Tədris lüğətləri hörümçək torunda – Oktay Səmədov yazır


  • 19:42 / 20 01 2022 |
  • Bölmə: Hadisə / Cəmiyyət


Dilimizin yeni orfoqrafiya lüğəti ilə bağlı mətbuatda yayılan informasiyalar və sosial şəbəkələrdə açılan müzakirələr lüğətşünaslığın “hörümçək toruna düşmüş” digər bir probleminə - pedaqoji leksikoqrafiyada yaşanan durğunluğa diqqət yetirməyi tələb edir. 

Son illər inkişaf etmiş ölkələrdə lüğətşünaslıq elminin dillərin tədrisi metodikası ilə qovşağında formalaşmış pedaqoji leksikoqrafiya sahəsində ciddi uğurlar qazanılıb. Orta və ali təhsil müəssisələrində elmi biliklərə yiyələnənlər müxtəlif fənlər üzrə xüsusiləşmiş tədris lüğətlərindən (learner’s dictionary) yetərincə istifadə imkanı qazanıblar. Dərsliklər və dərs vəsaitlərində yer alan terminlər, oxunuşu, yazılışı müəyyən çətinliklər yaradan söz və ifadələr tədris kompleksinin ayrılmaz tərkib hissəsinə, mühüm komponentinə çevrilməli olan məlumat ədəbiyyatı nümunələrində öz geniş izahını tapır.  

Təəssüf ki, bizim məktəbli və tələbələr bu cür imkandan məhrumdurlar: Azərbaycanda müasir tələblərə cavab verən, müxtəlif fənlərin məzmunu ilə tam uyğunlaşmış və tədris vəsaitləri kompleksinin komponenti statusuna malik tədris lüğətləri mövcud deyil.

İlk tədris lüğətləri ötən yüzilliyin 30-cu illərinin əvvəllərində S.Oqden, N.Palmer, A.Xornbi kimi tanınmış lüğətşünaslar tərəfindən tərtib edilmiş və tədris prosesində tətbiq olunmuşdu. Bir əsrə yaxın vaxt keçib, amma indiyədək məlumat ədəbiyyatının müxtəlif fənlərin tədrisinə cəlb edilməsi istiqamətində təsirli işlər görməmişik.   
   
Hələ ötən əsrin 80-ci illərində, tədris lüğətlərinin uzaq və yaxın xarici ölkələrin təhsil müəssisələrində mühüm məlumat mənbəyinə çevrildiyi dövrdə, aparılmış tədqiqatlar, dissertasiya işi çərçivəsində gerçəkləşmiş elmi araşdırmalar Azərbaycan məktəbləri üçün tədris lüğətlərinin tərtib edilməsinin vacibliyini ortaya qoymuş, onlardan tədris prosesində məqsədyönlü və mütəmadi istifadənin nə dərəcədə səmərəli olduğunu pedaqoji eksperimentlər əsasında sübuta yetirmişdi. Müəllimlər və tələbələr arasında aparılmış silsilə sorğular həm şagirdlərin, həm də ali məktəblərdə müxtəlif ixtisaslar üzrə elmi biliklərə yiyələnən gənclərin bu növ linqvistik məlumat ədəbiyyatına böyük ehtiyac duyduqlarını üzə çıxarmışdır. 

Bir çox fənlər üzrə məktəb dərsliklərində müxtəlif elm sahələrinə aid terminlərə, alınma leksik vahidlərə rast gəlinir. Onların mənası, mənşəyi, oxunuş və yazılış qaydaları barədə məlumatları məktəbliyə bir dərslik formatında təqdim etmək qeyri-mümkündür. Dərsliyin məzmununa uyğunlaşdırılmış kiçikhəcmli xüsusi nəşr bu funksiyanı öz üzərinə götürə bilər. Müəyyən ixtisasa yiyələnən tələbənin də özündə həmin ixtisasa aid söz və ifadələri, terminoloji vahidləri cəmləşdirmiş tədris lüğəti ilə təmin etmək gərəklidir. Tibbi terminlər lüğəti gələcək həkimlərin, iqtisadi, hüquqi, texniki, riyazi terminlərə dair lüğətlər müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin stolüstü kitabına, dərsliyin mühüm əlavəsinə çevrilməlidir. Lüğətin elektron variantı isə onun istifadəçilər dairəsini əhəmiyyətli dərəcədə genişləndirə bilər.  

Bu cür nəşrlərin tərtib edilib təhsil alanların istifadəsinə verilməsi tədris proqramlarına müvafiq bacarıq və vərdişlərin aşılanmasını nəzərdə tutan mövzuların daxil olunmasını tələb edir: hazırlıqlı lüğət istifadəçisi axtardığı söz və ya ifadəni lüğətdən 2-3 dəqiqə ərzində deyil, mütəxəssislərin qeyd etdikləri kimi, 15-17 saniyəyə tapmalı, lazım olan məlumatı lüğət məqaləsindən qısa müddətdə və düzgün əldə etməyi bacarmalıdır.
Lüğətşünaslıqda hörümçək toruna düşmüş problemlərin həlli barədə düşünmək vacibdir.   

Oktay Səmədov
pedaqogika üzrə fəlsəfə doktoru, dosent







Oxşar xəbərlər