Əbülfəs Qarayevdən sonra mədəniyyət sahəsində hansı dəyişikliklər olub? - Mövqe


  • 22:28 / 08 09 2020 |
  • Bölmə: Gündəm / Mədəniyyət və Şou


May ayında Prezident İlham Əliyev sərəncam imzalayaraq Əbülfəs Mürsəl oğlu Qarayevi Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edib.


Buna səbəb isə DTX-nin Mədəniyyət Nazirliyində əməliyyat keçirməsi olub. Əməliyyat zamanı nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanılıb. 

Açılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov isə vəzifə səlahiyyətindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bundan sonra isə Əbülfəs Qarayev vəzifəsindən uzaqlaşdırılıb. O, vəzifədən uzaqlaşdırıldıqdan sonra yeni nazirin kim olacağı ilə bağlı müxtəlif versiyalar səsləndirilib. Lakin Əbülfəs Qarayevin vəzifədən uzaqlaşdırılmasından aylar keçsə də, hələ ki, Mədəniyyət naziri təyin olunmayıb. İyul ayında Prezident İlham Əliyev Anar Qabil oğlu Kərimovun Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqda sərəncam verib. Dövlət başçısının imzaladığı digər sərəncama əsasən, Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib. Prezidentin daha sonra imzaladığı sənədə əsasən, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Anar Qabil oğlu Kərimova həvalə edilib. Anar Kərimov vəzifəyə gətirildiyi müddətdən etibarən müxtəlif kadr dəyişiklikləri də edib.

Bəs Əbülfəz Qarayevdən sonrakı mədəniyyətimizdə hansı dəyişikliklər var? Onun işdən çıxarılmasından 4 ay ötür, nələr dəyişdi, çatışmazlıqlar aradan qalxdı, onların yerinə yaxşı kadrlar gəldimi? İncəsənət nümayəndələri Mədəniyyət Nazirliyindəki dəyişiklikləri necə qiymətləndirir?

"Rupor" xəbər verir ki, Musavat.com-a mövzu ilə bağlı danışan rejissor Cəlaləddin Qasımov bildirib ki, nazirlikdə kadr dəyişikikləri olsa da, onların film çəkilişi yenə də yarımçıq qalıb:



“Mədəniyyət Nazirliyində məni maraqlandıran Kinematoqrafiya şöbəsidir. Bir aydan artıqdır ki, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov rejissor Rüfət Həsənovu qurumun Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edib. Kinematoqrafiya şöbəsi mədəniyyətimizin güzgüsüdür. Biz dünyaya Qarabağla bağlı çəkilən filmlərlə çıxa bilərik. Bizim Anar Kərimovdan, Rüfət Həsənovdan gözləntilərimiz çoxdur. Uzun illərdir ki, Mədəniyyət Nazirliyinin kinomuza göstərdiyi diqqət sıfır dərəcəsindədir.

Biz də nazirlikdəki kadr dəyişikliklərinin faydası olacağını düşünürük. Hazırda “Komandir” adlı filmin üzərində çalışırıq. Çəkilişlər ötən həftə başlamalı idi. Texnikamız hazırdır, pulunu ödəmişik, Aktyorları seçmişik, vaxtlarını alırıq. İcra hakimiyyətindən çəkiliş üçün icazə istəsək də, icazə verməyiblər. İşimiz yarımçıq qalıb. Hələ ki, nazirlikdəki dəyişikliklərin faydasını görməmişik”.


Sənətşünaslıq üzrə fəlsəfə doktoru, YUĞ Dövlət Teatrının ədəbi hissə müdiri Elçin Cəfərov
qeyd edib ki, 2 ay ərzində Mədəniyyət Nazirliyindən köklü dəyişikliklər gözləmək sadəlövlükdür:



“Ölkə başçısının müvafiq sərəncamı ilə 21 may tarixində Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib, 20 iyul tarixində Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub və nazir səlahiyyətlərinin icrası ona tapşırılıb. Yəni, cəmi bir ay yarım müddətdir ki, Anar Kərimov Mədəniyyət Nazirliyinə rəhbərlik edir. Düşünürəm ki, bu, hər hansı köklü dəyişikliklərin olması üçün çox qısa müddətdir. Bu gün Azərbaycan mədəniyyəti və incəsənətinin bir çox sahələri sistemli böhran içindədir. Bu böhrandan isə ancaq sistemli və gələcəyə yönəlmiş strateji addımlar, köklü islahatlar vasitəsi ilə çıxmaq mümkündür. Zənnimcə, nazirlikdə baş verən hadisələrə, həyata keçirilən islahatlara müsbət, yaxud mənfi qiymət vermək üçün hələ çox tezdir.

Mətbuat səhifələrində yayımlanan xəbərlərə istinad etsək, deyə bilərik ki, bu gün Mədəniyyət Nazirliyində kadr islahatı həyata keçirilir. Xaricdə təhsil almış, dünya təcrübəsinə bələd olan gənc kadrlar məsul vəzifələrə gətirilir. Açığı, yeni təyin olunan kadrların əksəriyyətini tanımıram və tanımadığım, peşəkarlıq səviyyəsinə, billiyinə, bacarığına bələd olmadığım şəxs haqqında fikir bildirməyi qeyri-etik hesab edirəm. Hər halda, ümid edək ki, yeni təyin olunan nazir müavini də, onun etimad göstərdiyi kadrlar da Azərbaycan mədəniyyətinin qorunması və inkişafı naminə çalışacaqlar.

O ki qaldı iki ay ərzində mənfilərin aradan qaldırılması, yaxud Azərbaycan mədəniyyəti ilə bağlı hansısa köklü dəyişikliklərə, cari dönəmdə bunun baş verməsini gözləmək sadəlövhlük olardı. Hazırda ölkəmiz iki cəbhədə müharibə aparır: Pandemiya ilə mübarizə və erməni işğalçıları ilə müharibə. Belə mürəkkəb tarixi-ictimai, iqtisadi vəziyyətdə mədəniyyətin idarəolunması və incəsənət sahələrinin inkişaf etdirilməsi ikiqat çətin vəzifədir. Bu mürəkkəb vəzifənin icrasında Mədəniyyət nazirliyinin komandasına uğurlar arzulayıram. Çünki, U.Çörçillin təbirincə desək, mədəniyyət olmayacaqsa, biz nəyin uğrunda müharibə aparırıq?”


Aktrisa Zülfiyyə Qurbanova
isə deyib ki, aktyorların Mədəniyyət Nazirliyindən gözləntiləri böyükdür:



“Mən o vaxt Mədəniyyət Nazirliyi ilə bağlı paylaşım etmişdim, nailiyyətləri olan aktrisa olsam da, diqqətdən kənarda qalmağımın səbəbini soruşmuşdum. Bu şikayət deyildi, sadəcə bir aktrisa kimi niyə nazirliyin məni görmədiyinə cavab tapmağa çalışmışdım. İncəsənətdə fəaliyyətdə olduğum dövrdə qazandığım nailiyyətləri sadalamışdım ki, heç bir mükafata dəymirəmmi? Əbülfəz Qarayev postundan getdi, yeni nazirdən əlbəttə gözləntilərimiz çoxdur. İnanıram ki, Mədəniyyət naziri kim olarsa, mədəniyyətimizə, incəsənətimizə faydalı olacaq. Aktyorlar olaraq gözləntilərimiz böyükdür”.



Oxşar xəbərlər