Qalib xalq, mübariz dövlət, qəhrəman ordu... - Günel İsgəndər


  • 12:03 / 17 03 2021 |
  • Bölmə: Köşə


Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.
 
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
 
Torpağı su ilə qarışdıranda palçıq, qanla qarışdıranda Vətən olur. Biz azərbaycanlılar vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmğa məsuliyyətlə yanaşmış, ona həyati əhəmiyyətli məsələ kimi baxmışıq. 

Bu səbəbdəndir ki Azərbaycanın şanlı tarixinə öz adını qızıl hərflərlə yazan Prezident İlham Əliyevin 17 il ərzində qətiyyətli və düşünülmüş şəkildə yürütdüyü siyasət öz bəhrəsini verdi və bu günlər biz hamımız hələ də mübarək zəfərin təntənəsini yaşayır, bütövlüyümüzün və birliyimizin sevincini bölüşürük. Həmrəylimizi dünyaya bir daha bəyan edən 44 günlük Vətən müharibəsində xalq-ordu-iqtidar birliyi şanlı Qələbənin əldə edilməsində mühüm rol oynadı. Döyüş meydanında, diplomatiyada, informasiya müharibəsində birlik və həmrəylik göstərən Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Dağlıq Qarabağ öz əzəli xalqına geri qaytarıldı. Böyük fəxarət və qürur hissi ilə qeyd edirik ki, haqq savaşımızda Azərbaycan regionda yeni siyasi reallığın müəllifi kimi bir daha sübut etdi ki, ölkəmizlə heç zaman güc dilində danışmaq, ona hansısa şərtləri diqtə etmək qeyri-mümkündür. Cəmi 44 gün davam edən Vətən müharibəsi nəinki ərazilərimizin azad edilməsinə, eyni zamanda, işğalçılığa son qoyulmasına, eləcə də 30 ilə yaxın davam edən münaqişənin həllinə gətirib çıxardı. Bu baxımdan Azərbaycan xalqının bu qələbəsi fövqəladə tarixi əhəmiyyətə malikdir. 

Qəsbkar Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və Azərbaycanın parlaq qələbəsi ilə başa çatan Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələri hələ uzun illər təhlil ediləcək, bu zəfərin şanına əsəsrlər, romanlar və elmi əsərlər yazılacaq. Azərbaycan xalqının buna tam haqqı var. Xalqımızın birliyi, Ali Baş Komandanın iradəsi, qətiyyətli addımları, Şanlı Ordumuzun “Dəmir yumruğu”, hər bir azərbaycanlının vahid məfkurə ətrafında biləşməsi sayəsində Azərbaycan xalqı tarixi qələbə qazandı. Bu qələbə ölkəmizin gələcək inkişafına, daha da qüdrətlənməsinə, çiçəklənməsinə, vətəndaşlarımızın rifah halının daha da yüksəlməsinə də əvəzsiz töhfələr verəcəkdir.

Artıq hər səhər çalışdığım doğma Bakı Dövlət Universitetinə tamam başqa hisslərlə -   qalib ölkənin məğrur vətəndaşı kimi yollanıram. Burada hər kəsin üz-gözündən sevinc, dilindən dualar yağır. Əməkdaşlar bir-birini təbrik edir, yaxın günlərdə Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Qubadlıda, Zəngilanda keçiriləcək Novruz bayramının xəyalını qurur. Doğma Universitetimin rektorundan tələbəsinə qədər hamı sevinclidir, qürurludur, məğrurdur. 

Dünya var olduqca Azərbaycan yaşayacaq! Tanrı səni qorusun, ucalardan uca Azərbaycan xalqı!
 
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri



Oxşar xəbərlər