"Mübariz"əmiz var - Adilə Həmzeyeva


  • 16:39 / 07 02 2021 |
  • Bölmə: Köşə


Bir məsəl var: "Aslanın əsası düşəndə, çaqqallar başına yığışar". Canı sulu aslanın önünə hansı
çaqqal çıxa bilər ki?! 
Bəlkə də, ona görə 141 gün cansız bədənini əsir saxladılar. Dirisinin qoyduğu oda qarşılıq olaraq
belə təsəlli edirdilər özlərini... 1988-ci il 7 fevral İbrahimovlar ailəsinə bir qonaq gəlir. O qonaq ki, 22 ilə nəfəsini, sonsuzluğa
isə özünü sığdıracaq. Barəsində kim danışmağa başlasa "utancaq", "sakit" kəlimələri ağızından düşmür. Bəlkə, qurduğu planları, arzuları onu belə susqun edirdi. Ən təhlükəli vulkanlar uzun illər "susqun" qalanlardır...
Atası onun üçün kədərlənməyi özünə ar bilir. "Bir dəqiqə belə unutmaram. Analar bilər nə çəkdiyimi" - deyən Şamama xanımın təsəllisi var: "O, arzusuna çatdı".
Hərbidə işləməyə icazə versin, - deyə ayağından öpdüyü atası- Ağakərim kişiyə 19 iyun sübh namazından sonra bir zəng gəlir:
- Kənddə düşməniniz, ya da Mübarizin sevdiyi, qaçırmaq istədiyi qız yoxdur ki?
- Yox, nə olub?
- Oğlun silah-sursat götürüb qaçıb.
- Onu burada yox, o biri tərəfdə axtarın...

18 iyun gecə yarısına az qalmış bir məktub yazılırdı. Mübarizin dönüşü olmayan yolunun vidası olan məktub. Əli əsdimi? Tərəddüd etdimi? Məncə, yox. Çünki, 6-cı sinifdə müəllim: - "Ən böyük arzunuz nədir?" - deyə soruşanda - "Torpaqlarımız qayıtsın" - cavabını verərək artıq, öz yolunu
seçmişdi. Düşmənin 5 saatlıq qorxu filminin baş qəhrəmanı Mübariz İbrahimov...
Zəfər günü evinə axın edən hər bir kəsin ruhuna, qəlbinə qarışmışdı. Biz mübarizəmizin Mübarizlərini unutmarıq. 33 yaşın mübarək olsun, 22 yaşlı İbrahimov!

BDU-nun Jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi





Oxşar xəbərlər