Mirzəyevçiləri əbədi cazibəsində saxlayan Şirin Mirzəyev GÜNƏŞİ – Anım tarixli reportaj - Fotolar+Video


  • 19:59 / 19 06 2022 |
  • Bölmə: Gündəm


Şəhidlər əbədiyyət üfüqündə günəşdirlər daim parlayıb aləmləri özlərinə cəzb edirlər. O möhtəşəm cazibə qüvvəsindən biri də, Milli Qəhrəman, polkovnik-leytenant Şirin Mirzəyevdir. 30 ildir əbədiyyətə qovuşub, bu 30 ildə elə bir saniyə olmayıb ki, cazibəsi zərrə də azalsın, əksinə, hər ötən gün Şirin Mirzəyev şəxsiyyətinə aşiq olanların sayı artır. Elə o aşiqlər idi Azərbaycana Böyük Vətən müharibəsi qələbəsini yaşadıb, komandirlərinin ruhunu şad edən. 

Şəhidlik əbədiyyətdir həqiqəti ən ali gerçəklərdəndir. Şirin Mirzəyevin əbədi cazibəsi bu dəfə də mirzəyevçiləri müqəddəs məzarın başına toplamışdı. Komandirin təqvimlə anım günüdür. Təqvimsizsə, o, hər an anılır. Əsgərləri komandirlərinin əmrinə bu gün də əməl edirlər. Bilirsiz, həyat müharibədən həmişə ağır olub. Şirin Mirzəyevin əsgərləri həyatda mərdliyin, qürurun, kişiliyin, vətənpərvərliyin, milliliyin, birliyin uğrunda canlarını uf demədən fəda etməyə hazır olduqlarını dəfələrlə göstəriblər. Bu əmr komandirin onlara  ünvanladığı dəyişməz əmrdir. Bu əmr koddur, o kod ki, 28 ildən sonra yeniyetmə mirzəyevçilərin genetikasında işıq saçaraq yarasa xislətli düşməni kor qoydu.   



Şirin Mirzəyevin müqəddəs məzarına doğru irəliləyən insan selinə diqqətlə fikir verdim. İki il öncə onlar belə şəstlə yerimirdilər, yerimək istəyirdilər, komandirin qəbuluna başı dik getməyə can atırdılar, ancaq cəbhə üçün verilən “azad edin” əmrini yerinə yetirməmişdilər. Bu il isə qəhrəman mirzəyevçilər Fəxri Xiyabana sanki uça-uça daxil oldular. Səbəbləri də vardı: Komandirə müjdə verməyə gedirdilər. 

Şirin Mirzəyevin xanımı, millət vəkili Flora Mirzəyeva üzünü məzara tutub “Ruhun şad olsun, Şirin” deyəndə şəkillərdən gördüyüm komandir gözlərim qarşısında canlandı. Gördüm ki, məzarın ətrafına toplaşanların hamısını eyni anda köksünə sıxıb. Əvvəl inanmadım, bir insanın sinəsi və qolları nə boyda olmalıdır ki, yüzlərlə insanı köksünə sıxa bilsin. Məni qınamayın, Şirin Mirzəyevi həyatda görməmişəm, əsgəri olmamışam, səsinisə efirlərdən eşitmişəm. Hə, həmin səs idi. Dedi ki, “Məni arzuma çatdırdığınıza görə, hər birinizə bir ömür borcluyam”. Beləcə dedi, “bir ömür borcluyam”. Səsin ahənginə heyranlıqla onun simasına bir də diqqətlə baxdım. O idi, komandir idi. Əsgərin sıra duruşunda təzim etdiyi şəxs əlbəttə ki, komandir olar. Əsgərləri bir cərgə düzülüb komandirin məzarı önündə baş əymişdilər. 



Flora Mirzəyeva hər kəsə “başınızı dik tutun” söyləyib, qəhrəman komandirin ruhunun 30 ildən sonra rahatlığa qovuşduğunu dedi. Komandir xanımı torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçənlərin ən çox arzuladığı qalibiyyətin əldə olunmasına görə hər bir döyüşçüyə minnətdarlığını bildirdi. 

Əsgərlər adından Qarabağ Qaziləri İctimai Birliyi İdarə Heyətinin üzvü, jurnalist Rey Kərimoğlu danışdı. Komandirin qəhrəmanlıqlarını xatırladan əsgər Vətən müharibəsində Azərbaycana qalibiyyət yaşadanların bu qəhrəmanlıq nümunələrindən bəhrələndiyini söylədi. 

Şirin Mirzəyevlə birgə bir neçə döyüş yoldaşı da 1992-ci ilin iyunun 18-də Sırxavənd istiqamətində aparılan döyüşlər zamanı şəhid olublar. Mübariz və Araz Mirzəyev,  Qahir Hüseynov, Yavər Babayev də eyni sevgi ilə xatırlandılar. 

Digər çıxş edənlər Birinci Qarabağ müharibəsi qəhrəmanlarının getdiyi müqəddəs yolun Vətən Müharibəsində məntiqi sonluqla nəticələndiyini, hər iki müharibə iştirakçılarının Azərbaycan xalqına xoşbəxtlik yaşatdıqlarını vurğuladılar. Allahdan bütün şəhidlərimizə rəhmət dilədilər.
 
Tədbir Şuşa restoranında bütün şəhidlərin xatirəsinə verilən ehsan süfrəsi və bədii təqdimatlarla davam etdi.



Şəmistan Əlizamanlının aparıcılığı ilə keçirilən anım mərasimində ilk eşitdiyimiz “Hay ver mənə, cənab leytenant” mahnısı oldu. Şəmistan bəy bu mahnını elə oxuyur ki, müharibədə bir gün olmayan belə, özünü həmin odun alovun içərisində görür, simruq quşuna dönüb döyüşçü yoldaşlarının köməyinə tələsirmiş kimi hisslər yaşayır.

Əməkdar artist Azad Şükürovun söylədiyi şeir qələbə yaşayanlara müharibə acılarını bir daha ləzzətlə daddırdı.
 
Mərasimdə iştirak edən Qaçqın və Məcburi Köçkünlərlə  İş üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev şəhidlərin xatirəsini daim əziz tutan Azərbaycan xalqının dünyaya nümunəvi davranış sərgiləməsi ilə fəxr etdiyini dilə gətirdi, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən insanların əbədi təşəkkürə layiq olduqlarını söylədi.

Tanınmış aparıcı Rafilk Həşimovun Vətən Müharibəsinə həsr etdiyi kompazisiya da necə möhtəşəm xalq olduğumuzu bir daha göstərmiş oldu. Filmdə 44 gün ərzində hansı dəhşətləri hansı qəhrəmanlıqla yaşadığımız ustacasına əksini tapıb.



Söz Rey Kərimoğluna verildisə, hər kəlməsində məclisdə iştirak edənlərin şəxsiyyəti barədə xoş sözlər eşidəcəyik. Əbədi əsgər olan Rey qardaşımız qəhrəman insanları təqdim etdikcə adam azərbaycanlı olmağın gözəlliyini bir daha yaşayır. Təqdim olunan bu qəhrəmanlarsa Şirin Mirzəyevin yaratdığı ilk milli batalyonun döyüşçüləri olublar. 

Komandirin ruhunun işığında tarix bizim qonağımız idi, onu yaradanların görüşünə gəlmişdi, bu şəxsiyyətlərin hər biri ayrılıqda danılmaz və oxunan tarixdir. 

Rey Kərimoğlu 1992-ci ildə Şirin Mirzəyevin “Ordu” qəzetinə verdiyi müsahibənin nüsxəsini göstərib, dahi komandirin cavabından birini oxudu. Sual BMT-nin sülhməramlı missiya çərçivsində Qarabağa gələcəyi ilə bağlı yayılan məlumatla bağlı idi. Komandir Azərbaycanın torpaqlarını yalnız öz ordusunun ala biləcəyi cavabını verir, nə BMT, nə Rusiya, nə başqa xarici qüvvələrin münaqişəni həll etməyəcəyini açıq bəyan edir. 



Əhsən SİZƏ, komandir. Müdrüklük necə olur? 28 il BMT, Rusiya, ATƏT, xarici dövlətətlər Azərbaycanın başının altına yastıq qoymaq istədilər, nəhayət o yastığı bombaya çevirib işğalçının başına yağdırdıq və Şirin Mirzəyevin dediyi oldu – işğala Azərbaycan Ordusu son qoydu. Bəli, Şirin Mirzəyev kimi dahilərin yaratdığı cəngavər ordu. 

Müdrüklük Şirin Mirzəyevin düşüncə tərzinə hakim idi. O, zəngin mütaliəyə, dərin fəhmə, geniş erudusiyaya malik bir şəxsiyyət olub. Şükür Azərbaycana, Şirin Mirzəyev kimi dahi insanları var.  

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Şirin Mirzəyevin fenomen bir insan olduğundan söz açdı. Dedi ki, komandir istənilən sahədə ən yükəsk zirvəyə layiq bir şəxsiyyət idi. Amma nə yaxşı ki, hərb sənətini seçdi və Azərbaycanın Milli Ordusunu yaradan əsas insanlardan oldu. Belə bir ordu yenilə bilməzdi, necə ki, yenilmədi. 

Məşhur döyüşçülərdən Abdal Qəhrəman kimi tanıdığımız Qəhrəman Hüseynov komandirin anım gününün 30-cu ilinə həs etdiyi şeiri oxudu. Sonra həmin əlyazmanı Milli Qəhrəmanın ailəsinə təqdim etdi. Şeirdə komandirin döyüş yolu poetik dildə təsvir olunmuşdu.

Beynəlxaq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu Azərbaycan əraziləri işğala məruz qalanda xalqın təkləndiyni, haqq səsimizə kimsənin hay vermədiyini xatırladaraq, Şirin Mirzəyev kimi qəhrəman oğulların sayəsində bu təlatümlərdən alnı açıq, üzü ağ çıxdığımızı söylədi. O, Azərbaycanın həmişə özünə güvəndiyini və mövqeyində heç vaxt yanılmadığını da diqqətə çatdırdı. 

Komandirin həyat yoldaşı Flora Mirzəyeva söz demək üçün dəvət olunanda iştirakçılar onu alqışlarla qarşıladılar. Flora xanım bu alıqşların mirzəyevçilərə layiq olduğunu deyərək, sözə başladı. Bildirdi ki, Şirin Mirzəyev peşəkar hərbçi kimi Ağdama gedəndə niyyəti müxtəlif batalyonları vahid komandanlıq altında birləşdirmək olub: “Düzdür, Şirin bəy bu istəyinə tam nail olmasa da həmin batalyonların komandirləri ilə birgə döyüş əməliyyatları hazırlayıb tarixi uğurlar qazandılar. Bununla yanaşı, Şirin Mirzəyev ilk rəsmi batalyonun yaradıcısı oldu ki, o batalyon Milli Ordunun təməlinə çevrildi və sizlər həmin batalyonu əfasənələşdirdiniz, bu günə qədər gətirib tarixin salnaməsini yaratdınız, bu gün də yenə bir-birinizin yanındasız, mirzəyevçilər ailəsinin sıralarını genişləndirirsiniz. Bu sadəqətə, bu məhəbbətə görə var olun!”.



Tədbir sona çatmışdı, iştirakçılarsa mərasim evinin həyətində bir-biri ilə söhbətləşir, getməyə tələsmirdilər. Komandirin cazibəsi onları elə çuğlamışdı ki, sanki döyüşqabağı əmr gözləyirdilər, elə indi silahlanıb, Xocalının, Xankəndinin ərazilərini, düşmənin nəzarətində müvəqqəti qalan bir neçə kəndləri azad etməyə yollanacaqdılar. 

Əlbəttə o gün uzaqda deyil. Azərbaycan qalibdir. Qaliblərsə mühakimə olunmurlar. Şirin Mirzəyev kimi qəhrəmanı olan xalqısa kimsə mühakimə edə bilməz. 

Rahat uyu komandir, arzun gerçəkləşib: vahid ordumuz var, Şuşamız, Ağdamımız, Kəlbəcərimiz, Laçınımız işğaldan azad olunub, Qarabağımız gülüstana dönür. 

Tanıyırıq, əzbər tanıyırıq. Xatırlatamalar unudanlar üçün deyil, unutmayanlar üçündür, oxuyub da bir daha fəxarət hissi yaşayanlar üçündür. 

Buyurun, Şirin Mirzəyevi bir də tanıyaq: 1947-ci il yanvarın 5-də Xankəndində andan olub. 1967-ci ildə Sankt- Peterburq Ali Siyasi Hərbi Məktəbini, 1988-ci ildə Hərbi Siyasi Akademiyanı bitirib. Uzun illər Sovet ordusunda xidmət edib. O, 1991-ci ildə Azərbaycanda ilk nizami özünümüdafiə taboru yaradıb. Alay komandiri kimi Ağdam rayonun müdafiəsində, ayrı-ayrı yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsində böyük qəhrəmanlıq göstərib. 1992-ci ilin iyunun 18-də Sırxavənd istiqamətində aparılan döyüşlər zamanı həlak olub, iyunun 20-də Şəhidlər Xiyabanında dəfn olunub. Həmin gün onunla birlikdə Mübariz və Araz Mirzəyev,   Qahir Hüseynov, Yavər Babayev də qəhrəmancasına şəhid olublar. Ölümündən sonra Şirin Mirzəyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.



Polkovnik leytenant Şirin Mirzəyevin döyüş yolu ən ağır bölgələrdən keçib. Onun sərkərdəlik qabiliyyəti sayəsində Naxçivanik, Pircamal, Ağbulaq, Dəhraz, Fərrux, Qaraşlar, Bəşirli, Sırxavənd, Ballıqaya və digər kəndlər erməni quldurlarından azad edilmişdi. O, Ağdam rayonunun 120 kilometrlik cəbhə xətti ilə yanaşı, qonşu rayonların da bir sıra mühüm yaşayış məntəqələrinin erməni quldurlarından müdafiəsinə rəhbərlik edib. 

Şirin Mirzəyev bu gün də döyüşlərə rəhbərlik edir. Komandirin ruhu döyüşçülərin yolunu işıqlandıran Günəşdir. O Günəş! Mirzəyevçiləri əbədi cazibəsində saxlayan Günəş!

Ceyhun Musaoğlu 





Oxşar xəbərlər