"Fənn olimpiadalarının qaliblərinə ədalətsiz yanaşma var" - Osman Gündüzdən etiraz


  • 10:05 / 30 06 2022 |
  • Bölmə: Hadisə / Cəmiyyət


"Nə üçün beynəlxalq və respublika fənn olimpiadalarının qaliblərinə  Prezident təqaüdü verilmir?  Prezident hər il qəbul imtahanlarından sonra ən yüksək bal toplayanlara Prezident təqaüdü təyin edir. Hazırda mövcud qaydalara görə  hər il  ixtisas qrupları üzrə yüksək bal toplayan 102 abituriyentə 250 manat məbləğində Prezident təqaüdü təyin olunur".

"Rupor" xəbər verir ki, bu fikirləri şəxsi Facebook hesabında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru osman Gündüz yazıb. 

O bildirib ki, bu qaydalar yalnız konkret ixtisaslar üzrə yüksək nəticə göstərənlərə şamil olunduğu halda beynəlxalq və respublika fənn olimpiadalarının qaliblərinə tətbiq edilmir. Bununla yanaşı, beynəlxalq və respublika fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu nəzərdə tutulsa da Prezident təqaüdünün verilməsi nəzərdə tutulmur: 

"Düşünürəm ki, bu, doğru olmayan, ədalətsiz bir yanaşmadır. Əgər bu təqaüd  dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə təyin olunursa onda elə ilk növbədə həm də beynəlxalq və respublika fənn olimpiadalarının qaliblərinə şamil olunması doğru və məntiqli olardı. 
Yəni, əgər məktəbli hansısa fənn üzrə olimpiada qalibi olubsa bu o anlama gəlir ki, onun bu fənn üzrə  bilik səviyyəsi imtahandan 700 bal toplayandan da yüksəkdir".


Osman Gündüz onu da xatırladıb ki, hazırda ölkəmizdə olimpiadalara hazırlıqla bağlı TN tərəfindən xüsusi mərkəzlər formalaşdırılıb. Bu məqsədlə xaricdən mütəxəssislər dəvət olunur. İndiyədək məktəblilərimiz tərəfindən 500-dən çox qızıl, gümüş və bürünc medal ölkəmizə gətirilib:
"Fikrimcə indiki anda bu tip şəxslərə dövlət dəstəyini davam etdirmək daha məntiqli və milli maraqlarımıza uyğun olardı. Ümid edirəm səlahiyyətli qurumlar bu məsələni diqqətdə saxlayacaq və növbəti mərhələdə  beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri də  Prezident təqaüdü ala biləcəklər".

Anar



Oxşar xəbərlər