Bu şəxslər ikinci dəfə Dövlət Mükafatı ala bilməzlər - NONSENS: ONLARI TƏQDİM EDİBLƏR


  • 14:06 / 14 05 2020 |
  • Bölmə: Gündəm


Aprelin 28-də elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası bu ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısını açıqlayıb. Müxtəlif dövlət qurumları müxtəlif sahələr üzrə əsərləri Dövlət Mükafatına təqdim ediblər. 

Məlumatın sonunda xüsusi olaraq vurğulanır ki, Dövlət Mükafatlarına irəli sürülmüş işlərlə ictimaiyyətin geniş tanış olması və müvafiq rəylərin bildirilməsi məqsədilə idarə və təşkilatlardan, ictimai və yaradıcı birliklərdən xahiş olunub ki, yuxarıda göstərilən işlərin müzakirəsini təşkil etsinlər.

15 gün keçməsinə baxmayaraq, hələ də müvafiq orqanlar bu tövsiyəyə əməl etməyib. Bəlkə də hansısa qurumda belə bir tədbir keçirilib, ancaq burada da “ictimaiyyətin geniş tanış olması” tapşırığı kənarda qalıb, kimsənin belə bir görüşün keçirilməsindən xəbəri yoxdur. Pandemiyaya görə bu tədbirləri videokonfrans formatında keçirmək mümkündür. 

Ancaq problem bununla bitimir. 

“Rupor” Dövlət Mükafatına təqdim olunan adlarla tanış olub. Siyahıda iki ad diqqətimizi çəkib:  
 
1.Vasif Babazadə, Şəhla Abdullayeva -“Azərbaycanın mineral-xammal resurslarının kompleks tədqiqinə həsr olunmuş silsilə əsərlər”. Bakı Dövlət Universiteti təqdim edib.
 
2.Ömər Eldarov, Elbay Qasımzadə - “Maestro Niyazinin Bakı şəhərində ucaldılan abidəsi”. Memarlar İttifaqı təqdim edib.

 
Gəlin kiçik araşdırma aparaq. Məlum olduğu kimi, hər ilin 28 may – Respublika günü ərəfəsində Azərbaycan Respublikasında dövlət büdcəsinin vəsaiti hesabına elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 5 (beş) Dövlət Mükafatı verilir. 

Məqsəd ən yaxşı əsərləri qiymətləndirmək və yaradıcı ziyalıları müasir tələblərə cavab verən yüksək səviyyəli əsərlər yaratmağa təşviq etməkdir. Dövlət Mükafatları Komissiyasının Əsasnaməsinə görə (maddə 12), Mükafat bir şəxsə bir dəfədən artıq verilə bilməz. Builki namizədlər sırasında 2 nəfər - Vasif Babazadə və Ömər Eldarov Azərbaycan SSR Dövlət Mükafatı laureatlarıdır. Görəsən, onların bu mükafata yenidən iddia etmələri nə dərəcədə qanunidir?


Yaxud, bu adları siyahıya salan BDU və Memarlar İttifaqı qanundan xəbərsizdirlər? 

İki sual bu, bir sual da 14 gündən sonra mükafatlar təqdim olunacaq. Bəs müzakirə olunmayan əsərə mükafat veriləndə ictimaiyyət mat vəziyyətdə qalmayacaq?

Yazını dərc edək, suallara cavabları gözləyək. Əlbəttə cavablar da dərc olunacaq. “Qarşı tərəf” şərti var. 

"Rupor Analitik"



Oxşar xəbərlər