Maqnus Karlsen azərbaycanlı şahmatçılara dəvət göndərmədi


  • 16:35 / 14 05 2020 |
  • Bölmə: İdman


Hazırkı dünya çempionu Maqnus Karlsen 5 turnirdən ibarət onlayn şahmat turunun növbəti seriyalarını təşkil edəcək.

"Rupor" xarici KİV-lərə istinadən məlumatına görə, mükafat fondu 1 milyon ABŞ dolları olan yarışda 12 şahmatçı iştirak edəcək.

Turun növbəti seriyası "Lindores Abbey Rapid Challange" adlanır və 19 may - 3 iyun tarixlərində keçiriləcək.

M.Karlsen bundan əvvəlki superturnirdə olduğu kimi, bu dəfə də Azərbaycan qrossmeysterlərinə dəvət göndərməyib. Yarışda dünya şahmat tacının hazırkı sahibi ilə yanaşı, Din Liren, Vey Yi, Yuy Yanyi (hamısı Çin), Hikau Nakamura, Esli So (ABŞ), Yan-Kşiştof Duda (Polşa), Alireza Firuzca (İran), Aleksandr Qrişuk, Sergey Karyakin, Daniil Dubov (hamısı Rusiya) və Levon Aronyan (Ermənistan) iştirak edəcək.

Əvvəlcə şahmatçılar 3 gün ərzində rapid növü üzrə dairəvi sistemlə 11 tur oynayacaqlar. Ən yaxşı 8 şahmatçı pley-off mərhələsinə yüksələcək. Burada hər cütlükdə 3 qələbəyə ən tez çatan qrossmeysterlər növbəti tura vəsiqə qazanacaqlar. 

Daha sonra "Online Chess Masters" (20 iyun - 5 iyul) və "Legends of Chess" (21 iyul - 5 avqust) turnirləri təşkil olunacaq. Hər 3 yarışın mükafat fondu 150 min ABŞ dollarıdır. 

Şahmat turu 9-23 avqustda təşkil olunacaq və mükafat fondu 300 min ABŞ dolları olan "Grandfinal"la başa çatacaq.

Qeyd edək ki, seriyanın ilk turniri ("Magnus Carlsen Invitational") bu ilin mayında başa çatıb. 250 min ABŞ dolları mükafat fonduna malik yarışı finalda amerikalı Hikaru Nakamuranı məğlub edən norveçli dünya çempionu qazanıb.



Oxşar xəbərlər