
"Neftçi" UEFA Avropa Liqasında mübarizəni dayandırıb.
"Rupor"un "Report"a istinadən məlumatına görə, Füzuli Məmmədovun baş məşqçi olduğu komanda II təsnifat mərhələsində Türkiyənin "Qalatasaray" klubunu qəbul edib.
Bakı Olimpiya Stadionundakı qarşılaşma İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk real qol vəziyyəti 13-cü dəqiqədə olub. Qapıçı Aqil Məmmədov qurtardığı top qapı dirəyinə dəyib. Qonaqlar 2 dəqiqə sonra yenidən təhlükə yaradıb. Rayan Babelin cərimə zərbəsindən vurduğu qüvvətli zərbəni qolkiper dəf edib. "Qalatasaray" 19-cu dəqiqədə Mbaye Diaqnenin başla dəqiq zərbəsindən sonra hesabı açıb.
"Neftçi" ilk təhlükəli vəziyyəti 37-ci dəqiqədə gerçəkləşdirib. Paytaxt klubunun yeni transferi Prins İbaranın zərbəsi qapının üstündən keçib. 6 dəqiqə sonra isə Yusuf Laval cərimə meydançasının içərisində dəqiq oynaya bilməyib. Birinci hissə "sarı-qırmızılar"ın 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
İkinci hissənin ilk dəqiqələrində flaqman hesabı bərabərləşdirib. 46-cı dəqiqədə Mamadu Mboc başla dəqiq oynayıb. "Neftçi"nin sevinci cəmi 2 dəqiqə çəkib. 48-ci dəqiqədə Kristian Luyindama komandasını yenidən önə keçirib. 57-ci dəqiqədə Emre Kılıçın fərqlənməsinə Aqil Məmmədov mane olub. 63-cü dəqiqədə Mbaye Diaqne özünün ikinci komandasının üçüncü qoluna imza atıb.
Beləliklə, İstanbul klubu 7 ildən sonra avrokuboklarda səfər matçında qələbə qazanıb. Bu, "sarı-qırmızılar"ın beynəlxalq arenada 100-cü qələbəsidir. "Qalatasaray" avrokuboklardakı son matçını isə 2018/2019 matçında qazanmışdı.
"Qalatasaray" III təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" komandası ilə üz-üzə gələcək.
*** 21:30
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda dördüncü qol vurulub.
Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi fərqi artırıb - 3:1.
63-cü dəqiqədə Mbaye Diaqne görüşdə özünün ikinci qoluna imza atıb.
*** 21:05
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda üçüncü qol vurulub.
Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi yenidən önə keçib.
48-ci dəqiqədə Kristian Luyindama topu qapıdan keçirib.
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda ikinci qol vurulub.
Bakı Olimpiya Stadionundakı qarşılaşmada "Neftçi" hesabı bərabərləşdirib - 1:1.
46-cı dəqiqədə Mamadu Mboc fərqlənib.
*** 21:00
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" (Türkiyə) oyununda hesab açılıb.
Bakı Olimpiya Stadionundakı qarşılaşmada ilk qolu 19-cu dəqiqədə İstanbul təmsilçisi vurub. Mbaye Diaqne başla topu qapıdan keçirib.
*** 20:00
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" (Türkiyə) oyunu start götürüb.
Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da başlayıb.
Qeyd edək ki, bu cütün qalibi növbəti raundda Şimali Makedoniya "Renova"sını 1:0 hesabı ilə məğlub edən Xorvatiyanın "Hayduk" komandası ilə üz-üzə gələcək.
