Tarixi ədaləti bərpa edən zəfər salnaməsi - Günel İsgəndər


  • 14:32 / 23 03 2021 |
  • Bölmə: Köşə


2020-ci ilin sentyabr ayının 27-sini Azərbaycanın şanlı tarixinin möhtəşəm zəfər gününün başlanğıcı hesab etsək yanılmarıq. Şanlı Azərbaycan Ordusunun Ümumilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə tarixi yazıldı.

Ali Baş Komandanımızın ətrafında xalqımız yumruq kimi birləşdi, ərazi bütövlüyümüzün bərpası reallaşdırıldı, haqq qələbə çaldı. Ölkəmiz 44 günlük Vətən müharibəsi dövründə işğalçı Ermənistanı döyüş meydanında darmadağın edərək kapitulyasiya aktına imza atmağa məcbur etdi. Qəhrəman ordumuz Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün təminatçısı oldu. 

Biz haqqımız olanı geri qaytardıq. Müzəffər Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin bütün hücumlarına layiqli cavabı, təcavüzkar qüvvələrə öz həddini və yerini göstərməsi hər birimizin ruhunda qürur duyğusunu alovlandırdı. Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməyə, ərazi bütövlüyünü bərpa etməyə, onunla zor dili ilə danışmaq istəyənləri susdurmağa qadir olduğunu dünya əyani şəkildə gördü. Bunun arxasında isə güclü iqtisadiyyat, xalq-dövlət birliyi, xalqın Müzəffər Ali Baş Komandan ətrafında birləşməsi dayanır.

Torpağı su ilə qarışdığında palçıq, qanla qarışdığında VƏTƏN olur. Ulu Öndərimiz Heydər Əliyevin çağırışlarının əsas mahiyyətini təşkil edən bir tezisi bu məqamda yada salmaq istərdim: "Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya da daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir". Əbəs yerə deyilmir ki, ordun varsa, yurdun var. Azərbaycan ordusu bütün parametrlərinə görə Cənubi Qafqazda ən güclü silahlı qüvvədir. 

Ümumilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev artıq möhkəm təməllərə malik olan dövlətçiliyimizi daha da inkişaf etdirib, ölkəmiz dünya birliyinin hesablaşdığı qüdrətli dövlətə çevirib. Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbə ölkəmizin regionda və dünyadakı nüfuzuna da əhəmiyyətli dərəcədə təsir göstərib. Parlaq Qarabağ zəfəri, eyni zamanda, işğalçı Ermənistan üçün ciddi mesaj və tarixi dərsdir. Ermənistan bu məğlubiyyətdən və tarixi dərsdən lazımi nəticə çıxarmalı, gələcəkdə yeni təxribatlara yol verməməlidir. 

Vətən müharibəsi başlayandan bitən günə kimi Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ürəyi Azərbaycan əsgərləri ilə bir döyünüb, səbirsizliklə Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuzun zəfər xəbərlərini, doğma ata-baba torpaqlarımızın azad olması müjdələrini gözləyib. Və şükürlər olsun bu qələbə artıq qazanılıb. 

Bütün fəaliyyəti dövründə Bakı Dövlət Universiteti xalqın milli şüurunun, milli özünüdərkinin yetkinləşməsi, elm və təhsilin inkişafı və azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz rol oynayıb. Elmi və tədris fəaliyyəti ilə yanaşı, Universitet bu gün də ölkənin ictimai-siyasi və mədəni həyatında kifayət qədər fəal iştirak edir, respublikamızda dövlətçiliyin daha da möhkəmləndirilməsinə, milli şüur və düşüncə tərzinin formalaşmasına dəyərli və sanballı töhfələr verir. Öz missiyasına uyğun olaraq Universitet beynəlxalq və milli əmək bazarı üçün rəqabətədavamlı, vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksəkixtisaslı mütəxəssislər hazırlayır, ölkəmizin daim yüksələn xətlə inkişafına dəyərli töhfələr verir. Əminik ki, yetişdirdiyimiz bu mütəxəssislər işğaldan azad edilmiş ərazilərdə sənaye infrastrukturunun, ekologiyanın, kənd təsərrüfatının, flora və faunanın, su ehtiyatlarının, tarixi memarlıq və dini abidələrinin, folklorunun, təhsilinin və s. bərpa olunması istiqamətində də öz töhfələrini verəcəkdir.
 
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri
 
 
 
 



Oxşar xəbərlər