətli vasitəçi ola bilər. Müharibədən sonra baş verənlər bunu açıq nümayiş etdirir. Çünki ortalıqda sanki bir boşluq var idi, Minsk qrupu qeyri-funksional idi və bu boşluq müəyyən dərəcədə Avropa İttifaqı tərəfindən doldurulur.
Bir başqa faktoru da deyə bilərəm. Avropa İttifaqı ilə yaxın əməkdaşlıq, əlbəttə, Azərbaycanın müasirləşməsinə, o cümlədən gənc nəslə, təhsil potensialına ciddi töhfə verəcək. Biz İtaliya-Azərbaycan Universitetindən, Azərbaycan-Fransız Universitetindən danışdıq. Həmçinin Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycan cəmiyyətinin dünyəvi xarakterini gücləndirəcək. Bu, bizim dövlət siyasətimizin önəmli tərkib hissəsidir. Bu dövlət siyasəti Azərbaycan əhalisi tərəfindən geniş şəkildə dəstəklənir. Dünyəvilik bizim dövlətçiliyimizin fundamental sütunlarından biridir və Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycanın gələcək dünyəvi inkişafına müsbət təsir göstərəcək”.
Bu dəfə Prezidentin cavabının sitat kimi daha çox hissəsini təqdim etdik. İlham Əliyev dünya siyasətini o qədər dəqiq xarakterizə edir ki, sitatlardan yaranan fikirləri nə qədər dəqiq ümumiləşdirməyə cəhd göstərsək də, mahiyyəti tam vermək mümkün olmur.  

Sadiqlik, iradə, resurslar, səfərbərlik, cəmiyyətimizin birliyi və stabillik 

Rumıniya Baş nazirinin dövlət müşaviri doktor Yulian Çifu  inteqrasiya olunmuş Azərbaycan üzrə inkişaf strategiyası, Türkiyə-Ermənistan-Azərbaycan inteqrasiya olunmuş qarşılıqlı əlaqəsi yaradılarsa, Rusiya ordusunun mövcudluğu barədə sual verib. 
Rusiya sülhməramlılarının mövcudluğu məsələsinin 10 noyabr gecəsi imzalanmış Üçtərəfli Bəyannamənin bir hissəsi olduğunu qeyd edən İlham Əliyev həmin bəndləri xatırladıb və sülhməramlıların qalma, getmə zamanını, funksiyalarını bir daha açıqlayıb. Onu da bildirib ki, ermənilərlə azərbaycanlılar arasında əvvəlki gərginlik yoxdur.
“Qarabağ və Zəngəzurun Azərbaycanın digər hissələrinə dərin inteqrasiyası üzərində işləyirik. Buna görə də bu dəmir yolları, hava limanları, avtomobil yolları, elektrik xətləri demək olar ki, yekunlaşmaq üzrədir” – deyən ölkə başçısı ən vacib məqamın ekoloji terrorla bağlı olduğunu, su paylanmasının qarşısının alındığını deyib:  “Biz 30 il ərzində çaylarımızdan məhrum olmuşduq. Ermənistan yaz və yayda, bizim suya ehtiyacımız olanda Tərtər çayının qarşısını bağlayır və yüz minlərlə hektar ərazilərimizdə quraqlıq yaradırdı və sonra qışda onlar çayın qarşısını açır və sel yaradırdılar. Bu, ekoloji terror idi. Yeri gəlmişkən, Avropa Şurası Parlament Assambleyası bir neçə il bundan əvvəl bu məsələ ilə bağlı xüsusi hesabat hazırlamışdı. Səsvermə ilə qəbul edilmiş həmin sənəddə Ermənistanı bu ekoloji terrora görə qınamışdı. Amma Qarabağda çoxlu su resursları var ki, biz onları, həmçinin Azərbaycanın digər hissələrinə yönləndirəcəyik və bu, bizə yalnız bütövlükdə Qarabağın suvarılmasına deyil, bu suyu Azərbaycanın su problemi olan digər ərazilərinə də gətirməyə imkan verəcək. Bu, sürətli və səmərəli inteqrasiya olacaq”.
Prezident bəyan edib ki, bizim planlaşdırdıqlarımızı həyata keçirməyə hər şeyimiz var – sadiqlik, iradə, resurslar, səfərbərlik, cəmiyyətimizin birliyi və stabillik: “Biz bunları qonşularımızla paylaşmaq istəyirik. Biz artıq müzakirə etdik və müzakirəmizin ən böyük hissəsi Ermənistan–Azərbaycan arasında gələcək əməkdaşlıq məsələsinə həsr olundu. Düşünürəm ki, bizim gündəliyimizi düzgün başa düşmək üçün onlar bizim etdiklərimizi dərindən təhlil etməli və bu şansı əldən verməməlidirlər. Çünki bu, sonuncu şans olacaq, onlar bu qatara minməlidirlər”.
Azərbaycan daha bir beynəlxaq tədbirə möhürünü vurdu.  Prezident İlham Əliyevin fəhmi, uazqgörənliyi, dünya siyasətinin bütün detallarını bilməsi, səmimiyyətə önəm verməsi, yükəsk diqqət, hörmət, qayğı nümayiş etdirməsi belə tədbirlərin iştirakçılarında böyük təəssürat yaradır. Əminik ki, 23 ölkədən 40 nəfər nümayndə Şuşada gördüklərini və ölkə başçısı ilə təmasda olmalarını həyatlarına qızıl hərflərlə yazacaqlar. Bu hərflərdən yaranan əsəri isə başqalarına da oxutmaq vacibdir. Əminik ki, Azərbaycanın qonaqları bu missiyanı xoş ovqatla həyata keçirəcəklər. 

Ceyhun Musaoğlu 


.
 



Oxşar xəbərlər