Bayrağımızı yüksəldən əslən ukraynalı zəriflərə həsr olunur


  • 20:20 / 04 03 2022 |
  • Bölmə: İdman


Martda bayram günlərinin sayı çoxdur. Bu ayda ənənəvi bayramlarla (Beynəlxalq Qadınlar Günü, Novruz bayramı) yanaşı, bir də bəzi sahələrdə çalışanların peşə bayramları var. Elə idmançılarımız da öz peşə bayramını martda(martın 5-də) qeyd edir. Bu əlamətdar günün qeyd olunması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 mart 2005-ci il tarixli, 654 nömrəli Sərəncamına əsaslanır.

İdman siyasəti Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu sahənin parlaq inkişafda olduğu, məncə, sağlam düşünən hər kəsə məlumdur. Hələ Ümummilli Lider Heydər Əliyevin ikinci hakimiyyəti dövründə Gənclər, İdman və Turizm Nazirliyinin(indiki Gənclər və İdman Nazirliyi) yaradılması ölkəmizdə bədən tərbiyəsi və idman hərəkatının kütləviliyinə böyük təkan verib. Sevindirici hal odur ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir və biz uğurlu inkişafın məhz idmandan da yan ötmədiyinin əyani şahidi oluruq. “Azərbaycan idman ölkəsidir” deyimi sözügedən sahəyə aid maddi-texniki bazanın ildən-ilə möhkəmləndirilməsi, idmançılara göstərilən dövlət qayğısının mütəmadi olaraq artırılması, onların hər zaman diqqətdə saxlanılması, Vətənimizdə beynəlxalq miqyaslı yarışların düzənlənməsi və bu kimi digər amillərin fonunda öz təsdiqini bir daha tapmış olur. Yəni İlham Əliyevin istər ölkə rəhbəri kimi, istərsə də Milli Olimpiya Komitəsinin prezidenti kimi idmanın inkişafına, gənclər və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğinə əvəzsiz xidməti və bu istiqamətdə əldə olunan gözəl nəticələr göz önündədir. Mövzu idmandırsa, Birinci vitse-prezident Mehriban Əliyevanın məqsədyönlü fəaliyyətini də unutmamalıyıq. Mehriban xanımın digər sahələrlə yanaşı, idmanın inkişafı yönündə də mətin addımlar atması danılmazdır. Artıq 20 ildir Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik etməsi Mehriban xanıma Azərbaycan idmanının inkişafı yolunda ikiqat güc verir, bu isə onun gördüyü işləri daha səmərəli edir.

Mariya Stadnik, İrina Zaretska və İryna Kinderzska – bu üç xanım Azərbaycan aslanlarıdır.

Dahi Nizaminin “İskəndərnamə”sində Nüşabənin dilindən verilmiş “Mən də bir aslanam, düşünsən bir az, Aslanın erkəyi, dişisi olmaz” sözlərinə qüvvət olaraq, bu gün də ölkəmizin aslan xarakterli qadınlarla zəngin olduğunu asanlıqla söyləyə bilərik. Mariya Stadnik, İrina Zaretska və İryna Kinderzska – bu üç xanım da Azərbaycanın aslanlarıdır. Onlar əslən ukraynalı olsalar da, illərdir ki, dövlətimizin himnini səsləndirib, üçrəngli bayrağımızı yüksəldirlər. Əsas uğurlarına gəlincə, ölkəmizin aktivinə xanım Stadnik 4 olimpiya medalı(London-2012 və RİO-2016-da gümüş, Pekin-2008 və Tokio-2020-də bürünc medal qazanıb ki, bu nəticə ilə Mariya idman tariximizdə ən çox olimpiya mükafatı olan idmançıdır), xanım Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalını, daha bir ukraynalı zərifimiz xanım Kinderzska isə “Tokio-2020”-nin bürünc medalını yazdırıb. Fərqli idman növlərində(Mariya Stadnik – qadın güləşi, İrina Zaretska – karate, İryna Kinderzska – cüdo) mübarizə aparan bu xanım cəngavərlərimiz olimpiya oyunları ilə yanaşı, dünya, Avropa çempionatları və digər nüfuzlu yarışlarda da dəfələrlə üzümüzü güldürüb, sevincdən gözlərimizi yaşardıblar. 

Adlarını qeyd etdiyim qəhrəman qadınları dövlətimiz heç vaxt unutmayıb, onların əzmkarlığını, əməyini yüksək qiymətləndirib. Belə ki, müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə Mariya Stadnik “Şöhrət”, 1-ci və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, “Tərəqqi” medalı və Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə, İrina Zaretska “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, İryna Kinderzska isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Bu gün dost Ukrayna xalqı gərgin günlər yaşayır. Amma yaman günün ömrü az olar. İdmançı xanımların üçünə də səbirli olmağı arzulayır və onlara səslənirəm:
- Peşə bayramınız mübarək!

Mehti Kamiloğlu



Oxşar xəbərlər