Kimdir qadın? - Nərmin Qabil


  • 17:36 / 08 03 2021 |
  • Bölmə: Köşə
    


Kimdir qadın? Zəif yox, güclü,axmaq yox, ağıllı, çirkin yox gözəl? Çiyinlərində ailəsinin, ətrafın, hətta dünyanın yükünü daşıyacaq qədər güclü? Əks cinsin nümayəndələrinə ən çətin anlarda dəstək olacaq, ən ağır günlərdə dərdlərini paylaşacaq, maddi-mənəvi yardım edəcək qədər güclü? Dəfələrlə xəyanət edən ərlərini bağışlayacaq qədər güclü? Dəfələrlə təzyiq və şiddətə tab gətirəcək qədər dözümlü? Ailənin bütün yükünü çəkib sonda təhqir olunacaq qədər səbirli? Ya da bunlara dözməyib etiraz edəcək qədər üsyankar? Arzularının arxasınca gedərək sona qədər mübarizə aparacaq qədər cəsarətli? Kimdir əslində, qadın? Ana olduğu üçün şair və yazıçıların yerə-göyə sığdıra bilmədikləri, təşbehlər, bənzətmələr epitetlərlə dolu cümlələrdə yer alan insandır qadın? Müqəddəsdir? Yoxsa, xəyanət edərsə, başı kəsiləcək, bıçaqlanacaq, güllələnəcək bir yaratıqdır? Əyri yolda olarsa, imtina ediləcək biridir? İçki düşkünü, narkoman, psixi problemli atalara, qardaşlara, ərlərə əziləndir qadın?

Kimdir qadın?

Niyə onu güclü, ağıllı adlandırırlar?
Bütün bunlara sinə gərmək üçün? Hər şeyi bacarması amma bircə dəfə nəyisə bilmirəm, etmirəm, artıq bacarmıram deyəndə heç kimin onu anlamaması üçün? “Necə yəni etmirsən, bu sənin borcundur” - deyilməsi üçün? Dağdan-daşdan odun-ocaq toplayıb, mal-qara otarıb, təndirə çörək yapan, böyük qazanlarda yemək bişirən, ev-eşiyi, həyət-bacanı idarə edən, övlad böyüdən, ərin, qayınana-qayınatanın qulluğunda duran, hələ vaxt tapıb işləyib pul qazanandır qadın? Buna görə ona güclüsən deyirik? Ömür boyu əziyyətimizi çəksin, amma bir problemimiz olanda ən əvvəl hirsimizi ondan çıxaraq deyə? Bəlkə, hər şeyi boynuna qoyub sonra da “Onsuz ki, bu işlər qadın işidir”,- deyərək öz vicdanımıza rahatlıq gətirmək üçün bəlkə belə düşünürük? Məncə, “təriflə” “yağlı” sözlərlə bəşəriyyət qadınlara psixoloji təsir etməyə çalışıb. Onların boynuna bütün yükü qoyub sonra da “Sən güclü və ağıllısan, kişilərin belə bacarmaqdıqlarını edə bilərsən”,- deyib. Qadın da sorğu – sualsız, belə olmalıymış kimi ona “etibar olunan” işləri icra edib və edir.
Öz “funksiyasının” qarşılığında isə bir xoş söz, bir təbəssüm, bir çiçək onu xoşbəxt edir. Ona görə də kişilər qadınları anlamağa çətinlik çəkirlər. İndi kimdir daha güclü, daha ağıllı?! 

Kimdir qadın?

Qadın adi insandır. Allahın yaratdığı ali varlıq insandır.Təbiətin ona bəxş etdiyi –digər canlılarda da olan övlad dünyaya gətirmək bacarığı var. Vəssəlam. Daha artığını yükləməyin qadınların üzərinə. Bəzəkli sözlərlə onları güclü olmaq məcburiyyətində qoymayın. Əksinə, qoy qadın zəif olsun ki, onu həmişə düşünən, qoruyan mühafizə edənlər olsun. Onu əzizləyib, “Sənə çətin olar, mən edərəm”,- deyənlər olsun.Yalnız bayramda yox, hər gününü bayrama çevirən biriləri olsun.Yalnız o zaman qadın qadındır. Bax əsl qadın elə o anlardakı qadındır...





Oxşar xəbərlər