Ürəklərdə əbədiləşən xocalılar - Surət Allahverdiyeva


  • 22:32 / 26 02 2021 |
  • Bölmə: Köşə



Təqvimimizdə elə tarixlər var ki,o günlər ömür boyu unutmayacağız günlərdir. Bu günlərdən biri də 26 Fevral tarixidir. 1992- ci ildən bu tarix xalqımızın qan yaddaşına yazılmış tarixidir. Hər il xalqımız bu günü böyük əzab və iztirabla anır. Çünki 29 il əvvəl bu soyuq məzara neçə- neçə günahsız insan dəfn edilib. Yüzlərlə yaşlı, ahıl, gənc, cavan, qadın, uşaq və s.bu tarixin günahsız qurbanlarına çevrilib. XX əsrin sonlarından ermənilər artıq öz himayədarlarının köməyi ilə böyük Ermənistan adlı müstəqil bir dövlət yaratmaq fikrinə düşdülər.

Həmin illərdə ölkəmizdə davam edən siyasi hərc- mərclikdən istifadə edən düşmən ölkə Dağlıq Qarabağda ərazi iddiası irəli sürdü. Xocalı şəhərinin strateji cəhətdən əlverişli mövqedə yerləşməsi ermənilərin işğalçılıq planlarına mane olurdu. Ona görə də onlar ilk olaraq, Xocalı və ətraf əraziləri özlərinə hədəf seçmişdilər. Bununla yanaşı xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin  yer üzündən silinməsini qarşıya məqsəd qoymuşdular. Çünkü Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Buna görə də Ermənistan silahlı qüvvələrinin əsas məqsədi həm Xocalını, həm də bu ərazidən keçən Əsgəran- Xankəndi yoluna nəzarəti və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi. Soyqırımdan əvvəl, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndi və Yerevanda tətillər və mittinqlər həyata keçirilirdi.

1992 - ci ilin əvvəllərindən başlayaraq ermənilər Qarabağın azərbaycanlılar yaşayan hissəsini artıq işgal etmişdi. Həmin il fevralın 25- dən 26- a keçən gecə Rusiyanın 366- cı motoalayının iştirakı ilə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçdi. Onlar evləri talan edir, yandırır, kəndlərə od vurub dağıdır, dinc əhalini qırırdılar. Bu böyük bir faciə tarixdə soyqırım adı ilə əbədiləşdi. Çünki, bir günün içində təkcə Xocalıda 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Dinc əhali arasında 63-ü uşaq,106-sı qadın,70- i qoca və qarı olmaqla,613 Xocalı sakini qətlə yetirildi. Mənfur düşmən gülləsindən 76- sı uşaq olmaqla,487 nəfər yaralanıb,1275 nəfər isə əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günə qədər hələ də məlum deyil.

Bu soyqırım nəticəsində həlak olan təkcə Xocalı sakinləri deyil, həmçinin bu faciəni görüntüləyib, həmin faciəni Azerbaycan xalqına və dünyaya çatdıran Milli Qəhrəmanımız Çingiz Mustafayev də qəhrəmancasına həlak olmuşdur. Hərbi jurnalist olan Çingiz Mustafayevin qısa ömürlü fəaliyyətinin əsasını Xocalıdakı bu faciəni lentə almaq təşkil edirdi. Əsgəranda həlak olan Çingiz Mustafayevlə yanşı,7 belə milli qəhrəmanımız bu döyüşlərdə iştirak etmiş və qəhrəmancasına həlak olmuşdur. Ölümündən sonra Çingiz Mustafayevə Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Bu döyüşlərdə canı-qanı bahasına iştirak etmiş Allahverdi Bağırov da böyük şücaət göstərib. O erməni polkovnik Vitali Balasyanın vasitəsilə 1003 Xocalı əsirini xilas edib. Bu qəhrəmanlar sayəsində bütün dünya Xocalı faciəsi ilə tanış oldu. Azərbaycandan başqa, həmin tarixi Pakistan və Sudan da qətliam kimi tanıyır.



Ötən əsrin sonlarında ermənilərin xalqımıza qarşı törətdikləri bu soyqırım indiyədək bəşəriyyətə yönəldilmiş  ən ağır cinayət kimi qiymətləndirilir. Xocalı faciəsi tarixə heç vaxt yaddaşlardan silinməz bir an kimi yazılmış və bütün dünyada böyük əks-səda doğurmuşdur. Elə ona gorə də bu illərdə ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri də həmin soyqırımı dünyaya tanıtmaqdır. 

Və bu tanıtım özünü hər sahədə göstərdi. 30 illik mübarizədən sonra Azərbaycan xalqı, uğruna minlərlə şəhid verərək, həm torpalarımızı düşmən tapdağından azad etdi, həm də soyqırım qurbanlarının qisasını aldı. Bu bir danılmaz faktdır ki, mənfur ermənilər öz çirkin əməllərini müharibə dövründə də Gəncə, Bərdə, Tərtər və s. kimi bir çox şəhərlərimizi top atəşinə tutaraq davam etdirdilər. Düşmənin Azərbaycan xalqının mübarizə əzmini qırmaq planı baş tutmadı, tuta da bilməzdi. Çünki, xalqımız vətənpərvər və güclü iradəyə malik xalqdır. Ona görə də müharibə zamanı böyük şücaət göstərərək, bu haqq savaşını davam etdirdi. Və qazandıq. Biz artıq qalib ölkənin müstəqil övladlarıyıq. Hər il əllərində qərənfillərlə soyqırım qurbanlarının qarşısında göz yaşı axıdan xalqımız artıq onların ruhu qarşısında boynubükük qalmayacaq. Bu il daha fərqli oldu, bu il yüzlərcə gözlərdən axan yaş təkcə kədərdən, qəmdən deyil, həmçinin, sevincdən,qürurdan axacaq. Bizlərin hər birimizin vətən qarşısında müqəddəs borcudur ki, xalqımızın illər boyu çəkdiyi əzabı, əzmli mübarizəsini və haqq savaşındakı qalibiyyətini haqq səsimizi hər vasitə ilə dünyaya çatdıraq. Bir Azərbaycan vətəndaşı kimi bu mənim qarşımda ən böyük və müqəddəs vəzifədir. Elə ona görə də bu sözlər bütün Azərbaycan xalqının yadda qalan şüarına çevrilib. Unutmadıq, unutmarıq, unutdurmayacağıq!                                                 

ADPU-nun nəzdində Pedaqoji kollecin tələbəsi










Oxşar xəbərlər