Ermənistan siyasi, hərbi və iqtisadi böhran məngənəsində


  • 11:44 / 29 03 2021 |
  • Bölmə: Köşə


Qarabağın düşmən işğalından azad edilməsi Ermənistanda siyasi böhranla nəticələndi. Siyasi konyukturanın dəyişməməsi üçün hər oyundan çıxan Baş nazir N.Paşinyan Qarabağ müharibəsindən sonra şəxsi maraqları naminə özündən başqa hər kəsi günahlandıraraq hakimiyyətdə qalmaq üçün çabalayır. Siyasi savadı özünü rüsvay edəcək səviyyədə olan Paşinyan müharibədəki uğursuzluqlara müxtəlif cür don geyindirir. Gah Rusiya tərəfindən təchiz edilən İsgəndər raketlərinin partlamadığını deyir, gah da siyasi təzyiq altında qalaraq Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyinin onu düzgün məlumatlandırmamasını ifşa edərək özünə haqq qazandırır. Fəqət unutduğu və ya xatırlamaq istəmədiyi yeganə həqiqət Azərbaycan Ordusunun uğuru, “dəmir yumruğ”un zərbəsidir. Gedişat o qədər acınacaqlıdır ki, ölkədə hər gün siyasi etirazlar, parlamentdə deputatlar arasında münaqişələr, iqtisadiyyatın çöküşü-bir sözlə, xaos hökm sürməkdədir.

Xatırladaq ki, Ermənistanda daxili siyasi böhran 2021-ci ilin fevralın 25-də Silahlı Qüvvələrinin Baş Qərargahının Nikol Paşinyanın istefasını tələb etməsilə yeni bir dövrə qədəm qoydu.Bununla da ölkədəki siyasi vəziyyət daha da pisləşdi. N.Paşinyan bunu çevriliş cəhdi kimi qiymətləndirdi və Onik Qasparyanın Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi barədə qərar imzaladı. Lakin bu sənəd Ermənistan Prezidenti Armen Sarkisyan tərəfindən imzalanmadı və Baş nazirlik aparatına geri göndərildi. Klanlararası qarşıdurmanın pik səviyyədə olduğu Ermənistan yeni bir siyasi qarşıdurma ilə üz-üzə qaldı. Hadisələrin inkişafında Paşinyan hakimiyyətdən devrilmək qorxusunu göz önünə alaraq xalqı 1 martda İrəvanın Respublika Meydanına mitinqə və həmrəylik yürüşünə çağırdı. Bununla da müxalifətə güc nümayişi göstərərək qətiyyətsiz addımlarından xilas olmağa cəhd etdi. O, Respublika Meydanında mitinqdə çıxış edərkən müxalifətin müvafiq memorandum imzalayacağı təqdirdə növbədənkənar seçkilərə getməyə hazır olduğunu da qeyd etdi. Bundan sonra isə N.Paşinyan sənədi təkrar Ermənistan prezidentinə göndərdi, eyni zamanda Ermənistan Konstitusiya Məhkəməsinə də müraciət etdi. Lakin Ermənistan Prezidenti Armen Sarkisyan Baş Qərargah rəisinin azad olunmasına dair sənədlə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmədi. Daha sonra mətbuata verdiyi açıqlamada qeyd etdi ki, bu, hüquqi prosedur kimi Baş nazirin səlahiyyətindədir.Bununla da, Ermənistan Prezidenti bu məsələ ilə əlaqədar Baş nazir tərəfindən təqdim olunan fərman layihəsini imzalamadığı və qanunla müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinə müraciət etmədiyi üçün Onik Qasparyan 10 mart tarixindən etibarən vəzifəsindən azad edildi. Yerinə isə Artak Davtyan gətirildi. Bu həmin Davtyandır ki,  2018-ci ildən 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində olub və Baş nazir Nikol Paşinyanın təklifi ilə işdən kənarlaşdırılıb. Onun vəzifədən uzaqlaşdırılmasına səbəb isə koronavirusa görə sərt karantin elan olunan zaman oğluna toy etməsi olub. Təbii ki, bu cür tragikomik hadisələrin Ermənistanda olması heç də təəssüf doğurmur. Ölkədə cərəyan edən hərbi münaqişənin “həll”indən sonra Paşinyannövbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında da qərar qəbul edib. Belə ki, N.Paşinyan,Ermənistan prezidenti, “Mənim addımım” partiyası və “Çiçəklənən Ermənistan” partiyasının liderləri ilə müzakirələrdən sonra erkən parlament seçkilərinin 2021-ci ilin iyunun 20-də keçirilməsi barədə yekun qərara gəliblər.

İqtisadi məsələlərə gəldikdə isə, Ermənistanda əhalinin getdikcə dərinləşən sosial problemləri, işsizlik, iqtisadiyyatın tənəzzülü, istehsalın yoxluğu vəziyyəti daha da ağırlaşdırır.Problemlərin köklü həlli üçün isə hökumətin müvafiq proqramı yoxdur.İqtisadiyyatdakı böhran səbəbindən Ermənistanda büdcə balansı da pozulub. Belə ki, ötən il büdcə kəsirləri kapital qoyuluşunu üstələyib. Cari il üçün isə büdcə kəsirinin 342 milyard dram (dövlət büdcəsinin təxminən 18,5 faizi və yaxud təxminən 700 milyon dollar) olması, kapital xərclərinin isə 215 milyard dram (400 milyon dollardan çox) olacağı proqnozlaşdırılır.

Ermənistanın xaosdan azad olmaq üçün yeganə çıxış yolu 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı qeyd-şərtsiz icra etməkdir. Bununla da Ermənistan iqtisadi blokadadan xilas olar, regionda baş tutacaq layihələrdə özünə yer tapar. Əks halda ölkədə hökm sürən anarxiya Ermənistanı məhvə sürükləyəcək.
 
Hüseyn Hüseynli
Tarix üzrə fəlsəfə doktoru,
BDU-nun Tarix fakültəsinin müəllimi
 



Oxşar xəbərlər