İstedadla özünə inamın harmoniyasının Nilufər nümunəsi - FOTOLAR


  • 20:10 / 11 02 2021 |
  • Bölmə: İstedadlar


«Qızım haqqında danışarkən, övladı üzərində əziyyəti olan valideynlər gözümün önündən keçir. Xoşbəxt anayam ki, qızım Nilufərə bircə dəfə də olsun, «dərsini öyrən» deməmişəm. Onun heç bir uğuru məni təəccübləndirməyib, əksinə düşünmüşəm ki, bu başqa cür ola da bilməzdi».

Bu sözləri müsahibim Lətifə Məcidova qızı Nilufər Məmmədli haqqında olan söhbətimizdə deyib. Təhsilə sevgisi, elmə  marağı ilə diqqətimi çəkən və yaşıdlarına nümunə olan Nilufər Məmmədli Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Atası da vaxtilə Neft və Sənaye İnstitutunu bitirib. Neftayırma zavodunda uzun illər 13 nömrəli sexdə rəis vəzifəsində çalışıb. Anası Lətifə Məcidova isə “Zəngi” liseyində ibtidai sinif müəllimi kimi fəaliyyətini davam etdirir. 
“Zəngi” liseyində orta təhsilini qızıl medalla bitirən Nilufər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə Sənayenin təşkili və idarəolunması ixtisası üzrə daxil olub. 



 Gənc olmasına baxmayaraq, qazandığı uğur və nailiyyətlərini görəndə xəyalım məni məktəb illərimə apardı. Müəllimlər otağının qapısı üzərindən dahi Nizami Gəncəvinin beyti yazılan lövhə vurulmuşdu. Biz hər dəfə tənəffüs zamanı dəhlizdə onu görür və özümüzdən asılı olmayaraq təkrarlayırdıq:

Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.

Görünür, elə Nilufər də elmin qüvvətinə şübhə etmədən bu çətin yolların yolçusu olmağı özünə həyat amalı seçib. 
Anası Lətifə xanım deyir ki, Nilufər uşaq yaşlarından təhsilə marağı ilə seçilib. Məktəbə getməmişdən öncə yazıb-oxumaq öyrənib. Məktəb illərində  öyrənməyə olan həvəsi bir qədər də artıb.  Bu həvəs və sevgi ona ilk növbədə təhsil aldığı “Zəngi” liseyində aşılanıb. Özünün ənənələri ilə seçilən təhsil ocağında siniflərindəki bütün uşaqlar əla qyimətlərlə oxuyurdu. Güclü  rəqabət onu kitablardan ayrılmağa qoymurdu. O son dərs  gününə kimi sözün həqiqi mənasında yarışdı. Oxuduğu sinifdən bir çox uşaqlar qızıl medala namizəd olsa da, həmin il “Zəngi” liseyindən qızıl medalı təhsildəki uğurlarına görə  Nilufər qazandı. 



Lətifə Məcidova deyir ki, Nilufər öz hüquqlarını yaxşı bilən, lazım gəlsə haqqını tələb etməyi bacaran bir gəncdir:

«O hələ IX-X sinifdə oxuyurdu. İngilis dilində beynəlxalq yarışma zamanı bir dəfə yanlışlıqla ona və digər sinif yoldaşlarına ikinci yeri verirlər. Nilufər həm özünün, həm də sinif yoldaşlarının hüquqlarını müdafiə edərək, ədalətin bərpa olunmasına nail oldu, nəticədə birincilik qazandı».

Gənc və istedadlı qızın uğurları təhsilə olan sevgisi ilə məhdudlaşmır. O hələ məktəbdə oxuyarkən ictimai fəallığı ilə diqqət çəkir. 2014-cü ildə  «Sabahın alimləri» III Respublika müsabiqəsində «Ekologiya və ətraf mühitin idarə olunması» bölməsi üzrə «Ekoloji məhsullar-sağlamlığın mənbəyidir» layihəsi ilə qızıl medala layiq görülən Nilufər Məmmədli sonralar beynəlxalq müsabiqələrdə də özünü sınayır.  O, İNEFO-da (International Ethical Films Organisation - INEFO) 2-ci yeri qazanır, müxtəlif beynəlxalq yarışlarda birincilik əldə edir. 



Ali təhsil seçimi edərkən anası Lətifə Məcidovanın məsləhəti ilə II ixtisas qrupuna sənəd verən Nilufər ona bəslənən ümidləri doğruldur, yaxşı oxuyur, ADNSU-nu müvəffəqiyyətlə bitirir. Lətifə Məcidova söhbətimiz zamanı universitet rəhbərliyindən razılığını dilə gətirir:
«Universitetin rektoru, texnika elmləri doktoru, professor  Mustafa Babanlı təhsilə, elmə yüksək qiymət verən ziyalıdır. Məhz onun rəhbərliyi ilə universitetdə dövlətimizə faydalı ola biləcək yüksək ixtisaslı kadrlar hazırlanır».



Xatirələr yada düşəndə Lətifə xanım Nilufərin həyəcan dolu günlərini belə xatırlayır:

«Universitetə qəbul olduqdan sonra Nilufərin birinci semestrdə qiymətləri yüksək idi. Yalnız 7 imtahanın birindən 80-dən yuxarı balla B ilə  qiymətləndirilmişdi. O, universitet rəhbərliyinə müraciət etdi və həmin fənn üzrə yenidən imtahan verərək, qiymətini A kateqoriyasına yüksəltməyə nail oldu. Bunu etməyə də bilərdi. Xarakterindəki prinsipiallıq və qarşısına qoyduğu məqsəd onu yenidən imtahan verməyə məcbur etdi. O arzulayırdı ki, universiteti fərqlənmə diplomu ilə bitirsin. Belə də oldu, Nilufər universiteti fərqlənmə diplomu ilə başa vurdu. İndi Azərbaycan Dövlət İnşaat və Memarlıq Universitetində İstehsalat sahələrinin təşkili və idarə olunması ixtisası üzrə magistr təhsili alır». 



Elmi biliklər öz yerində Nilufər həm də musiqi təhsili alıb. O Nizami rayonunda yerləşən 33 nömrəli Şuşa musiqi Məktəbinin fortopiano sinfini də qırmızı diplomla bitirib.   Nilufər həvəskar bəstəkar kimi müxtəlif musiqilər bəstələməyi çox sevir. Onun sevimli məşğuliyyətlərindən biri də rənglərlə işləməkdir. Məşhur rəssamların çəkdiyi əsərlərə baxıb, onları yenidən işləməyi çox sevir. 
Anası Lətifə xanım deyir ki, Nilufərin rəsmləri peşəkar rəssamın əl işlərindən fərqlənmir:



«Bəlkə də çəkdiyi rəsmlərin çatışmayan tərəfləri var. Amma Nilufər mənim qızım oluğu üçün onun əl işləri məni heyran edir. Nilufər hərtərəfli inkişaf etmiş gəncdir. Hələ məktəbdə oxuduğu vaxtlarda əmək müəllimindən millə toxumağı öyrənərək müxtəlif bəzəkli masa örtükləri toxuyurdu. Sonralar həmin toxuduğu örtükləri yaxın qohumlara, rəfiqələrinə hədiyyə edirdi»



Nilufərlə tanışlıqdan qürur duydum. Düşündüm ki, Vətənimiz Azərbaycanın Nilufər kimi istedadlı gənclərə çox ehtiyacı var. Çünki, gələcək onlarla gələcəkdir. Sevinirəm ki, dövlətimizin gələcəyi təhsilli, hərtərfli şəxsiyyətlərin əməlləri ilə parlaq olacaqdır.

Dilşad Xaqaniqızı 



 

 

 


 
 









Oxşar xəbərlər