Azərbaycanın gücü haqlı olduğunun nəticəsidir - Təxribat törətmək istəyən xarici “güclər”in menyüsünə


  • 10:16 / 20 05 2022 |
  • Bölmə: Gündəm


Dünya yaranandan vahid siyasətə xidmət edir: güclüsənsə haqlısan. əslində əksi olmalıdr: haqlısansa güclüsən. Çox təəssüf sonradan yaranan bəzi dövlətlər müxtəlif yollarla - ərazilərini genişləndirməklə, başqalarına məxsus torpaqlarda iqtisadi işğal faktorları gerçəkləşdirməklə, sudan, qurudan, yerin altından əldə etdikləri sərvətlər hesabına silahlanmaqla gücə malik oldular və bütün əməllərində - çirkin və ya qeyri-çirkin hərəkətlərində bu gücün hesabına özlərini haqlı çıxarmağa çalışdılar, çox ağrıdıcı məqamdır ki, buna da nail oldular. 

Yüz min illər keçib, hələ də eyni siyasət davam etdirilir, həm də daha dərin, daha oturuşmuş. Təbii ki, dünyanın gedişatını dəyişmək mümkün olmayacaq. Amma haqsız güclülərin həqiqətən də haqlı olduqları üçün güclüyə çevrilməkdə olan ölkələrə qarşı yürütdükləri aşağılayıcı, dağıdıcı, böhtançı siyasətə də bu hücumlara məruz qalanlar göz yuma bilməz. 

Konkretləşdirək: Azərbaycanın müstəqillik yaşı 70 illik əsarəti də nəzərə alsaq cəmi 100 il edir. Əslindəsə son 30 ildə əbədi müstəqilik əldə olunub. Bu az müddətdəsə ölkə 300 illik yol keçmiş kimidir. Xüsusən 28 ildir işğalda olan yurdlarımızı haqqımız, ədalətimiz, məhz öz hesabımıza genişlənən iqtisadiyyatımız, sədaqətli xalqımız, əzəmətli dövlətimizin birliyi nəticəsində 44 gün azadlığa çıxarmağımız gücü haqqa çevirmək istəyən o haqsız dövlətlərdə, onların vassalı olan, adda müstəqil, əməldə əsarətə düşən merkantil beynəlxalq təşkilatarda qıcıq yaradıb.  
 
Azərbaycanın Qafqazda lider dövlət mövqeyinə sahib olduğu, dünyada böyük nüfuz qazandığı danılmaz faktdır. Dünya 8-9 ölkənin girovunda qala bilməz. 220-dən çox müstəqil dövlət var ki, onların hər biri eyni hüquqa malikdirlər. O 8-9 dövlət Azərbaycanın uğurlarına dözümlü yanaşa bilmirsə və əksər ölkələr bu mövqeyin əksinə olaraq ölkəmizin inkişafına hörmətlə yanaşırsa, azlığın cığallığı ikrah yaratmaya bilmir. 
 
Əlbəttə bugünkü dünyaci siyasətin məkrli olduğunu göstərən faktorlardan biri də xristian-müsəlman qarşıdurmasıdır. İndi neyləyək, müsəlman olmaqdan vaz keçək? Yaxud müsəlman olub hansı yanlışa yol vermişik? Kimin haqqını tapdamışıq? Bütün gerçəklər diqtə edir ki, Azərbaycanla Ermənistanı nəinki qarşı-qarşıya qoymaq, heç müqayisə etmək doğru deyil. Ermənistan həmişə uçrumda, Azərbaycan daim zirvədə olub. Nəyi necə müqayisə edəcəksiniz? Apardığınız müqayisələr uğusuzluğa düçar olduğu kimi, azərbaycanlıları ermənilərə uduzdurmaq istəyiniz də həmişə uğursuzluqla nəticələnib. Buna baxmayaraq, üzərimizə çirkli informasiyalarla hücumların ardı-arası kəsilmir. Əlbəttə, o hücumların hər biri qətiyyətlə zərərsizləşdirilir, sadəcə Azərbaycan dünyanın sülhə sahiblənməsi kimi vacib işlərə dəstək verməli olduğu halda enerjini böhtanlara cavab verməyə xərcləmək itkidir. 

Yenə başlanıb. Ölkədə vacib beynəlxalq tədbirlər ərəfəsində qara PR, yalançı xəbər, dezinformasiya maşını işə salınır. Əslində belə hərəkətə yol verənlər beynəlxalq aləmə hörmətsizik etmiş sayılırlar. Azərbaycanda tədbirlər keçirməkdə beynəlxalq qurumlar, çox saylı müstəqil ölkələr maraqlıdırlar. Azərbaycan nəhəng tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini çoxdan isbatlayıb və təbii ki, belə bir ölkənin qonağı olmaq xaricilərin ürəyindəndir. Dezinformasiya, böhtan, qara PR maşınının sükanı arxasında oturanlar Azərbaycana qərəz göstərməklə milyonlarla xaricilərə hörmətsizlik edirlər. 

Faktlara nəzər salaq:  2012-ci ildə keçirilən “Avroviziya” müsabiqəsi ərəfəsində Bayılda iki binanın sakinlərinin köçürülməsi ilə əlaqədar vətəndaşların mülkiyyət hüququnun pozulması mövzusu qabardıldı. Halbuki xüsusən Bakıda aparılan yenilənmə, tikinti-quruculuq işləri zamanı köçürülmələr, kompensasiyalar fonunda razı qalanlar da olur, narazı qalanlar da, ikincilər sivil danışıqlar nəticəsində istəklərinə çatırlar və proses də öz axarında gedir. Nə var, nə var, Azərbaycan nəhəng müsabiqənin qalibi olub və bu da ona əlavə şöhrət qazandırıb. “Yox, buna dözmək olmaz, tez çamur atmaq lazımdır” məntiqinin girovunda əziyyət çəkənlər, onların ünvanladıqları gödən  payına dövlətini satmağa hazır olan daxildəki ünsürlər iki bina məsələsini elə qabartdılar ki, sanki 11 sentyabr hadisəsi baş verib. Karvansa yoluna davam etdi. Azərbaycan “Avroviziya” müsabiqəsini layiqincə keçirdi.  2015-ci ilin Avropa oyunlarını yada salaq: “Guardian”ın əməkdaşı Owen Gibsona, özünü Red Pepper nəşrinin əməkdaşı kimi təqdim edərək saxtakarlıq törədən Emma Hyuza  akkreditasiya verilməməsini qara bayrağa çevirib möhtəşəm tədbirə kölgə salmağa cəhd göstərildi.  Formula-1 yarışları da hər dəfə çamur hücumları ilə üzləşir. Qəfildən ortaya itlər çıxır və onların güllələnməsi oyunu qurulur. Oyunu quranlar sosial şəbəkələri də bu işə cəlb edərək ölkəmiz barədə “vəhşi” obrazı yaratmağa can atırlar. Halbuki Azərbaycanda sahibsiz heyvanların saxlama məntəqləri fəaliyyət göstərir, onlardan birinin “Toplan”ın adını çəkmək kifayətdir. Böhtançılar “Toplan” məntəqəsində küçədən götürülən heyvanlara yaradılan şəraitlə tanış olsalar, şər dağarcığı olduqlarından mütləq utanarlar. 

Təxribatların ardı-arası kəsilmir. 2018-ci ildə  futbol üzrə Avropa Liqasının Bakıda keçirilən  final oyunu ərəfəsində "Arsenal" klubunun oyunçusu Henrix Mxitarya Azərbaycana gəlməkdən imtina edir və burada onu təhlükə gözlədiyini söyləyir. Vəssalam, şər maşını yenə şürülməyə başlayır. Henrixə qədər Azərbaycana müxtəlif səviyyəli ermənilərin gəlib getdiyini, sülh danışıqları zamanı onlarla bir masada əyləşildiyini isə görməzdən gəlirlər. Mühüm beynəlxalq  iqtisadi, siyasi, humanitar tədbirlərdə Azərbaycana qarşı təşkil olunan neqativ informasiya kampaniyalarının sayı çoxdur, sadaladıqca bitməz. Bir daha təkrar edirik, belə hücumların əks effekt verdiyi də şübhəsizdir. Azərbaycan həmin tədbirləri yüksək səviyyətə həyata keçirib, arada o böhtançılar əzəmətli bir xalqın nifrətini qazanıblar. 

Azərbaycan 3 beynəlxalq tədbirə – Texnofest festivalı, Formula-1 yarışması və Qlobal Bakı Forumuna ev sahibliyi etməyə hazırlaşır.  Artıq köhnə çirkin ənənəyə start verilib. Qara əl iş başındadır. Özlərinin hansı cinsə mənsub olduqlarını dəqiqləşdirə bilməyənlərin ürəkbulandıran aksiyası təşkil olunur, itlərin öldürüldüyü iddiası ilə xəbərlər yayılmağa başlayıb. Xaricdə gizlənib “bloger” adı altında tərbiyəsizlik edənlərin “meydanlara çıxın” çağırşları tirajlanır. Şəhid ailələrinə, qazilərə qarşı güya haqsızlıqlar edildiyi ilə bağlı sosial şəbəkələrdə dezinformasiyalar yaylır, halbuki sonradan həqiqət ortaya çıxır, bu təbəqə üzvlərinin dəllalların toruna düşdükləri məlum olur. 

Hələ çox təxribatlarla üz-üzə qalacağıq. Ancaq nə baş verməsindən asılı olmayaraq haqqımızı kimsəyə qurban verməyəcəyik. Azərbaycan öncə haqlı, sonra güclüdür. Azərbaycanda haqla güc bir-birinin davamıdır, gücümüz haqlı olduğumuzun nəticəsidir. Belə bir dövlət haqsızın gücündən çəkinə bilməz və haqsızın qalib gəlməsinə rəvac verməz. 

Ceyhun Musaoğlu



Oxşar xəbərlər