Tarixi ədaləti bərpa edən zəfər salnaməsi


  • 10:45 / 30 03 2021 |
  • Bölmə: Köşə


İngilis, yunan, rus və s. dillərdə olan ən qədim tarixi mənbələr ermənilərin Asiya qitəsində yerli əhali olmadığını danılmaz faktlarla sübut etmişdir.1805-ci il 14 may tarixdə Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında bağlanan Kürəkçay müqaviləsində Rusiyanin özü üçün xüsusilə  maraqlı olan xristian erməni əhalinin əsla yada salınmaması, erməni sözünün bir bənddə belə işlədilməməsi ermənilərin tarixi türk torpağı olan Qarabağa köçünün hələ başlanmadığının ən əsas göstəricisidir. Tarixi real bir elm kimi obyektiv qəbul edən dünya tarixçiləri ermənilərin Dağlıq Qarabağa köçürülməsi prosesinin 1828-ci   il Türkmənçay müqaviləsi ilə başlandığını bir aksioma sayaraq erməni saxtakarlığını ifşa edirlər. Üstəlik, Rusiya dövlət arxivlərində ermənilərin bu torpaqlara bəzən könüllü, bəzən isə zorla köçürülməsini sübut edən möhürlü sənədlərin bu günümüzədək saxlanması ermənilərin əl-qolunu tarixi kəndirlərlə birdəfəlik bağlayır.                 
                                                                 
Türk dünyasının düşmənləri olan havadarlarının  təhriki və dəstəyi ilə Azərbaycan torpaqlarının bir hissəsini işğal edən, günahsız insanların həyatına xüsusi amansızlıqla son qoyan erməni faşistləri   vəhşi əməlləri ilə  özləri də anlamadan  bu coğrafi regionda yaşayan yerli, məğrur xalqların nümayəndələrindən olmadıqlarını təsdiqlədilər. Çünki, buralarda yaşayan yerli xalqların nümayəndələri qocalara, uşaqlara, qadınlara əl belə qaldırmağı  alçaqlıq, şərəfsizlik sayıblar. Belə alçaq əməlləri bu torpaqlarda hərisliyi ilə seçilən, məqsədli şəkildə gətirilən ermənilər törədə bilərdilər. 

30  ilə yaxın bir müddətdə torpaqlarımızın bir hissəsini işğal altında saxlayan, talan edən ermənilər bütün sülh danışıqlarını son anda xarici himayədarlarının göstərişi ilə pozmaqla söz sahibi olmadıqlarını ortaya qoyurdular. Tarixi bəxtimiz onda gətirdi ki, erməni təcavüzünün Azərbaycanın varlığını belə sual altına qoyduğu bir vaxtda, tariximizin ən ağir, taleyüklü səhifələrini yazmaq kimi böyük məsuliyyəti dünya şöhrətli siyasətçi, Ulu öndər Heydər Əliyev öz üzərinə götürdü. Tarixi ədaləti bərpa edən zəfər salnaməsinin əlifbasını Ulu öndər güclü iqtisadiyyat,o rdu qurmaqla ,Azərbaycanı bütün dünyaya müasir, tolerant, torpaqları işğala məruz qalan bir ölkə kimi tanıtdırmaqla yazdı. Əlifbası hazır olan salnamənin mətnini tam yığmaq və bütün dünyaya nümayiş etdirmək xoşbəxtliyi isə Heydər Əliyevin ürək döyüntülərinin davamı olan, Müzəffər Ali Baş Komandan İlham Əliyevə nəsib oldu. Məhz onun gərgin əməyi sayəsində 21-ci əsrin ordusunun, iqtisadiyyatının, diplomatiyasının bütün nüansları nəzərə almaqla modernləşdirilməsi, tarix üçün çox da böyük olmayan bir zaman kəsiyində otaya qoyuldu. Küçə siyasəti ilə suveren olmayan bir dövlətin sükanı arxasına keçən Ermənistan prezidentinn küçə söhbətləri və söyüşləri ilə məşhurlaşdığı bir vaxtda Prezident İlham Əliyev sözdə deyil, əməldə ölkənin müqəddəratını həll edə biləcək ən müasir ordunu döyüş səhnəsinə çıxardı. Elə yeri gəlmişkən sözdə-söhbətdə də, üz-üzə aparılan görüşlərdə də Cənab Prezident Ermənistan prezidentini dəfələrlə gülünc vəziyyətə salmışdı. Dinindən, irqindən, partiya mənsubiyyətindən asılı olmayaraq bütün  vətəndaşların ölkənin təhlükəsizliyi, müdafiəsi məsələsində həmrəyliyinin təmin edilməsi aparılan uğurlu siyasətin ən dəyərli bəhrəsi idi. 27 sentyabr tarixdə erməni təxribatına qarşı əks-hücumla başlayan və 9 noyabr 2020-ci il tarixdə düşmənin acı məğlubiyyəti ilə bitən 44 günlük müharibə ermənilərin əsrlər boyu yalançı nağillarla bəzədiyi  mifologiyani alt-üst etdi. Dərindən təhlil edəndə məlum olur ki, müxtəlif dövrlərdə hər bir xalqın zəfər salnaməsini yazan sərkərdələr, Ali Baş Komandanlar xalqın varlığının tarix səhnəsindən silinmək təhlükəsinin yarandığı zamanlarda kütləni işığa çıxaran bir tarixi zərurət kimi  irəli çıxmışdılar. Adı tarixi ədaləti bərpa edən prezident kimi yaddaşlara  həkk olunan Cənab İlham Əliyevin gərgin əmək sayəsində, bütün notları səbrlə, öz yerinə qoymaqla yaratdığı bu zəfər kompozisiyasi Azərbaycan torpağında əbədi səslənməklə əcdadlarımızın ruhunu həmişəlik sakitləşdirəcək. Müzəffər Ali Baş Komandanın, yenilməz Azərbaycan ordusunun, bütün Azərbaycan xalqının bu qələbəsi cəmiyyətdə misli görünməmiş bir ruh yüksəkliyi yaratdı. Bu zəfər salnaməsi ədaləti bərpa edən böyük bir açıq dərs idi. Bu açıq dərsin gedişatını izləyən  bir çox dünya dövlətləri də ibrət götürərək ordu quruculuğu planlarında bir çox dəyişikliklər etdilər. Azərbaycan çoxlarının oyun zallarında izlədiyi 21-ci əsrin döyüşünü real olaraq həyatda göstərdi. Erməni işğalına beynəlxalq təşkilatların uzun müddət cinayətkarcasına susması, işğalçıya heç bir təzyiq göstərməməsi Azərbaycanı tarixi ədaləti yalnız özünün bərpa edəcəyi qədər güclü olmağa məcbur etdi. Azərbaycan xalqının dəstəyi ilə Cənab İlham Əliyev özünün tarix səhnəsindən heç vaxt düşməyəcək şah əsərini yaratdı. Bu şah əsərinin ideya müəllifi olan Ulu öndər Heydər Əliyev isə onun dünyaya hazır vəziyyətdə nümayiş etdirilməsi üçün nə qədər zamanın, nə qədər gücün lazım olduğunu gözəl bilirdi. Sözsüz ki,bu iki dahi rəhbərin adları bu tarixi salnaməni öz qanları ilə yazan şəhidlərimizin, qazilərimizin qəhrəmanlığını bir dastana çevirib yaşadacaq Azərbaycan xalqının sinonimi kimi yaddaşlarda əbədi  səslənəcək.
 
Həsənzadə Lalə,
BDU-nun Hüquq fakultəsinin tələbəsi



Oxşar xəbərlər