KİVDF: dünəni qaranlıqdır, sabahı işıqlı olacaqmı? – JURNALİSTLƏR DANIŞIR


  • 12:25 / 27 04 2020 |
  • Bölmə: Gündəm


Ölkədə  islahatlar davam edir. Növbə KİV-ə çatdı. Ölkə başçısının sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna yeni icraçı direktor təyin olundu. Yeni icraçı direktor Əhməd İsmayılov kadr dəyişikliklərinə başlayıb. 
 
Zaman-zaman KİVDF sisteminin primitiv və ziyanlı olduğu barədə fikirlər səsləndirilib. Mətbuat həqiq və effektli dəyişikliklər gözləyir. Bu səbəbdən media bilicilərinə cəmi bir sul ünvanladıq. 
 
“KİVDF-nin fəaliyyətində dönüşə nail olmaq üçün 3 təklifinizi söyləyə bilərsiniz? 
 
“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay:

 - Heç bir təklifim yoxdur.  

Jurnalist Famil Cəfərli:

- Bircə təklifim var: yeni rəhbərlik at izinin it izinə qarışdığı bu sahədə ədalətlə və təmkinlə ciddi bir araşdırma aparıb, peşəkarlarla həvəskarları özü üçün ayırd eləsin. Qalan şeylər öz-özünə yoluna qoyulacaq.
 
Musavat.com saytının baş redaktoru Xalid Kazımlı:

- Bircə təklifim var. Həmişə ədalət üstün tutulsun, yerdə qalan məsələlər öz-özünə düzələcək
 
Jurnalist Ramilə Qurbanlı:

- KİVDF ilə Mətbuat Şurası birləşərək vahid qurum olsun; 
- Jurnalistikanın inkişafı üçün inamlı, real addımlar atılsın;
- KİV-ə münasibət tərəfsiz, obyektiv olsun - qohumsevər, bölgəsevər “fəlsəfəsi”nə yox, vətənsevərlik prinsipinə söykənilsin. 
 
Etikxeber saytının baş redaktoru Kamil Həmidov: 
 
- KİVDF fəaliyyətində şəffaflığı əsas götürsün, mediaya əlçatan olsun, peşəkar jurnalistlərin yollarını açsın, onların mediadan uzaq düşməsinə imkan verməsin;
- KİVDF domokl qılıncına çevrilməsin, söz və mətbuat azadlığının möhkəmliyinə xidmət edən dayaqları sarsıtmasın; 
- Medianın reklam bazarını formalaşdırsın, jurnalistikanı ələbaxımlıqdan qurtrasın. 
 
“Qaynar Media” qrupunun rəhbəri Zahir Əzəmət: 

- Qəzetlərin yayım şəbəkəsinin ölkə boyu genişləndirilməsi, ölkə miqyasında çoxsaylı satış nöqtələrinin yaradılmasına dəstək verilsin, əl yayımı bərpa olunsun;
- Müasir standartlara uyğun yeni mətbəələr yaradılsın, onlara güzəştli kreditlərin ayrılması təmin olunsun;
- KİV-in fəaliyyəti ilə bağlı son 15 ildə bir çox qanunlara edilmiş çoxsaylı məhdudlaşdırıcı dəyişiliklər ləğv edilsin.
 
Jurnalist Ramina Eyvazqızı 

- KİVDF ləğv olunsun, belə bir qurum dünya təcrübəsində yoxdur, Press Council formatı var, o da bizdə Mətbuat Şurası adı ilə fəaliyyət göstərir
 
Jurnalist Alim Hüseynli: 

- Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının tərkibi dəyişdirilsin; 
- Qəzetlərə maliyyə yardımının ayrılması meyarlarına yenidən baxılsın; 
- KİVDF elə ünvanlı maliyyə yardımı mexanizmi hazırlasın ki, redaksiyalara aiyrılan vəsait jurnalistlərin də maddi rifahına təsir göstərsin.
 
Jurnalist Ruslan Xəlil: 

- KİVDF media üzrə QHT-lərlə sıx əməkdaşlıq etsin, onların layihələrini dəstəkləsin; 
- Saytların maliyyələşməsi təmin olunsun, təbii ki, bu mexanizm onların müstəqilliyinə xələl gətirməsin;     
 
Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət

- KİVDF birmənalı şəkildə onlayn medianı dəstəkləsin.
 
Jurnalist Rey Kərimoğlu:

- KİVDF ləğv edilsin, səlahiyyətləri Mətbuat Şurasına verilsin. Mətbuat Şurasının nizamnaməsinə yenidən baxma,  dəyişiklikləri əlavə etmək doğru olar. Jurnalistlərun hüquq və mənafelərinin qorunması da Şuranın fəaliyyət sahəsinə əlavə edilsin.
 
Jurnalist Bahar Rüstəmli:
 
- KİVDF-nin fəaliyytində hər hansı dönüşün olmasına inanmıram. Çünki sözü gedən qurumun bünövrəsi pis qoyuldu. KİVDF ancaq qohumbazlıq, dost-tanışlıq və əvvəlki rəhbərliyin siyasətini dəstəkləyənlərə xidmət etdi. Dövlətin mətbuat üçün verdiyi maliyyə və imkanların böyük hissəsini özü mənimsədi, az hissəsini isə özlərinə yaxın media orqanlarına verdilər. KİVDF-nin sayəsində kağız mətbuatında əziyyəti olan bütün tanınmış jurnalistlər kənarda qaldı. Elə biri mən, 25 ilə yaxın stajım olduğum halda Vüqar Səfərlinin sayəsində dövlətin jurnalistlərə verdiyi binada mənzil ala bilmədim. Bu boyda haqsızlıqlardan sonra bu qurumda hər hansı dönüşün olacağına ümidim yoxdur. 
 
Jurnalist Mirmehdi Ağaoğlu: 

- Bu illər ərzində KİVDF-nin fəaliyyətində məni cəlb edən nəsə olmayıb. Ümumiyyətlə düşünürəm ki, o artıq qurumdur, ölkədə KİV-lərin fəaliyyətini yaxşılşadırmaq üçün ilk növbədə azad reklam bazarını stumullaşdırmaq lazımdır. Rəqabətli reklam bazarı formalaşndan sonra KİV-lərin yaşaması üçün heç bir əlavə dəstəyə ehtiyac olmayacaq. 
 
Jurnalist Şöhrət Eyvazov:

- Ənənəvi sahələrlə yanaşı, onlayn mediaya güclü dəstək verilsin;
- Bölgə mediasına dəstək diqqətdə saxlanılsın - Fond təkcə paytaxtda olan media vasitələrinə deyil, bütünlükdə ölkəmizdə fəaliyyət göstəgən KİV-ə dəstək üçün yaradılıb. Eləcə də, jurnalistlərin əməyini qiymətləndirəndə, mənzil və digər problemlərin həllində bölgə jurnalistləri yaxından nəzərə alınsın;
- İnformasiya təhlükəsizlyinin təmini və informasiya müharibəsinin tələblərinə daha ciddi əməl olunması məqsədilə xüsusi proqram hazırlansın.
 
Türküstan.info saytının baş redaktoru Aqil Camal: 

- Qəzetlər arasında ayrıseçkiliyə yol verilməsin - düşünürəm: artıq şəxsi dostluq, yaxınlıq, maddi maraqlar kimi streotiplər ortadan qalxacaq, gerçək qəzetçilik, ictimai nüfuz, gerçək oxucu potensialı kimi məsələlər əsas götürüləcək; 
- Ədalətsiz şəkildə tətbiq edilmiş kateqoriyalar bölgüsü ortadan qaldırılsın. Belədə ictimai çəkisi, oxucu çevrəsi olmayan qəzetlərin başa keçməsi praktikasına son qoyular. Bir-birini təkrarlamayan, profilləşmiş qəzetlərin inkişafına dəstək verilər; 
- Redaksiyaları daha çox xərcə salan məcburi tiraj məsələsində sərbəstlik verilsin.
 
Jurnalist Afət Telmanqızı:

- Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılanda qarşısına vacib məqsədlər qoymusdu. Söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək kimi. Bu gün bu məqsədlərə nail olmaq üçün imkan yaranıb. Yeni təyinat, islahatlar KİVDF-nın fəaliyyətində müsbət dönüş yaradacaq.
 
Jurnalist Ləman Ələşrəfqızı: 

- KİVDF adlı təşkilat o qədər mənfi rolu ilə yadda qalıb ki, açığı mən bu haqda nəsə bir müsbət gözləntiyə ümud etmirəm. Məncə bu təşkilatın bütün mahiyyəti dəyişməlidir. Azərbaycan jurnalistikasını dilənən , ələbaxım obrazdan çıxarmalıdır. Ədalət prinsipini rəhbər tutmalıdır. Bu doğma, bu ögey etməməlidir. “Hər şey Azərbaycan jurnalistikasının inkişafı üçün!”- devizi əsas müddəa olsa, bəlkə də nəyəsə nail olduq. KİVDF hər ay qəzetlərə pul paylamaqdansa, medianın reklam siyasətinə töhfə verəcək proqramlar hazırlasın.
 
Jurnalist Qulu Məhərrəmli:

- Qurum öz nizamnaməsinə uyğun fəaliyyət göstərsin, mətbuatı “bizimkilərə”, “sizinkilərə” bölməsin, saxta müsabiqələri dayandırsın, qəzetləri ələbaxan öyrətməsin, ümumən medianın iqtisadi dayaqlarını möhkəmlətmək kimi strateji işlə məşğul olsun.
 
Jurnalist Nəsir Əhmədli: 

- Fondun 2008-2019-cu illərdəki fəaliyyəti ciddi araşdırılsın, yol verilmiş nöqsanlar aşkarlansın, onların bundan sonra təkrarlanmaması üçün dəqiq perspektiv plan hazırlansın; 
- Fondun aparat işçiləri və Müşahidə Şurasının üzvləri, əsasən, peşəkar və təcrübəli jurnalistlər sırasından seçilsin. Müşahidə Şurasının tərkibində ölkədəki jurnalistika fakültələrinin (şöbələrinin) tanınmış alimlərinin də olmasına diqqət yetirilsin; 
- Maddi yardımlar redaksiyalar (şirkətlər, saytlar və s.), mənzillər isə JURNALİCTlər arasında aşkar şəraitdə (səsvermə yolu ilə) və ədalətlə bölüşdürülsün.
 
Jurnalist İlqar Rəsul:
 
- Bu mətbuatla o KVDF, o KVDF ilə də bu mətbuat və dəyişiklik fəlsəfəsi bir araya sığımır. Çünki heç biri öz içindən müstəqil deyil. KVDF - nin indiki rəhbərinin necə işləyəcəyini bilmirəm. Qarşıda duman var, yol yaxşı görünmür.
 
Jurnalist Arif Əliyev:
 
- KİVDF qəzetlər arasında pul bölmək və yazı müsabiqəsi keçirmək üçün deyil, onun vəzifələri çox genişdir. Təşkilatın nizamnaməsində KİV-in iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət orqanları ilə KİV arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artırılması, fikir, söz və məlumat azadlığı sahəsində araşdırmalar aparılması, beynəlxalq təcrübənin öyrənilməsi kimi əsas vəzifələr əksini tapıb. 
- İndiki böhran vəziyyətinin başlıca səbəblərini nəzərə alaraq,iqtisadi müstəqillik üçün baza yarılması məsələsini önə çıxarardım. Reklam və satış bazarı formalaşdırılsın, yüksək texnologiyalardan istifadə təmin olunsun. KİV-in də büdcə yardımından asılı vəziyyətdə saxlanılması onun inkişafının qarşısına sədd çəkir;
- İkincisi, informasiya mənbələri ilə, o cümlədən dövlət orqanları və onların mətbuat xidmətləri ilə münasibətlər düzgün qurulsun; 
İntensiv kadr hazırlığına başlanılasın. İxtisaslamaya, kontent-menecerlərin, media biznes-menecerlərinin, kompüter tərtibatçılarının hazırlığına xüsusi diqqət göstərilsin.

“Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, jurnalist Zeynəb Kazımova: 
 
- KİVDF-nın Azərbaycanda xaricidilli mediaya dövlət dəstəyinin həyata keçirilməsi üçün ayrıca müvafiq konsepsiya olsun - ortaya qoymasına zərurət var. “Azərbaycanda xaricidilli KİV üçün konsepsiya” əsasında xaricidilli mediaya xüsusi şərtlərlə (həmin KİV orqanının məqsədi, peşəkarlıq, dil biliyi, bu sahədə təcrübə və s.), ayrıca kateqoriya üzrə maliyyə vəsaitinin ayrılması məqsədəuyğun olardı;
- KİVDF-nın maliyyə yardımı müsabiqəsinin bir neçə istiqamət üzrə maliyyələşmə qaydalarında dəyişiklik olunmasını zəruri hesab edirəm. Çünki müsabiqənin prioritet istiqamətlərində göstərilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi, Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin və mədəniyyətinin təbliği, Azərbaycançılıq ideyasının təbliği, Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi, elm və təhsilin inkişaf etdirilməsi istiqaməti üzrə dəstəyin Azərbaycanda fəaliyyət göstərən xaricidilli mediaya yönəldilməsi vacibdir. Hazırda Fondun müsabiqəyə təqdim olunan bütün layihələrə aid mövcud tələbləri ölkədə nəşr olunan gündəlik qəzetlərə qoyulan tələblərlə eynidir. Bu da ayda iki dəfə nəşr olunan, ölkəmizdə yeganə fransızdilli mətbu orqan olan "Le Carrefour" (Yol qovşağı) qəzetinə müvafiq müsabiqədə iştirak etməyə əngəl yaradır. Baxmayaraq ki, bu qəzet 2007-ci ildən ölkədə yeganə fransızdilli nəşrdir və məhz Fondun konsepsiyasında öz əksini tapmış yuxarıda sadalanan istiqamətlərdə fəaliyyət göstərərək çox işlər görüb.
- Bu sahədə atılan addımlar məqsədyönlü və proqram şəklində olsun. Çünki ölkədən kənardakı auditoriyaya, fransızdilli, ingilisdilli və s. əcnəbilərə, xarcdə yaşayan həmvətənlərimizə, nəşr olunduğu dilin vətəni olan və həmin dildə anlayan, danışan, yazan-oxuyan auditoriyaya ünvanlanan belə media orqanları həm də öz fəaliyyətində məhz Azərbaycanın təbliğatını, xalqımızın mənafeyini üstün tutmalıdırlar.
 

"Rupor Analitik"
 
 







Oxşar xəbərlər