"Məni gözləyən istedadlı şagirdlərimin olması çətinlikləri unutdururdu" Pianoçu Vüqar Məmmədov


  • 11:00 / 04 12 2020 |
  • Bölmə: Gündəm / İstedadlar


"Rupor.az" istedadlı gənclərə  "FərqliSən" rublikasında özünü təqdim etməyə şərait yaradır. Növbəti təqdimat Vüqar Məmmədova məxsusdur. Mən Vüqar Məmmədov. 
- 1995-ci ildə Şəmkir rayonunda dünyaya gəlmişəm. Uşaq yaşlarımdan musiqi alətlərinə xüsusi marağım var idi. 3-cü sinifdə oxuyanda artıq fortepiano öyrənmək üçün musiqi məktəbinə yazılmışdım. 3-cü sinifdə öyrəndiyim fortepianonun gələcəkdə mənim həyatımın bir hissəsinə çevriləcəyini düşünmürdüm. Bu gün yaxşı fortepiano ifa etməyimin səbəbi uşaq yaşlarımdan həvəslə öyrənməyə başlamağımdır. Musiqiyə olan marağım 9-cu sinifdə Qəmbər Hüseynli adına Gəncə Musiqi Kollecinin instrumental ifaçılıq fakultəsinin fortepiano sinifinə daxil olmağıma rəvac verdi. Musiqi Kollecini bitirdikdən sonra iki il düşünməyə və üzərimdə işləməyə vaxtım oldu
Düşünürəm ki, öz peşəsini sevən biri üçün pul və məsafənin önəmi yoxdur. Növbəti dərs dediyim məktəb yaşadığım rayonla qonşu olan Tovuz rayonunda yerləşirdi. Hər gün səhər saat 6-dan məktəbə yola düşürdüm. Məni gözləyən istedadlı şagirdlərimin olması bütün çətinlikləri unutdururdu. Orta məktəbdə oxuyandan müəllimlərimdə gördüyüm bütün mənfi davranışları gələcəkdə etməməyimə söz vermişdim. Çünki müəllimlik müqəddəs peşədir. Bu adı layiqincə təmsil etməli idim. Artıq müqaviləm bitmişdi deyə, işlədiyim məktəbdən çıxmışdım.
Bu sahəyə, peşəyə olan marağım mənim öz üzərimdə işləməyimə, daha çox öyrənməyimə səbəb oldu. Çünki mən nə qədər çox bilsəm o qədər də yaxşı öyrədə bilərdim. Boş vaxtlarımı səmərəli keçirmək üçün Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzində könüllü kimi fəaliyyət göstərməyə başladım. Könüllü fəaliyyətimdə aztəminatlı ailərə yardımların verilməsində, yeni layihələrin və tədbirlərin təşkil olunmasında, karantin dövründə insanların maarifləndirilməsində yaxından iştirak etdim.
Məqsədlərimdən biri isə hər zaman cəmiyyətə faydalı insan olmaqdır. İndi isə ən böyük arzum işğaldan azad olunmuş bölgələrimizdə yerləşən orta məktəblərdə müəllim kimi çalışmaqdı. Həmişə musiqi beşiyimiz olan Şuşada dünyaya gələn musiqiçilərimiz haqqında şagirlərimə danışanda "Bir gün gələcək biz Şuşamıza səfər edib, orda musiqçilərimizin ev müzeylərini ziyarət edəcəyik"-deyirdim. O gün gldi. Tezliklə mən bu arzumu da gerçəkləşdirə biləcəm.

Hazırladı: İlkin Həsənov



Oxşar xəbərlər