İzmir, Çikaqo, Stokolm, Berlindəki soydaşlarımız erməni terroruna qarşı aksiyalar keçiriblər - Fotolar


  • 19:17 / 17 10 2020 |
  • Bölmə: Gündəm / Dünya


Dünyanın müxtəlif ölkələrində yaşayan azərbayacanlılar işğalçı Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına, Gəncə şəhərinin və digər yaşayış məntəqələrinin  dəfələrlə raket atəşinə tutulmasına, nəticədə mülki vətəndaşların, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasına, mülki obyektlərin dağıdılmasına qarşı etiraz aksiyaları keçirirlər. 

Disporla İş üzrə Dövlət Komitəsindən "Rupor"a verilən məlumata görə, qardaş Türkiyə Respublikasının İzmir şəhərində fəaliyyət göstərən Can Azərbaycan Platforması adı altında birləşən 50-yə yaxın qeyri-hökumət təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən tədbir  Fransa Respublikası Konsulluğunun qarşısında baş tutub.

Aksiyada  “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan terrorçu dövlətdir!”, “Azərbaycan ədalət tələb edir!”, “Mülki insanlar toxunulmazdır!” “İşğal beynəlxalq sülhə təhlükədir!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar səsləndirərək ermənilərin ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti ilə bağlı faktları diqqətə çatdırıb, münaqişənin nizamlanmasında Minsk Qrupunun həmsədri kimi Fransanı ədalətli mövqe nümayiş etdirməyə çağırıblar.

ABŞ-ın İllinoys ştatında yaşayan soydaşlarımız Çikaqo şəhərində  keçirdikləri aksiyada Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəf almasını, ölkəmizin müxtəlif  şəhər və rayonlarında onlarla günahsız insanın qətlə yetirilməsini, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər. Aksiya iştirakçıları cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin gecə saatlarında ağır artilleriya atəşinə tutulmasını erməni vandalizminin bariz nümunəsi olduğunu qeyd ediblər. 
Bildirilib ki, Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcəbədi və digər rayonlarının ağır artilleriya atəşinə tutulması Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin göstəricisidir. Aksiya iştirakçıları mülki əhaliyə qarşı törədilən cinayətləri pisləyərək, beynəlxalq ictimaiyyəti  erməni vəhşiliyini qınamağa və ərazi bütövlüyünün bərpası istiqamətində apardığı haqlı mübarizədə Azərbaycanı dəstəkləməyə səsləyiblər. 
Aksiyada Azərbaycan Respublikasının Dövlət Himni ilə yanaşı İstiqlal marşı oxunub,  müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə zonası deyil!”, “Erməni terroruna son!”, “Uşaqları öldürməyin!”, “Mülki şəxsləri öldürməyin” “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”,  “Biz ədalət istəyirik!” kimi şüarlar səsləndirilib.
Aksiya iştirakçıları sonda erməni konsulluğunun binasının önünə gedərək etirazlarını bildiriblər. 

Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının və Azərbaycan İsveç Federasiyasının  təşəbbüsü ilə Stokolmda keçirilən aksiyada çıxış edənlər Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulması, Gəncədə  onlarla mülki vətəndaşın, o cümlədən günahsız körpələrin həlak olmasından  təəssüf hissi keçirdiklərini bildirib, dünya ictimaiyyətini erməni terroruna göz yummamağa və Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə çağırıblar. Aksiya zamanı üzərində Qarabağ həqiqətlərini əks etdirən lövhənin olduğu maşın meydan ətrafında dövrə vurub. 
Aksiyada Azərbaycan Respublikasının Dövlət Himni oxunub. İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni terrorçuluğuna son qoyun!”,  “Mülki insanlar toxunulmazdır!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” “Ermənistana inanma”“Ermənistanın işğalına son!” “Ermənistanın təcavüzünə son” “Erməni terroruna son” və s. şüarlar səsləndirib. 

Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlin şəhərində geçəkləşən aksiyanın iştirakçıları Pariser Platz meydanından Brandenburq qapılarına yürüş ediblər. Çıxış edənlər işğalçı Ermənistanın Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərində, o cümlədən müxtəlif rayonlarda dinc əhalisinə hədəflənmiş terror aktını insanlıq əleyhinə yönələn müharibə cinayəti kimi qiymətləndiriblər. Aksiyada dünya ictimaiyyətindən  Ermənistanın dinc əhaliyə qarşı törətdiyi vandalizm aktlarına biganə qalmamaq və təcavüzkar dövlətin törətdiyi terror və soyqırımı aktlarına görə cəzalandırılmaları tələb edilib. 
İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar səsləndiriblər.
Fransa, İtaliya, İrlandiya və bir sıra başqa ölkələrin bayraqlarının dalğalandığı tədbirdə bu ölkədəki Azərbaycan icması ilə yanaşı türk, Ukrayna, yəhudi icmalarının nümayəndələri və digərləri iştirak edib. 

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.

 

 

 

 

 

 

 

 

 







Oxşar xəbərlər