Od qiymətinə su … - Nərmin Qabil


  • 13:06 / 06 02 2021 |
  • Bölmə: Köşə


Bir suyumuz vardı, hər şeydə misal çəkərdik, “Filan şey su qiymətinədir”,- deyərdik, indi o da yoxdur. O zaman fərqinə varmadığımız bu sözün indi qədrini bilirik. Çünki, artıq su qiymətinə yox, od qiymətinədir su. Tərkibi də dəyişib, deyəsən, daha sərinlətmir, içdikcə yandırır. Amma, adamın başının üstündə Allah var,”Azərsu” üçün tikələcək binanın qiymətinin yanında suyun qalxan qiyməti  nədir ki? Düzünü desəm, bu rəqəmlər adamı lap çaş-baş salır. ”Azərsu” və “Tarif Şurası “ nın bu qərarının (suyun qiymətinin 100 % qaldırılması)  nədən irəli gəldiyini tam olaraq anlamağa çətinlik çəkirəm. Yəqin “Tarix-Nadir”i sonacan oxumamışam ona görə. Az-çox başa düşdüyüm səbəb suyun israf olmasının qarşısını almaqdır. Dünya su qıtlığıyla mübarizə aparır. İnkişaf etmiş ölkələr müxtəlif tədbirlər planı həyata keçirir. Biz də bu qlobal addıma öz dəstəyimizi veririk. Bu vaxta  qədər suyu “su qiymətinə” olduğu üçün çox israf etmişik, “od qiymətinə” olan suyu isə əsirgərəyərək islədəcəyik. Nəticədə, su ehtiyatlarımız qorunmuş olacaq. Burda pis nə var ki? Məgər, evdə uşağımız da nəyisə israf etdikdə həmin şeyi onu tərbiyələndirmək məqsədilə əlindən almırıq?! Yeri gəlmişkən, su israfının qarşısının alınması üçün avropa ölkələrində hər dəfə tualet istifadəsindən sonra sifonu çəkmirlər. Birinci dəfə eşidəndə mənə qəribə gəlmişdi. İndi biz də üzü qərbə doğru bu yolla gedə, bu təcrübədən istifadə edə bilərik. Nəticədə, “avropalaşmaq” pis bir şey deyil ki?
Bir az da şərqə qayıdaq. Öz keçmişimizə nəzər salaq. Dahi Nizami Gəncəvi hələ XII əsrdə yazmışdı:
Bir inci saflığı varsa da su da 
Artıq içiləndə dərd verir o da. 
Tibbi tərəfdən deyə bilmərəm, amma hazırkı vəziyyətdə artıq içilən suyun psixoloji vəziyyətə necə təsir edəcəyi göz qabağındadır. Dövrünün bir çox elmlərinə yiyələnmiş dahi sənətkar sözləri elə nizamla düzüb ki, 9 əsr sonra da aktuallığını qoruyur. Deməli, içməli su məsələsini də beləcə həll etdik. Qaldı bağların, həyətlərin, əkin sahələrinin suvarılması. Onun da yolu var. Gəlin bir az da keçmişə gedək. Qədim insanların təcrübəsinə nəzər salaq. Məgər onların suvarma kanalları olub? Əllərini göyə qaldırıb yağışın yağması üçün dualar edib, və ya əmək nəğmələri oxuyublar. Nolsun müasir dövrdür? İstifadə etmək olar. Göydən yerə tökülən o inci damlalar ki, pulla deyil?!…Necə deyərlər, Allah Kərimdir. Axırımız su kimi aydın olsun! Bulaqlarımız axar, suyumuz bol olsun! Bir az da pulumuz olsun, ən azından su qiymətinə olmayan suyun dəyərini ödəmək üçün üçün!





Oxşar xəbərlər