Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri - Fotolar - Video


  • 20:25 / 05 09 2020 |
  • Bölmə: Gündəm / Siyasət


Azərbaycan ilə Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi keçirilib. 

"Rupor" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay təlimi izləyiblər. 

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev təlimə hazırlıq barədə raport verib. 

Əməliyyat taktiki təlimin planı ilə tanışlıq zamanı bildirilib ki, təlimin keçirilməsində məqsəd Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birləşmə, hissə və bölmələrinin şəxsi heyəti arasında təcrübə mübadiləsinin genişləndirilməsindən, eləcə də Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan  Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası, "Naxçıvan" Əlahiddə Əməliyyat briqadası və Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələri ilə qərargahlar arasında qarşılıqlı əlaqənin təşkili və idarəetmənin təmin edilməsindən ibarətdir.

Planla tanışlıqdan sonra təlimə start verilib. 

Təlimin ssenarisinə əsasən, döyüş atışlı mərhələ şərti düşmənin mülki əhali arasında çaxnaşma yaradan və dövlət sərhəddində təxribat törədən kəşfiyyat-diversiya qruplarının "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının Çevik Hərəkət Taboru və Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları tərəfindən zərəsizləşdirilməsi ilə başlayıb. 

Düşmən təxribatlarına cavab olaraq Əlahiddə Ümumqoşun Ordunun raket və artilleriya birləşmə və hissələri tərəfindən düşmənə atəş zərbələri endirilib. 

Naxçıvan Qarnizonu Qoşunları Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birgə hücuma keçərək düşmənin dayaq məntəqələrində canlı qüvvəsini, atəş vasitələri və zirehli texnikalarını məhv edib, hakim yüksəkliklərdə və əlverişli hədlərdəki mövqelərini ələ keçirib. Hücumun gedişində düşmənin aviasiyası məhv olunub, kiçik ölçülü pilotsuz uçuş aparatları zərərsizləşdirilərək dərinlikdən hərəkət edən ehtiyatlarına aviazərbələr endirilib. 

Təlimin gedişində mühəndis, təminat və təxliyə qrupları qətiyyətli fəaliyyət göstərərək hücum edən qoşunlarımızın maneəsiz hərəkətini təmin ediblər. Əlahiddə Əməliyyat Briqadası tərəfindən düşmənin kəşfiyyat-diversiya qrupları məhv olunub. Mülki Müdafiə Alayının pirotexniki taqımı ələ keçirilmiş mövqeləri və hərəkət marşurtlarını minalardan, partlayan və partlamayan maneələrdən təmizləyib. Təyin edilmiş rayonlara taktiki və hava desantı endirilib. 

Təlimdə Azərbaycan və Türkiyə birləşmə və hissələri arasında əməliyyatların birgə planlaşdırılması, bölmələrin vahid mərkəzdən idarə olunması, qarşılıqlı əlaqənin və qoşunların hərtərəfli təminatının təşkili üzrə qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur. Şəxsi heyətin birgə fəaliyyəti zamanı xəbərdaretmə, idarəetmə, qarşılıqlı əlaqə, qarşılıqlı tanınma və hədəf göstərmə üzrə tapşırıqların eyni qaydada icrasına nail olunub, komandirlər arasında təcrübə mübadiləsi aparılıb. 

Sonda döyüş təyyarələri və helikopterlərin keçidi ilə Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqlarının, eləcə də kanatla desantın daşınması nümayiş etdirilib. 

Təlimdən sonra silahlanmaya yeni qəbul edilən hərbi radio-kəşfiyyat vasitələrinə baxış olub. 

Kərəm Mustafayev təlimin başa çatması barədə raport verdikdən sonra şəxsi heyətlə görüş keçirilib.

Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrini, əsgər və zabitləri salamlayıb, onları Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik edib, hərbi təlimin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirib. 

Ali Məclisin Sədri deyib ki, güclü ordu dövlətçiliyin və müstəqilliyin rəmzidir: 

"Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən milli ordumuz olmalıdır”. Ölkəmizə hər iki rəhbərliyi  dövründə dahi şəxsiyyət bu məsələni diqqətdə saxlayıb, müstəqilliyimizin təminatçısı olan qüdrətli Azərbaycan ordusunu yaradıb. Ulu öndərin ordumuzun döyüş və peşəkarlıq səviyyəsinin artırılması sahəsində müəyyənləşdirdiyi vəzifələr bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi və şəxsi heyətin döyüş hazırlığının artırılması sahəsində ardıcıl tədbirlər görülür. Güclü iqtisadiyyat və dövlət-xalq-ordu birliyi Azərbaycan ordusunun qüdrətini, döyüş qabiliyyətini ilbəil artırır, ölkəmizdəki sabitlik və təhlükəsizlik möhkəmləndirilir".


Vasif Talıbov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında da ordu quruculuğu məsələləri ümumi inkişafın əsas istiqamətidir: 

"Fəal strateji mövqedə və blokada şəraitində yerləşən muxtar respublikada müdafiə təhlükəsizliyi tam təmin olunub. Böyük təşkilatlanma, quruculuq və inkişaf yolu keçən Naxçıvan Hərbi Qarnizonu yüksək döyüş qabiliyyətinə, peşəkar və vətənpərvər şəxsi heyətə malikdir. Bu gün Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlığa əsaslanır və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Ölkələrimiz arasındakı qarşılıqlı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir. Keçirilən birgə hərbi təlim də göstərdi ki, bizim gücümüz birliyimizdədir. Müdrik fikirlərdə deyildiyi kimi, ordunun gücü döyüş ləvazimatlarının çoxluğu ilə deyil, əsgərlərin peşəkarlığı, birliyi, cəsarət və ləyaqəti ilədir. Həqiqətən də şəxsi heyətin birliyi, döyüş qabiliyyətinin artırılması və mənəvi-psixoloji hazırlığı hərbi xidmətin əsasını təşkil edir. Silah və texnika təminatı hələ güclü ordu yaratmaq demək deyil. O ordu güclüdür ki, onun şəxsi heyətində vətənpərvərlik ruhu və peşəkarlıq vardır. Hərbi təlimdə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi də bir millətin, iki dövlətin ordularının yüksək döyüş qabiliyyətinə və birliyə mal
ik olduğunu təsdiq etdi.  
"Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir”, – fikirlərinə əsaslanan ikitərəfli münasibətlərimiz bu gün ölkə Prezidentləri tərəfindən uğurla davam etdirilir, strateji tərəfdaşlığımız daha da möhkəmlənir. Birgə hərbi təlimin keçirilməsi də Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının nümunəsidir. Azərbaycan-Türkiyə dostluq və qardaşlığına eşq olsun!"


Şərəf Öngay nəzərə çatdırıb ki, birgə təlim Türkiyə-Azərbaycan qardaşlığının daha bir ifadəsinə çevrilib: 

"Ordular arasında ikitərəfli əlaqələrin genişləndirilməsi nəticəsində təlim planauyğun şəkildə icra olunub. Müasir silah və texnikalara sahib olmaq döyüşün qazanılması demək deyil. Vacib olan bu silah və texnikalardan peşəkarlıqla istifadə edə bilən şəxsi heyətin olmasıdır. Döyüş cəsur və igid əsgərlərlə qazanılır. Bu gün keçirilən təlim bunun bariz nümunəsidir. Təlim zamanı hədəflərin sərrast vurulması dosta güvən, düşmənə isə göz dağıdır".


Ordu Komandanı birgə təlimin keçirilməsinə göstərilən diqqətə görə minnətdarlıq edib. 

Kərəm Mustafayev deyib ki, təlimin hazırlanması və keçirilməsinə, ümumilikdə 5000 nəfərə qədər, döyüşatışlı mərhələnin keçirilməsinə isə 2600-dən artıq şəxsi heyət cəlb edilib:

"Bundan başqa, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlifçaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemlər və minaatan, 18 təyyarə, helikopter və pilotsuz uçuş aparatı, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 320-ə yaxın avtomobil texnikası cəlb olunub. 

Təlimə hazırlıq dövründə birgə qərargahlar tərəfindən keçirilən məşqlərdə müxtəlif səviyyədə qərərgahlar arasında qarşılıqlı əlaqənin təşkili diqqət mərkəzində saxlanılıb. 

Düşmən fəaliyyətlərinin təqlid edilməsi məqsədilə təlim sahəsində 28 hədəf rayonunda 800-ə yaxın hədəf və 90-dan çox maketdən istifadə olunub. 

Yaradılmış hədəf rayonunun 100 faizi, hədəflərdən 85 faizdən, maketlərdən isə 90 faizdən çoxu məhv edilib.

İdarəetmənin və atəşin düzgün planlaşdırılması nəticəsində 32 raketə, 220 iriçaplı mərmiyə, 4 aviasiya bombasına və 7800-dən çox atıcı silahların döyüş sursatına qənaət edilib".

Tədbirdə Azərbaycan Respublikası təltiflərinin təqdimatı olub.

Məlumat verilib ki, Azərbaycan Prezidentinin 2020-ci il 25 iyun tarixli Sərəncamı ilə Əlahiddə Ümumqoşun Ordunun zabitlərindən biri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2-i “Vətən uğrunda” medalı, 2-i isə “İgidliyə görə” medalı ilə təltif olunub.

Ali Məclisin Sədri Azərbaycan Respublikası orden və medallarının döş nişanını və vəsiqələrini təqdim edib. 

Təlimdə fərqlənən zabit, gizir və əsgərlər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Şəxsi heyət birlik və bərabərliyin ifadəsi olan “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirib.

















Oxşar xəbərlər