"Qarabağ" yenə "Şerif"i məğlub etdi - Yenilənib - Video


  • 21:55 / 26 08 2020 |
  • Bölmə: İdman


"Qarabağ" UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirib.

"Rupor"un məlumatına görə, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Moldova "Şerif"ini qəbul edib. Rəqibinə 2:1 hesabı ilə qalib gələn Azərbaycan çempionu III təsnifat mərhələsinə adlayıb.

Matçda hesab 22-ci dəqiqədə açılıb. Xayme Romeroya qarşı kobudluqdan sonra təyin olunan penaltini Uroş Matiç dəqiq yerinə yetirib. 39-cu dəqiqədə qonaqlar meydanda azlıqda qalıblar. Penaltinin səbəbkarı olmuş Anatol Abanq bu dəfə Bədavi Hüseynovun sifətinə təpiklə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. İlk hissə "Qarabağ"ın minimal hesablı qələbəsi ilə başa çatıb.

İkinci yarıya da hücumlarla başlayan Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 63-cü dəqiqədə 2-ci topu Tiraspol təmsilçisinin qapısından keçirib. Bu dəfə Abdullah Zubirin ideal ötürməsindən sonra qapıçı ilə təkbətək qalan Mahir Emreli fərqlənib. "Şerif"in gücü isə yalnız fərqi azaltmağa çatıb. 78-ci dəqiqədə meydana sonradan daxil olan kolumbiyalı hücumçu Frank Kastanyedo qollardan birinin əvəzini çıxıb. Bu, eyni zamanda matçın yekun hesabı olub.

Beləliklə, "Qarabağ" ÇL-in III təsnifat mərhələsinə yüksəlib. Qitənin ən nüfuzlu klub turniri ilə vidalaşan "Şerif" isə mübarizəni Avropa Liqasında davam etdirəcək. 

Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"ini 4:0 hesabı ilə yenib. Azərbaycan komandasının ÇL-in III təsnifat mərhələsindəki rəqibi avqustun 31-də atılacaq püşk nəticəsində müəyyənləşəcək.

"Şerif" artıq üçüncü dəfədir avrokuboklarda "Qarabağ"a rəqib olur. Bundan əvvəlki görüşlərdə təmsilçimiz Moldova klubundan güclü olub. 2017/18 mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şerif"i mübarizədən kənarlaşdıran (0:0, 2:1) Ağdam təmsilçisi növbəti dəfə Avroliqanın pley-offunda tiraspollularla üz-üzə gəlib. 2018/19 mövsümündəki duellərdə də "Qarabağ" üstün tərəf olaraq (0:1, 3:0) qrup mərhələsinə yüksəlib.

***


UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilən "Qarabağ" - "Şerif" oyununda hesab açılıb.

"Rupor" xəbər verir ki, matçın 22-ci dəqiqəsində Ağdam klubunun yarımmüdafiəçisi Uroş Matiç penaltidən fərqlənərək komandasını önə keçirib.

39-cü dəqiqədə isə Tiraspol təmsilçisi meydanda azlıqda qalıb.

Rəqibin heyətində Anatol Abanq qırmızı vərəqə alaraq meydandan qovulub.





Oxşar xəbərlər