"Noyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Serbiyada rəsmi səfərdə olub. Strateji münasibətlərimizin son illər daha da inkişaf etdiyi Serbiya ilə ticarət dövriyyəmiz son 4 ildə 2 dəfə yaxın artaraq 9.2 milyon dollara yüksəlib". 

Bu barədə "Rupor"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

O qeyd edib ki, Serbiya tərəfinin Azərbaycan Prezidentinin səfərinə böyük önəm göstərməsinin xüsusi əhəmiyyəti var: "Dövlət başçımızı Serbiya Prezidenti Aleksandar Vuçiçin şəxsən qarşılaması və yola salması da məhz bu diqqətin xüsusi nümunəsi kimi xarakterizə olunmalıdır. Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələrin yalnız enerji deyil, eyni zamanda qeyri-neft sektoru üzrə inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan, səfər zamanı keçirilən görüşlər, müzakirələr və razılaşmalar da məhz bu potensialdan daha yaxından istifadəyə imkan yaradacaq. Bu baxımdan, Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək".



Millət vəkili deyib ki, Serbiya ilə Azərbaycan arasında mavi qaz nəqli sahəsində də əməkdaşlığın inkişaf edəcəyi gözlənilir: "Yunanıstan-Bolqarıstan İnternkonnektoru istifadəyə verildikdən sonra Serbiyanın Azərbaycan qazını idxal etmək imkanları genişlənib. Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan (IGB) mavi qaz ala biləcək ölkələrdən biri də məhz Serbiyadır. İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrdək artırılması isə Macarıstan, Serbiya, Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər. Beləliklə, ölkəmizin Mərkəzi və Şərqi Avropanin enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir".

Ərtürk İSMAYIL



Oxşar xəbərlər