Banklarda yenidənmaliyyələşdirmə kreditlərin şərtləri dəyişdi


  • 13:47 / 11 08 2022 |
  • Bölmə: İqtisadiyyat


Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən banklara verdiyi kreditlərin şərtlərini dəyişdirib.

"Rupor" xəbər verir ki, bununla bağlı AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişiklikləri təsdiq edib.

Dəyişikliklərə əsasən, yenidənmaliyyələşdirmə kreditləri hərrac vasitəsilə və ya hərracdan kənar verilə bilər: "Bundan sonra 180 gündən çox olmayan müddətə verilən yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə birbaşa və ya dolayı hərraclar vasitəsilə ilə veriləcək.

Banklara verilən kreditlər üzrə təminat hərracın keçirildiyi gündən 3 iş günü (əvvəl 5 gün nəzərdə tutulurdu) ərzində rəsmiləşdirilmədikdə kreditin verilməsindən imtina olunacaq", - qaydalarda deyilir.

Digər dəyişikliyə əsasən, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təminat əsasında 360 gündən çox olmayan müddətə hərracdan kənar yenidənmaliyyələşdirmə kreditləri verilə bilər. Bu kreditlərin verilməsinin digər şərtləri İdarə Heyətinin qərarı ilə müəyyən olunur.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.



Oxşar xəbərlər