Ucuzdur, keyfiyyətlidir, amma alan yoxdur


  • 10:05 / 03 07 2021 |
  • Bölmə: İqtisadiyyat


Gəncə avtomobil zavodu Bakı Nəqliyyat Agentliyinin  keçirdiyi tenderdə niyə qalib ola bilmir?
 
Maşınqayırma sənayesi iqtisadiyyatın ağır sahəsi sayılır. Bu sahə özü-özlüyündə yüzdən çox ayrı-ayrı istehsallar, sahələr, yarımsahələr, elmi-texniki komplekslərdən ibarətdir. Daimi iş yerlərinin yaradılmasında, yeni məhsulların bazara çıxarılmasında, ölkə iqtisadiyyatının güclənməsində, dövlətin iqtisadi müstəqilliyinin artmasında, hərbi cəhətdən güclü olmasında maşınqayırmaya alternativ sahə yoxdur. İqtisadiyyatın bu ağır sənaye növündə nəqliyyat maşınqayırması xüsusi yer tutur ki, bu sahəyə də avtomobil və gəmiqayırma zavodları aid edilir. Hazırda Azərbaycanda belə zavodlar mövcuddur. Bunlar Bakı Gəmiqayırma Zavodu, Gəncə avtomobil zavodu, Naxçıvan avtomobil zavodları və Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavodudur.

Yerli istehsal xaricdən gətirilən nəqliyyat vasitələri ilə müqayisədə dəfələrlə ucuz başa gəlsə də, ölkədə yerli avtomobil satışları ürəkaçan deyil. 2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana xaricdən 23 854 ədəd avtomobil idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, idxal edilən avtomobillərin ümumi dəyəri 244 milyon 577 min dollar həcmində olub. Ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı 6 658 ədəd və ya 38,7 faizə qədər artıb.

Müvafiq dövr ərzində ölkəmiz xaricdən 44 ədəd 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. Bu avtomobillərin idxal dəyəri 4 milyon 514,5 min dollara yaxın olub. İdxal həcmi ötən ilə nisbətən 25 ədəd və ya 36,2 faiz azalıb.
İdxal edilən avtomobillərin əksəriyyəti minik avtomobilləridir.  21 948 ədəd maşın idxal edilib və onların ümumi dəyəri 209 milyon 176,2 min dollar təşkil edib. İdxal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5 928 ədəd və ya 37 faiz çox olub.

Rəsmi statistikadan aydın olur ki, hətta pandemiyanın tüğyan etdiyi 2020-ci ildə də ölkəyə əvvəlki illə müqayisədə 536 ədəd və yaxud 15,15 faiz artıq olmaqla? 49 min 692 ədəd (542,4 milyon dollar dəyərində) minik avtomobili gətirilib. Bu ilin 3 ayında isə ölkəyə 14 min 219 ədəd (132,72 milyon dollar dəyərində) minik avtomobili idxal olunub - bu zaman əvvəlki ilin eyni dövrü ilə müqayisədə cəmi 1,4 faizlik azalma qeydə alınıb.
Vətəndaşlarla yanaşı, bir çox şirkətlər də avtomobili xaricdən almağa üstünlük verirlər. Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata görə, sonuncu dəfə 300 ədəd avtobusun gətirilməsinə başlanılıb. Bundan öncə 302 avtobus gətirilib. BNA-ya 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə 47 milyon 924 min manat ayırıb. Bakı Nəqliyyat Agentliyinin (BNA) sifarişi ilə "BMC Otomativ Sanaye ve Ticaret A.S.” şirkəti tərəfindən istehsal edilən avtobusların 280-i 12, 20-si isə 18 metrlikdir.
 

Azərbaycanda avtobus istehsal edilirmi?

Apardığımız araşdırmalara əsasən məlum olur ki, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində  "E-321” markalı elektrobus istehsal edilir. Zavodu mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov deyir ki, 2019-cu ildə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi ilə Belarusun "Belkommunaş” ASC arasında bağlanmış ikitərəli müqavilələr çərçivəsində müəssisədə "E-321” markalı elektrobusun istehsalına başlanılıb və bu günədək 4 "E-321” markalı elektrobus yığılıb: "E-321 markalı elektrobus 83 sərnişinin daşınmasını reallaşdıra bilər. Avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur”.

Həmsöhbətimizin sözlərinə görə, müəssisənin istehsalına xarici şirkətlər də maraq göstərir: "Hazırda Belarus-Azərbaycan iqtisadi əməkdaşlığı çərçivəsində başlanmış ikitərəfli müqavilələr sayəsində Minsk Traktor zavodu, Minsk avtomobil zavodu, "Bobruysk” ehtiyat hissələri və avadanlıqlar istehsalı zavodu, "Qomselmaş” ASC, "Belkommunaş” ASC ilə birgə fəaliyyətimiz uğurla davam etdirilir. Bundan başqa sifarişlərə uyğun olaraq Rusiyanın KAMAZ və URAL konsernləri ilə də əməkdaşlığımız mövcuddur”.
 

Müəssisədə istehsal olunan elektrobusların üstün cəhətlərindən biri də odur ki, onlar həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir: "Həm avtobuslar, həm də elektrobuslar ümumi qabaritinə , yanacaq sərfiyatına görə, həm də ekoloji cəhətdən təmiz  "Avro-5” standartına cavab verdiyindən, Bakı, həmçinin də Gəncə, Sumqayıt və digər şəhərlərdə istismarı əlverişlidir. Elektrobuslar isə hələ ki, Azərbaycanda analoqu olmayan bir minik vasitəsidir ki, bu gün dövlətimizin ekoloji təmiz şəhərlər yaradılması layihələrinə tam cavab verir. Belə ki, akkumulyatorlarla işləyən elektrobuslarda yanacaqdan istifadə olunmur və ətraf mühitə heç bir zərər vermir. Bundan əlavə, burada əlillərin arabalarla minmələri və orada dayanmaları üçün xüsusi yerlər nəzərdə tutulub. Avtobuslarda sifarişçinin tələbinə uyğun olaraq monitorların, sürücünün salonla əlaqə yaratması üçün xüsusi kameraların və səs qurğularının quraşdırılması mümkündür. Həm CNG mühərrikli avtobuslar, həm də elektrobuslar Prezident İlham Əliyevin Gəncə şəhərinə rəsmi səfərləri zamanı dövlət başçısına təqdim olunub”.

Zavod rəsmisi isə söhbətləşdikdən sonra "nə üçün yerli deyil, xarici istehsala üstünlük verirsiniz” sualını BNA-ya ünvanladıq. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, avtobusların alınması qanunvericiliyin tələbinə uyğun olaraq açıq tender əsasında keçirilir: "İstər yerli, istərsə də xarici istehsalçı şirkətlər bu tender də iştirak edə bilər. Son keçirilən belə tenderin qalibi qardaş Türkiyə Respublikasının BMC şirkəti olub”.

Bəs zavod tenderdə iştirak edibmi?

M. Rəhimov vurğulayır ki, zavod BNA-nın tenderində sərfəli şərtlərlə iştirak edib, lakin qalib gəlməyib: "Gəncə avtomobil zavodu istehsalat birliyinin servis və marketinq şöbəsi müəssisəmizdə yığılan istənilən texnikaların bazarını araşdırmaq məqsədilə müxtəlif tenderlərdə, sərgilərdə iştirak edir, bütün sahələr üzrə məhsullarımızı alıcılara təklif edirlər. Belə qurumlardan biri də Bakı Nəqliyyat Agentliyidir. Zavodumuz BNA-nın keçirdiyi tenderlərdə sərfəli şərtlərlə iştirak edib. Zavodumuzda yığılan həm avtobuslara, həm də elektrobuslara zəmanət verilir. Digər tərəfdən, Gəncə avtomobil zavodu yığdığı istənilən texnikaya servis xidmətini həyata keçirir ki, bu da çox önəmli bir şərtdir. Zavodumuz bundan sonra da aidiyyəti üzrə Azərbaycanda keçirilən bütün tenderlərdə iştirak etməyə çalışacaq və ümidvarıq ki, yerli istehsalın inkişafı, keyfiyyətli texnikalar, həm də istismar müddətində həyata keçirə biləcəyimiz mükəmməl serviz xidməti bu tenderlərdə qalib olmağımıza imkan verəcək”.

 




Oxşar xəbərlər