İlqar Məmmədov Sahibə Qafarovaya müraciət ünvanladı - Mətn


  • 11:14 / 05 08 2022 |
  • Bölmə: Gündəm / Siyasət / Hadisə


Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisinin sədri Sahibə Qafarovaya müraciət edib. Müraciətə REAL Partiyasının “Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı təkliflər öz əksini tapıb. REAL sədrinin müraciətində həmçinin qeyd edilir ki, partiyanın təklifləri təkcə əlavədə göstərilənlərdən ibarət olmayacaq: “Qanun layihəsi açıqlanandan sonra ona dair daha konkret müddəalarla çıxış etmək niyyətindəyik”.

Partiyadan "Rupor"a daxil olan müraciətdə daha sonra bildirilir: 
 
"Hörmətli xanım sədr,
 
Parlamentdə təmsil olunan bütün siyasi partiyalar "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Sizə cari ilin iyulunda müraciət ediblər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin bu haqda iyulun 26-da yaydığı məlumatda deyilir ki, Siz artıq yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar vermisiniz və sənədin hazırlanması üzrə işə başlanılıb. Məlumatda eləcə də partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Milli Məclisə təqdim etmələri xahiş olunur. Bu məktuba Əlavədə təqdim elədiyimiz bəzi ideyalar ancaq indiki hüquqi, iqtisadi və siyasi çərçivələrə uyğun şəkildə hazırlanıb, Respublikaçı Alternativin daha geniş baxışını əks etdirmir. Görmək istədiyimiz mükəmməl qanun mövcud konstitusion, iqtisadi və siyasi şəraitdə işlək ola bilməz. Hətta hesab edirik ki, düzgün tətbiq edildikdə indi qüvvədə olan qanun da demokratik dəyişikliklərə apara bilər. Lakin, qanunun yenilənməsi zərurəti haqqında izlədiyimiz ictimai çıxışları və partiyamızın hakimiyyətlə davam edən dialoqunda bu mövzuya bir neçə dəfə toxunulduğunu nəzərə alaraq, bəzi yetişmiş dəyişikliklərin qarşısını almaq deyil, onları daha mükəmməl etmək üçün çalışmağa qərar vermişik. Təkliflərimiz təkcə Əlavədə göstərilənlərdən ibarət olmayacaq. Qanun layihəsi açıqlanandan sonra ona dair daha konkret müddəalarla çıxış etmək niyyətindəyik. Hələlik isə, layihə üzərində işə başlamış heyətin bu məktuba əlavə olunan sənədimizdəki fikirləri əsas götürməsini istərdik".

Məktuba əlavə də edilib. Həmin əlavəni də diqqətinizə çatdırırıq:  
 

Siyasi partiyalar haqqında qanunvericiliyin mümkün yenilənməsi ilə əlaqədar Respublikaçı Alternativ (REAL) Partiyasının mövqeyi:

1. Siyasi partiyalar haqqında yeni qanun Konstitusiya, eləcə də siyasi və iqtisadi şərait dəyişilmədən qəbul olunacaqsa, ən azından Seçki Məcəlləsinə də uyğun dəyişikliklər edilməlidir.
2. Hazırda mövcud olan qanunla müqayisədə yeni qanunda məhdudiyyətlər azaldılmalıdır. Uyğunluq tələbi siyasi partiya kimi fəaliyyət göstərmək istəyən tərəflərdən indikindən daha az əmək tələb etməli ya da daha çox əmək tələb etməməlidir.
3. Dövlət qeydiyyatından keçməmiş siyasi partiya adından ictimai çıxış və fəaliyyət, onun fəaliyyətində və ya fəaliyyətinin təşkilində iştirak tənzimlənməməlidir.
4. Dövlət qeydiyyatı üçün tələb olunan partiya üzvlərinin minimal sayı dəyişməməlidir.
5. Partiyanın qeydiyyatı üçün tələb olunan üzv sayının sonradan azalması yeni qanunda partiyanın qeydiyyatının ləğvi üçün əsas kimi göstərilərsə, partiyaya aid namizədlərin, o cümlədən parlamentdə ya da bələdiyyədə yer alandan sonra partiyaya üzv olmuş təmsilçilərin son seçkidə qazandığı səslərinin toplam sayı qeydiyyat üçün tələb olunan imza sayından çox olduqda həmin qayda partiyaya tətbiq edilməməlidir.
6. Dövlət qeydiyyatına alınmış partiyanın namizədləri bələdiyyə və parlament seçkilərində qeydiyyatdan keçmək üçün imza toplamaq vəzifəsindən azad olunmalıdır.
7. Eynən, dövlət qeydiyyatında olan partiyanın namizədi 60 seçki dairəsinin ərazisində ölçüsündən asılı olmayan 60 bələdiyyə şurasının dəstəyini qazandıqda prezident seçkilərində imza toplamamalıdır.
8. Son parlament ya da prezident seçkilərində partiya prezident seçkisində namizədin qeydiyyatı üçün tələb olunan imza sayından iki dəfə çox səs toplamışdırsa, onun prezidentliyə irəli sürdüyü namizədinə qeydiyyat üçün imza tələb olunmamalıdır.
9. İctimai Televiziya parlament partiyalarını həftədə 30 dəqiqə canlı efirlə təmin etməlidir. Partiyalar özləri bu yayımı canlı ya da öncədən hazırlanmış məzmunla təmin etməlidir.
10. Siyasi partiyanın buraxılması, ona xəbərdarlıq edilməsi, fəaliyyətinin dondurulması, onun hesabatlılığı ilə bağlı müddəalar dövlət orqanlarının siyasi partiyaların fəaliyyətinə qərəzli müdaxilələrə imkan yaratmamalı, müxalif partiyanı sıxışdırmağa ya da siyasi meydandan çıxarmağa imkanlar açmamalıdır.
11. Parlament təmsilçiliyi olan partiyalara dövlət büdcəsindən təmsilçiliyə düz mütənasib şəkildə ayrılan vəsait hakim partiyanın maliyyə resurslarını və siyasi monopoliyasını gücləndirir. Parlamentdə və bələdiyyədə qazandığı hər yer üçün müxalifət partiyasına hakim partiyadan azı iki dəfə daha artıq vəsait ayrılmalıdır.
12. Hər hansı dəyişiklik hakimiyyətin siyasətinə, dövlət orqanları qərarlarının hazırlanmasına, dövlət qurumlarının və rəsmilərinin fəaliyyətinə siyasi partiyaların təsir imkanlarını indiki ilə müqayisədə azaltmamalıdır.
13. Siyasi partiya ard-arda iki dəfə ümumi parlament ya da ard-arda üç dəfə ümumi bələdiyyə seçkilərində namizəd irəli sürməkdən imtina etdikdə onun dövlət qeydiyyatı ləğv edilməlidir.
14. Partiyanın sədri və ən yüksək rəhbər orqanına üzv olan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamalıdır.



Oxşar xəbərlər