Azərbaycan 2030-cu ilə hansı yolla gedir? - Əkbər Qoşalı


  • 09:07 / 09 02 2021 |
  • Bölmə: Köşə
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” elan edilib. Azərbaycan Prezidenti bu barədə sənədi imzalayıb. Qarşıdakı onillikdə ölkəmizin sosial-iqtisadi inkişafında müəyyən olunmuş beş vacib milli prioritet Azərbaycanda yaşayan hər bir şəxsə nə vəd edir? – Söhbət hansı prioritetlərdən gedir? Bunlar aşağıdakılardır: 

- Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
- Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
- Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
- İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
- Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.


İlk növbədə, belə bir ümumiləşmiş fikrə ortaqlıq etmək olar ki bu prioritetlərin qorunmasına, gerçəkləşdirilməsinə xidmət etmək bir vətəndaşlıq vəzifə­sidir. İkincisi, sənəd  toplumda gələcəyə yönəlik müəyyənlik yaratmağa kömək edir. Üçüncüsü, dövləti və xəlqi enerjini nizamlı istiqamətləndirməyə, düzgün inkişaf alqoritmi yaratmağa kömək edir. Dördüncüsü, dövlət öz qarşısına mühüm vəzifələr qoyubsa, deməli, bu vəzifələrin həyata keçirilməsinə yetərli imkanlara sahibdir yaxud daha əlverişli perspektivə çatmağa dərin əminlik vardır. Beşincisi, yalnız sosial-iqtisadi prioritetlərlə qalmayıb, mədəni, psixoloji və s. amillər baxımından bu sənədin öz yeri, dərəcəsi vardır.

Yuxarıda sadalanan faktorları, amilləri də unutmadan, daha bir məqama vurğu edə bilərik; bu da, dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasının dövlətimizin uyğun bildiyi seçim olmasıdır. Əlbəttə, bu prioritetin təsirli şəkildə həyata keçirilməsi üçün davamlı və yüksək iqtisadi artım, habelə daxili və xarici təsirlərə dayanıqlıq təmin olunmalıdır.

İqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir.

İqtisadiyyatda tətbiq olunacaq yeniliklər və təsdiq olunmuş “Milli Prioritetlər” cəmiyyətin böyük hissəsinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcək. İqtisadi artımın və məşğulluğun başlıca qaynağı olaraq, özəl sektorun, özəlliklə də kiçik və orta sahibkarlığın çıxış etməsi üçün işgüzar mühit önəmli dərəcədə yaxşılaşdırılmalıdır.

Ölkə iqtisadiyyatına birbaşa xarici yatırımların, o cümlədən infrastruktur sahələrinə strateji yatırımçıların cəlb edilməsi təmin olunmalıdır.

Ən ümumiləşmiş şəkli ilə ifadə etsək, ölkə iqtisadiyyatı öz müstəqilliyini qorumaq məqsədilə daxili və xarici təsirlərə dayanıqlılığını təmin etməlidir. Sirr deyil ki yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bu planda vurğulanacaq istiqamətlərdən biri – birincisi, iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olmaqdır.

Yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, başqa sözlə, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. Bəlli olduğu kimi inklüziv inkişaf iqtisadi inkişaf dövründə iqtisadi proseslərin iştirakçılarına toplumun hər bir sahəsi üçün yararı olan bərabər imkanlar təmin edən konsepsiyadır. Bu konsepsiya iqtisadi inkişafın ənənəli modellərini genişləndirir, səhiyyə sahəsində bərabərliyə, insan kapitalına, ətraf mühitin keyfiyyətinə, sosial müdafiəyə və ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetirir.
Bu prioritet


- inkişafdan hər bir vətəndaşın bəhrələnməsi;
-yüksək, ədalətli sosial təminat,
inklüziv cəmiyyət; 
-paytaxt və regionların tarazlı inkişafı
kimi 3 məqsəd əsasında uğurla gerçəkləşdirilməlidir.


Heç kəsə sirr deyil ki iqtisadiyyat inkişaf etdikcə vətəndaşın sərvəti, gəlirləri, o cümlədən əməkhaqlarının artırılması – layiqli səviyyə təmin edilməlidir.



İqtisadi islahatlar birxətli, dar çevrəli olmayıb, toplumun, demək olar, bütün təbəqələrini əhatə edəcək. Yəni ölkəmizin bütün təbəqələri toplumun ayrılmaz hissəsidir və dövlət onların qayğısına qalır.

Bölgələrin inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaq da önəmli vəzifələr­dən­dir. Bununçün bölgələrdə zəruri olan bütün iqtisadi, sosial infrastruktur artıq yaradılıb. Bölgələrin milli gəlirdə payının artırılması təmin edilməlidir.

Azərbaycan Prezidenti hələ illər öncə “Biz neft kapitalını insan kapitalına çevirməliyik” demişdi. Dövlət siyasətinin özəyində insan amili dayanır. Bunun nəticəsində milli iqtisadiyyat fərqli istiqamətlərdə canlanır, inkişaf edir.

Ölkə iqtisadiyyatı əgər pandemiya məhdudiyyətləri dönəmində də bir çox region, dünya dövlətləri ilə müqayisədə ən az itkilərlə, öz dayanıqlılığını mümkün olduğu qədər yaxşı qoruyaraq çıxa bilibsə, bu, ötən illər ərzində atılmış addımların nəticəsidir.

Əgər pandemiyadan öncə ÜDM artımı, sənaye istehsalı artımı, yoxsulluq şəraitində yaşayanların sayının azalması müşahidə edilməsəydi, pandemiya dönəmi ağır keçə, postpandemiya daha ağır qarşılana bilərdi. Beləliklə, Azərbaycanda aparılan islahatların sosialyönümlülüyü bir tərəfdən, pandemiya təcrübəsi digər yandan, bir başqa sözlə, öncəki illər elan olunmuş prioritetlərə müqabil görülmüş işlər 2030-cu il üçün Milli Prioritetləri elan etməyə, 10 il sonranın üfüqlərini təsəvvür etməyə imkan yaradır.

Bu imkanlar hesabına respublikamızın maliyyə imkanları genişlənəcək; böyük quruculuq işləri aparılacaq; xarici və daxili yatırımlar artacaq.

Beləliklə, ölkəmiz rəqabətli insan kapitalı və çağdaş innovasiyalar məkanına çevrilməlidir. İnsan kapitalı mövzusunda fikrimizi ümumiləşdirəsəi olsaq, deməliyik ki dünya çapında artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaş­dır­maqdır; bununçün çağdaş təhsil, innovasiyaları təşviq edən münbit ortam və insanların sağlamlığı əsas şərt kimi çıxış edir. Və bu prioritetin də uğurla gerçəkləşdirilməsi üçün növbəti üç məqsədə nail olmaq gərəkdir:

-XXI yüzilin tələblərinə uyğun təhsilin qurulması;
-yaradıcı və innovativ cəmiyyətin formalaşması;
-vətəndaşların sağlam həyat tərzinin formalaşması.


Dövlətin davamlı inkişafını şərtləndirən amillərdən biri də, heç şübhəsiz, yüksək səviyyəli təhsil, daha doğrusu, təhsil sistemidir. Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisa­diyyatın uzunmüddətli inkişafı çağdaş, güclü təhsilə arxalanmalıdır. Deməli, respublikamızda XXI yüzilin tələblərinə uyğun olan təhsil sisteminin formalaşmasında dövlətin iqtisadi potensialının payı mütləq şəkildə artırılmalıdır. Nəhayət gözümüz, dünya universitetlərinin reytinq cədvəllərində autsayderlər sırasında qalmasın, universitetlərimizi ilkin mərhələdə heç olmazsa, onlarla pillə irəliləyən görək... Orta məktəb şagirdlərinin məhz orta məktəblərdə verilən biliklər hesabına universitetlərə qəbul ola biləcəyi bir düzən yaratmalı, necə deyərlər, paralel təhsil, məşğələlər öz funksiyasını orta məktəb proqramlarına, orta məktəb auditoriyalarına “bağışlasın”... Paytaxtın bir sıra məktəblərində sinifləridə şagird sıxlığı uhulət və suhulətlə həll edilsin. Bu dediklərimiz özündə o fikri də bəsləyir ki bölgələrlə paytaxt arasındakı fərq elə səviyyədə olmalıdır ki ölkənin bir tərəfində məktəblər boşalıb, digər yanında böyük sıxlıq yaranmasın. İnanırıq ki, bu məsələnin çözümündə açar rolunu oynayan faktorlardan biri, Qarabağa Böyük Qayıdış olacaq. Çox şükür, tarixi zəfər həyatımıza sirayət edəcək, uşaq da, böyük də öz həyat və fəaliyyətində bunu biləvasitə hiss edəcəkdir.   

 Təhsildən keçək ətraf mühit və “yaşıl artım” mövzusuna. Ölkəmizin dayanıqlı inkişafını təmin edən önəmli amillərdən biri də bu mövzudan keçir. Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə önəmli yer verilməli, təmiz enerji qaynaqlarından istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Ölkəmizin perspektiv iqtisadi inkişafı ilə yanaşı ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası, artırılması, su ehtiyatlarından və dayanıqlı enerji qaynaqlarından səmərəli istifadə təmin edilməlidir.

Su mövzusu ötən il iki planda özəlliklə aktuallıq kəsb etdi. Birincisi, ölkənin su təsərrüfatı ilə bağlı ölkə başçısının videoformatda keçirdiyi konfrans, o konfransı zəruri edən səbəblər, konfransdan sonra, sahənin inkişafı ilə bağlı Prezidentin imzaladığı mühüm Sərəncamlarla bağlıdır. İkincisi isə işğalçı Ermənistan üzərində tarixi zəfərimiz nəticəsində bir sıra su qaynaqlarımıza nəzarətin bərpası, onlardan məqsədyönlü, səmərəli istifadə imkanı ilə bağlıdır. Bu ikiistiqamətdə əldə edilmiş nəticələr növbəti, daha üstün nətiələr üçün böyük önəm daşıyır.

Düşmənin bərəkətli torpaqlarımızdan iti qovan kimi qovmağımız, onların ətraf mühiti, meşə zolaqlarını və s. daha artıq korlamasının daqarşısını almış olub. İndi həm düşmən haqsız əldə etdiyi imkanları itirib, həm azad edilmiş ərazilər respublikamızın və regionun iqtisadiyyatına, o cümlədən ekologiyaya, ətraf mühitin qorunmasına qatqıda bulunmaq üçün şanslar yaradıb.

Dövlətimizin iqtisadi inkişafında Milli Prioritet kimi qəbul olunan ətraf mühitin qorunması vəzifəsi öz növbəsində iki növbəti məqsədin təsirli şəkildə gerçəkləşdirilməsinə xidmət edir:

-yüksək keyfiyyətli ekoloji mühitin təmin olunması,
-yaşıl enerji məkanın yaradılması…


Nəhayət, dövlətimizin inkişafına, cəmiyyətimizin rifahına xidmət edən mühüm təşəbbüs, ideyalar toplusu kimi də xarakterizə edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramının təsdiqlənməsi dövlətin idarəolunmasında strateji planlaşmanın təcəssümüdür. – Bu, milli maraqlar və strateji planlamanın vəhdətini təcalla etdirir.

Dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur. Fikirlərimizi yekunlaşdırarkən, risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqa­mətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən strateji idarəetmə metodu, eyni vaxtda ölkənin gələcək inkişaf mənzərəsini də müəyyən edir.

Sonda onu deyək ki, sosial-iqtisadi, ictimai-mədəni həyatda ciddi təkamül yolunu inamla keçən respublikamız sabit, təhlükəsiz və çağdaş həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınır. Bu, bir özünəməxsus prioritet müəyyənləşdirmə imkanı, başqa sözlə, istinadgahdır. İkincisi, Azərbaycan Vətən Müharibəsindəki tarixi zəfərimiz respublikamızda, ümumən regionda yeni siyasi-iqtisadi gerçəklik yaradıb. Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlanıb. İşğal­dan azad edilmiş ərazilərimizin ümumölkə iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq, regional nəqliyyat-logistika dəhlizlərinin yaradılması, onların imkanlarından yararlanmaq respublikamızın in­kişafına öz ciddi təkanı ilə seçiləcək. Mili Prioritetlərin onuncu ilinədək, hətta ilk beşinci ilində düş­mənin xaraba qoyduğu bölgələrimiz abadlaşdırılacaq, çağdaş həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunacaq. Əhalimiz Böyük Qayıdışla dayanıqlı məs­kunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya ilə növbəti məqsədlərə qapı açacaq.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!



Oxşar xəbərlər