Elçin Quliyevin müavininə 3 ildən 8 ilədək cəza verilə bilər - Generaldır


  • 09:42 / 15 05 2020 |
  • Bölmə: Gündəm


Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Dövlət Sərhəd Xidmətinin yüksək vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanılıb.

"Rupor" “Qafqazinfo”ya istinadən xəbər veiri ki, saxlanlan şəxslərlə bağlı istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır. Faktla bağlı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.
DSX rəisi Elçin Quliyevin müavini, general Əfqan Nağıyev şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib. Onunla birlikdə daha 3 vəzifəli şəxsin saxlanıldığı bildirilir. İlkin məlumata görə, general və əməkdaşları balıqçıların gəmi ilə qanunsuz ov etməsinə şərait yaratmaq şübhəsi ilə tutulublar. Rəsmi açıqlamada qeyd olunan mülki şəxslərin də balıqçılar olduğu bildirilir.
Hazırda DTX və Baş Prokurorluq tərəfindən birgə istintaq hərəkətləri davam etdirilir.

"Rupor" həmin maddələrin təsnifatını təqdim edir: 

Maddə 308. Vəzifə səlahiyyətlərindən sui-istifadə


308.1. Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

308.2. Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə- üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 313. Vəzifə saxtakarlığı


Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 




Oxşar xəbərlər