Yurdsuz yazarlar qızıl günləri xatırladılar – Sorğu


  • 13:30 / 24 04 2020 |
  • Bölmə: Gündəm / Sosial


Sorğudur, müraciət cümləsinin sualını belə yazdıq: “Yurdunuzu 10 cümləlik xatırlayın”. İctimaiyyətdə tanınan, xüsusən də qələmi olan 10 dəyərli dostu bəlkə də xəyal yükü ilə narahat etdik. Başqa yol da yox, bizdən zor gücünə alınan torpaqlar yalnız xəyalımızda qalıb. Xatırlamaq ağır olsa da, xatırlamamaq daha ağırdır. Yaddaşımızın gücünü göstərək. İtirilməmək həm də yaddaşda qalmaq, informasiyanı yayaraq cücərtməkdir. 
Sorğumuzla dostlara kədərli nostalji yaşatsaq da, yaddaşı yoxlamaq, xüsusən yurd yaddaşını cüzi pozulmağa imkan verməmək torpağımıza uzanan azsaylı yollardan biridir. 
Yol həmişə təmiz olsun gərək!
 
Elçin İsgəndərzadə: “Cıdır Düzündəki o qayaya adımı yazmaq ümidinə sığınaraq yaşayıram”
 
Şuşada doğulmuşam. Doğulduğum ev Cıdır Düzünün 5-6 dəqiqəlik piyada məsafəsində yerləşirdi. İlk dəfə Cıdır Düzündə iməkləmişəm, ılk dəfə Cıdır Düzündə addım atıb yerimişəm... Ağlım kəsən vaxtlar nənəm mənə iməkləyərkən süd dolu əmziyimin şüşəsini çırparaq sındırdığım, yüyürərkən toxunub yıxıldığım, ayağımı kəsən və ayağımın qanı yayıxan böyük daş parçalarını göstərməkdən zövq alardı - o daşlar mənim qan yaddaşımdır!

Mənim ilk görüb tanıdığım və ilk sevdiyim GÖZƏLLİK Cıdır Düzündə bitən Xarı-bülbül olub. Atam mühəndis olsa da Şuşanın tarixinin ən mahir bilicilərindən biri idi, görkəmli Şuşaşünas və musiqişünas tədqiqatçımız Firudin Şuşinskinin müəyyən tarixi məsələlərlə bağlı atama müraciət etməsinə dəfələrlə şahid olmuş və uşaq qəlbimdə qürur duymuşdum. Atam Şuşadan, Cıdır Düzündən o qədər danışmışdı ki, onlar mənim üçün hələ uşaqkən müqəddəsləşmişdi, hətta o zaman elə bilirdim ki, mən məktəbə gedəndə bizə yalnız Şuşadan – Cıdır düzündən dərs keçəcəklər. Bu günkü 55 yaşlı təfəkkürümdə 7 yaşlı o körpənin məsum inancı yenə də qalmaqdadır: mən bu an da dünyanın Şuşalaşacağına – gözəllik məskəni - Cənnət olacağına, elm-sənət məbədinə çevriləcəyinə, bütün əhalisinin aydınlaşacağına inanıram. 
Cıdır Düzünün görkəmli bir yerində böyük qaya parçası üzərində əbədi həkk olunmuş 3 şairin - Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Çingiz Əlioğlunun adları yazılan qayanı atam mənə göstərmiş, kim olduqlarını soruşduqda, qısa olaraq ”böyük şairlərdilər” cavabını vermiş, mənim də cavabımı dinləmişdi: böyük adam olub, mən də adımı qayaya yazacam – söyləmişdim. Atam vədimə inandığından başqa bir qaya göstərib - yaxşı oxu, böyük adam ol, sən də adını bu qayaya yaz! – deyə tövsiyə etmişdi - o qaya mənim qan yaddaşımdır!
Bu sətirləri Cıdır Düzündəki o qayaya adımı yazmaq ümidinə sığınaraq yazıram, o ümidə sığınaraq yaşayıram, yoxsa, yaşaya bilmərəm! 
 
Gülşən Hacıyeva: “Zəngilan göy üzü kimidir, hara gedirəm başım üzərindədir”
 
Avropanın ən böyük çinar meşəsinin füsunkarlığını indi ancaq düşmən seyr eləyir. Uşaqlığımın şirin xatirələrindən olan, 12 ay gün görməyən Zəngilan-Mincivan yolu düşmən tapdağı altındadır. Həkəri, Oxçu çaylarından tutulan balıqların dadı hələ də damağımdadı. Hələ Maral gölünün əsrarəngiz gözəlliyinə nə çatar? Hər dərdə dərman Qotur su, buz kimi bulaqlar, dupduru dərələr düşmən əsirliyində haray çəkir. 26 ildir dəyirmanlarda üyüdülmüş buğda unundan təndirdə bişən lavaşın, sacda bişən yuxanın iştah açan qoxusunu duya bilmirəm. Milis və müəllimlərə yaxalanmaq qorxusuna baxmayaraq, hər ilaxır çərşənbədə kəndlərdə bütün gənc və uşaqların bir evdə toplaşaraq, çillə çıxartmağı ən gözəl xatirələrimizdəndi. 3 gün davam edən, oynamaq üstündə dava düşən toylarımız vardı bizim. Məncə, Zəngilanda yetişən gülöyşə narını dadmayan insan dünyanın ən gözəl dadlarından birindən məhrum olub. Zəngilan göy üzü kimidir, hara gedirəm başım üzərindədir.
 
Ramilə Qurbanlı: “Cəbrayılda qurd ulardı, indi çaqqalar ulayır”

Orda qurd ulayardı….uuuuu... Gecələr cırcıramalar oxuyar, gündüzlər insanlar qarışqa kimi qaynaşardı. İnsanlar çox saf, təbii idilər, təbiətin özü kimi. Yazda yaşıllıq, gül çiçək, qışda qar-sırsıra, yayda çox isti, payızda bərəkət olardı. Birinin kədəri, sevinci hamının idi, toyla-yas elliklə qəbul edilərdi. Orda ellər dosta-yada qucaq açardı-süfrəsiylə, ürəyi ilə. Biz düşməni dost bilərdik – biz dost idik. İsti soba kənarında pişiyimiz uyuyardı, qazanımız qaynayardı. Orda qatarlar belədən-belə, elədən-elə keçərdi. Bayram tonqalları yanar, bulaqlar çağlayardı. Cəbrayılda gecə-gündüz çaqqallar ulayır...vauuu...
 
Şərif Ağayar: “Ardıcların qoxusu bədənimin həqiqəti idi” 

Yağışlı bir payız günü burnuma qəfil ardıc qoxusu gəldi. Laçında, Ağbulaqda, evimizin qarşısında sinəsi ayaqdan-başa ardıclıq olan böyük bir dağ vardı. Yerlə sürünən bu iynəyarpaqlı bitkilərdən kəskin qoxu gəlirdi. İllah da yağış yağanda ətrafa elə yayılırdı, az qala səsini eşidirdin. Əslində, bu qoxunun içində səs də vardı; ardıclıq olan dağla bizim evin arasından çay axırdı! Mən o çayın səsini indi, o çaydan 500 km uzaqda daha aydın eşidirəm. Orda o qədər eşitmişdim ki, gözəl filmlərdə yerinə oturan musiqi kimi fərqinə varmamışdım. Yurd böyük anlayışdır! Mən daha çox buddizm haqqında oxuyanda insanın doğulduğu torpağın, daşın, çəmənin bir parçası olduğunu bütün mahiyyəti ilə anladım. Bir həqiqəti beyinlə, düşüncəylə anlamaq başqa, bədənlə anlamaq başqadır. Ardıcların qoxusu bədənimin həqiqəti idi. 
 
İlham Tumas: “Yemliyin, qaymaqçiçəyinin, quzuqulağının, baldırğanın, qanqalın dadını heç harda ala bilmirəm...”
 
Yurdunu itirmək tək torpağı, evi, təbiəti, suyu, havanı, insanları itirmək deyil. Yurdu itirmək həm də nəfəsini, səbrini, sağlamlığını itirməkdi. Sumqayıtda doğulsam da, uşaqlıq xatirələrimin çox hissəsi ata yurdum Cəbrayılın Qazanzəmi, ana yurdum Qərbi Azərbaycanın Polad kəndi ilə bağlıdır. Hər ikisinin unudulmaz, həm də ağrılı xatirələri ilə yaşayıram. Qazanzəmidə qalan xatirələrim Tumas Ata dağı, Maxav bulağı, dağlarda, dərələrdə keçirdiyimiz günlərin ağrılarıdır. Poladda isə birinci sinifə getmişəm, Polad camaatına qoşulub nənəmlə, dayılarımla Əşrəf dağına yaylağa qalxmağımız, alaçıq qurmağımız yuxu kimi gəlir indi mənə. Yağış yağanda damcıların alaçığın çadırını nağara kimi çalmağı, səhər duranda günəşin gözümü öpməsi, ucu-bucağı görünməyən al-əlvan çəmənliklərin şehində islanmağım, yediyim yemliyin, qaymaqçiçəyinin, quzuqulağının, baldırğanın, qanqalın dadını heç harda ala bilmirəm... Daha yaza bilmirəm... Xatırlamağın zülm olduğunu bilirdim, ancaq yazmaq minqat zülm işiymiş... Bağışlayın, bu qədər bacardım...
 
Xəyal Rza: “Ağdam azad olunub və o, hələ də sağdı!”   

Mənim bütün həyatım 13 yaşımda donub qalıb, ondan sonra hər şey, hər yer qaranlıqdır gözlərimdə... Bəlkə də işğal altındakı Ağdamın azad edilməsini,   şəhərin bərpa prosesini görmək mənə də qismət olacaq, bəlkə orda evimizin yerində bir ev də tikib qaytaracaqlar mənə, ancaq bu Ağdam, o Ağdam olmayacaq, əminəm... Dünyasını dəyişdikdən sonra mən bir dəfə də olsa anamsız olan evə ayağımı basmamışam, o şəhərə də onsuz gedə bilməyəcəm, əminəm... işğal edilmiş başqa ərazilərimizdən fərqli olaraq, yalnız Ağdamda daşı daş üstündə qoymayıblar, hətta əclaflar başqa rayonlarda quruculuq işləri də aparıblar, Ağdamdan başqa... ermənilər ağdamlıların təkcə özlərinə, evlərinə, mallarına deyil, xatirələrinə, ruhlarına da hücum etdilər. Bugünlərdə xərçəng xəstəsi olan kiçik qızını itirmiş cənubi koreyalı bir qadını xüsusi cihazıla, virtual olaraq qızıyla görüşdürdükləri videonu izlədim. Sonadək baxa bilmədim. Ana qızı ilə görüşmüşdü, ancaq ona toxunmaq, sarılmaq istəsə də bunu edə bilmirdi... indi düşünürəm, kaş o cihazdan bizdə də olaydı, bir dəfə anamla görüşəydim... anamı aldadaydım ki, Ağdam azad olunub və o, hələ də sağdı! 
 
Əbülfət Mədətoğlu: “Ləpirlərində düşmən mina əkir indi”

Bu dünyada
Tuğ adlı
bir dağ kəndi var...Şəlaləsi,
meşələri,
bulaqları və bir də
Nilufər çiçəyi ilə...
Kənd uşaqlarının
payına düşən
hər nə varsa
mənim də
canıma, qanıma
hopubdu orda...
Həmin o uşaq
ləpirlərində
düşmən
mina əkir indi...
Xatirələrimi
göyə
sovurmaq üçün!..
O uşaq isə
hələ də,
"beşdaş" oynayır –
uşaq ki, uşaq...
 
Aqil Camal: "Kəlbəcərsiz “yaşadım” deyə biləcəyim müddət elə o 17 ildir

Bu işğal nəticəsində itirdiyimiz saysız-hesabsız maddi-mədəni, mənəvi dəyərlərimiz var, onlardan bir çoxunu torpaqlarımıza qayıtdıqdan sonra bərpa edə bilərik. Amma elə məsələlər var ki, onun bərpası mümkünsüzdür. Kəlbəcərdə hər kəndin az qala öz ləhcəsi, şivəsi vardı. Bu, tarixin dərinliyindən günümüzə gələn etnomədəniyyətin bir parçası idi. 27 illik işğal bu ləhcələri, bu özəlliyi və belə deyək ki, bu gözəlliyi də itirir, məhv edir. Bu gün yetişən kəlbəcərli nəsl sadəcə, Azərbaycan ədəbi türkcəsində danışır, o ləhcədə danışan yaşlı və orta nəsl həyatdan getməkdədir… Gələcəkdə, torpaqlarımıza qayıdandan sonra Kəlbəcərdə milli ləhcəsi ilə, Ayrım, Ağcakənd, Alxaslı, Çıraqlı və s. ağızları ilə danışan toplum olmayacaq. O qədər fərqində olmasaq da, bu, böyük bir itkidir. Demək olar ki, həftədə bir neçə dəfə Kəlbəcəri yuxularımda görürəm, hətta sonradan tanıdığım, heç vaxt Kəlbəcərdə olmamış insanları belə yuxuda Kəlbəcərdə görürəm... Baxmayaraq ki, cəmi 17 il yaşadım orada, amma mənim üçün ömür boyu həyatımda “Yaşadım” deyə biləcəyim müddət elə o 17 ildir.
 
Hacı Nərimanoğlu: “Səni satana lənət, səni alana lənət, Vətən - Qubadlı!!!
 
Mövzunun qoyuluşu qaysaq bağlamayan yaramı yenidən göynətdi; qoyub gəldiyimiz yurd yerlərimizi unutmaq qara torpağın qoynuna qovuşanadək mümkünsüzdür. Ən böyük qorxu, vahimə isə o torpaqlara dönmədən, bu dünyadan o torpaqlardan uzaqda köçməkdir. Düşündükcə, ürəyim əsir, acizliyimiz də dərdin bir böyüyü. Və bu dərdi hər kəslə bölüşmək də olmur…  

Yurd həsrətimə - Qubadlı sevgimə Əli Kərimin misraları ayna tutur: “Mən səni sevirəm Susuzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi…iynənin ucu boyda işığa həsrət qalan göz işıq sevən kimi…” Və bu başıbəlalı vətənin milyondan artıq vətəndaşının qaçqın-köçkün dərdinə rəğmən, heç nə olmamış kimi kef-damaq, ləzzət, var-dövlət içində dərdsiz, qəmsiz kimi görünməsi, göstərilməsi, sadəcə vahiməlidir, heyrətamizdir.
Tanrı mənim Qubadlıma nələr bəxş etmişdi; başı buludlarla qol-boyun Kəpəz, Ziyarət dağının dördbir yanını bürüyən yaşıl örpəkli meşələrin qoynundan, minbir dərdin dərmanı buzbulaqlı bulaqlardan süzülüb Qafqazın ən təmiz sulu Həkəri, Bərguşad çaylarına, oradan bar-bərəkətli əkin sahələrinin boynuna dolana-dolana qoşa hörük kimi uzanıb Araza qovuşan, sıra dağların, igidlər kimi boy-boya dayanan  sıldrım qayaları, Zəngəzurun taxıl anbarı, Yazı, Gəyən düzlərinin, təmiz havası... insanı yerdən alan o ellərin gözəlliyinin qədrini ayrılandan sonra dərk etmişik.
Tikili, qurulu, içi təpili ev-eşik, bağça-bağ, əzizlərinin qəbrin qoyub gələnlər bilər ancaq qaçqınlıq, didərginlik nədir.

Amansız siyasi qovğaların, hakimiyyət uğrunda acımasız namərd savaşların qurbanı oldu Vətən torpaqları…Hələ ki, qayıdışa bir işıq ucu da görünmür.

Səni satana lənət, səni alana lənət, Vətən!!!
Bir az qəmli oldu, amma bu anda düşündüklərim, içimdən gələn bunlardır.
 
 
Əməkdar həkim Məmməd Nağıyev: “XOCALIM, biz səni mütləq azad edəcəyik - and olsun torpaq sevgimizə”. 
 

20- ci əsrdə soyqırıma məruz qalmış, 4 bir tərəfdən erməni yaşayış məntəqələri ilə əhatə olunmuş, çox böyük strateji əhəmiyyətə malik, son tunc dövrünə aid Xocalı- Gədəbəy maddi mədəniyyət abidəsi olan doğma yurdum. 20- ci əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımını yaşamış ŞƏHƏR - gözəl təbiəti, sərin bulaqları, qonaqpərvər, səmimi adamları ilə seçilən, dörd bir tərəfdən dağlarla əhatə olunmuş doğma yurdum. Səndən məcburən ayrılmış olsaq da, hər gecə yuxularımda daim yaşatdığım, yenidən sənin qoynuna qayıtmaq ümidilə yaşadığım obam.

1988- 1992- ci illər, 4 illik müharibə dövründə ermənilərə mərdliklə sinə gərmiş, yeddi minlik əhalisinin 613 nəfərini şəhid vermiş qədim mədəniyyətə və strateji əhəmiyyətə maliik unudulmaz diyarım. Xocalı kiçik bir kənd olsa da həmişə ermənilərə göz dağı, " Böyük Ermənistan" yaratmaq planlarının həyata keçməsinə mane olan doğma yurdum.

Yazdığım ağıya oxşadı, eləmi? Kişilər ağı söyləməzlər, vuruşarlar. Mənim yazdıqlarım anaların harayı, övladların çağırışıdır. Biz o cənnətə mütləq qayıdacağıq. İkinci Qarabağ savaşı uzaqda deyil, o müqəddəs günü gözləyirik!

Düşmə qarşı böyük şücaətlər göstərmiş, onlarla Milli Qəhrəmanları, Azərbaycan Bayrağı Ordenli şəxsiyyətləri olan doğma XOCALIM, biz səni mütləq azad edəcəyik - and olsun torpaq sevgimizə. 
 
Abbas Əliyev




 



Oxşar xəbərlər