Medianın İnkişafı Agentliyi fərdi jurnalist müsabiqəsi elan etdi


  • 13:15 / 20 06 2022 |
  • Bölmə: Hadisə / Cəmiyyət


Medianın İnkişafı Agentliyi (MEDİA) fərdi jurnalist müsabiqəsi elan edib.

MEDİA-dan "Rupor"verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada və ya kağız daşıyıcıda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir.

Müsabiqəyə təqdim edilən materiallar:

Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

– ən yaxşı reportaj;

– ən yaxşı ictimai-siyasi təhlil;

– ən yaxşı sosial-iqtisadi təhlil;

– ən yaxşı müsahibə;

– ən yaxşı mədəniyyət materialı;

– ən yaxşı köşə yazısı;

– ən yaxşı jurnalist araşdırması;

– ən yaxşı oçerk.

Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində audiovizual media subyektində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

– ən yaxşı ictimai-siyasi reportaj;

– ən yaxşı iqtisadi reportaj;

– ən yaxşı sosial reportaj;

– ən yaxşı mədəniyyət reportajı;

– ən yaxşı idman reportajı.

Qiymətləndirmə:

Materialların qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 (üç) müstəqil ekspert tərəfindən həyata keçirilir.

Mükafatlandırma:

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 (iki) jurnalist və 2 (iki) operator qalib elan edilir və mükafatlandırılır.

Müsabiqəyə müraciət qəbulu 01 iyul 2022-ci il saat 18:00-dək davam edəcək.

Qalib jurnalistlərin hər biri 700 (yeddi yüz) manat, operatorların hər biri isə 350 (üç yüz əlli) manat məbləğində pul mükafatı ilə mükafatlandırılır.




Oxşar xəbərlər