İki rəsmi şəxsdən bir-birinə zidd açıqlama: Ermənistanla danışıqlar nə yerdədir?


  • 19:55 / 16 06 2022 |
  • Bölmə: Gündəm / Siyasət


Bu yaxınlarda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev Ermənistanla sülh prosesinin ölü nöqtəyə doğru irəlilədiyini açıqladı. Xarici İşlər nazirinin müavini Xələf Xələfov isə bölgədə sülhün qarşısını alacaq qüvvənin mövcud olmadığını bildirdi. Dövləti təmsil edən iki mötəbər şəxsin bir-birinə zidd açıqlamasını necə izah etmək olar? Ümumiyyətlə, bu gün Ermənistanla sülh danışıqları nə yerdədir?

“Rupor” məsələ ilə bağlı politoloqların münasibətini öyrənib.





“Ermənistan sülh müqaviləsi bağlamasa, Azərbaycan güc tətbiq edə bilər”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Fərid Şəfiyev və Xələf Xələfovun açıqlamalarının bir-birinə zidd olmadığını bildirdi: “Fərid Şəfiyevin dediyi düzgündür. Ermənistanla sülh prosesi ölü nöqtəyə doğru gedir və Ermənistan tərəfi kaputilyasiyaya imza atdığı gündən bəri götürdüyü öhdəliklərə əməl etmir. Biz həm Brüssel, həm də Moskva görüşlərində eyni nəticənin şahidi olduq. Faktiki olaraq ortalıqda sülhlə bağlı heç bir nəticə yoxdur. Xarici İşlər nazirinin müavini isə deyir ki, bölgədə sülhün qarşısını alacaq heç bir qüvvə yoxdur, bu, həqiqətən də belədir. Fərid Şəfiyevlə Xələf Xələfovun ifadələri arasında ziddiyyət yoxdur. 10 noyabr razılaşması Ermənistanın məğlubiyyətinə əsaslanan bir razılaşmadır. Bundan sonra Ermənistan sülh müqaviləsi bağlamasa, Azərbaycan güc tətbiq edə bilər. Prezident İlham Əliyev belə olan halda Ermənistanın ərazi bütövlüyünü tanımayacağımızı bildirdi, Zəngəzur konsepsiyasını əsaslandırdı və Azərbaycanın tarixi torpaqları məsələsini meydana çıxartdı. Hədəf Göyçədən, Zəgəzurdan, hətta İrəvana qədər genişlənir. Bu gün ortada iki reallıq var, birincisi, danışıqlar bizi qane etmir, İkincisi, biz danışıqları reallaşdıra biləcək təyziq qüvvələrinə sahibik. Məhz, bu məsələlərə görə, iki rəsmi şəxsin ifadələri bir-birinə əks deyil. Sülh danışıqlarının nə yerdə olduğuna gəldikdə isə, yenə də Ermənistan tərəfi ümumi gedişatı uzatmaqla məşğuldur, real imkanlar itirilməkdədir. 



“Ermənistan Avropa  və Rusiya arasında qalıb”

Politoloq Fikrət Sadıqov Azərbaycanın regionda sülhün bərpasının tərəfadarı olmaqla yanaşı, həm də bir sıra təşəbbüsləri irəli sürdüyünü xatırlatdı: “Biz nümunə kimi 5 prinsip məsələsini göstərə bilərik. Faktiki olaraq Ermənistan Kaputilyasiya aktına imza atıb. Biz çalışırıq ki, Cənubi Qafqazda sülh yaransın. Digər tərəfdən Türkiyə də Ermənistanla münasibətləri normallaşdırmaq üçün danışıqlara başlayıb. Əlbəttə ki, Ermənistan sülh prosesinə əngəllər törədir, Problemlər yaradır. Rəsmi İrəvan müxalifət qüvvələri ilə üzləşərək çapalayır. Müxtəlif bəhanələrlə çıxışlar edir, bəyanatlar yayır. Ermənistan Avropa  və Rusiya arasında qalıb, ona görə də müxtəlif qütblərin maraqlarına cavab verən addımlar atmağa çalışır. Amma,  Azərbaycan əlindən gələni etməlidir ki, Ermənistan bu sülh danışıqlarında real şəkildə iştirak etməklə yanaşı, həm də bizim təkliflərimizi qəbul etsin. Bölgədə sülhün yaranması vacib şərtlərdən biridir.Bununla razılaşmayıb, bizə qarşı ərazi iddiası ilə çıxış edərlərsə, bizim də onlara qarşı ərazi iddia etmək üçün əlimizdə daha çox əsaslar var. 

Nəcməddin Quluzadə





Oxşar xəbərlər