Qazaxıstan Prezidentindən Füzuliyə böyük hədiyyə


  • 17:39 / 24 08 2022 |
  • Bölmə: Gündəm / Siyasət / Hadisə


Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə hazırlanıb.

Layihənin icraçısı Qazaxıstanın “Bİ-Group” Holdinqidir. “Bİ” tikinti şirkətinin rəhbəri Aydın Raximbayev layihə barədə Prezident İlham Əliyevə məlumat verərkən bildirib ki, layihə Qazaxıstan Prezidentinin şəxsi tapşırığı əsasında qısa müddət ərzində hazırlanıb:

"Bu günə olan vəziyyətə görə, artıq məkan müəyyən edilib, yəni, layihə dörd böyük istiqamətdən ibarətdir: musiqi - vokal və xor oxuma, müasir texnologiyalar, yəni, uşaqların daha çox xoşuna gələn, uşaq potensialını üzə çıxaran, sənət və yaradıcılıq - dulusçuluq sənəti, heykəltaraşlıq və əlbəttə ki, idman – oyun zalları, xoreoqrafiya...".


Məlumat verilib ki, 2 hektar ərazidə müasir memarlığa uyğun binalar, amfiteatr inşa ediləcək.

Burada uşaqların yaradıcılığını üzə çıxarmaq və inkişaf etdirmək üçün hər cür şərait olacaq.

Azərbaycan Prezidenti öz növbəsində qazaxıstanlı həmkarına təşəkkür edib:

"Təqdimat özlüyündə göstərir ki, bu, dünya səviyyəli layihədir. Mən, ilk növbədə, Prezident Kasım-Jomart Kemeleviçə bu təşəbbüsə görə minnətdarlıq etmək istərdim. Bu təşəbbüs iki ay bundan əvvəl irəli sürülüb və bu məsələ belə operativ həll edilib. Əlbəttə, bu gün buradakı təqdimata görə şirkətə də təşəkkürümü bildirirəm. Bu gün sizin göstərdiyiniz həqiqətən də uşaqların inkişafı üçün mərkəzdir".

Qeyd edək ki, avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar. (Report)




Oxşar xəbərlər