Azərbaycanın Xəzəryanı əraziləri 18-ci əsrin sonlarından Rusiya imperiyası tərəfindən işğal olunmağa başladı. Bu proses 19-cu əsrin əvvəllərində daha da sürətləndi. 1813-cü ildə Rusiya və İran arasında Azərbaycanın bölüşdürülməsi ilə bağlı müqavilə imzalandı. 1828-ci ildə də ikinci Rus-İran müharibəsi başa çatdıqdan sonra iki ölkə Azərbaycanı yenidən öz aralarında böldülər. İşğal prosesi bitdikdən sonra Anadolu və İrandan minlərlə erməni ailəsi Azərbaycanın əzəli torpaqları olan İrəvən, Qarabağ və ətraf ərazilərə köçürüldü. Rusiya imperiyası özünə Qafqazda dayaq yaratmaq üçün ermənilərdən istifadə edirdi. Bu köçürmə siyasəti nəticəsində İrəvan və ətraf ərazilərin etnik tərkibi ciddi şəkildə dəyişməyə başladı. Azərbaycan xalqı öz humanist dəyərlərinə sadiq qalaraq heç bir dini, etnik yaxınlığı olmayan ermənilərə öz torpaqlarında məskunlaşması üçün icazə verdi. Hələ səfəvilər dövründə imperiya ərazisində yaşayan ermənilər guya ki, İslamı qəbul edib şah Abbasdan və Nadir şah Əfşardan xeyli imtiyazlar əldə etmişdilər.



Səfəvilər zamanında İslamı qəbul etmiş Ermənilər Əfşarlar dövründə yenidən xristian olmağa başladılar. Erməni keşişlər yaltaqlıq və hiyləgərliklə  şahdan bir sıra imtiyazlar əldə etmişdilər. Beləliklə, hələ Əfşarlar dövründə Nadir şah ermənilərin sadiq bir xalq olduğuna inanaraq Azərbaycanın qərb torpaqlarına, habelə Gəncə, Şəmkir və digər böyük şəhərlərə köçmələrinə icazə vermişdi. Rusiya imperiyası Azərbaycan torpaqlarını işğal etdikdən sonra bu köç prosesi daha da sürətləndi. Əvvəllər ermənilər toplu şəkildə İrəvan və ətraf ərazilərə köçürülürdüsə, Rusiya imperiyasının köçürmə siyasəti nəticəsində Qarabağ və ətraf ərazilərə də xeyli sayda erməni ailələri köçürülməyə başladı. Nəticədə Qarabağın mərkəzi olan Şuşa və Xankəndidə əhalinin etnik tərkibi ciddi şəkildə dəyişdi. 19 may 1783-də Knyaz G. A. Potyomkin II. Katerina'ya yazdığı məktubda:

"Fürsət tapan kimi Qarabağı ermənilərin idarəsinə vermək və beləcə Asiyada bir Xristian dövləti qurmaqdan" bəhs etmişdi.
 
 1828-ci il Türkmənçay müqaviləsindən sonra ermənilərin Azərbaycana köçürülməsi müntəzəm və məqsədyönlü xarakter aldı. Onların. İrandan Şimali Azərbaycana köçürülməsi həmin müqavilənin XV maddəsi ilə təsdiq olunurdu. 1829-cu il Ədirnə  müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Şimali Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başladı. Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri Qarabağ ərazisi idi. Rəsmi məlumatlara əsasən, 1828–1830-cu illər arasında, yəni cəmi 2 il ərzində, Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürüldü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı. XIX əsrin 30-cu illərindən sonra da ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa köçürülməsi davam etdirilirdi. Rus qafqazşünası N.Şavrov 1911-ci ildə yazırdı ki Zaqafqaziyadakı 1,3 mln erməninin 1 mln-dan çoxu gəlmədir. Bütün bunlara baxmayaraq, 1916-cı ildən Qarabağda əhalinin yenə də təxminən 51 %-i azərbaycanlı, 46 %-i isə erməni (yerli alban mənşəli ermənilərlə birlikdə) idi. Köçürülüb gətirilən ermənilərin Qarabağın dağlıq hissəsində – onlarla eyni dindən olan yerli əhalinin (qriqorianlaşmış və erməniləşmiş albanların) yaşadığı ərazidə məskunlaşdırılması daha geniş hal almışdı. Bu, gəlmə ermənilərin kompakt surətdə bir yerdə yaşamasını təmin etmək məqsədi ilə edilirdi və strateji niyyət daşıyırdı. Beləliklə, çar Rusiyasının bütövlükdə Şimali Azərbaycanda, o cümlədən Qarabağda inzibati-siyasi, sosial-iqtisadi və mədəni inkişaf üçün geniş imkanlar yaratdığı ermənilər kütləvi surətdə bu torpaqlara köçüb gəldilər və çox keçmədən Azərbaycan torpaqlarında "Böyük Ermənistan" ideyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Həmin ideyanın əsas tərkib hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbaycan torpaqlarının yerli – azərbaycanlı əhalisini məhv etmək və onların yaşadıqları torpaqları ələ keçirməkdən ibarət idi. Ermənilərin 1890-cı illərdən başlayaraq Osmanlı dövlətinə qarşı qaldırdıqları xəyanətkar qiyamlar uğursuzluğa düçar olduqdan sonra bu mübarizənin mərkəzi Şimali Azərbaycana keçdi.



Çar imperiyasının ikiüzlü siyasəti və mühüm vəzifələrin ermənilərə tapşırılması, həmçinin azərbaycanlılara etimad edilmədiyi üçün hərbi xidmətə çağrılmaması, ümumilikdə xalqımızın idarəçilikdən kənarda tutulması azərbaycanlıların tarixi dövlətçilik ənənələrini unutdurmağa yönəlmiş bir addım idi. Bir əsr boyunca Azərbaycan xalqı hərbi mükəlləfiyyətdən azad edildi. Nəticədə hələ 1905-ci il qırğınlarında erməni quldurları azərbaycanlılara divan tutarkən xalqın əksəriyyəti silahdan istifadə qaydasını bilmədiyi üçün ciddi müqavimət göstərə bilmirdi. Rus-Yapon müharibəsində imperiyanın məğlub olması xalqların azadlıq hərəkatlarını gücləndirmişdi. Bu çıxışları yatırmaq üçün Rusiya imperiyası xalqları bir-birinə qırdırmaq siyasətə yeridirdi. İmperiya Qafqaz siyasətində balanslı mövqe nümayiş etdirmir, daim erməniləri aşkar və gizli yolla silahlandırır, Qafqazın müsəlman əhalisinin soyqrıma məruz qalmasına şərait yaradırdı. 20-ci əsrin əvvəlində baş verən siyasi hadisələr, xalqımıza qarşı soyqrım, bölgənin müsəlman əhalisini basqı altında saxlayırdı. O vaxtlar erməni basqınlarının qarşısını almaq, xalqı ayağa qaldırmaq üçün Difai, Müsavat kimi partiyalar yaradılmışdı. Bu partiyalar o zaman xalqı birləşdirməyə və dövlətçilik ənənələrini bərpa etməyə çalışırdı. Birinci dünya müharibəsindən sonra Qafqazda xalqların azadlıq hərəkatı güclənməyə başladı. Çar imperiyasının ermənilər üçün yaratdığı imkanlardan istifadə edən erməni quldur dəstələri soyqrım planlarını həyata keçirməyə başladılar Daşnaksütyun adlı quldur və təcavüzkar qrup Andranik və Şaumyanın başçılığı altında Azərbaycanın Naxçıvan, İrəvan, Göyçə, Qarabağ, Gəncə, Bakı, Quba və digər bölgələrində qırğınlar törətdilər. Son illər Qubada qazıntılar zamanı 20-ci əsrin əvvələrinə aid soyqrıma məruz qalmış kütləvi inasan məzarlıqlar aşkar edilib.



Daşnak-Bolşevik quldur birləşmələri Azərbaycan xalqına qarşı genişmiqyaslı qırğınlar həyata keçirirdi. Həmin illərdə Andranikin başçılığı ilə Naxçıvan və Qarabağda dinc əhaliyə divan tutulmuşdu. 1918-ci il 31 martda erməni quldur birləşmələri Azərbaycanın əksər bölgələrində qırğınlar, talanlar törətməyə başladılar. Həmin gün təkcə Bakıda minlərlə azərbaycanlı erməni-Boşevik quldur birləşmələri tərəfindən soyqrıma məruz qaldı. Bolşeviklər martın 31-də bütün mübarizəni öz üzərinə götürən inqilabi müdafiə Komitəsi yaratdılar. Bu komitənin tərkibinə P. Çaparidze , Q.Korqanov, İ.Suхartsev (sol eser), Stepan Şaumyan daхil idilər. Eyni zamanda mart döyüşləri günlərində Bakıda bolşevik dəstəsinin rəisi N.Anançenko, komissarı isə S.Martikyan idi. Azərbaycan əhalisinə qarşı vuruşmada erməni milli hissələrindən istifadə etmək və sağ eserlərin və daşnakların arхasınca gedən rus və erməni fəhlələri Sovet hakimiyyəti tərəfindən mübarizəyə cəlb etmək üçün İnqilabi Müdafiə Komitəsi həmin partiyaların nümayəndələrini də dəvət etmişdilər. Bakıda azərbaycanlılar, erməni daşnak-rus bolşevik silahlı dəstələrinin aktiv fəaliyyətini gördüyündən, özünümüdafiə tədbirləri görməliydi və silaha əl atmağa məcbur idilər. Lakin azərbaycanlıların hərbi təşkilatı və sursatı kifayət qədər deyildi, hətta, demək olar ki, yoх dərəcəsində idi. Belə olan halda, təbidir ki, mübarizədə azərbaycanlıların qalib gəlməsi mümkün deyildi. Bunu yaхşı başa düşən Şaumyan və erməni daşnakları Bakı şəhərində qabaqcadan planlaşdırılan və хüsusi hazırlıq görülmüş dəhşətli qırğınlara, qarətlərə başladılar. Bütün faciələr azərbaycanlıların yaşadığı məhəllələrdə baş verirdi. Fövqəladə İstintaq Komissiyasınin sənədində qeyd olunur ki, Erməni Milli Komitəsinin hərbi drujinası adlandırılan Yeqişa Paxlavuninin rəhbərlik etdiyi erməni silahlı dəstəsi müsəlmanların yaşadığı ərazilərə atəş açmağa başladı. Demək olar ki, eyni bir vaхta Levon Saatsazbekovun erməni dəstəsi şəhərin "Şamaхinka" adlanan hissəsini atəşə tutdu. Martın 19-da səhər tezdən, hələ müsəlmanların oyanmadığı bir vaхta, erməni əsgərləri hücuma keçdilər Onların birinci hücumu şəhərin "Kərpiçхana", "Məmmədli" və "Zibilli Dərə" adlandırılan hissəsinə istiqamətlənmişdi. Burada yaşayan əhalinin, demək olar ki, hamısı müsəlmanlar idi. Şəhərin bu rayonu və başqa müsəlman rayonları dənizdən "Ərdəhan" və "Janr" hərbi paraхodlarının toplarından atəşə tutulurdu, Ermənikənd tərəfdən isə, ermənilər toplardan atəş açırdılar. Erməni hərbi hissələri Soveti və bolşevikləri müdafiə bəhanəsi ilə azərbaycanlılara amansızcasına və qəddarcasına divan tuturdular. 





Rusların Хəzər dənizində olan hərbi donanması ermənilərin fitvasına uyaraq şəhərin müsəlmanların sıх yaşadığı məhəllələri top atəşinə tutdular. Bu atəş nəticəsində müsəlmanların əsas ibadət yeri sayılan "Təzə pir" məscidinin minarələri ağır zədə aldı. Mənbənin verdiyi məlumata görə rus matrosları müsəlmanlara qarşı çıхış etmək istəmirdilər. Ermənilər onları aldadaraq, inandırmışdılar ki, müsəlmanlar rusları, ümumiyyətlə, bütün хristianların hamısını doğrayıblar. Lakin matroslara aydın olanda ki, müsəlmanlar ruslara nəinki toхunmayıblar, əksinə onları müdafiə ediblər və yedizdiriblər, yalnız bundan sonra toplardan atəşi dayadırdılar. Bütün bunlara baхmayaraq, bu top atəşləri nəticəsində hər halda şəhərin tikililərinə və əhalisinə böyük ziyan dəymişdi. 
Seyid Cəfər Pişəvəri "Bakıdakı ilk Sovet hökumətinin müqəddəratı" adlı məqaləsində yazırdı: 

“Mən daşnakların vəhşiliklərini, saysız – hesabsız günahsız adamların, хüsusilə bitərəf iranlıların öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşdüm. Bu çoх faciəli və nifrətləndirici bir hərəkət olmuşdu. Heç bir əsas və ünvan olmadan yalnız kin və ədavət üzündən daşnakların törətdikləri cinayət hər bir insanın ruhunu sıхıb kədərləndirirdi”    

Hətta, daşnak silahlı dəstələri N.Nərimanovun evinə də basqın edərək qardaşını həbs etmiş, özü isə qaçmaqla canını qurtarmışdı. Məhəmməd Əmin Rəsulzadə yazırdı:

“Bu üzdəndir ki, Cümhuriyyətin qurulduğu sırada müsəlləh rus ordusu qüvvələrinə dayanan bolşeviklər, Azərbaycanın baş kəndi Bakını zəbt etdilər, türk – müsəlman əhali üzərində qətli yapdılar”    

Bolşevik N.N.Kolesnikova öz хatirələrində həmin dövrdə Bakıda baş verənləri belə şərh edərək yazırdı ki:

“Müsavatçılar sıхışdırılıb şəhərdən uzaqlaşdırılan kimi ayrı-ayrı silahlı daşnak dəstələri şəhərdə qırğına, evləri yandırmağa, talanlar törətməyə, heç bir şeydə günahı olmayan dinc vətəndaşları, başlıca olaraq azərbaycanlıları qətlə yetirməyə başladılar. Erməni silahlı dəstələrinin rəisi Tatevos Əmirov bizimlə sıх əlaqə saхlayırdı”. 

 

Bütün bu proseslər xalqın yaddaşında dərin izlər qoyur və milli, müstəqil dövlətin yaradılmasını zəruri edirdi. Nəhayət, 1918-ci ilin 28 mayında Azərbaycan öz müstəqilliyini elan etdi. Həmin gün Fətəli xan Xoyski dünya ölkələrinə şərqdə ilk dəfə qadınlara seçib, seçilmək hüququ verən müstəqil dövlətin əsasının qoyulduğunu elan etdi. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk günlərdə Bakı bolşevik-daşnak birləşmələrinin işğalında olduğu üçün paytaxt Gəncə şəhərində yerləşirdi. 1918-ci ilin iyul ayının 10-da Ənvər Paşanın başçılığı ilə Qafqaz-İslam ordusu yaradıldı. Həmin ay Nuru Paşanın başçılığı ilə Azərbaycanda daşnak-bolşevik soyqrımlarını qarşısını almaq üçün ordu göndərildi. 1918-ci ilin sentyabrın 15-də Bakı işğaldan azad olundu və 2 gün sonra paytaxt Bakıya köçürüldü. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın Dövlətçilik yolunda böyük izlər qoyaraq, dövlətçilik ənənələrimizin daha da inkişaf etməsinə şərait yaratdı. Qısa müddətdə Azərbaycanda vahid ordu sistemi yaradıldı. Müstəqilliyin rəmzi olan Gerb, Bayraq və bir çox atributlar qəbul olundu. Xarici Ölkələrə səfirlər göndərildi. Təəssüf ki, həmin vaxt Rusiyada yaradılmış bolşevik dövləti Azərbaycanın müstəqilliyini daim təhdid edir, Azərbaycan parlamentində 5-ci kalon formalaşdırırdılar. 1920-ci ilin aprelin 28-də Bolşevik Rusiyası Azırbaycanı istila etdi. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimləri vətəndaş müharibəsinin qarşısını almaq üçün hakimiyyəti dinc yolla bolşeviklərə təhvil verdilər. Azərbaycan sovetləşdirildikdən sonra cümhuriyyətin dövlət xadimlərinin bir qismi xaricə mühacirət etdi, bir qismi güllələndi, qalanları isə sürgün olundu. Həmin illərdə Azərbaycanın tarixi torpağı olan Zəngəzur Ermənistana birləşdirildi.



1937-ci ildə yüzlərlə Azərbaycanlı dövlət xadimləri, şairlər, yazıçılar  güllələndi və Sibirə sürgün olundu. Buna səbəb həmin vaxtlarda Azərbaycanda  rəhbər şəxslərin ermənilərdən ibarət olması idi.  Azərbaycanda milli azadlıq hərəkatı 70 illik sovet işağalından sonra güclənməyə başladı. 1988-ci ildə Azərbaycan xalqı müstəqillik əldə etmək üçün ayağa qalxdı. Həmin il minlərlə azərbaycanlı ailə tarixi torpaqlarımız olan İrəvan və ermənistanın digər bölgələrindən öz yurd-yuvasından didərgin salındı. 1990-cı ilin 20 yanvarında tənəzzül dövrünü yaşayan Sovet ordusu Bakıda qanlı terror törətdi. Erməni silahlı qruplaşmaları yenidən azərbaycanlılara qarşı soyqırım planlarını işə saldı. 1988-1994 cü illərdə Qarabağda minlərlə azərbaycanlı qətl edildi. 1 milyondan artıq azərbaycanlı öz yurd-yuvasından didərgin düşdü. 1992-ci il 26 fevralda erməni silahlı quldur birləşmələri keçmiş sovet hərbiçilərinin və texnikasının köməyi ilə xocalıda qanlı qırğın törətdilər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Azərbaycan xalqına qarşı törədilən bütün bu  bəşəri cinayətlər, soyqrımlar dövlətin iqtisadi və hərbi dayaqlarını gücləndirilməsini zəruri edirdi. Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin başçılığı ilə 1994-cü ilin mayında Azərbaycanla Ermənistan arasında atəşkəs imzalandı. Ordu quruculuğunda işlər görmək üçün imkanlar yarandı. 



“Azərbaycanın Rusiya və İran arasında bölünməsindən sonra tarixi torpaqlarımızda ermənilərin kütləvi şəkildə məskunlaşdırılması, 1905-ci və 1918-ci illərdə erməni daşnaqlarının azərbaycanlılara qarşı törətdiyi qırğınlar, 20-ci illərdə Zəngəzurun ermənilərə verilməsi, Qarabağ ərazisində erməni muxtariyyətinin yaradılması, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistandan deportasiyasi vahid strateji planın tərkib hissəsi idi. Ötən əsrin 80-ci illərinin sonunda SSRİ rəhbərliyinin təhriki ilə Ermənistanın Azərbaycana yeni ərazi iddiaları irimiqyaslı müharibə, 20 faiz Azərbaycan torpaqlarının erməni hərbi birləşmələri tərəfindən qəsb edilməsi, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələndi. 1992-ci ilin fevralında törədilmiş Xocalı faciəsi isə insanlığa qarşı çevrilmiş, öz qəddarlığına və amansızlığına görə misli görünməmiş genosid aktı kimi tarixdə qalacaqdır”. Heydər Əliyev Azərbaycan xalqının  Ümummilli lideri



“Erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzü bu gün də davam edir, onun ağır nəticələri isə yüz minlərlə soydaşımızın taleyində özünü göstərməkdədir. Siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində çoxillik zəngin təcrübəsi olan erməni millətçi-ideoloqları, xaricdəki erməni lobbisi ölkəmizə və xalqımıza qarşı daha incə və məkrli metodlardan istifadə etməklə təbliğat müharibəsi aparır, uydurma tezislər və faktlarla dünya ictimaiyyətini çaşdırmağa, onu yalanlarla aldatmağa, işğal faktını unutdurmağa çalışırlar”. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan ordusu 2020-ci ilin sentyabr ayının 27-də cəbhədə əks hücumə keçdi. Azərbaycan torpaqları  44 gün ərzində işğaldan azad edildi. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa işğaldan azad edildi. 10 noyabrda Ermənistan kapitulyasiya sənədinə imza ataraq məğlubiyyətini rəsmiləşdirdi. 30 illik işğal başa çatdı. 

Təəssüf ki, Ermənistan bu məğlubiyyətdən dərs çıxarmadığı üçün hələ də öz təxribat əməllərindən əl çəkmir. Bu ölkə nəinki Azərbaycana, hətta post sovet ölkələrinə qarşı təxribati işlərə əl atır. Qazaxıstanda baş verən iştişaşlar zamanı Ermənistan prezidenti Nikol Paşinyanın KTMT qoşunlarının Qazaxıstana daxil olması üçün xüsusi canfəşanlıq etdiyi məlumdur. Ermənistan Ukraynanın işğalına tam dəstək göstərən ölkələrdən biridir. Ukrayna müharibəsində qollarında Ermənistan bayrağı olan hərbiçilərin rus əsgərlərlə birgə görüntüləri sosial mediada yayılır. Rusiyanın Ukraynaya qarşı informasiya propaqandasında da ən aktiv şəkildə iştirak edənlər də məhz ermənilərdir. Simonyan, Keosanyan, Kurqinyan, Şahnazarov, Qabrielyanov, Babayan, Mirzayan, Baqdasarov və başqaları Ukrayna müharibəsində Rusiya propaqandasını yayan ermənilərdən bir neçəsidir. Bütün bu hadisələr Ermənistanın işğalçı və işğalı dəstəkləyən dövlət olduğunu sübut edir.

Nəcməddin Quluzadə



Similar news