Mənzillərin qiyməti niyə artır? - Ekspert rəyi


  • 23:43 / 18 02 2021 |
  • Bölmə: İqtisadiyyat


Ölkədə dizel yanacağının qiymətinin artması səbəbindən demək olar ki, əksər sahələrdə qiymət artımı müşahidə olunur. Artım daha çox tikinti materiallarında özünü göstırir.  Hazırda tikinti materiallarının qiyməti təxminən 100 faiz artıb. Bu artım mənzillərin qiymətinə də yüksək səviyyədə təsir edib. 

MediaBaku.az gerçək vəziyyətə ekspert Mirdamət Əzizovun münasibətini öyrənib.

Ekspert bildirib ki, əmlak bazarında qiymətlərin qalxması tikintinin rentabelliyini artırır. 

"Bildiyniz kimi, Tarif Şurası tərəfindən Aİ-92 markalı benzin və dizel yanacağının qiymətinin  artırılmasına qərar verilib. Qeyd olunan yanacaq növlərinin qiymətinin artırılması tikinti materialları bazarında qiymətlərə təsirsiz ötüşmədi. Hazırda əmlak bazarında qiymət dəyişikliyi müşahidə edilir. Bu da ilk növbədə alıcılıq qabiliyyəti ilə əlaqədardır. Əmlak bazarında qiymət artımı müşahidə edilir. Bu, daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlər üçün tariflərin qalxması ilə yanaşı, həm də yanacağın qiymətinin artması ilə əlaqədar baş verməkdədir. Yanacağın bahalaşması əmlak bazarına müxtəlif vaxtlarda fərqli təsir göstərir. Yəni daşınmaz əmlak ucuzlaşanda və ya qiymət sabit olanda bir cür, qalxanda isə başqa cür təsir göstərir. Əmlak bazarında qiymətlərin qalxması tikintinin rentabelliyini artırır və bu zaman satış qiyməti ilə maya dəyəri arasındakı marja çoxalır. Yanacağın bahalaşması tikinti materiallarının qiymətinə birbaşa təsir göstərir. Tikinti materiallarının, xüsusən də dəmir məmulatlarının qiymətində enerji daşıyıcılarının payı 40 faizə qədərdir. Tikinti materiallarının qiymətinin artması son nəticədə daşınmaz əmlakın satış qiymətinə  təsir göstərir. Bunu nəzərə alsaq, yanacağın qiymətindəki son artım daşınmaz əmlakın qiymətinə təsir etməkdədir”, - deyə M. Əzizov vurğulayıb. 

İqtisadçı ekspert Günay Hüseynova saytımıza açıqlamasında kommunal xidmətlərin qiymətinin yenidən artacağının ehtialından da danışdı. 

"Yanacağın qiymətində artım digər sahələrdə olduğu kimi tikinti sektorunda da qiymət artımına səbəb oldu. Bütün sahələrdə daşınma(nəqliyyat) xərcləri önəmli faktor olduğu üçün bu sahə ilə bağlı qiymət artımı da birbaşa və dolayı yollarla qiymət artımında özünü göstərir. Tikinti sektoruna yansıyan qiymət artımı əmlak bazarında da mənzillərin qiymət artımına bir başa səbəbdir. Onu da qeyd edim ki, hələ tikinti materiallarının qiymətindəki artımdan öncə kirayə evlərin qiymətində %10-%15 qiymət artımı var idi. Təkcə zəruri və zəruri olmayan məhsulların qiymətində %30-%40 artım oldu. Sahibkar da xərclərin artımından dolayı çalışır ki,ən azından əvvəlki gəlirini qazansın. Əgər bu gün əmək haqqı,təqaüdlər  %14 artırsa demək gələn il xərclər bunun %50 qədər artacaq. Bu gün ödənilən məbləğ növbəti il iki qat büdcəyə qayıdır. Təbii ki,Dövlətin xərcləri var və bu xərclər də büdcəyə daxil olmalar hesabınadır. Lakin,bu elə tənzimlənməlidir ki, əhalinin narazılığına səbəb olmasın. Belə ki, qiymətlərin səviyyəsi ilə gəlirlər arasında cüzi fərq olmalıdır. Əgər bu gün Tarif Şurası qiyməti yanacağı %33 qaldırır,Azərsu %100 qaldırırsa və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi təqaüdlərə %14 artım edirsə bu əlbəttə ki düzgün deyil. Yanacağın qiyməti artanda əvvəlki müsahibələrimdə də qeyd etmişdim çörəyin, unun qiyməti, zəruri ehtiyac malları, həmçinin kommunal xidmətlərin qiyməti artacaq", - deyə o, qeyd etdi.

Fəxriyyə Qarayeva




Oxşar xəbərlər