Ölkənin idarəetmə sistemində gəncləşdirmə siyasəti aparılır. Həm sistem yenilənir, müasirləşir, həm də kadrlar gəncləşir, innovativ biliklərə üstünlük verilir. 
Bu proseslə yanaşı bəzi strukturların rəhbərliyində yaşlı nəslin nümayəndələri hələ də təmsil olunurlar. Belə qurumların əksəriyyəti ictimai idarəetmə mexanizminə malikdir. Məsələn, Azərbaycan Yazıçılar Birlyi. AYB-nin sədri qurultayda seçilir. Sonuncu qurultayda hörmətli Xalq yazıçısı Anar növbəti də fə qurumun sədri seçildi. Həmin vaxtdan bu nəticəni tənqid edənlər də var, tərif edənlə də. Əsas nəticə isə odur ki, yaşlı nəslin nümayəndəsi hesab olunan Anar hələ də AYB-nin sədridir. 

"Yeni Müsavat" qəzeti bu fakta yazıçıların münasibətini öyərinib. "Rupor" yazarların fikirlərini təqdim edir: 

 "Onun xidməti fəaliyyəti həddindən artıq böyükdür"

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: 

“Xalq yazıçısı Anar artıq 33 ildir ki, AYB-nin sədridir. Hesab edirəm ki, Anar Azərbaycanın böyük dəyərlərindən biridir və onu hansısa məmur, funksionerlə müqayisə etmək düzgün deyil. Azərbaycanın mədəni həyatında Anarın oynadığı rol misilsizdir. Bir xalq bu cür dəyərlərə hörmət etmirsə, aşağılayırsa, onun öz gələcək taleyinə spesifik yanaşmaq lazımdır. Beləliklə, mən yazıçı Anarı bu cür qiymətləndirirəm.
Bu yaxınlarda yazıçı Anarın “Yaşamaq haqqı” kitabı çapdan çıxdı. Mən həmin kitabla bağlı Təhsil Nazirliyinə müraciət etdim. Bildirdim ki, bütün ali məktəblərdə bu kitab keçirilməli və hər bir ailədə olmalıdır.
Qaldı AYB-yə, bu qurum ictimai birlikdir. Burada sədr qurultayla seçilir. Qrafikə uyğun olaraq növbəti qurultay 2019-cu ildə keçirilməli idi. Lakin pandemiya ilə əlaqədar olaraq qurultayın keçirilməsi təxirə salındı. Pandemiyadan sonra qurultayın keçiriləcəyi gözlənilir. Beləliklə, yenidən qurultay olanda yazıçı Anar əgər istəyəcəksə, yenə də AYB sədri seçiləcək. Çünki onun xidməti fəaliyyəti həddindən artıq böyükdür. Mən də hesab edirəm ki, Anarın qalması lazımdır, vacibdir.
Ədəbiyyatın əvvəlki populyarlığı da yoxdur. Bunun günahkarı və baiskarı yazıçı Anar deyil. Şübhəsiz ki, yeni nəslin arasında da istedadlı şəxslər var. Gələcəkdə onlar da AYB-də rəhbər vəzifələrdə ola bilərlər. Hazırda AYB-də gənclər çoxdur. Yəqin ki, növbəti qurultay keçiriləndə yeniləşmələr də olacaq".


 "Anar Azərbaycanın pasportlarından biridir" 

Yazıçı, ssenarist, jurnalist, millət vəkili Aqil Abbas: 

“AYB-nin sədrini qurultay müəyyənləşdirir. Yəni AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar.
Qarşıda növbəti qurultay olmalıdır. Yenə də sədr qurultayla seçiləcək. Ola bilsin ki, hansısa gənc adam seçilsin. Yəni kimlər namizədliyini verəcək, onların arasından seçiləcək.
Anar Xalq yazıçısıdır və xalqın sevdiyi şəxsdir. Bütün yazıçıların ona hörməti var, Azərbaycanın pasportlarından biridir. Məsələ budur. Ona görə də kimsə onu vəzifəsindən çıxarda və yaxud dəyişdirə bilməz. Hər şey qurultayla həll olunur".
Çox güclü gənc nəsil gəlir. Aktivdirlər,  gözəl əsərlər yazırlar. Qurultayda da həmin gənclərdən kimsə seçilə bilər. AYB elə-belə ittifaq deyil. Bu qurum böyük təşkilatdır, dünyaya çıxışı var.
Qurumda gənclər çoxdur. Sadəcə, özlərinin təbliğatını aparsınlar. Bir növ deputat seçkiləri kimi, təbliğatlarını yaxşı aparsalar, yazıçılar da onların tərəfini saxlaya və seçə bilərlər".



"Adamın özü dərk etməlidir, hörmətlə çıxıb getmək daha doğrdur"

Yazar Murad Köhnəqala: 

“Yəni qurultaydan qurultaya sədr seçilir. Anar 2 dönəm sədr seçilib və 33 ildir ki, quruma rəhbərlik edir. Məsələ burasındadır ki, Anardan əvvəl quruma İsmayıl Şıxlı rəhbərlik edirdi.  Anar, Əkrəm Əylisli, Elçin onun həmin postdan getməsi üçün möhkəm çabalar göstərir,  çıxışlar edir, bu və digər şəkildə tədbirlərdə ona hücumlar edirdilər. Yəni İsmayıl Şıxlının AYB-dən getməsini istəyirdilər. İsmayıl Şıxlı cəmi 2 il quruma sədr olmuşdu. Beləliklə abrına qısılaraq, məcbur şəkildə evindən istefa ərizəsi yazmışdı. Demişdi ki, quruma gedib, bir də onların  üzünü görmək istəmirəm.
Amma indi Anar 60-cı illərdə özündən əvvəlkilərə yaşlaşmış nəsil kimi baxırdısa, indiki nəsil nümayəndələri də Anara o cür baxır və buna da  haqları var. Çünki sübut da göz qabağındadır ki, 33 il AYB-də  rəhbərlik edir. Ümumiyyətlə, AYB-nin tarixində 33 il heç kəs rəhbərlik etməyib. Belə olmaz. Adamın özü dərk etməlidir, hörmətlə çıxıb getməlidir, belə daha doğrudur.
Hazırda AYB-də, eləcə də ümumilikdə yazıçılar aləmində onu əvəz edə biləcək çoxlu sayda gənclər var".




Oxşar xəbərlər