Həyatın memarı olan qadınlar...


  • 10:59 / 08 03 2021 |
  • Bölmə: Köşə


Torpaq kimidir qadınlar sevdikcə və sevildikcə birə min bəhrə verər. Hər kəs bir qadının bətnindən göz açar dünyaya. Bu səbəbdən hər kəsin daxilində, qəlbində bir ana mənzili, ana məbədi vardır. 

Yaradan mələkləri bədəni olmayan idrakdan, heyvanları idrakı olmayan bədəndən, insanları isə idrak və bədənin birləşməsindən yaratdı deyir müdriklər. O insanları öz varlığında, içində böyüdən, ruhlara vətən olan qadınlar, analardır cəmiyyətləri təşkil edən, balalara həyat verən.

Yalnız həyat vermir qadın, həyatını körpəsinin yolunda qurban verə bilir. Dünyanın mövcudluğunu, keşməkeşliyini, çətinliyini anlamayan can ananın qucağında dinclik, güvən, arxa-dayaq tapar. Ananın qucağı behişt guşəsi, qəlbi isə dünyanın paytaxtıdır. Uşaq üçün aidlik hissi çox önəmli amildir.  Birinə, evinə, nəslinə, torpağına, vətəninə... O aidliyi öncəliklə anada tapar. Ana övladına ayna olar. Aynaya baxan uşaq öz surətini içində yaradar, zamanla özünü dərk edər. Qadın Günəş, körpə Aydır. Nuru ay günəşdən alar, həyatda var olmağa çalışar. Yaşamı mənalı edən bir ibadət, yaxşı edilən işdən, vəzifədən başqa nə ola bilər ki?! Analıq etmək kimi... Analar borcu ödənməyəck qədər dəyərli varlıqlardır. Onun əlində və ürəyində olan şəfqət və sevgi həyatın məsuliyyəti və mənasıdır. Ətlə sümüyün birləşdiyi hal kimi...
Bəzi insanalar getdikləri yerə həyat gətirməklə vəzifəlidirlər. O həyatın mərkəzi olmaq isə qadınlara məxsusdur desək yanılmarıq. Yuvanı quran, qoruyan qadındır, anadır. Əzəl gündən qadın daxilindəki gücünün, genişliyinin fərqindədir. Qaınlar tarix boyu daha çox yazmaq, yaratmaq, yaddaşlarda qalmağa cəhd etməmişlər, can atmamışlar. Çünki yaradıla bilən ən dəyərli varlığı, insanı yaradandır onlar. İnsanın dünyaya gəlməsi başda yalnız  anaya məxsus olmasa da, var olmasını istəməsi, bətnində inkişaf etməsi, tərbiyə olunması, necə bir yol getməsi məxsusi ananın verdiyi qərardır.

Hekayə və nağıllarda, müqəddəs kitablarda bəylər həyatı, Yaradanı anlamaq, tanımaq üçün dağlara qalxmış, axtarmışlar. Xanımların isə belə bir arayışa ehtiyacı olmamışdır. Çünki Yaradanın bir parçası məhz özüdür. Yaradan özündən ibarət hissəsini həyata əmanət edəndir. İncə ifadələrin dərinliyini görəndir, anlayandır, həqiqidir, sadədir, təmizdir, üzünə baxanda rahatlıq verəndir, övlada düşünməyi, düşündüyünü dilə gətirməyi aşılayandır,ilham verəndir Qadın. İlham bir insanın digərinə verə biləcəyi ən müqəddəs şeydir.

Qadının kainatda yeri əvəzsizdir. Qadının da qadınlığı özünü xanım kimi hiss etməsində, ətrafdakılara verdiyi ilhamda rahatlıq tapmasında, sevilməyin həyəcanında özünü kəşf etməsində, iz buraxacaq qədər dəyərli hiss etməsində, hafizədə qalacaq qədər var olmasındadır.

Hüseyn Cavid əfəndinin izhar etdiyi kimi :
“Qadın, ey möhtərəm ənisi bəşər!
Sənsiz öksüz qalardı cinsi bəşər.”
 
Aysel Həsənova,
Psixoloq 



Oxşar xəbərlər